Gürcüstana tez-tez gedirəm. Bu yaxınlarda növbəti dəfə qonşu ölkədə olarkan gürcü-erməni münasibətlərinin yenidən gərginləşməsinin şahidi oldum. Səbəb ermənilərin qonşu gürcü xalqının maddi-mənəvi irsinə tamah salmalarıdır.
Azərbaycanın qədim xalq mahnısı “Sarı gəlin”ə əsassız olaraq sahib çıxmağa cəhd edən ermənilər təkcə bizim mədəni irsimizə deyil, həm də qonşuların mədəni-mənəvi tarixinə təcavüz edirlər. Görünür, bu onların xislətində var. Nə etməli, xislətin qarşısını, heç xislət sahibi də ala bilmir.
Qonşu gürcü xalqı da zaman-zaman erməni xislətinin qurbanına çevrilib. Tarix boyu ermənilər həm bizim, həm də gürcü xalqının maddi-mənəvi nailiyyətlərinin bəzi nümunələrini özününküləşdirməyə iddialı olublar.
Maraqlıdır ki, bu dəfə ermənilər ən məşhur gürcü mahnılarından yapışıblar. Gürcülərin məşhur “Mravaljamieri” və “Çakruli” xalq mahnıları var. Demək olar ki, hər bir gürcü bu mahnıları əzbər bilir, bu və ya digər məclisdə onları xorla oxuyur. Ermənilər də məhz həmin bu iki mahnıya göz dikiblər və elan edirlər ki, guya gürcülər onların qədim mahnılarına sahib çıxıblar.
Bu yerdə bir məqamı da qeyd edək. “Mravaljamieri” xalq mahnısı əsasən Kartli-Kaxeti bölgəsində ifa olunur. Bu bölgə Ermənistana nisbətən yaxın olduğundan, ermənilər bu mahnını bəlkə də eşidə, bəyənə bilərdilər. “Çakruli” isə əsasən Qərbi Gürcüstana xas olan xalq mahnısıdır. Qərbi Gürcüstan isə Ermənistandan xeyli aralıda yerləşən bölgələrdən biridir. Həm də “Çakruli” həmin bölgədə yaşayan quriyalıların və meqrellərin xarakterlərinin incə nüanslarını əks etdirir və erməni mahnılarından köklü surətdə fərqlənir. Başqa sözlə, ermənilər milli xüsusiyyətlərinə, təbiətlərinə tamamilə yabançı olan xalq mahnılarına yiyələnmək fikrinə düşüblər.
Gürcüstanda məşhur olan “Erisioni” ansamblının bədii rəhbəri Cemal Çkuaselinin fikrincə, ermənilər “Çakruli”yə qarşı nəfslərini ona görə cilovlaya bilməyiblər ki, həmin mahnı gürcü xalqının milli-mənəvi incisi kimi kosmosa göndərilib, dünyaca məşhurdur. Ermənilər də məhz həmin məşhurluğun qarşısında tab gətirə bilməyib. “Mravaljamieri” isə hamılıqla sevilən mahnıdır. Ermənilərin tamahını qıcıqlandıran da bu sevgidir. Gürcü və erməni xalq mahnıları arasında, yuxarıda qeyd etdiyimiz kimi, ümumi heç nə yoxdur. Gürcü xalq mahnıları, doğrudan da, gürcü xalqının ruhunun təcəssümü, qəlbinin səsidir.
Maraqlıdır ki, ermənilərin gürcü mahnılarına yiyələnmək həvəsi yeni hal deyil. Hələ 1989-cu ildə San-Fransiskoda yaşayan ermənilər gürcü xalq mahnılarından ibarət bir val buraxıblar. Valda 20-yə yaxın gürcü xalq mahnısı erməni mahnıları kimi təqdim olunub. Həmin dövrdə orada yaşayan gürcülər etirazlarına baxmyaraq, sözü gedən val böyük tirajla satışa buraxılmışdı. Həmin dövrdə gürcü incəsənət xadimləri bu barədə SSRİ rəhbərliyinə müraciət etsələr də, bu hadisənin qarşısını ala bilməyiblər.
Qonşu xalqın milli-mənəvi irsinə erməni təcavüzündən yazarkən böyük gürcü şairi Şota Rustavelidən söz salmaq da yerinə düşər. Qonşu xalqların mənəvi irsinə göz dikən ermənilər uzun illər ərzində təsdiq etməyə çalışırdılar ki, ” Pələng dərisi geyinmiş pəhləvan”ın müəllifi Şota Rustavelinin əsil adı Aşot Rustaniyan olub. Bu yerdə istər-istəməz ermənilərin dahi Üzeir Hacıbəyovun ölməz əsəri “Arşin mal alan”a sahib çıxmaq cəhdləri yada düşür.
Görünür, bütün bunlar istedadsızlıq kompleksindən irəli gəlir. Şota Rustaveli, yaxud Üzeyir Hacıbəyov səviyyəsində əsər yarada bilməyəndə ancaq həmin əsərlərə sahiblənmək iddiasına düşəcəksən.
P.S. Yazıda http://diaokh.wordpress.com/ saytının materiallarından istifadə edilib.
Emil Məmmədov