Həmsöhbətimiz məşhur fransız dili mütəxəssisi Hamlet Qocadır.
-Hamlet müəllim, Siz tanınmış fransız dili mütəxəssisisiniz. Xidmətləriniz Fransanın ali dövlət mükafatı ilə qiymətləndirilib. Məlumdur ki, fransız dili yalnız Fransanı deyil, daha geniş ərazini əhatə edir. Və fransızdilli dövlətlər də bizimlə bir növ oxşar problemlərə malikdir. Bilmək istərdik ki, fransızdilli dünya bizim haqqımıda nə bilir və fransız dilindən istifadə etməklə hansı mesajı dünyaya ötürməliyik?
– Hər hansı bir dili bilmək, onun vasitəsilə məlumat çatdırmaq böyük məsuliyyət tələb edir. Məsələn, AzərTAc-da işləyəndə mən həmin məsuliyyəti çox aydın duyurdum. Çünki hətta dilin xusiyyətindən irəli gələn hər hansı səhv böyük yanlışlığa səbəb ola, onun insanlara çatdırılmasında böyük anlaşılmazlıq yarada bilər. Hətta bir sözün oxşarı da fikri tamamilə təhrif etmək iqtidarındadır. Bir məsələni de qeyd etmək istərdim. Əvvəllər hətta bir fransız ifaçısı da qastrola gələndə, gedib həvəslə qulaq asardıq. Çünki canlı fransız hansı sənət sahibi olmasından asılı olmayaraq, bizim üçün maraqlı idi. Çünki biz fransızları görə bilmirdik. Amma indi şərait elədir ki, bir də görürsən adamlar bu yayı Fransada keçirir, digərində İsveçrədə istirahət edir. İndi dil mütəxəssislərinin sayı da artıb. Səfirlikdə çalışan, yaxud Fransada təhsil alıb gələn çoxlu cavan mütəxəssislər var. Fransa Mədəniyyət Mərkəzi var, gedib istənilən kitabı əldə etmək mümkündür. İndi mənim kimi mütəxəssislər tutaq ki, mübahisəli məsələlər olanda kömək edə bilir. Zəng edib, hansısa sözün ikinci, üçüncü mənası ilə bağlı məlumaq almaq istəyirlər. Biz dilin imkanlarından bacarıqla yararlanmalıyıq. Biz öz problemlərimizi yalnız rəsmi şəxslərlə söhbətlərdə gündəmə gətiririk. Sadə insanlara bu həqiqətləri isə çatdırmırıq. Nəzərə almırıq ki, axı hansısa nazir, dövlət adamı elə bu insanların arasından çıxıb. Onların arasında da rəsmilərin dostları, doğmaları, yaxınları var. Ermənilər yüz ildən artıqdır ki, bu üsuldan istifadə edirlər. Zarıya-zarıya, özlərinin əzilən, məzlum olduqlarını göstərərək təhrif olunmuş faktları əhali arasında yayırlar. Ona görə də təkrar edirəm, öz problemlərimizi yalnız rəsmilərlə deyil, buradakı, yaxud Fransada yaşayan adi fransızlarla da müzakirə etməliyik. Bu baxımdan Fransada təhsil alan gənclərimizin üzərinə də böyük vəzifə düşür. Bütün vasitələrdən istifadə etməliyik.
– Hələ gənclik yaşlarınızdan Malidə, Əlcəzairdə çalışmısınız. Asiya və Afrika Ölkələri ilə Həmrəylik Komitəsində işləmisiniz. Fransızdilli dünya bizi tanıyırmı və ya tanıtmaq üçün nə etməliyik?
-Fransızdilli dünya dedikdə biz Qərbi Afrikanı nəzərdə tuturuq. Mali, Qvineya, Seneqal, ümumiyyətlə qara Afrikanın böyük bir hissəsi nəzərdə tutulur. Onların haqqında xüsusi bir məlumatım yoxdur. Onlara xəbər çatırmı, ümumiyyətlə bizimlə maraqlanırlarmı? Amma məğrib ölkələri – Tunis, Əlcəzair və Mərakeş bir qədər fərqlidir. Onlar insanları çox mehribandır və bizimlə əlaqələrə də çox böyük maraq göstərirlər. Bildiyiniz kimi, Belçikanın bir hissəsi fransızdillidir və bölgədə gedən prosesləri maraqla izləyirlər. Yaxud İsveçrənin böyük bir hissəsində. 1990-cı illərin əvvəllərində bizdə müxtəlif dillərdə radioproqramlar var idi. İndi onların fəaliyyətinin hansı səviyyədə olduğunu bilmirəm. Düşünürəm ki, fransızdilli redaksiyanın fəaliyyətini gücləndirmək lazımdır. Çünki televiziya verilişləri hazırlamaq, onun Fransada yayımına nail olmaq baha başa gələ bilər, lakin radioda imkanlar gedişdir. O vaxt mən radioda işləyəndə biz müxtəlif tanınmış fransızların Azərbaycan haqqında fikirlərini radio ilə verir və sevinirdik ki, bu məlumatları fransızdilli insanlar da eşidəcək. Lakin sonradan eşitdik ki, Rusiyanın hansısa şəhərdə olan stansiyaları bu məlumatların xaricə ötürülməsinə imkan vermirmiş. Amma yenə də radio həvəskarları bu proqramları tutub, dinləyə bilirdilər. Ünvanımıza daxil olan məktublardan bunu bilirdik. Müxtəlif saytlar vasitəsilə məlumatlar yaymalıyıq. Əlbəttə, fransızdilli dünyaya bizim həqiqətlərimizi yaymaq üçün dövlət rəhbərliyi də xeyli tədbirlər həyata keçirir, informasiyalar yayır. Ermənilər bu məsələ ilə artıq yüz illərdir məşğuldur. Biz isə onların bu böyük müddət ərzində həyata keçirdikləri işi 15-20 il müddətində etməliyik.
– Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür, ATƏT-in Minsk qrupunun həmsədridir, bir sözlə, bizim üçün mühüm dövlətdir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məqsədilə bu ölkənin prezidentləri zaman-zaman müxtəlif təşəbbüslər göstəriblər. Bəs Fransanın elm və mədəniyyət adamlarının Dağlıq Qarabağ probleminə münasibətləri necədir?
– Fransanın cənubunda Over şəhərində beynəlxalq tərcümə mərkəzi var. Dünyanın hər yerindən bu şəhərə fransız dilindən, yaxud fransız dilinə tərcümə edən yazıçılar, tərcüməçilər gəlir. Mən həmin şəhərdə olanda bir dəfə müxtəlif ölkələrdən olan tərcüməçilərlə söhbət edirdik. Bu şəhərin 30-40 min nəfər əhalisi var. 3 ay həmin şəhərdə yaşasam da, nə bir nəfər türk, azərbaycanlı və ya iranlı görmədim. Amma bu balaca şəhərdə erməni diasporunun çox güclü fəaliyyəti duyulurdu. Over şəhəri böyük rəssam Van Qoqun yaşayıb, yaratdığı şəhərdir. Ona görə də dünyanın hər tərəfindən bu böyük rəssamın yaradıcılığının pərəstişkarları bu şəhərə axışırlar. Şəhərin əsas parkında bir Van Qoqun abidəsi var, bir də “erməni soyqırımı”nın qurbanlarının xatirəsinə həsr olunmuş abidə qoyulub. Bir dəfə bir məclisdə fransız ziyalısı ilə söhbət edirdim. Söhbətin gedişində hiss etdim ki, onun həyat yoldaşı ermənidir. Mənə problemlərimizlə bağlı, o cümlədən Dağlıq Qarabağla əlaqədar suallar verirdi. Həmin vaxtlar artıq “erməni soyqırımı”nın olmadığını iddia edənlərin cinayət məsuliyyətinə cəlb ediləcəyinə dair qərarla bağlı söhbətlər gedirdi. Orada dedim ki, mən sizinlə necə söhbət edə bilərəm ki, dediklərimə görə məni həbs etdirə bilərsiniz. Həmin şəxsin arvadının qulağı da yaxşı eşitmirdi və mənim dediklərimi ərinə bir daha təkrarlatdırırdı ki, eşidə bilsin. Ən axırda qadın soruşdu ki, bəs “soyqırım”a görə türklər təzminat ödəməyəcəklər? Deməli, onların soyqırım davası ancaq təzminat üçündür. Cavab verdim ki, axı olmayan hadisəyə görə nə üçün təzminat verilməlidir? Fransada hər yerdə “Ermənistan mənim dostumdur” yazısına rast gəlmək olar. Mən həmişə fransızlarla söhbətlərimdə deyirəm ki, bizim iki oxşar cəhətimiz var – səmimiyyət və yumor hissi. Elə ermənilərə inanmaları da bu səmimiyyətdən irəli gəlir. Bizi də çox vaxt səmimiliyimizə görə tora salırlar.
– Hamlet müəllim, illərdən bəridir ki, bədii tərcümə sahəsində çalışırsınız. Bir çox fransız yazıçılarını Azərbaycan oxucusu sizin tərcüməniz sayəsində oxuyublar. Bəs Azərbaycan müəlliflərini necə, franız dilinə tərcümə edirsinizmi?
– Eləmişəm. Məsələn, Mirzə Cəlillə bağlı elmi əsəri, on müxtəlif Azərbaycan şairinin şeirlərini, hekayələri tərcümə etmişəm. İstəyirdim Azərbaycan ədəbiyyatı ilə bağlı antologiya düzəldim. Rəsul Rzanın “Rənglər” silsiləsini fransız dilinə çevirmişəm. Bir neçə Azərbaycan nağılını, Molla Nəsrəddin lətifələrini tərcümə etmişəm. Məşhur fransızların Azərbaycan haqqında fikirlərini toplayıb, dilimizə çevirmişəm. Məsələn, fransalı səyyah qadın Azərbaycana gəlib və azərbaycanlıları ruslar və ermənilərlə müqayisə edir, azərbaycanlıları yüksək qiymətləndirir.
– Hazırda nə üzərində işləyirsiniz?
– Məşhur fransızların Azərbaycan haqqında fikirlərini Diasporla İş üzrə Dövlət Komitəsinə təqdim etmişəm. Onun çapı nəzərdə tutulub. “Molla Nəsrəddin” lətifələrini fransız dilində çap etdirmək niyyətindəyəm.
Gündüz Nəsibov
1905.az
Müsahibə ilk dəfə 11 sentyabr 2014-cü ildə dərc olunub.