AVCİYA prezidenti Elxan Süleymanov ATƏT-in Minsk Qrupunun həmsədrlərinin ona məlum olan gizli oyunları ilə bağlı açıqlama verib. O, AŞPA-da nümayəndə heyətinin üzvü olarkən ATƏT-in Minsk Qrupu həmsədrlərinin açıq-aşkar işğalçı dövləti dəstəkləməsinin şəxsən şahidi olmasını da diqqətə çatdırıb.
Musavat.com məqaləni təqdim edir:
– ATƏT-in Minsk Qrupunun (ATƏT MQ) amerikalı və fransalı həmsədrləri dekabr ayının 12-də Bakıya, 13-də isə Yerevana səfər etdilər. Rusiyalı həmsədr səfərə qatılmamışdı. Onlar Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşdülər. Görüşdə Rusiyanı bu ölkənin Azərbaycan Respublikasındakı Səfiri təmsil edirdi.
Cənab Prezident ATƏT MQ-nin amerikalı və fransalı həmsədrlərini qəbul edərkən diqqəti təkcə 44 gün davam etmiş Vətən müharibəsinin deyil, ümumilikdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin, problemin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinin qiymətləndirilməsi, Azərbaycanın möhtəşəm hərbi-siyasi zəfərinin səbəbləri və nəticələri, ədalətin bərpası, işğala son qoyulması ilə regionda yeni reallıqların yaranması, qarşıda dayanan vəzifələrə aydınlıq gətirilməsi baxımından xüsusi önəm kəsb edir.
Diqqəti çəkən əsas məqam ondan ibarətdir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev görüşdə ATƏT MQ çərçivəsində 28 ildə davam edən danışıqlar prosesində həmsədrlərin rolunun qiymətləndirilməsini bir zərurət kimi ortaya qoydu. Prezident vurğuladı ki, “Azərbaycan 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsinin həllinə hərbi-siyasi vasitələrlə nail oldu. Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşdu. Müvafiq mandata sahib olan ATƏT-in Minsk Qrupu 28 il ərzində münaqişənin həllində heç bir rol oynamayıb. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu illər ərzində münaqişə niyə həllini tapmayıb? BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü bunu bacarmadı, yoxsa istəmədi? Bu, açıq sual olaraq qalır. Lakin hazırda bu, artıq fərq etmir. Münaqişə həll olunub. Azərbaycan bunu hərbi-siyasi vasitələrlə etdi. Tez-tez sizdən və rəhbərlərinizdən, eləcə də yüksək rütbəli rəsmilərinizdən eşidirdim ki, münaqişənin hərbi həlli yoxdur. Mən isə deyirdim: Var! Tarix göstərdi ki, mən haqlı idim. Var idi! Fikrimcə, “hərbi variant yoxdur” deyənlərin indi özləri anlayır ki, var idi, çünki onlar, sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər”.
Cənab Prezident nitqinin sonunda bildirdi: “Bununla, mən sözlərimi yekunlaşdırıram ki, sizi dinləyim, çünki buraya gəlmək sizin ideyanız idi. Bunu bir daha kameralar qarşısında deyə bilərəm. Mən Minsk Qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk Qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var. Əgər siz bunu kamera qarşısında söyləmək istəyirsinizsə, buyurun…”
Qeyd etməliyəm ki, mən Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü olarkən ATƏT-in Minsk Qrupu həmsədrlərinin açıq-aşkar işğalçı dövləti dəstəkləməsinin şahidi olmuşam. Belə ki, biz gərgin mübarizədən sonra 2014-cü ildə AŞPA-da mənim müəllifliyimlə irəli sürülmüş “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” və “Azərbaycanın cəbhəyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı qətnamə layihələri üzrə məruzələrin hazırlanmasına dair qərarın qəbul edilməsinə nail olduq. Britaniyalı deputat Robert Volter “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması”, Bosniya və Herseqovinalı deputat Miliça Markoviç isə Azərbaycanın cəbhəyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” qətnaməsi üzrə məruzəçilər təyin edilmişdi. Ermənistan tərəfi hər iki məruzəçi ilə əməkdaşlıqdan imtina etdi və onların faktaraşdırıcı missiya ilə bölgəyə səfər etməsinə imkan vermədi. Həmin dövrdə Ermənistan hakimiyyəti bütün resurslarını səfərbər edərək məruzəçilərə təzyiqlər göstərirdi və bu qətnamələrin AŞPA gündəliyindən çıxarılmasına çalışırdı. Bu məqsədlə Ermənistanın o vaxtkı prezidenti Serj Sarkisyan hətta Avropa Xalq Partiyasının (EPP) prezidenti Cozef Daula məktub ünvanlayaraq “…Dağlıq Qarabağ probleminin sülh yolu ilə tənzimlənməsinin beynəlxalq miqyasda qəbul olunmuş yeganə formatı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin formatı olduğunu və bu məzmuna uyğun olaraq, AŞPA daxilində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir hesabatın hazırlanmasının perspektivlərinin Ermənistanı dərindən narahat etdiyini” vurğulayırdı… Sarkisyanın EPP prezidenti Cozef Daula ünvanladığı digər bir məktubda qətnamələrin adlarının “qərəzli və təhlükəli xarakterindən xəbər” verdiyini bildirir, qətnamə layihələrinin “davam edən Dağlıq Qarabağ sülh prosesinə yeni dil təqdim” etdiyini, “bu isə yeganə razılaşdırılmış danışıqlar formatı olan ATƏT-in Minsk Qrupu həmsədrlərinin istifadə etdiyi terminologiyaya zidd” olduğunu iddia edirdi.
Ən təəccüblü və təəssüfedici məqam ondan ibarətdir ki, həmin vaxt ATƏT-in Minsk Qrupunun həmsədrləri plenar iclas öncəsi AŞPA-ya bəyanat ünvanlayaraq AŞPA-nın Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmadığını və bu məsələ yalnız ATƏT-in Minsk Qrupu səlahiyyətlərinə aid olduğunu bildirmişdilər. Məhz bu qərəzli, hüquqa zidd, etik normalara yaraşmayan bəyanat AŞPA üzvlərində çaşqınlıq yaratdı və deputatlara qarşı edilmiş təziqlər nəticəsində Volterin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı məruzəsi cəmi 4 səs fərqi ilə qəbul edilmədi. Bu isə ATƏT-in Minsk Qrupu həmsədrlərinin faktiki olaraq işğalçı dövləti dəstəkləməsindən və danışıqlar prosesini öz monopoliyasında saxlamaq istəyindən xəbər verirdi…
Görünür, həmsədrlərin dekabr səfərlərindəki arzu və istəkləri öz əvvəlki monopoliyalarını qoruyub saxlamağa xidmət edir. Ancaq artıq bu, gecdir.