Umberto Ekonu hamı tanıyır. Hər halda, onu tanımaq, oxumaq və ondan öyrənmək istəyən adamların hamısı bu italyan yazıçısının yaradıcılığından xəbərdardır. O ki qaldı onu tanımaq istəməyənlərə, onlar bəlkə də heç nə itirməyiblər…
Umberto Ekonu oxumaq əslində asan deyil, onun 1-2 il əvvəl işıq üzü görmüş “Praqa məzarlığı” adlı 6-cı romanının mütaliəsi isə azərbaycanlı üçün az qala əzabverici ola bilər.
Niyə?
Ona görə ki, Umberto Ekonun 6-cı romanında antisemitizm məsxərəyə qoyulur. Və Simonino Simonini adlı bir personajın yəhudilərə qarşı törədilmiş dəhşətli soyqırım aktlarına rəvac verən “sənəd”ləri hazırlaması, həqiqətləri saxtalaşdırması haqqında danışılır.
Üstəlik, Ekonun təxəyyülünün məhsulu olan Simonini bunu real tarixi şəxsiyyətlərlə təmasda ola-ola (əlbəttə ki, romanın səhifələrində) edir.
Və yəhudilərə nifrət edən Simonini fransızların da, almanların da, italyanların da düşmənidir. “Sion müdriklərinin protokolları”nı uydurduğu iddia edilən Simonini az qala bütün insanlara nifrət edir.
Bu kitabı oxumaq niyə bizim üçün əziyyətli olmalıdır?
Ona görə ki, dünya ədəbiyyatında azərbaycanlılara qənim kəsilmiş iyrənc erməni millətçisi obrazı yoxdur və ola bilsin heç olmayacaq da. Və bu vahiməli boşluğun əslində bizim üçün nə qədər təhlükəli olduğunu “Praqa məzarlığı”nı oxuyanda çox aydın təsəvvür etmək olar…
Yəhudi xalqına qarşı törədilmiş dəhşətli soyqırımı hamı pisləyir. Ağlı başında olan adamların hamısı holokostun bəşəriyyət əleyhinə misli-bərabəri görünməmiş cinayət olduğunun fərqindədirlər. Buna baxmayaraq, ola bilsin unutmağa meylli adamları məlumatlandırmaq məqsədilə Simonino Simoninilər – təkcə yəhudiləri deyil, bütün insanları yer üzündən silmək niyyətli “qəhrəman”lar yaradılır…
Təcrübə məqsədilə 13 yaşlı azərbaycanlı uşağın dərisini diri-diri soyub onun neçə dəqiqə yaşayacağını müəyyənləşdirən, üstəlik bu barədə öz kitabında (!) yazan Zori Balayan və onun kimi iyrənc erməni cəllladlarının obrazları da dünya oxucusu üçün maraqlı ola bilər.
Dünyada az qala yeganə monoetnik dövlətin – tarixi Azərbaycan torpaqlarında yaradılmış Ermənistanın uzaq və yaxın tarixində o qədər belə personajlar var ki. Özü də Simoninidən fərqli olaraq tam real personajlar.
Bəs bu personajlar nə vaxt dünya ədəbiyyatına gələcək? Bəlkə, bu personajları dəvət etmək lazımdır?
Necə bilirsiniz?
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 133-134)