“1905.az” Diskussiya Klubunda hərbi jurnalistika, cəbhə ilə bağlı xəbərlərin mediada yayılması mövzusunu Müdafiə Nazirliyinin mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin zabiti, polkovnik-leytenant Rasim Manafov, psixoloq Azad İsazadə, Qarabağ müharibəsi veteranı, jurnalist Rey Kərimoğlu, «Azeri Defence» hərbi-texnoloji jurnalının həmtəsisçisi, jurnalist Rəşad Süleymanov, «Azeri Defence» hərbi-texnoloji jurnalının redaktoru, jurnalist Ramil Məmmədli, tanınmış TV mütəxəssisi Vəli Əkbərlə müzakirə etdik.
Fuad Babayev: Xoş gəlmisiniz hər biriniz!
Son günlər hərbçimiz tərəfindən vurulmuş helikopter olayı gündəmdədir. Çox istərdim ki, bu hadisənin Azərbaycan mediasında inikasından danışaq. Rasim müəllim, gəlin, ilk olaraq sizdən başlayaq.
Rasim Manafov: Dəvət etdiyiniz üçün çox sağ olun. Müdafiə Nazirliyinin helikopter olayına rəsmi mövqeyini bildirmək istəyirəm. Bu düşmən təcavüzünə verilən cavab idi. Düşmən helikopteri səngərimizə həmlə edərkən zərərsizləşdirilib. Bu hadisə Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın əmrinə əsasən istənilən məqamda düşmənə layiqli cavab verməyə hazır olduğumuzun bariz nümunəsi idi. Bu həmişə belə olub, bundan sonra da belə olacaq. Bizə qarşı hər hansı təxribat olarsa olaya adekvat cavab veriləcək.
Azad İsazadə: Gəlin, hamımız razılaşaq ki, helikopterin vurulma görüntüsü hamımıza xoş təsir bağışladı və bizdə ruh yüksəkliyi oyatdı. Amma istənilən müsbət hadisəni mənfiyə yozmaq də olar. Video düz rakursdan çəkilmişdi ya yox, bunu mətbuata vermək düz idi ya yox və s. Bunların önəmi yoxdur. Önəmli olan xalqın marağı və düşmənə layiqli cavab idi. “Vur, komandir, vur!” sözləri sosial şəbəkələrdə həftə ərzində ən çox işlədilən ifadə oldu. Uyğun zaman, peşəkarlıq, bir zərbə ilə düşməni məhv etmə bacarığı, şübhəsiz, xalqda ancaq müsbət hiss oyada bilərdi.
Rey Kərimoğlu: 1992-ci ildə baş verən bir hadisə yadıma düşdü. Ağdərə istiqamətində, Xaçınçay üstündə helikopter vurulmuşdu. O hadisə gözümün qabağında olub. Meşədəydik. Qəfildən ermənilərin hücümu ilə qarşılaşdıq. Helikopter gəldi. Pulemyotlardan bizi atəşə tutmağa başladı. Elə həyəcanlı vəziyyət yaranmışdı ki, hamımız özümümü itirmişdik. Panik vəziyyətdə idik. Helikopter üstümüzdən keçdi və atəş açdı. Biz də atəş açırdıq. Təxminən 100 metr arada məsafə var idi. İnanın, mən helikopterin altında raketlərin tərpəndiyini hiss edirdim. Helikopter partladı və bizim yanımıza kimi qırıntılar gəldi düşdü. Hay düşdü ki, öz helikopterimiz vurulub. Amma məlum oldu ki, əslində erməni helikopteri vurulubmuş. Yəni mən helikopterin vurulmasının canlı şahidi olmuşam.
O ki qaldı bizim hərbçilər tərəfindən vurulan helikopter olayına bu hadisədə məncə hər şey öz yolunda getdi. Düzdür, fikirlər birmənalı olmasa da düşünürəm ki, yaxşı ki biz öz qəhrəmanızı da tanıdıq.
Vəli Əkbər: Mən helikopter məsələsinə çox ehtiyatlı yanaşmanın tərəfdarı deyiləm. Hadisə var, video görüntü var. Bizim borcumuz onu mətbuata verməkdir. Hərbçini qorumaq artıq Müdafiə Nazirliyinin işidir. Hərbçini yenidən həmin posta qaytaracaq, ya yox, bu, jurnalistin işi deyil. Biz jurnalistlərin üzərinə düşən vəzifə onu mətbuata vermək idi. Hərbçinin hərəkəti isə şübhəsiz bir qəhrəmanlıq nümunəsi idi. “Vur, komandir, vur!” ifadəsi də sosial şəbəkələrdə brendə çevrildi. Hətta video bütün türk dünyasında yayımlandı. İnformasiyanın mətbuatda yayılması bizə lazım idi. Məncə bu cür şeylərdən biz impuls alırıq. Biz müharibə əhval-ruhiyyəsini unutmuşduq. Belə hadisədən peşəkar formada istifadə etmək lazımdır. Onsuz da hər bir jurnalistin daxilində senzura var. Qısacası, bu hadisəyə çox sakit yanaşıram. Məncə mətbuatda yayımlanmalı idi və yayımlandı. O hadisədə isə biz daha çox peşəkarlığı qiymətləndirməliyik. Bu qədər qorxmağa, ehtiyatlanmağa gərək yoxdur.
Rasim Manafov: Daim səngərdə əsgərlərlə ünsiyyətdə oluruq. Biz həmişə əsgərimizə deyirik ki, ehtiyatlı ol, özünü qoru! Çünki istənilən itki ağırdır. Bir dəfə səngərdə bu sözləri növbəti dəfə təkrar edəndə çox xoş reaksiya ilə qarşılaşdıq. Əsgər dedi ki, nə vaxt gəlib deyəcəksiniz ki, irəli! Niyə həmişə ehtiyatlı olun deyirsiniz?! Bu sözdən mən də, komandir də çox ruhlanmışdıq. Deməli, səngərdə inam və əzm var. Bu çox müsbət haldır.
Rəşad Süleymanov: Helikopter necə və harada vurub bu suallar texniki suallardır və hərbçilərin danışmalı olduğu məsələlərdir. Fakt odur ki, helikopter vurulub. Siyasi və hərbi tərəfi bəllidir. Bu məsələdə cəmiyyət 2 mövqedən çıxış edirdi. Bir qrup bu xəbərin yayılmasının düz, digər qrup isə yanlış addım kimi dəyərləndirdi. Məncə, psixoloji təsir baxımından videonun yayılması çox müsbət hal idi. İnsanlar neçə ildən sonra döyüş abu-havası gördülər. Təəssüfverici hal isə odur ki, insanlar xəbəri Müdafiə Nazirliyindən deyil, başqa mənbədən aldılar. İnformasiya Müdafiə Nazirliyindən yayılsaydı daha yaxşı olardı. Bu gün heç kim bizə zəmanət vermir ki, sabah buna bənzər lakin mənfi bir hadisə də yayılıb mətbuata verilə bilər.
Azad İsazadə: Görüntü çiy idi. Əslində cəbhə məlumatlarını yaymaq düzgün deyil. O material montaj edilib, mətbuata verilməli idi.
Ramil Məmmədli: Bu hadisəni ancaq alqışlamaq olar. Düşmən üzərində psixoloji, həm də fiziki qələbə kimi. Məncə hadisəyə 3 mövqedən yanaşmaq olar. Hərbçi, jurnalist, vətəndaş kimi. Jurnalist kimi bu məsələyə yanaşanda xəbərin yayılması doğru addım idi. Jurnalist xəbəri oğurlamalıdır. Vətəndaş kim düşünmək, analiz etmək lazımdır. Hərbçi kimi isə düşünəndə birmənalı olaraq xəbər yuxarı komandanlıqla müzakirə edilib, razılaşdırılmalı, sonra mətbuata verilməli idi.
İstənilən halda bu bizim uğurumuzdur. Hadisə yayılandan bir neçə dəqiqə sonra erməni mətbuatının hadisədən məhz Azərbaycan mətbuatı vasitəsi ilə xəbər tutması sevindirici hal idi. Bu həm də informasiya müharibəsində bizim qələbəmiz idi. Açığı, dəfələrlə uğursuzluqlarımızdan birinci erməni mətbuatı vasitəsi ilə xəbər tutmağımız az olmayıb. Ona görə erməni mətbuatının öz uğursuzluğunu məhz bizim mediadan alması qələbəmiz idi.
Fuad Babayev: Bir dəfə Vladimir Poznerin təlimində iştirak etmişəm. O bizə kiçik bir misal çəkdi. Dedi ki, özümüzü jurnalist qismində ölkəmizin müdafiə nazirindən müsahibə almağa gəlmiş bir insan kimi təsəvvür edək. Müsahibə zamanı müdafiə nazirinə zəng gəlir, o otağı tərk edir, müsahibəni də dayandırır. Bir neçə dəqiqə keçir, müdafiə naziri geri dönmür. Birdən gözümüz nazirin stolunun üzərindəki vərəqə sataşır. O kağıza baxırıq və bir neçə saat sonra qonşu dövlətə müharibə elan ediləcəyi ilə bağlı göstərişi oxuyuruq. Müdafiə naziri tələsik otağı tərk edəndə o kağızı özü ilə götürməyib. Nə etməli? Müharibə elanını jurnalist kimi oxuyub dərhal bütün dünyaya çatdırmalıyıqmı? Yoxsa o kağızdan xəbəri olmamış kimi davranmaq lazımdır?
Həmin təlimdə gəldiyim qənaət bu oldu ki, biz ilk növbədə vətəndaş, sonra isə jurnalist olmalıyıq…
Gəlin, həm də bu gün bizim hərbi jurnalistikamızın vəziyyətinin nə yerdə olmasını müzakirə edək.
Rəşad Süleymanov: Bütün hallarda biz ilk növbədə dövlətimizin mövqeyindən çıxış etməliyik. Əgər məsələn, müharibə xəbəri hansısa ölkə haqqında olsaydı, əlbəttə, onu mətbuata yaymaq mənim jurnalist borcum olardı. Amma söhbət öz ölkəmdən gedirsə mən birinci növbədə vətəndaş olmalıyam. Məsələ burasındadır ki, bu gün bizdə hərbi jurnalsistika ifadəsi özü yanlış məqamda istifadə edilir. Əsgər əsgəri öldürübsə bu barədə xəbər yazan jurnalist də özünə hərbi jurnalist deyir. Hərbi jurnalistikayla bağlı kurslar, təlimlər təşkil edilməlidir. Ümumiyyətlə, hərbi jurnalistikanın sahələri olmalıdır. Stringer, müharibədən reportajlar hazırlayan jurnalist. Onlar bir növ manyaklaşmış jurnalistlərdir. Hərbi jurnalist insan ölümünə təəccüb etməyən insan olmalıdır. Məsələn, Türkiyədə “Savaş jurnalistikası” ifadəsi var.
Fuad Babayev: Hərbi jurnalistikanın səviyyəsi sizi qane edir?
Rəşad Süleymanov: Xeyr. 90-cı illərdə bizdə savaş jurnalistikası olub.
Rey Kərimoğlu: O dövrün jurnalistikası ilə indikini müqayisə etmək məncə, düzgün deyil. Necə ki 1991-93-cü il ordusu ilə indikini müqayisə etmirik. Amma o dövrdə ruh yüksəkliyi, döyüşkənlik var idi.
Rasim Manafov: Biz 18 yaşda gənci yenidən tərbiyə etmək gücündə deyiik. Bu tamamilə mümkünsüz bir şeydir. Dövlət əsgəri yalnız istiqamətləndirə bilər. Jurnalist peşəkarlığına gələndə isə ordu ilə bağlı xəbərlərdə jurnalist sensasiyaya yox, bədiiliyə üstünlük verməlidir. Biz xəbərdə bizə lazım olan tərəfi informasiyaya çevirməliyik. Jurnalist düşmən dəyirmanına su tökməli deyil. O öncə vətəndaş sonra jurnalist olmalıdır.
Azad İsazadə: Jurnalistlərimizə sual vermək istəyirəm. Nə vaxt Müdafiə Nazirliyi bir kurs, seminar, təlim təşkil etdi biz getmədik? Deyirsiniz informasiyanı bədii təqdim etmək lazımdır. Bunu indiyə kimi bizə deyən olmayıb. Amma razıyam ki, jurnalist də savadlanmalıdır. Düzgün yazmağı öyrənməlidir.
Rey Kərimoğlu: Biz xaricilərin də iştirak etdiyi seminar və konfranslarda çox olmuşuq. Xaricilərin hərbi jurnalistikaya yanaşması var. Onların fikrincə jurnalist xəbərin köpəyi olmalıdır. Eşitdiyini, gördüyünü mətbuata verməlidir. Amma bizə təlim keçən xaricilər öz ölkələri ilə bağlı xəbəri mətbuata heç vaxt verməzlər. Özlərinə aid olanda birinci vətəndaş sonra jurnalist olurlar. Ancaq bizə “ilk növbədə jurnalist olmalısınız” dərslərini keçirlər. Heç görmüsünüz, hansısa amerikalı jurnalist ölkəsinin əleyhinə İraq müharibəsi mövzusunda mənfi bir şey yazsın? Yox. Ona görə də diqqətli olmalıyıq.
Vəli Əkbər: Gəlin, baxaq görək dövlət hərbi jurnalistlərlə işləyirmi? Bizim jurnalistlərlə işləmək lazımdır. 25 ildir televiziya və jurnalistikaya təcrübəm var. Çoxlu jurnalistlər görmüşəm. Bizim bütün uğurlara min bir əziyyətlə nail olmuşuq. Amma bu belə olmalı deyil. Bayaq dediyiniz Pozner məsələsinə qayıtmaq istəyirəm. Təbii ki, burada mental dəyərlər var. Biz istəsək belə, bir məsələyə amerikalı kimi yanaşa bilmərək.
Xarici bizim boşluqları bizdən yaxşı bilirlər. Və onlar bizə ancaq bir şeyi təlqin edirlər: peşəkarlıq hər şeydən üstündür.
Rəşad Süleymanov: 2005-ci ildə NATO-nun bir layihəsində iştirak ediridm. Əfqanıstanda 8 gün kursda oldum. Orada çox maraqlı şeylər öyrəndim. Gəlin, görək bu gün bizim jurnalist döyüş bölgəsinə düşsə özünü nə dərəcədə müdafiə edə biləcək? Ümumiyyətlə, onun özünü müdafiə edəcək savadı varmı? Bizim televiziyalarda da hərbi vətənpərvərlik verilişləri ilə bağlı problemlər çoxdur. Bəzən aparıcı tank deyib, başqa bir avtomobili göstərir. Çünki terminalogiyanı, silahı tanımır. Qumbaraya pulemyot deyən və özünü hərbi jurnalist adlandıran adamlar tanıyıram.
Fuad Babayev: Rəşad müəllim, bir az da “Azeri-Defence” jurnalından danışaq.“Azeri-Defence”dən başqa ixtisaslaşmış hərbi sayt və ya qəzet-jurnal varmı?
Rəşad Süleymanov: Düzü, bildiyimə görə “Hərbi and”adında qəzet var. Bizim jurnala gəldikdə 2012-ci ildə “Azeri-Defence”i Ramil Məmmədli ilə birgə yaratdıq. 2 aydan bir 1 nömrəsi çıxır. Jurnal tam rəngli, 48-50 səhifədir. Bir neçə sərgidə təmsil edilmişik. İstiqamətimiz isə daha çox hərbi-texnologiyadır. Müdafiə Sənayesi Nazirliyi ilə də əməkdaşlıq edirik.
Fuad Babayev: Gəlin, təkliflərə keçək. Azərbaycanda hərbi jurnalistikanın səviyyəsini artırmaq üçün nə etməliyik?
Rasim Manafov: Bayaq “Azeri-defence” jurnalından danışdıq. Müdafiə Nazirliyində işləsəm də jurnal haqqında məlumatım yox idi. Biz cəmiyyətə yararlı bir vətəndaş yetişdirməkdə bizə kömək etməyi təklif edirik. “Azərbaycan ordusu” Müdafiə Nazirliyinin rəsmi orqanıdır. Hərbidə şəxsi heyətin mənəvi- psixoloji hazırlığına yönəlmiş qəzetdir.
Bəs siz, “Azeri-defence” olaraq bir əsgərin yetişməsində hansı rol oynayırsınız? Bizə qəhrəman obrazı lazımdır. Siz də o qəhrəman obrazlarını tapın və yetişdirməkdə bizə kömək edin. Düşünürəm ki, istənilən şəxsin mənəvi-psixloji hazılığında mətbuat orqanlarının vəzifəsi böyükdür. Siz “Azərbaycan ordusu” qəzetini əməkdaşlığa dəvət etsəniz məncə onlar bundan imtina etməz. Və sizin də jurnala məqalə yazar, daha keyfiyyətli iş ortaya qoya bilərsiniz.
Rey Kərimoğlu: ATV, ANS, İctimai TV və AZTV-də hərbi vətənpərvərliklə bağlı verilişlər var. Təvazökarlıqdan uzaq olsa da bir il ərzində APA TV-də “Müharibə adamı” verilişinin aparıcılarından biri olmuşam. 30 veriliş çəkdik. Standart formatdan uzaqlaşmışdıq. Çəkilişlər meşədə, hərbi formada və s çəkilirdi. Təklifim budur ki, biz hərbi-vətənpərvərlik verilişlərini real formatda tamaşaçıya təqdim edək. Studiya çəkilişləri ilə yox. Bu gün hərbidən xəbəri olmayan adam bu mövzuda veriliş aparır. Müdafiə və Təhsil Nazirliyinin dəstəyi, bizim hərbi ekspert və bu sahəni bilən jurnalistlərin iştirakı ilə 6,8,12 aylıq hərbi jurnalistika mövzusunda təlimlər, kurlar təşkil edilməlidir.
Ramil Məmmədli: 10 media işçisindən 8-i yenə də son mərhələdə başqa sahədə inkişaf edir. Nə qədər təlim, kurs keçsək də təbii seçim olmalıdır. Bu sahəyə maraq jurnalistin özü ilə bağlı məsələdir. Avqust ayında cəbhədə vəziyyət gərgin olanda Müdafiə Nazirliyi tərəfindən jurnalist ekipi formalaşmışdı. Həmin ərəfədə nazirlik bir qrup jurnalistlə işlədi. İndi də çox istərdim ki, Müdafiə Nazirliyi tərəfindən belə bir qrup formalaşsın. Onlar kimlə işlədiklərini bilsinlər və daim onlarla əməkdaşlıq etsinlər.
Vəli Əkbər: Çox yaxşı olardı ki, Müdafiə Nazirliyi jurnalistlərlə ünsiyyətdə olsun. Biz demirik bütün yükü nazirlik çəkməlidir. Amma onlar işin bir hissəsini öz üzərinə götürsə və bizə dəstək olsalar biz də ruhlanarıq. Helikopter hadisəsi pozitiv hadisə idi. Bəs tərsinə olsaydı necə olacaqdı? Ona görə həmişə fors majora hazır olmalıyıq.
Rasim Manafov: Azərbaycanda jurnalistika fakültəsini bitirən gənclər var. Nazirlik heç bir gəncə sıralarımızda zabit kimi xidmət etməyi qadağan etmir. Bu gün bilirsiniz ki, Azərbaycan silahlı qüvvələrində şəxsi heyətlə iş üzrə zabit vəzifəsi kateqoriyası yenidən bərpa edilib. Bizə hazırlıqlı kadrlar lazımdır. 1993-94 cü ildə qarşılaşdığımız çətinliklərlə indi də qarşılaşırıq. Əsgərin 1 il 6 ay xidmət etməsi onun ömrünün sonuna kimi orduya xidmət etməsi anlamına gəlmir. Hər bir gənc xidmətdə qalıb-qalmamağı özü müəyyən edir. Amma biz zabit kursunu keçib, zabit kimi xidmət etməyi heç kimə qadağan etmirik. Ordu həyatına yaxından tanış olmayan jurnalist bu gün də ordu sıralarıma qoşula bilər.
Vəli Əkbər: Şəxsən mən NATO-nun baş ofisində 1 həftəlik təlimdə olmuşam. Şərq tərəfdaşlığını və lazım olan məlumatları bizə izah ediblər. Sizcə onlar bu pulu niyə xərcləyirdilər? Onlar jurnalistə niyə pul xərclədiklərini gözəl bilirlər. Məqsəd jurnalisti həqiqətlə tanış etməkdir. Müdafiə Nazirliyi jurnalistə qayğı göstərməlidir. Müdafiə Nazirliyin bir işi də bu cür kurslara maliyyə ayırmaqdır. Bütün işlər məqsədyönlü şəkildə təşkil edilməlidir.
Rəşad Süleymanov: 2009-cu Kütləvi İnformasiya Vasitələrinin Dövlət Dəstəyi Fondu layihəsi çərçivəsində biz APA-da hərbi mövzuda yazan jurnalistlər üçün kitabçalar hazırladıq. 500 nüsxə hazırlandı. Buna ehtiyac var idi.
Zabit olmaq ayrı şeydir. Mən ehtiyatda olan zabitəm və gedib xidmət edə bilərəm. Amma jurnalistəm. Jurnalist Müdafiə Nazirliyi üçün lazımlı kadr olmalıdır. Mən sabah cəbhəyə getdim. Əgər silahla düzgün davrana bilmirəmsə mənim təhlükəsizliyimə kim cavab verəcək? Təlimlər buna görə keçirilməlidir.
Azad İsazadə: Peşəm hərbi psixoloqdur. Jurnalist deyiləm. 4 ildir jurnalistika fakültəsində hərbi psxilogiyadan dərs deyirəm. İlin sonunda bu tələbələrin adını siyahı formasında yazıb Müdafiə Nazirliyinə göndəririk. Yəni bu tələbələr əsgər gedəcəklər. Onlardan hərbidə psixoloq kimi istifadə edin. Hələ ki, nazirlikdən cavab yoxdur.
23 ildir Müdafiə Nazirliyimiz var. Gec də olsa nə yaxşı ki, bu il hərbi təhsili olan şəxs mətbuat xidmətinə rəhbər təyin edildi. Vaqif Dərgahlı peşəkar hərbi jurnalistdir. Bizim müzakirə etdiyimiz məsələlər dövlət səviyyəsində həll edilməlidir. Tək Müdafiə Nazirliyi çərçivəsində yox. Ümid edirəm, bu gün burada səslənən fikirlər hansısa formada öz həllini tapacaq. Biz hamımız çalışmalıyıq. Həm müdafiəni, həm də təbliğatı Müdafiə Nazirliyinin üstünə atmaq düzgün deyil.
Rasim Manafov: Yəqin ki, siz də təsdiq edərsiniz ki, Müdafiə Nazirliyini son bir ildə jurnalistlərlə daha sıx əməkdaşlıq etməyə başlayıb. Ümid edirəm ki, bu əməkdaşlıq davamlı olacaq. Sizdən də xahişim odur ki, təkliflərinizi yazılı formada nazirliyiə ünvanlayasınız. Biz göndərilən təkliflərə baxaq və birgə əməkdaşlığa tövhə verək
Fuad Babayev: Hər birinizə iştirak üçün minnətdaram!
Hazırladı: Aynur Hüseynova
1905.az
26 noyabr 2014-cü il