Vikipediyada yazılıb ki, tibb terminologiyasında sindrom yalnız aşkar olunmuş xarakteristikaların məcmusuna aid edilir.
Hərşeyşünaslıq sindromundan əziyyət çəkən insanlarımızda hansı xarakteristikalara rast gəlmək olar?
İcazənizlə, sadalayıram. (Ardıcıllıq əlbəttə ki, ixtiyaridir. Siz xarakteristikaların yerini dəyişə də bilərsiniz. Əlavə və düzəlişlər etməkdə sərbəstsiniz.)
Orta statistik hərşeyşünas hökmən təhsilli, hətta elmi dərəcəli, ya da heç olmasa məlumatlı adamdır. Onun təhsili ala-yarımçıq, dissertasiyası keyfiyyətsiz, məlumatlılıq əmsalı çox kiçik ola bilər. Əsas olan odur ki, bu insan özünü “oxumuş” və az qala ensiklopedik biliyə malik fərd kimi təqdim edə bilib. Məsələn, çox güman ki, siz onu məhz belə vətəndaş kimi tanıyırsınız.
O həm də ifrat dərəcədə ambisiyalı bir adamdır. Əks tədqirdə, bu şəxs hərşeyşünaslıq kimi ağır yükün altına girə bilməzdi.
Hərşeyşünas entuziazmlıdır. Tənbəl deyil.
Xüsusilə ağır hallarda o həm də səmimidir. O səmimi olaraq hər şeydən başının çıxdığına inanır.
Qayğıkeş hərşeynünaslar da var. Məlumatsız insanları informasiya ilə təchiz etmək öz-özlüyündə qayğıkeş, səbrli olmanı tələb etməyə bilərmi?
Vəziyyət təxminən belədir.
Keçirəm, ikinci suala.
Hərşeyşünaslarla necə mübarizə aparmaq olar?
Əvvəlcədən deyim ki, siz bu insanlarla istədiyiniz qədər mubarizə apara bilərsiniz. Qələbə çalmayacaqsınız. Ən azı ona görə ki, hər şeydən başının çıxdığına özünü və çevrəsindəki insanların müəyyən hissəsini inandıra bilmiş fərd məğlubedilməzdir. Ən pisi də odur ki, bu şəxs məğlubedilməz olduğunu yaxşı bilir və bütün dünyaya xroniki yüngül istehza ilə yanaşır.
Bütün bunlara rəğmən hərşeyşünaslıqla mübarizə aparmamaq olmaz. Mübarizə üsullarını hər kəs fərdi qaydada müəyyənləşdirir.
Sonuncu, üçüncü sual.
Hərşeyşünaslar hansı mövzularda danışarkən özlərini daha rahat hiss edirlər?
Əlbəttə, elə adından da göründüyü kimi hərşeyşünas hər şeyi bilir. Buna rəğmən, qədim yunan fəlsəfəsindən, ya da kvant fizikasından danışan hərşeyşünaslar elə də çox deyil.
Bu insanlar adətən tarixdən, dindən, təbabətdən, əlbəttə ki, siyasətdən, dünya iqtisadiyyatından, nəhəng dövlətlərin planlarından və sadalananlar qədər vacib digər məsələlərdən danışırlar.
Mən qulaq asmıram.
Bu mənim mübarizə üsulumdur. Çox effektli deyil.
Sınayın, bəlkə sizdə alındı?
Fuad Babayev