Həmsöhbətimiz tarix üzrə elmlər doktoru Həcər xanım Verdiyevadır.
– Həcər xanım, Herodot və Strabonun əsərində adı çəkilən Ermənistan harada idi?
– Ümumiyyətlə, Herodotun dövründə Ermənistan olmayıb. Herodot özünün “Tarix” əsərində göstərir ki, Frakiya tayfaları Balkanlardan Frigiyaya-Kiçik Asiyaya gəliblər, oradan Şərq istiqamətinə yönələrək, Mesopotamiyaya keçiblər. Herodot göstərir ki, onlar Fəratdan yuxarıda yaşayıblar. Herodotun dövründə Ərməniyyə fikri olması düzgün deyil. Strabonun dövründə isə bəli, Ərməniyyə var idi. Ancaq nə Qafqazda, nə də Kiçik Asiyada idi, Fərat çayının hövzəsində bir ərazidə idi. Doğrudur, Movses Xorenasi, Favtos Buzand və digər erməni mənbələri israrla sübut etməyə çalışırlar ki, Böyük Ərməniyyə olub. Ermənilərin qəbul etdiyi erməni tarixi haqqında gerçəklər sual altındadır. Movses Xorenasi də erməni tarixini yox, erməni xalqının tarixini yazıb. Sonradan sovet ermənişünaslığında bu, təhrif olunaraq erməni tarixi kimi təqdim olunub. ABŞ-ın Kaliforniya Universitetinin professoru Nina Qarsayan mənbələr əsasında ciddi araşdırma apararaq sübut edib ki, “Böyük Ərməniyyə” Movses Xorenasi, Favtos Buzandın təxəyyülünün məhsuludur. Tarixdə “Böyük Ərməniyyə” olmayıb. E.ə.189-cu ildə üç Ərməniyyə yaranıb. Artaşetlər Ərməniyyəsi (e.ə. 189-cu ildə yaranıb, b.e. I əsrinə kimi mövcud olub), b.e. I əsrinin 30-cu illərində Arşakilər Ərməniyyəsi olub və Arşakilər Parfiya sülaləsi ilə bağlı olmuşdur. Onu da bilmək lazımdır ki, I Artaşet hansı Ərməniyyəni yaradıb? Onun dövründə Böyük Ərməniyyə, Kiçik Ərməniyyə, bir də Sofena olub. Böyük Ərməniyyə Fərat çayından sağda, Kiçik Ərməniyyə isə Fərat çayından solda yerləşib. Sofena isə Diyarbəkirlə sərhəddə yerləşirdi. Nina Qarsayan da bu faktı 1971-ci ildə “Ərməniyyə IV əsrdə” məqaləsində göstərib və bildirib ki, ”Ərməniyyələr” mərkəzləşmiş bir qurum şəklində mövcud olmayıblar. Bu məqalə 1971-ci ildə Ermənistan Elmlər Akademiyasının “Xəbərləri”nin 2-ci sayında dərc olunub. Lakin məqalə dərc olunan günün səhərisi bu məqalənin olduğu jurnalın bütün nüsxələri yandırılıb. Hərçənd tamamilə məhv edə bilməyiblər, həmin jurnalın nüsxəsi Azərbaycan Respublikasında və Moskvada saxlanılır. Və indi erməni tarixçiləri obyektiv mövqedən çıxış edən Nina Qarsayanın və onun tələbələrinin, ardıcıllarının mövqeyini qəbul etmirlər. Bildirirlər ki, onlar Movses Xorenasi, Mixitar xəttindən ayrılıblar.
– Bəs bu Fərat hövzəsindəki ermənilər Balkanlara necə gəlib çıxdılar?
– Ermənilərin hardan və necə gəlmələri ilə bağlı bir neçə konsepsiya var. Konsepsiyalardan biri antik müəlliflərin konsepsiyasıdır. Onlar göstərirlər ki, Qara dəniz sahilində məskunlaşan kimmerlərlə, Şərqdən Qara dəniz sahilinə gələn skiflər toqquşublar. Kimmerlər bu toqquşmada məğlub olublar və özlərini qorumaq üçün həmin məkandan çıxıblar və Avropaya üz tutublar, Balkanlara keçiblər. Skiflər onları daban-daban izləyərkən, yolu azıb Qafqaza keçərək, gəlib çıxırlar Qarabağa. Bildiyiniz kimi, Azərbaycanda skif çarlğı olub. Skif çarlığının Assuriya, Urartu, Manna dövlətləri ilə əlaqələri olub və bölgədə gedən proseslərdə öz izlərini qoyublar. Balkanlara keçən Kimmerlər isə Frakiyadan Frakiya-Frigiya tayfalarını özləri ilə götürürlər. Frakiyanın indi bir hissəsi Türkiyənin, bir hissəsi Bolqarıstanın, bir hissəsi də Yunanıstanın ərazisinə düşür. Beləliklə, erməni tayfalarının əcdadları Frigiyaya, daha sonra isə Urartu məkanına gəlib çıxırlar. Bax bu, Herodot və Strabonun konsepsiyasıdır. Bir də ermənilərin konsepsiyası var. Sovet dövründə erməni tarixşünasları bildirirdilər ki, Urartu qədim erməni dövləti olub. Və guya Kiçik Asiya ermənilərin ana vətəni imiş. Bu ideyanı ilk olaraq K.Patkanov irəlü sürüb. Patkanov hansı fərziyyəni irəli sürüb? Əgər antik müəlliflər eməni dalğasını e.ə. VIII-VII- əsrlərə aid edirlərsə, Patkanov göstərir ki, həmin tayfalar e.ə. XII əsrdə Balkanlardan gəlib və Urartu dövləti yaranmamışdan öncə e.ə. XI-X əsrlərdə bu ərazidə məskunlaşıblar. Urartunun köklü əhalisi hurritlərdir. K.Patkanov, Y.Manandyan və başqaları onları alaroidlərlə eyniləşdirirlər. Bu müəlliflər göstərirlər ki, qədim yunan mənbələrinin armenlər kimi göstərdikləri muşklar yerli tayafalarla çulğaşır, Nairi vilayətində armenlərlə hayklar sintez olunurlar. Patkanova görə, hayklarla armenlər toqquşur, hayklar qalib gəlir, bundan sonra ermənilərin əcdadı kimi hayklar götürülüb. Amma antik almlər, eləcə də Manandyan göstərir ki, hayklarla armenlər sintez olub. Amma Manandyan həm də göstərir ki, onlar Urartu mənşəli xalqlarla mübarizə aparıblar. Bu mübarizə e.ə. VI əsrədək davam edib və nəhayət, səngiyib. Bax belə bir məcrada erməni mənşəli tayfalar Balkanlardan Frigiyaya gəlib, oradan isə dönürlər Şərqə. Və Fərat çayı ətrafında dövlət yaradırlar. “Urartu konsepsiyası”nı isə məşhur sovet alimi İ.Dyakonov darmadağın edib. Dyakonov bu məsələ ilə bağlı fonetik təhlil aparıb. O, ermənilərin və Urartu dövlətinin köklü əhalisi olan hurritlərin dilinin fonetik təhlilini verib. Belə bir nəticəyə gəlib ki, hurrit dilində erməni dili ilə bağlı heç nə yoxdur. Hurrit dili erməni dilindən fərqli olaraq, Hind-Avropa dili ailəsinə aid deyil. Erməni-sovet tarixçisi Abegyan erməniləri hibrid etnos, erməni dilini isə hibrid dil kimi qəbul edib. Onların hansı kökə malik olmasını müəyyənləşdirməkdə Abegyan da çətinlik çəkirdi. Çünki onların parfiyalılarla qarışığı daha güclüdür. Nina Qarsayan göstərirdi ki, özünə hörmət edən heç bir tarixçi “Vahid Ərməniyyə” olduğunu iddia edə bilməz. Hətta IV əsrdə Ərməniyyə İrana daha çox meylli və mənəvi dəyərlər baxımından ondan daha çox asılı idi.
– Bəs Albaniyanın qonşuluğunda necə, erməni dövləti var idimi?
– Yuxarıda qeyd etdiyim kimi, erməni dövləti e.ə. II ərdə Fərat çayı ətrafında yaranıb. Ona görə də bu dövlət Qafqaz Albaniyası ilə qonşu ola bilməzdi. Mixitarçılar məktəbinin görkəmli nümayəndəsi Çamçyan 1784-cü ildə belə bir fikir irəli sürüb və buna əsasən ermənilər əsassız olaraq torpaqlarımıza qarşı ərazi iddiaları irəli sürürlər. Çamçyan öz tədqiqatlarında göstərir ki, Qafqaz Albaniyasının Artsax, Uti, Paytakaran əyalətləri – yəni Kürün sağ sahili Qafqaz Albaniyasına yox, Ərməniyyəyə aid olub. 387-ci ildə Ərməniyyə dövləti tarix səhnəsindən çıxdıqdan sonra həmin ərazilər Qafqaz Albaniyasına məxsus olub. Çamçyan və onun ardıcılları göstərirlər ki, Qafqaz Albaniyasının cənub sərhədi Kürlə ölçülüb. Amma Fəridə Məmmədova “Qafqaz Albaniyasının tarixi coğrafiyası” əsərində apardığı ciddi tədqiqatlar əsasında göstərir ki, şimalda Dərbənd, cənubda Araz çayına qədər əlan ərazi bilavasitə Qafqaz Albaniyasına aid olub. Çamçyanın bu konsepsiyasını XX əsrin əvvəllərindən erməni tarixçiləri başlayıblar davam və inkişaf etdirməyə. 1963-cü ildə Yeremyan belə bir konsepsiya ilə çıxış edir ki, Arsax, Uti Ərməniyyə ərazisi olub, Paytakaran e.ə. I əsrdə I Artaşet tərəfindən işğal edilib və 338-ci ildə geri qaytarılıb, 387-ci ildə isə Arsax və Uti verilib Qafqaz Albaniyasına. Halbuki onun 1951-ci ildə irəli sürdüyü konsepsiyaya görə, Kürün həm sağ, həm də sol sahilləri Qafqaz Albaniyasına məxsus idi. Ancaq guya II Tiqran e.ə. 70-ci illərdə Arsax, Uti, Paytakaran, Kaspi əyalətlərini ələ keçirib, e.ə. 66-cı ildə isə Pompeylə imzaladığı müqaviləyə əsasən geri qaytarıb. Başqa bir sovet alimi, qafqazşünas-albanşünas Kamilla Trever göstərir ki, bu ərazilər Qafqaz Albaniyasınındır. Amma I Artaşes işğalçı yürüşləri zamanı bu əraziləri tutur, 387-ci ildə Ərməniyyə dövləti tarix səhnəsindən çıxanda, ərazilər yenidən Qafqaz Albaniyasına qaytarılır. Erməni saxtalaşdırıcılarının bu konsepsiyasını antik mənbələr təkzib edir. Strabon yazır ki, II Tiqran Atropatenanın və Mesopotamiyanın bir hissəsini, eləcə də Finikiya ərazisini ələ keçirib. Antik mənbələr göstərir ki, II Tiqranın əsas hədəfi Suriya olub. Roma qoşunları da Ərməniyyə dövlətinin üzərinə Suriya tərəfdən gəlirdilər. Ona görə də erməni saxtalaşdırıcılarının konsepsiyaları sabun köpüyüdür. Müasir təftişçilərdən Ulubabayan, Mkrtıçyan daha uzağa gedərək göstərirlər ki, nə Uti, nə Arsax, nə Kaspiy, nə də Paytakaran vilayətlərinin Qafqaz Albaniyasına heç bir aidiyyatı yoxdur, bunlar sırf Ərməniyyə torpaqları olub. Amma heç bir mənbəyə əsaslanmırlar. Hər bir ölkənin paytaxtı olmalıdır. Bunların ilkin paytaxtı Artaşat, ikinci paytaxtları Tiqranakert olub. Artaşat Fərat sahilində olub. Tiqranakert isə erməni tarixçisi Y.Manandyanın göstərdiyinə görə, müasir Türkiyə Respublikasındakı Muş vilayəti ərazisində olub.
– Hərçənd ki, onlar indi iddia edirlər ki, guya Ağdam rayonu ərazisində Tiqranakertin qalıqlarını tapıblar.
– 1992-1994-cü illərdə ermənilər Azərbaycan ərazisinin 20 faizini işğal ediblər. Bu işğala da onlar nə iləsə haqq qazandırmalıdırlar. Dünya ictimaiyyətinə qədim erməni torpaqlarını geri qaytaran bir imic formalaşdırmağa çalışırlar. 2000-ci illərin əvvəllərində Dağlıq Qarabağda Petrosyanın rəhbərliyi ilə bir ekspedisiya yaradılıb. Petrosyan akademik Arakelyanın tələbəsi olub. Petrosyanla müqayisədə Arakelyan daha samballı alimdir. O, fikrini söyləyəndə nəyə isə söykənirdi. Petrosyan isə özünü cəmiyyətə elmdən və insani keyfiyyətlərdən uzaq fərd kimi tanıtdırıb. İndi də guya ki, Yuxarı Qarabağda Tiqranakert şəhərinin qalıqlarını tapıb. Həmin qalıqları da 2008-ci ildə qoruq elan ediblər. Halbuki tarixi Tiqranakert şəhəri Kiçik Asiyada, Muş vilayəti ərazisindədir və Qafqaza heç bir aidiyyatı yoxdur.
– Ərəblər Alban Apostol kilsəsini erməni kilsəsinə tabe etdirmişdilər. Bəs o vaxr erməni kilsəsinin mərkəzi harada idi?
– Ondan başlayaq ki, erməni-qriqorian kilsəsi harada yaranıb? Erməni-qriqorian kilsəsi Cənubi Qafqaz ərazisində yaranmayıb. Fərat çayının bir qolu var, antik mənbələrdə Arasani çayı adlanırdı. Hazırda Türkiyə Respublikasında bu çay Murad-çay adlanır. İlk erməni kilsəsi burada, müqəddəs Qriqorinin dövründə, Aştişat adlanan yerdə tikilib. Ermənilər davamlı olaraq hansısa saxtakarlıqlar uydururlar. Onlar gah xristianlığı qəbul edən ilk dövlət olduqlarını, gah xristianlığı ilk dəfə rəsmi olaraq qəbul etdiklərini iddia edirlər. Bu yalanlar da mənbələrlə ifşa olunur. Həmin yalanları da XIX əsrin sonları-XX əsrin əvvəllərində rus tədqiqatçıları aşkar ediblər. Rus pravoslav kilsəsinin Aleksandr Anninski adlı nümayəndəsi III Tridatın hakimiyyətə gəlməsi tarixini göstərib. Movses Xorenasiyə, Aqafangelə görə, III Tridat guya e.ə. II əsrin sonlarında – 80-90-cı illərdə hakimiyyətə gəlib. A.Anninski ciddi təhlil apararaq göstərir ki, Müqəddəs Qriqori Parfiya mənşəli Arşakilər sülaləsinə aid olan zadəgan sülaləsinin övladı olub. Onun atası II Tridata qarşı sui-qəsddə iştirak edib. Sui-qəsddən sonra III Tridat Roma imperiyasına pənah aparıb. Müqəddəs Qriqori atasının günahını yumaq üçün III Tridata qulluq edib. Qriqori III Tridatın xristian dinini qəbul etməsinə və Ərməniyyə ərazisindəki Anaid məbədlərinin ləğvinə çalışıb. İlk erməni kilsəsi də Anaid məbədi üzərində qurulub. Anninskiyə görə III Tridat 302-ci ildən tez hakimiyyətə gəlməyib. Hakimiyyətə gələndən sonra fikrindən döndərə bilmədiyi Qriqorini zindana saldırıb. Qriqori 13 il zindanda qalır. 302-ci ilin üstünə 13 il gəlsək, 315-ci il edər. Anninski müqəddəs Qriqorinin 316-cı ildə azadlığa çıxdığını göstərir. Ona görə də 316-cı ildə də ermənilərin xaç suyuna salındıqlarını sual altına alır. Beləliklə aydın olur ki, ermənilər nə 303, nə 307, nə də 313-cü ildə xaç suyuna salınmayıblar. Ermənilər Bizans imperiyası xristian dinini qəbul etdikdən sonra xaç suyuna salınıblar. III Tridat Roma imperiyasının vassalı idi. Roma imperiyası onu hakimiyyətə gətirmişdi. Roma imperyasında insanlar xristian olduqlarına görə təqib olunduğu halda, III Tridat 303-cü ildə xristianlığı qəbul edə bilərdimi?
– Tamamilə qeyri-məntiqidir.
– Bu qeyri-məntiqiliyə uyan tarixçilər hər vasitə ilə öz mülahizəlıərini yaymağa çalışırlar. İndinin özündə də Vatikanda bələdçilər turistlərə məlumat verəndə bildirirlər ki, xristianlığı ermənilər 307-ci ildə qəbul ediblər. Yəni bu absurd fikir Vatikanda da tirajlanır. Bir məqama da diqqət yetirmək lazımdır ki, erməni qriqorian kilsəsi apostollar tərəfindən yaradılmayıb. Erməni kilsəsini apostollarla heç bir əlaqəsi olmayan müqəddəs Qriqori yaradıb. Alban Apostol kilsəsi isə apostolllar – Faddey, Varfolomey, Yelisey tərəfindən yaradılıb. Məsələn, Şəki rayonu ərazisindəki Kiş məbədinin əsası Yelisey tərəfindən qoyulub. Amma heç bir həvari erməni kilsəsinin əsasını qoymayıb. Albanşünas Fəridə Məmmədova göstərir ki, VII əsrin ortalarında erməni kilsəsinin 17 yeparxiyası olub. Bu yeparxiyalardan heç birinin Cənubi Qafqaza aiddiyyatı olmayıb. Onların hamısı Van gölündən qərbdə olan ərazilərdə idi. Dvin məclisinin kanonlarında da bunlar göstərilir. Bu faktlar erməni yalanlarını təkzib edir. Sasanilər dövründə Albaniyada xristianlığa böyük zərbə vurulsa da, sasanilər bu dinin kökünü məhv edə bilmədilər. 486-487-ci ildə Qafqaz Albaniyasında dövlətçilik yenidən bərpa ediləndə III Vaçaqanın dövründə xristianlığın ikinci dalğası başlanır. Yenidən alban məbədləri-kilsələri salınmağa başlanır. Şimal və şimal-qərb bölgələrindəki məbədlərə fikir versəniz, görərsiniz ki, onlar əsasən V-VII əsrlərə aiddir. İlkin dövrlərə aid olan məbədlər çox azdır. Olubsa da, Sasanilər tərəfindən dağıdılıb. Sasanilər belə bir siyasət irəli sürürdülər ki, onların ərazisində ancaq monofizit kilsə ola bilər, diofizit kilsə ola bilməz. Ona görə də Nerses Bakur katolikos seçiləndə öhdəlik götürür ki, kilsə monofizit olacaq. VIII əsrin əvvəllərində Nerses yenidən diofizitliyə qayıtmaq istəyəndə erməni katolikosu İliya xəlifə Əbdül əl-Malikə məktubunda onun niyyəti ilə bağlı yazır və bildirir ki, o, Bizansa meyillidir və xəlifəyə qarşı qiyam qaldırmaq istəyir. Xəlifə qəzəblənərək Nersesi cəzalandırır, o, zindana atılır, Alban Apostol kilsəsindəki bütün kitablar isə yandırılır. Kitablar yandırıldıqdan sonra kilsə yanındakı məktəblərdə dərslər alban əlifbası ilə yox, qrabar əlifbası ilə keçilir. Qrabarı tarixçilər qədim erməni əlifbası hesab edirlər, amma bu Parfiya əlifbasıdır. Əslində hayların dilinə – aşqrabara aidiyyatı yoxdur. Beləliklə VIII əsrin əvvəllərindən Qafqaz Albaniyasında kilsə dili qrabarda olur. Amma əhali alban dilində danışırdı. Ədəbiyyat və mənbələr isə qrabarda yazılır. Azərbaycan torpaqlarına olan əsassız iddialarına bəraət qazandırmaq üçün ermənilər soruşurlar ki, bəs nə üçün Moisey Kalankatuklu öz əsərini qrabarda yazıb. Çünki kilsə dili, ədəbiyyat həmin dövrdə artıq qrabarda gedirdi. Bu məqamı, 704-cü il hadisəsini ermənilər “unutmağı” sevirlər.
– 1836-cı ildə I Nikolayın fərmanı ilə Alban Apostol kilsəsi nə üçün rus pravoslav kilsəsinə deyil, erməni-qriqorian kilsəsinə tabe etdirildi?
– Bizim bir çox dərslik və monoqrafiyalarımızda göstərilir ki, I Nikolayın 1836-cı il 10 aprel fərmanına görə, Alban Apostol kilsəsi erməni-qriqorian kilsəsinə tabe etdirilib. Bu, səhv fikirdir. Çünki Rusiya ortodoksal kilsəyə malik idi və Rusiya sinodu xristian dünyasının ehkamlarını çox gözəl bilirdi. I Nikolay və Senat da bilirdi ki, kilsəni dünyəvi qurum ləğv edə bilməz. Kilsəni ancaq kilsə ləğv edə bilər. Ona görə də I Nikolayın fərmanına əsasən Senatın qəbul etdiyi Əsasnamədə belə gedir: “Tatev mitropolitliyi Eçmiədzinə verilsin”. Yəni, I Nikolay Qarabağ torpaqlarında yerləşən Tatev monastırını bilavasitə erməni-qriqorian kilsəsinə tabe edir və əvəzində Qarabağ yeparxiyası yaranır.Erməni-qriqorian kilsəsi bu idarəçilikdən çox gözəl istifadə etdi. Bəzi alban kilsələrini bağladı, bir hissəsini erməniləşdirdi, kilsələr üzərində özlərinə aid yazılar yerləşdirdi. Alban Apostol kilsəsinin arxivi Eçmiədzinə aparıldı. 1909-1910-cu illərdə ideoloji cəhətdən daşnak olan keşiş Mesrop Qafqaz canişini Voronsov-Daşkovla çox sıx əlaqəsindən istifadə etdi. O, canişini inandıra bildi ki, Alban kilsəsinin arxivinin heç bir faydası yoxdur və həmin arxivin yandırılmasına nail oldu. Bununla da Azərbaycanın tarixi yaddaşına ağır bir zərbə vuruldu.
– Həcər xanım, Azərbaycanda dərc edilən və erməni saxtakarlığını ifşa edən materiallarda Sizi qane etməyən məqamlar hansılardır?
– Təəssüf ki, dərc olunan materialların əksəriyyəti Azərbaycan dilindədir. Düşünürəm ki, bunlar əsasən xarici dillərdə nəşr olunmalıdır. Biz bunları zatən bilirik. Amma dünyaya çatdıra bilirikmi? Ən azından onlar rus və ingilis dillərində olmalıdır. Bizim tədqiqatçılarımız artıq əsərlərində Ərməniyyənin harada yerləşdiyini sübut edirlər. Bu bi reallıqdır ki, ermənilərin tarixən Cənubi Qafqaza, Azərbaycan torpaqlarına heç vaxt aidiyyəti olmayıb. Hər bir dövlətin əsas atributlarından biri, onun ərazisidir. Amma erməni dövlətinin konkret bir ərazisi yoxdur. Bəzi mənbələrdə hətta erməni dövlətlərinin sayı 33-34 göstərilir. Artaşetlər dövləti Fərat çayı ətrafında, Arşakidlər dövləti də elə o məkanda olub. II Tiqran dövründə bir qədər Van istiqamətində genişləndirmişdilər. IV ərsdə dövlətləri ləğv edildikdən sonra Kiçik Ərməniyyə Bizans imperiyasının, Böyük Ərməniyyə isə Sasanilərin tərkibinə keçmiş, ermənilər dünyaya səpələnmişlər. IV əsrdə bir hissəsi Hindistana, XI əsrdə Kiyev Rus dövlətinə, XVI-XVII əsrlərdə isə Avropaya gedib çıxıblar və yeni “vətən” axtarışı “erməni məsələsi”ni və ondan doğan əfsanələri yaradıb.
Gündüz Nəsibov, 1905.az
Müsahibə 11 yanvar 2019-cu ildə dərc edilib.