1905.az portalının suallarını xalq artisti Hacı İsmayılov cavablandırır.
– Hacı müəllim, 2015-ci il nə ilə yadda qaldı və 2016-cı ildən gözləntiləriniz nədir?
– Hər ötən il insanın yaşının üstünə yaş gətirir. Hər bir il öz sevinci, ağrısı və gülüşüylə qiymətlidir. Bəziləri elə hesab edir ki, bu il pis idi, gələn il daha yaxşı olacaq. Amma mən o fikirdə deyiləm, b il də yaxşı il idi, gələn il də yaxşı olacaq. Həmişə bu sözləri təkrar edirəm:
Arzular tükənməz, illər qanadlı ,
Hər il təzə güllər dərmək istərəm.
Bütün ürəkləri toylu-büsatlı ,
İnsanları gülümsər görmək istərəm.
Yaradan ellərim, quran ellərim,
Açsın hər səhəri yeni zəfər ilə.
Təzə mənzillərin, evlərin sayı,
Daha da çoxalsın, daha da artsın.
Səhərlər günəşlə, axşamlar ayla,
Doğma vətənimin hüsnü oyansın.
Qoy açılan hər səhər, hər gələn il insanlara sevinc gətirsin. İnsanlar ümidlə yaşayırlar, onları yaşadan ümiddir. Deyirlər, axırıncı ölən ümiddir. Hamı ümid edir ki, gələn il daha yaxşı olacaq. Hər il yeni hadisələr baş verir. Sevinc də olur, kədər də, amma bunlar bir insan ömrünün tərkib hissələridir. Ona görə hər ili qiymətləndirirəm. Hərdən mən deyirəm ki, mən XX əsrin adamıyam. Niyə? Çünki, 1944-cü il yanvarın 22-də Bakı şəhərində doğulmuşam. XX əsrdə mən həm cavan, həm uşaq olmuşam. Həyat görmüşəm, dünya görmüşəm, insanlar görmüşəm və yaşamışam. Cavanlıqda filmlərə çəkilmişəm, teatrda tamaşalarda oynamışam. Dostluq etmişik, yeyib-içib gəzmişik. Biz bir dəstə sənətdə olan adam – mən, Fuad Poladov, Əlabbas Qədirov, Kamal Xudaverdiyev Ceyhun Mirzəyevin başına yığılardıq. Teatrda məşqə gələrdik və məşqdən sonra ayrılmaq istəməzdik. Mütləq gedib ya çay içərdik, ya hardasa bir qonaqlıqda olardıq. Axşam tamaşasından sonra da evə getmək istəmirdik, bir yerdə olmağa çalışardıq. İndikilər tamaşanı oynayır, qaçırlar, hara qaçırlar, özləri də bilmirlər.
XX əsr həyatımda çox önəmli olub.
1967-ci ildə İrəvan Dövlət Dram Teatrında işləmişəm. O vaxt həmin teatrı bizim kurs açıb. Daha sonra mənə İncəsənət İnistutunda dərs verdilər, assistent işlədim. 1 il səhnə danışığı kafedrasında çalışdım. İlk tələbələrim Fuad Poladov, İsrafil İsrafilov, Elxan Ağahüseynoğlu, İlham Namiq Kamal kimi tanınmış aktyorlar olub. O dovrdə məni Moskvaya 2 illik stajirovkaya göndərirdilər. Amma elə həmin arada Sumqayıt teatrı açılırdı. Ona görə də mən Moskvaya yox, Sumqayıt teatrına işləməyə getdim. Axı 4 il oxumuşdum ki, aktyor olum. Əlbəttə, .müəllimlik böyük, şərəfli peşədir. Ancaq mən aktyor olmağı məktəb illərindən istəmişəm. İnstituta 2 il imtahan verdim kəsildim, üçüncü il qəbul oldum. Qarşıma məqsəd qoymuşdum, müəllimlərim də mənə məsləhət görmüşdülər ki, aktyor olum. Çünki məni məktəb səhnəsində görmüşdülər. Sumqayıt teatrında az işlədim, 1 il əsas rollarda çıxış ellədim. 1970-ci ildə qayıtdım Milli Akademik Dram Teatrına. Milli Akademik Dram Teatrına getməyim də qəribə olub. Tofiq Kazımov ”Hamlet” tamaşasını qoyurdu. Orada obrazın üzü görünmədən, səhnənin arxasından Hamletın atasının səsi gəlməlidir. Mənim də çox güclü və cingiltili səsim var idi. T.Kazımov onu mənə tapşırmışdı. Sonra Sumqayıta gedəndə məndən incimişdi. Qayıtdıqdan sonra da bir müddət mənə rol vermədi, amma sonra yumşaldı, rol verdi. Dediyim odur ki, XX əsrdə mən teatrlarda da işləmişəm. Kinoyada çəkilməyim də əsasən o vaxtlar olub.
– Deyirsiniz ki, XX əsrin adamısınız. Bu həm də sovet adamı olmağınız anlamına gəlmir?
– Əlbəttə, gəlir. Mən sovet təhsil sistemində böyümüş adamam. O dövrün ab-havasıyla böyümüş adamam. Sovetlər birliyinin birdən-birə dağılacağı kimin ağlına gələrdi? Heç kimin. İnsanın ürəyindən keçən hisslər var. XX əsrin axırları idi. XXI əsrə keçəndə Allaha yalvarırdım ki, mənə can sağlığı versin, heç olmazsa XXI əsrin 1 ayını, 1 həftəsini görüm. Mənə elə gəlirdi ki, XXI əsr gəkləndə nəsə qəribə bir şey olacaq. Amma elə hər şey əvvəlki qaydada davam etdi.
– Hacı müəllim, hətta xüsusi hazırlığı olmayan insanlar belə Sizin rollarınız əzbər bilir. Çəkildiyiniz filmləri, televiziya tamaşalarını indi də maraqla izləyirik. Bayaq mərhum Ceyhun Mirzəyevin adını çəkdiniz. ”Fəryad” filmində siz hərbçi, həm də qəhrəmancasına həlak olan hərbçi obrazını canlandırmısınız. ““Fəryad” filmində canlandırdığınız, mühasirəyə düşüb, düşmənin əlinə keçməməkçün özünü öldürən zabit obrazını canladırmısınız. Sizə elə gəlmir ki, bu gün belə obrazlar azlıq təşkil edir?
– Ceyhun hələ orta məktəbin aşağı siniflərində oxuyanda “Ögey ana” filminə çəkilmişdi. “Fəryad” da bir növ bu filmin davamı kimi çəkilmişdi. Həmin filmdə Rövşən obrazını oynayıram. Bu rola çəkildiyimə görə C.Mirzəyevə həmişə minnətdaram. Mən hərbi xidmətdə olmamışam. Valideynlərim yaşlı olduqları üçün məni hərbi xidmətə aparmayıblar. Mən 1967-ci ildə İravanda işləyəndə ermənilərin məkrliliyini görmüşdüm. İrəvanda Azərbaycan teatrı açmaqla onlar, Bakıda da erməni teatrı açmaq fikrində idilər. Bu halda onların Azərbaycanda iki erməni teatrı olacaqdı – biri Bakıda, digəri də Xankəndidə. Bizimkilər o vaxt ağıllı iş gördülər ki, Bakıda erməni teatrı açmadılar. Qayıdaq “Fəryad”a. Bu filmdə Azərbaycan əsgərinin formasını əynimə geymək, əlimə avtomat almaq fürsəti düşdü. Film döyüş bölgəsinin bilavasitə yaxınlığında çəkilirdi. Hətta bir dəfə yolu azıb, üç yol ayrıcında qalmışdım. Kəndə zirehli hərbi maşın girəndə lap çaşıb qalmışdım. Bizimkilərinmi, yoxsa ermənilərinmi olduğunu bilmirdim. Yaxşı ki, bizimkilərmiş. Məni tanıyıb, soruşdular: “Ay Hacı müəllim, sən burada nə edirsən?” Cavab verdim ki, çəkilişə gəlmişdik, məni unudub gediblər. Filmdə həlak olanların helikopterə doldurulması səhnəsi çəkiləndə, mühərriki söndürmürdülər ki, atışma düşəndə, uçub getsin.
– Mənim fikrimcə, Azərbaycan kinemotoqrafı Qarabağ müharibəsi mövzusunda filmlərə bir o qədər diqqət ayırmayıb.
– Sonrakı dövrlərdə bir neçə film çəkilib. Amma mən özümdə başa düşə bilmirəm ki, “Fəryad” filmi niyə o qədər populyar olub, tamaşaçı sevgisi qazana bilib, amma o birilər bir qədər arxa planda qalıb. “Ağ atlı oğlan”, “Biz qayıdacağıq” filmləri var, ancaq “Fəryad” filmi çoxdan etalona çevrilib. Xocalı hadisələrinin ildönümündə, qara günlərdə göstərilən və baxılan film ancaq “Fəryad”dır. Allah rəhmət elləsin C.Mirzəyevə. O dövrdə hamının qəlbində nifrət, hiddət var idi düşmənə. Hamıda bir istək var idi ki, getsin müharibəyə, vuruşsun, özünü fəda etsin.
– Bəzən deyirlər ki, Qarabağ haqqında filmlər ona görə yoxdur ki, birinci Qarabağ müharibəsində biz uduzan tərəfik. Amma arxa cəbhədəki fəlakətləri, arxa cəbhənin fəaliyyəti ilə bağlı filmlər çəkməz olmazmı? Yadınızdadırsa, məşhur sovet filmləri var idi – “20 müharibəsiz gün”, “Əsgər haqqında ballada”. Bu filmlərdə daha çox arxa cəbhənin fəaliyyəti canlandırılırdı. Elə bizim “Şərikli çörək”, yaxud “Bizim Cəbiş müəllim” də bu səpkili filmlərdəndir. Nə üçün indi belə filmlər çəkilmir?
– Çünki indi o sənətkarlar yoxdur. Onlar fədailər idi. H.Seyidbəyli də, Ş.Mahmudbəyov da. Elə R.Ocaqovun çəkdiyi “Tütək səsi” filmi necə gözəl filmdir? İndikilər fikirləşir ki, necə etsin, filmə ayrılmış bir milyon manatın beş yüz minini qatlayıb cibinə qoysun. Bax budur, belə filmlərin yaranmasına mane olan. C.Mirzəyev “Fəryad”ı çəkməsəydi, yaşayacaqdı. Dəqiq deyirəm, o film onu öldürdü. Həm rejissorluq edəsən, həm çəkiləsən. Çox çətindir. Rəhmətlik filmi heç özü də görə bilmədi. Elə montaj olunarkən də rəhmətə getdi. Dediyim odur ki, belə fədailər yoxdur, istək yoxdur. Ümidimiz gələcəyədir.
– Hacı müəllim, siz dediniz, həmin adamlar yoxdur. Bu gün siz o adamların olmadığını deyirsinzisə, bundan sonra nəsə gözləməyə dəyərmi? Bu adamların birdən-birə yetişməsi mümkün deyil axı.
– Bir məsələ var ki, II Dünya müharibəsi dövründə də elə də yaxşı filmlər çəkməyib. Sovet kinosu müharibədən illər keçəndən sonra başlayıb kino çəkməyə. “Fəryad” müharibə illərində çəkilib. Bizim təbliğat işimiz də zəifdir. Ermənilər o barədə daha çoxbilmişdilər. Bu işlərə də keçən əsrin əvvəllərindən hazırlaşıblar. Biz isə hələ təzə-təzə başlayırıq.
– Sizin öz planlarınız, yaradıcılıq planlarınız necədir, yoxsa plandan danışmaq düşmür sizə?
– Bir ildən çoxdur ki, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətin yaradıcılıq üzrə müaviniyəm. A.Nemət həmçinin Dram Teatrının bədii rəhbəri və direktorudur. Mən düzü, istəmirdim, inzibatçılığı sevmirəm, azadlığı daha çox sevənəm. Bu iş adamı daha çox məsuliyyətli edir. Amma nəticəsi pis olmadı. Mənəvi cəhətdən çox şey qazandım. Yubleylər, tədbirlər keçirilib, mənə də nəyisə tapşırıblar, məcbur qalıb oxuyub, tapmışam. İnsanlar da bu tədbirlərlə bağlı razılıqlarını bildiriblər. İndi teatrda mənim işim çox deyil.
– Belə bir təsəvvür var ki, teatrla kinonu uzlaşdırmaq çox çətindir. Ən azı fiziki nöqteyi-nəzərdən. Teatrın öz repertuarı, öz qastrolları, öz ritmi var. Kino isə bir qədər fərqlidir. Məsələn, Siz “Ad günü”ndə çəkiləndə teatrda da fəaliyyət göstərirdinizmi?
– Bəli, həm də çox ciddi. O vaxt teatrda mən çox məşğul idim. Əvvəla teatrda o var repertuar elə idi ki, biz bəzən ayın 24 gününü tamaşa oynayırdıq. Amma kino çəkiləndə mənə imkan yaratmışdılar. Kino ilə teatrın oxşar cəhətləri də var, ancaq çox fərqli cəhətləri də var. Hərdən deyirəm ki, teatr mənim həyatımdır, kino isə mənimçün bir sevgi dünyasıdır. Mənə elə gəlir ki, kinoda mənə nə desələr eləyərəm, amma teatrda bu mümkün deyil. Amma kino-ekran soyuqdur, ordan nəfəs gəlmir. Amma teatrda tamaşaçı sənin gözünə baxır, sən də tamaşaçının baxdığını hiss edirsən, onun keçirtdiyi həyəcan sənə təsir edir. Teatr isti ocaq kimidir.
– Azərbaycan tamaşaçısı kimi S.Rzayevə və yaxud S.Aslana, Nəsibə xanıma, Bağırova, Y.Nuriyə baxmışıq. Amma Siz onlarla dost, tərəf-müqabil olmusunuz, çörək kəsmisiniz. Bu insanlar getdikdən sonra yerləri boş qalıb. Bəs tamaşaçı auditoriyası necə, keyfiyyətcə dəyişməyib ki?
– Deyim ki, tamaşaçı olmasa, aktyor sənətinin mənası da olmaz. Bizi həvəsləndirən onlardır. Biz ona görə yaşayırıq ki, tamaşaçıya qulluq edək. Amma fərq çox böyükdür. Yadıma gəlir ki, 70-80-ci illərdə, lap 60-cı illərdə teatra gələn nəsil ziyalı nəsil idi. Yaşca yaşlı adamlar idi. Geyinib- keçinib, səliqə ilə sanki toya gəlirdilər. Və bu uzun müddət belə olub. İndiki tamaşaçıların əksəriyyəti cavanlardır. Ailəsi ilə gələnə elə tamaşa təqdim etməlisən ki, deməsin ki, bu nə biabırçılıqdır? Elə tamaşalar var ki, Azərbaycan mənəviyyatına uyğun deyil. Dəstə ilə çıxıb gedən tamaşaçı olur. Deyirlər, utanmırsınız, bu nə tamaşadır? Ona görə tamaşa qoyulanda yüz ölçülüb, bir biçilməlidir.
– Bəlkə müasir dövrdə SSRİ dövründəkindən fərqli olaraq teatra diqqəti artırmaq üçün menecment və marketinq siyasətindən istifadə edilsin, tamaşalar reklam olunsun?
– Sözsüz ki reklam, təbliğat olmalıdır. Bir adam çox iş görə bilməz, gərək onun həmfikirləri olsun ki, o gəlib bir nəticəyə çıxa bilsin. Rusların bir sözü var, deyirlər, atları keçiddə dəyişməzlər. Dəyişərsən, xam olduğuna görə düşər uçuruma. Biz təzə binaya köçəndə nazirlik belə qərara gəldi ki, bizim direktoru və baş rejisoru dəyişsin. Amma 5 il göstərdi ki, heç nə yaxşı olmadı. Bir adam teatrı idarə edə bilməz. Teatrın baş rejisoru, bədii rəhbəri, direktoru olmalıdır. Bir nəfər o yükün altından çıxa bilmədi. Amma bir şey sevindiricidir ki, teatr öz sifətini, öz gücünü hələ saxlayıb. İndi A.Nemət gəlib bədii rəhbər və direktor. Bütün yaradıcılıq səlahiyyətləri ondadır. Teatr qayıdacaq əvvəlki ritminə. Tamaşaçılarımızın sayı da bu il çoxalmağa başlayıb. Tamaşaçını evdən çıxarmaq lazımdır. Çünki tamaşaçının canlı ünsiyyətə ehtiyacı var.
– Hacı müəllim, əziyyət çəkib, dəvətimizi qəbul etdiniz. Sizə çox minnətdarıq.
– Ulu öndərimizin bir sözü var: “Mən həmişə fəxr edirəm ki, azərbaycanlıyam”. Bu şüar naminə deyilmiş söz deyil, gərək haralı olduğumuzla, kimliyimizlə fəxr edək və onu qoruya bilək. Azərbaycan vətəndaşı olmaq üçün gərək bu vətəni sevəsən. Əlbəttə, birincı şərt budur. Ikincisi də dövlətinə və millətinə xidmət edə biləsən. Yalnız bundan sonra deyə bilərsən ki, mən əsil Azərbaycan vətəndaşıyam.
– Sizə uğurlar arzulayırıq.
Fuad Babayev, Gündüz Nəsibov. Dadaş Musayev, 1905.az
11 yanvar 2016-cı il