…XX əsrin 40-cı illərinin ikinci yarısında mərkəzi hökumətdəki nümayəndələrinə arxalanan erməni millətçiləri azərbaycanlıların Ermənistan SSR-dəki öz tarixi-etnik torpaqlarından qovulub çıxarılması və ilk növbədə, Qarabağın qoparılıb Ermənistana verilməsi tələbini irəli sürdülər.
1945-ci ilin payızında Ermənistan SSR rəhbərliyi növbəti dəfə ÜİK(b)P MK qarşısında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistana verilməsini qaldırdı. Azərbaycan SSR-ə o zaman rəhbərlik edən M.C.Bağırov 10 dekabr 1945-ci il tarixdə (tam məxfidir qrifi ilə) ÜİK(b)P MK katibi G.M.Malenkova göndərdiyi cavab məktubunda Sovet hakimiyyəti illərində ilk dəfə itirilmiş Azərbaycan torpaqları problemini qaldırdı və bununla da erməni millətçi dairələrinin planlarının pozulmasına nail oldu. Lakin rədd cavabı verilməsinə baxmayaraq, ermənilər 1946-cı il oktyabrın 19-da SSRİ Ali Soveti Rəyasət Heyətinin xarici ölkələrdə yaşayan ermənilərin Ermənistan SSR ərazisinə göçürülməsi ilə bağlı fərman verməsinə nail oldular. Xarici ölkələrdə yaşayan ermənilərin Ermənistan SSR-ə repartasiyası “Daşnaksütyun” partiyasının 1947-ci ilin iyununda keçirilmiş XIV konqresinin qəbul etdiyi qərarlarla bilavasitə bağlı idi. Bu qərarlarda isə repartasiyanın “azərbaycanlıların yaşadıqları torpaqların boşaldılması və Ermənistan sərhədlərinin genişləndirilməsi” şəraitində baş verdiyi iddia edilirdi. Bu işə Qriqoryan kilsəsi də xeyir-duasını vermişdi.
Beləliklə, azərbaycanlıların Ermənistan SSR ərazisindəki dədə-baba torpaqlarından qovulmasının növbəti mərhələsi başlandı. 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 4083 saylı qərar verdi. SSRİ Nazirlər Sovetinin 1948-ci il 10 mart tarixli “Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” daha bir qərarı ilə bu işi həyata keçirmək üçün konkret tədbirlər planı müəyyən olundu. Bu qərara görə 100 min azərbaycanlı 1948-1950-ci illərdə; 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min, 1950-ci ildə isə 50 min nəfər “könüllülük prinsipinə əsasən” Azərbaycana köçürülməli idi. O zaman Ermənistan SSR-də 400 mindən artıq azərbaycanlı yaşayırdı. 1948-ci ildə Ermənistan SSR-dən deportasiya edilənlərin sayı 10.504, 1949-cu ildə 15.713 nəfər, 1950-ci ildə 12.332 nəfər, 1952-1953-cü illərdə 13.760 nəfər, 1954-1956-cı illərdə isə 5876 nəfər olmuşdur. Ümumiyyətlə, Ermənistan SSR-də deportasiya və etnik təmizləmənin bu mərhələsində 100 min nəfərdən çox azərbaycanlı zorla köçürülmüş və ya köçməyə məcbur edilmişdir.
Deportasiya tədbirləri Ermənistanın 22 rayonunu əhatə etmiş və əsasən azərbaycanlıların ilk yaşadıqları ərazilərdə həyata keçirilmişdi. 1953-cü ildə İ.V.Stalinin ölümündən sonra SSRİ dövləti rəhbərliyində baş verən dəyişikliyə ümid bəsləyən Erməni Qriqoryan Kilsəsi və Ermənistan SSR rəhbərliyi yenidən DQMV ərazisinin Ermənistan SSR-ə birləşdirilməsi haqqında N.S.Xruşşova müraciət etdi. 1958-ci ildə Erməni Qriqoryan Kilsəsinin başçısı II Vazgen Bakıya gəlir və o zaman Azərbaycan SSR Nazirlər Sovetinin sədri Sadıq Rəhimovla görüşür. Görüş zamanı II Vazgen Bakı şəhərində yerləşən erməni kilsəsi nəzdində erməni uşaqları üçün ruhani seminariyasının açılmasına, səhər və axşam kilsə zənginin vurulmasına icazə verilməsini və ən başlıcası, Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinin Ermənistan SSR-ə birləşdirilməsinə Azərbaycan SSR rəhbərliyinin razılıq verməsini təklif edir. Azərbaycan SSR Nazirlər Sovetinin sədri S.Rəhimovdan çox sərt rədd cavabı alan II Vazgen SSRİ rəhbərliyinə şikayət edir, lakin mərkəzi hökumət qaldırılan məsələnin nə qədər təhlükəli olduğunu anlayaraq onu müzakirə etməkdən çəkinir. Qeyd etmək lazımdır ki, erməni katolikosuna verilən sərt rədd cavabı Azərbaycan SSR rəhbərliyinə mərkəzi hökumətin münasibətinin dəyişməsinə təsir etdi. 1959-cu ildə Azərbaycan SSR rəhbərliyi millətçilikdə ittiham edilərək dəyişdirildi.
****
XX əsrin 60-cı illərinin ortalarında Ermənistan SSR-də növbəti dəfə antiazərbaycan təbliğatı geniş miqyas almağa başladı. 1965-ci il aprelin 23-də İrəvanda qondarma “erməni soyqırımı”nın 50 illiyi, başkəsən Andronikin isə anadan olmasının 100 illiyi Ermənistan SSR-də atəşfəşanlıqla qeyd edildi. 1967-ci ildə Ermənistan SSR-in millətçi-təcavüzkar dairələri Azərbaycan SSR-in daxili işlərinə qarışaraq 1967-ci ildə DQMV-nin azərbaycanlı əhalinin yaşadığı məntəqələrin inkişafı üçün ayrılan vəsaitin bölünüb təsdiq olunmasına hər vəchlə mane olmağa çalışırdılar. Həmin il Xankəndidə bir neçə azərbaycanlı qətlə yetirildi. Mərkəzi SSRİ hökumətinin təzyiqi ilə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1969-cu il mayın 7-də Ermənistan SSR-lə sərhəd rayonlarının ərazilərindən 2 min hektardan çox torpağın Ermənistan SSR-ə verilməsi haqqında hələ 1938-ci il mayın 5-də qəbul etdiyi qərarı təsdiq etdi. 1969-cu il iyulun 14-də Azərbaycan SSR-in rəhbəri seçilən Heydər Əliyev bu qərarın icrasını dayandırdı.
Lakin ermənilər öz çirkin niyyətlərindən əlçəkmirdilər. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edilərkən Ermənistan SSR rəhbərliyi erməni Qriqoryan kilsəsinin təhriki ilə yenidən Azərbaycan SSR-in DQMV-ni ərazisinin Ermənistan SSR-ə birləşdirilməsi ilə bağlı SSRİ mərkəzi hökumətinə müraciət etdi. Qeyd etmək lazımdır ki, 1977-ci il noyabrın 23-də keçmiş SSRİ Nazirlər Soveti Rəyasət Heyətinin iclasında Ermənistan SSR rəhbərliyinin təkidi ilə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinin Ermənistan SSR-ə birləşdirilməsi məsələsi müzakirə olunmuş və bununla bağlı təklif irəli sürülmüşdü (SSRİ Nazirlər Soveti Rəyasət Heyətinin iclas protokolu. 23 noyabr 1977-ci il, 61, 11-4133). Məsələdən xəbər tutan Heydər Əliyev erməni siyasi təcavüzünün qarşısını almaq üçün qəti addımlar atır. O, Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın qədim tarixi” şöbəsinin rəhbəri tarix elmləri doktoru, professor İ.Əliyevə Qarabağ regionunun qədim Azərbaycan torpağı olması haqqında elmi arayış hazırlamaq barədə müraciət edir. İ.Əliyev hələ 1945-ci ildə bu məsələ ilə bağlı o zaman Azərbaycan SSR rəhbəri işləyən M.C.Bağırova belə bir elmi arayış təqdim etdiyini söyləyir və Heydər Əliyevə bu arayışı yenidən işləyərək ona təqdim etməyi təklif edir. Təklifi bəyənən Heydər Əliyev elmi arayış hazır olduqdan sonra onu Azərbaycan KP MK Bürosunda müzakirə edərək Ermənistan SSR rəhbərliyinin iddialarının əsassız olması haqqında qərar qəbul edilir və həmin qərar keçmiş SSRİ rəhbəri L.İ.Brejnevə təqdim olunur. Heydər Əliyevin atdığı qəti addımlar nəticəsində ermənilərin çirkin niyyəti baş tutmur!
Əslində, Heydər Əliyevin SSRİ rəhbərliyində olan nüfuzu erməni Qriqoryan kilsəsini və erməni millətçi-separatçılarını çox narahat edirdi. Buna görə də o, 1982-ci ildə Sov.İKP Siyasi Bürosunun üzvü seçildikdən və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edildikdən sonra ermənilər Azərbaycan SSR rəhbərliyində yaranmış zəiflikdən istifadə edərək 1984-cü ildə Qazax rayonunun 5 min hektar torpaq sahəsinin Ermənistan SSR-ə verilməsi haqqında rayon əhalisinin qəti etirazlarına baxmayaraq respublika rəhbərliyinin razılığını ala bilmişdilər. Qazax rayonu camaatı onları sakitləşdirməyə gələn Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavinini qovduqdan sonra, sovet hərbiçilərinin köməyi ilə xalqın etirazı yatırılmışdı.
XX əsrin 80-ci illərinin ortalarından etibarən keçmiş SSRİ məkanında və ilk növbədə, Ermənistan SSR ərazisində antiazərbaycan, antitürk təbliğatı və terrora səfərbərlik daha da güclənməyə başladı. 1985-ci ildə Azərbaycan SSR-in DQMV-də erməni separatizmi açıq-aşkar şəkildə təbliğ olunurdu. Qeyd etmək lazımdır ki, bu proses M.S.Qorbaçovun SSRİ rəhbəri seçilməsindən sonra daha geniş miqyas aldı. 1985-ci ilin əvvəlində Ermənistan KP MK birinci katibi K.Dəmirçyan Sov.İKP MK-nın Siyasi Bürosuna qondarma “erməni soyqırımı”nın 60 illiyi ilə bağlı 24 aprel tarixinin hər il SSRİ-də anım günü kimi qeyd olunması təklifi ilə müraciət edir. Siyasi Büronun iclasını aparan M.S.Qorbaçov buna razılıq versə də, H.Ə.Əliyevin, N.A.Tixonovun və A.A.Qromıkonun sərt etirazları ilə qarşılaşır. K.Dəmirçyanın təklifini bəyənən M.S.Qorbaçov H.Ə.Əliyevin kəskin etirazını gördükdən sonra onunla qarşıdurmaya getməyə cəsarət etmir, lakin onun bu mövqeyini də unutmur.
Buna görə də, M.S.Qorbaçovun 1987-ci ilin oktyabr ayının 20-də Heydər Əliyevin SSRİ rəhbərliyində tutduğu yüksək vəzifədən uzaqlaşdırılmasına nail olduqdan sonra ermənilərin öz çirkin və cinayətkar niyyətlərini reallaşdırmaq ümidlərini daha da artırdı. Rəsmi Moskva 1987-ci ilin noyabrında Parisdə M.S.Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri olan akademik Abel Aqanbekyanın dili ilə Qarabağ hərəkatına müsbət münasibətini, qeyri-rəsmi olsa da, bütün dünyaya bildirməkdən çəkinmədi. A.Aqanbekyan “Humanite” qəzetinin 18 noyabr 1987-ci il tarixli sayında dərc olunmuş müsahibəsində Azərbaycan SSR ərazisi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-ə verilməsinin məqsədəuyğun olmasını və bu barədə dövlət başçısına təklif verdiyini bildirdi.
Moskvada ermənilərin “Milli müqəddəratı müstəqil təyin edilməsi birliyi” və “Siyasi məhbusların müdafiəsi üzrə erməni Komitəsi” də bu istiqamətdə fəal iş aparırdı. “Qarabağ” Komitəsinin Azərbaycan SSR-də, xüsusən, DQMV-də uzun müddət gizli fəaliyyət göstərən yerli təşkilatı “Krunk” adı altında açıq fəaliyyətə başlamışdı, “Miatsum” (Birləşmə – C.B.) hərəkatı genişlənirdi. 1988-ci il martın 2-də “DQMV-nin Ermənistanla yenidən birləşdirilməsi uğrunda mübarizə komitəsi” – iri müəssisə rəhbərlərini birləşdirən “55-lər komitə”si yaradılmışdı.
1988-ci ilin fevralında ermənilər Azərbaycan SSR-in Sumqayıt şəhərində antiazərbaycan təxribatı törətdikdən sonra bunu bəhanə edərək Ermənistan SSR ərazisindən, öz tarixi etnik torpaqlarından – 185 kənddən və başqa yaşayış məntəqələrindən 250 min azərbaycanlı qovuldu, onlara məxsus 31.000 ev, şəxsi təsərrüfat, 165 kollektiv təsərrüfatların əmlakı talandı, 214 nəfər öldürüldü, 1154 nəfər yaralandı, yüzlərlə adama işgəncə verildi, qız-gəlinlərin namusu təhqir olundu. 15 mindən çox kürd və bir neçə min rus millətinə məxsus əhali Ermənistan SSR-dən çıxarıldı. Ermənistan SSR monoetnik bir qondarma “dövlət”ə çevrildi.
1991-ci il oktyabrın 18-dən 1993-cü ilin iyunun 15-dək olan dövr Azərbaycan Respublikası tarixində ictimai-siyasi və sosial-iqtisadi nöqteyi-nəzərdən çox mürəkkəb bir dövr hesab olunur. Qeyd etmək lazımdır ki, bu dövrə qədərki illər də Azərbaycan xalqı üçün asan olmamışdır. Belə ki 1988-1989-cu illərdə Ermənistanın hərbi-ideoloji təcavüzünün güclənməsi nəticəsində deportasiya olunan bütün azərbaycanlı əhali Azərbaycan Respublikasına pənah gətirdi və bu da öz növbəsində respublikada ictimai-siyasi sabitliyin gərginləşməsinə səbəb oldu. Mərkəzi hökumətin Azərbaycan xalqına qarşı yeritdiyi düşmən siyasəti nəticəsində genişlənən Ermənistanın hərbi təcavüzü onu milli-azadlıq mübarizəsinə qaldırdı. 1990-cı il yanvarın 20-də SSRİ Prezidenti M.S.Qorbaçovun əmri ilə Ermənistanın ərazi iddialarına qarşı etiraz edən Azərbaycan xalqını cəzalandırmaq üçün Bakı şəhərinə SSRİ və Azərbaycan SSR-in konstitusiyaları və respublikanın suveren hüquqları pozularaq qoşun yeridilməsi haqqında fərman verildi. Azərbaycan xalqına qarşı qanlı soyqırımı cinayəti törədildi. SSRİ dövlətinin bu cinayətinə qarşı öz ilk etiraz səsini qaldıran Heydər Əliyev oldu. O, 1990-cı il yanvarın 21-də Azərbaycan SSR-in Moskva şəhərindəki Daimi Nümayəndəliyinə gələrək M.S.Qorbaçovu Azərbaycan xalqına qarşı törətdiyi cinayətdə ittiham etdi və onun bu etirazı bütün dünyada böyük əks-sədaya səbəb oldu. SSRİ dövlətinin Azərbaycan xalqına qarşı törətdiyi cinayətə etiraz olaraq Heydər Əliyev 1990-cı ilin iyulunda Sov.İKP sıralarını tərk etdiyini bəyan etdikdən sonra Azərbaycana qayıtdı. Qeyd etmək lazımdır ki, Heydər Əliyev həm SSRİ və həm də bütün dünyada çox nüfuzlu bir dövlət və siyasi xadim kimi tanınmışdı. Buna görə də onun Azərbaycan Respublikasına qayıdışı həm SSRİ rəhbərliyini və həm də Moskvanın əmri ilə oturub-duran respublika rəhbərliyini çox böyük təşvişə saldı. Ulu öndərin ölkənin siyasi mərkəzi olan Bakıda qalmaması üçün hər cür təxribatlara əl atıldı və terror aktı ilə hədələndi. Həyat üçün real təhlükənin mövcud olduğunu hiss edən Heydər Əliyev dünyaya göz açdığı Naxçıvan MR-ə getməyə məcbur oldu. O, 1990-1993-cü illərdə ağır blokada şəraitində olan Azərbaycan Respublikası Naxçıvan MR-in yaşaması, onun sərhədlərinin qorunması üçün mümkün olmayanı mümkün etdi. O, Ermənistanın hərbi təcavüzünün qarşısının alınması üçün respublika rəhbərliyinin konkret və təsirli tədbirlər görülməsini tələb edirdi. Heydər Əliyev 1991-ci ilin fevralında Azərbaycan Ali Sovetinin sessiyasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox sərt məzmunda çıxış etdi və Azərbaycan Respublikası dövlətinin problemin həlli ilə bağlı konkret tədbirlər proqramı olmadığını söylədi. Lakin onun irəli sürdüyü tədbirlər respublika rəhbərliyi tərəfindən qulaqardına vurulduğu üçün çox qısa bir zaman ərzində Azərbaycan xalqına düşmən tərəfindən ağır zərbələr vuruldu. 1992-ci il fevralın ortalarında erməni hərbi quldur dəstələri növbəti dəfə Qaradağlı kəndinə güclü hücuma başladılar. Qanlı döyüşlərdə kənd dəfələrlə əldən-ələ keçdi. Dörd gün davam edən qeyri-bərabər döyüşdən sonra erməni quldurları Qaradağlı kəndini ələ keçirərək onun 92 müdafiəçisini və 54 sakinini vəhşicəsinə qətlə yetirib onları silos quyularına atdılar. Qalan əhali isə əsir alındı. Təcavüzkar Ermənistan “dövləti” Azərbaycan Respublikasına qarşı qanlı terror aksiyalarını daha da genişləndirdi. 1992-ci il yanvarın 8-də “Krasnovodsk-Bakı” dəniz sərnişin bərəsində belə bir terror aktı nəticəsində 25 nəfər həlak oldu. 88 nəfər ağır yaralandı. Həmin il fevralın 28-də Qudermes stansiyası yaxınlığında “Kislovodsk-Bakı” sərnişin qatarının partladılması zamanı 11 nəfər həlak oldu, 18 nəfər yaralandı. Təkcə belə bir faktı qeyd etmək lazımdır ki, ermənilər tərəfindən Azərbaycan Respublikasına məxsus dəmir yolu nəqliyyatı sistemində 1989-cu il iyulun 14-dən 1994-cü il mayın 7-nədək 206 terror aktı həyata keçirilmişdi.
Erməni quldurları Rusiya Federasiyası MN-ə məxsus Xankəndidəki 366-cı mexanikləşdirilmiş atıcı alayı ilə əlbir olaraq XX əsrin Xatın, Sonqımı faciələrini geridə qoyan Xocalı soyqırımını törətdilər. 1992-ci il fevralın 25-də saat 21-də erməni hərbi birləşmələri 366-cı alay (üç batalyondan ikisi tam tərkibdə, biri isə qismən), habelə xarici ölkələrdən gətirilmiş muzdlu quldurlar Xocalıya hücum etdilər. Hərbi təcavüz nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 83 azyaşlı uşaq, 70 qoca öldürüldü. 1000 nəfərdən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst oldu. 1275 nəfər əsir alındı, 8 ailə bütövlükdə məhv edildi. 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırıldı, başlarının dərisi soyuldu, gözləri çıxarıldı, başları kəsildi, hamilə qadınların qarnı süngü ilə deşildi.
Hadisələri ilk olaraq videolentə alan jurnalistlər Seyidağa Mövsümlü və Çingiz Mustafayev qeyd edirdilər ki, “öldürülənlər içərisində 2 yaşından 15 yaşına qədər olan uşaqlar əksəriyyət təşkil edirdi”. Faciənin şahidi olan fransız jurnalisti Jan-İv Ginyet yazırdı: “Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişəm, lakin 5-6 yaşlı uşaqları, dinc əhalini qırmaqla ermənilər onları arxada qoydular”.
Erməni quldurları Rusiya Federasiyasının hərbi dairələrinin köməyinə arxalanmaqla 1993-cü ildə Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal edərək etnik təmizləmə aparmış və nəticədə Azərbaycan Respublikasının 1.000 000-dan çox vətəndaşı öz ölkəsində qaçqına çevrildi. Hərbi təcavüz nəticəsində 100 000 nəfər yaralanmış, 50 000 şikəst olmuş, 4853 nəfər itkin düşmüş və onlardan 439 nəfəri əsirlikdə öldürülmüş, 783 nəfər isə indiyə qədər əsirlikdədir. Bütövlükdə isə “Əsir, itkin düşmüş və girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”nın 1 yanvar 2011-ci il tarixinə olan məlumatına əsasən əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4049 nəfər təşkil etmişdir. Onlardan 3273 nəfər hərbçi, 771 nəfər mülki şəxsdir, 5 nəfərinin isə hərbçi və ya mülki şəxs olduğu məlum deyil. Mülki şəxslərdən 47 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (17 nəfər azyaşlı qız), 247 nəfər qadın, 347 nəfər yaşlı şəxsdir ki, onlardan 149 nəfəri qadındır. Bu günədək əsir və girovluqdan 1309 nəfər azad edilmişdir. Onlardan 343 nəfəri qadın, 1056 nəfəri kişidir. Qeyd etmək lazımdır ki, azad olunan şəxslərdən 170 nəfəri uşaq (65 nəfər azyaşlı qız), 289 nəfərin yaşlı şəxsdən 112 nəfəri qadındır. Bundan əlavə, Dövlət Komissiyasına daxil olmuş materialların analizi zamanı 563 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilmişdir. Onlardan 104 nəfəri qadın, 448 nəfəri kişidir. Bu şəxslərin yalnız 137 nəfərinin təkcə adı məlum olduğu halda, onlardan 74 nəfərin adı məlum deyildir. 1991-1992-ci illər ərzində Azərbaycan Respublikasının keçmiş DQMV-nin ərazisi Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra, 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı ilə Azərbaycan Respublikasına qarşı hərbi təcavüzün yeni mərhələsi başlandı. 1993-cü ilin iyulun 24-dən oktyabrın 28-dək Rusiya Federasiyasının hərbi-siyasi yardımı ilə Ermənistan Respublikası silahlı qüvvələri Azərbaycan Respublikasının Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal etdi. Ermənistan Respublikası tərəfindən həyata keçirilmiş hərbi təcavüz nəticəsində Laçın rayonundan 71000, Kəlbəcər rayonundan 74000, Ağdam rayonundan 165600, Füzuli rayonundan 146000, Cəbrayıl rayonundan 60000, Qubadlı rayonundan 87900, Zəngilan rayonundan isə 39500 nəfər Azərbaycan Respublikası vətəndaşı məcburi köçkün vəziyyətinə düşdü.
Birləşmiş Millətlər Təşkilatı Azərbaycan Respublikasının ərazilərinin işğalı ilə bağlı qəbul etdiyi 30 aprel 1993-cü il tarixli 822, 29 iyul tarixli 853, 14 oktyabr tarixli 874 və 12 noyabr tarixli 884 saylı qətnamələr 1992-ci ildə yaradılmış Minsk qrupunun bütün səylərinə baxmayaraq yerinə yetirilməmiş olaraq qalır.
Qeyd etmək lazımdır ki, artıq 1992-ci ildən bu müharibə beynəlxalq münaqişəyə çevrildiyi üçün həmin ilin mart ayının 24-də münaqişənin tənzimlənməsi üzrə 9 dövlətin daxil olduğu Minsk qrupu yaradıldı.
1993-cü il iyunun 4-də Azərbaycan Respublikasında baş verən hərbi-siyasi böhran ölkədə və ilk növbədə, cəbhə bölgəsində vəziyyəti daha da gərginləşdirdi. Uçuruma yuvarlanan AXC-Müsavat iqtidarı ölkəni və yenicə bərpa olunmuş milli dövlətçiliyi xilas etmək üçün Naxçıvan Ali Məclisinin Sədri Heydər Əliyevə müraciət etdi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və Azərbaycan xalqının ictimai-siyasi və sosial-iqtisadi həyatında yeni mərhələ başlandı. 1993-cü ilin iyulundan-noyabrınadək Ermənistanın hərbi təcavüzünün genişlənməsi və nəticədə yeddi rayonun işğal olunması, əslində, daxili və xarici anti-azərbaycan qüvvələrin birgə fəaliyyətlərinin nəticəsi olaraq Heydər Əliyevə qarşı yönəldilmişdi və milli dövlətçiliyin xilas edilməsinə yol verməmək məqsədi güdürdü. Buna görə də, Heydər Əliyev ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyi bərpa etmək və Ermənistanın hərbi təcavüzünün qarşısını almaq üçün qəti addımlar atdı. Yeni ordu quruculuğu sahəsində atılan addımlar düşmənə ağır və sarsıdıcı zərbələr vurdu və onu 1994-cü il mayın 12-də atəşkəs müqaviləsi imzalamağa məcbur etdi.
1993-cü ilin oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi üçün hərtərəfli düşünülmüş xarici siyasət kursunu həyata keçirməyə başladı.
1994-cü ildə ATƏM-in Budapeşt zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin diplomatik səyi ilə münaqişənin tənzimlənməsi üzrə çox uğurlu bir qərar qəbul edildi. Qəbul edilmiş qərara əsasən münaqişə həll olunduqdan sonra münaqişə zonasına Minsk qrupuna daxil olan dövlətlərin deyil, məsələdə neytral olan dövlətlərin qoşunları yeridilməli idi. Bu, Ermənistanın və onu hərbi-siyasi cəhətdən müdafiə edən Rusiya Federasiyasının diplomatik məğlubiyyəti idi. 1996-cı il ATƏT-in Lissabon zirvə toplantısında Prezident Heydər Əliyevin səyi ilə daha uğurlu bir nəticə əldə olundu. Azərbaycan Respublikasının ərazi bütövlüyü bir daha ATƏT-in sədri adından qəbul edilən bəyanatda Ermənistandan başqa ona üzv olan dövlətlər tərəfindən tanındı. 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ-a və RF-yə rəsmi dövlət səfərləri öz müsbət nəticələrini verməyə başladı. Məlumdur ki, ABŞ Konqresi hələ 1992-ci ilin oktyabrında “Azadlıq aktı”na 907-ci əlavəni qəbul etmişdi. Azərbaycan Respublikasının milli mənafelərinə qarşı yönəldilmiş bu mənfur qərarın qəbul edilməsinin bir səbəbi AXC-Müsavat iqtidarının uğursuz xarici siyasəti idisə, digər səbəbi ABŞ-da erməni lobbisinin fəaliyyətinin ümumi nəticəsi idi. Həmin 907-ci əlavədə Azərbaycan Respublikası Ermənistanı və Dağlıq Qarabağı blokadada saxlamaqda ittiham olunur və buna görə də müstəqilliyini elan etmiş keçmiş sovet respublikaları içərisində Konqresin qərarına görə Azərbaycan Respublikasından başqa, onların hamısına hər il ABŞ dövləti tərəfindən maliyyə yardımı göstərilirdi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin səyləri ilə 2001-ci ildə ABŞ Prezidenti C.Buş 907-ci əlavənin Azərbaycan Respublikasına qarşı tətbiq edilməsinin hər il müvəqqəti olaraq 1 il müddətinə dayandırılması haqqında qərar qəbul edildi. Bundan əlavə, Prezident Heydər Əliyevin apardığı uğurlu xarici siyasət sayəsində İslam Konfransı Təşkilatı və AŞ PA qəbul etdikləri qərarlarında Ermənistan Respublikasını təcavüzkar bir dövlət kimi tanıdılar. Bütün bunlar Prezident Heydər Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində apardığı xarici siyasətin ümumi nəticəsi idi.
Həyata keçirilən bütün tədbirlərə baxmayaraq Ermənistanın 1988-1994-cü illərdə həyata keçirdiyi işğal nəticəsində Azərbaycan Respublikası ərazisində 946 yaşayış məntəqəsi, 6 min sənaye, kənd təsərrüfatı və başqa müəssisə, ümumi sahəsi 9 milyon kv/m olan 150 min mənzil, 4366 sosial-mədəni təyinatlı müəssisə, 690 orta məktəb, o cümlədən 850 məktəbəqədər müəssisə, 665 tibb məntəqəsi, 927 kitabxana, 22 muzey, 4 rəsm qalereyası, 6 dövlət teatrı, 44 məbəd, 9 məscidin məhvinə səbəb olmuşdur.
Bundan əlavə, Ermənistan Respublikası “dövləti”lə sərhədyanı rayonlara xeyli miqdarda birbaşa maddi zərər vurulmuşdur. Bu rəqəmin miqdarı 1994-cü il üçün qiymətlərlə 1.389.233.500 ABŞ dolları təşkil edir. Belə ki bu bölgələrdə yerləşən rayonların icra hakimiyyətlərinin verdikləri məlumatlara görə işğal nəticəsində vurulmuş birbaşa maddi zərər rayonlar üzrə ABŞ dolları ilə aşağıdakı kimi olmuşdur. Tərtər və keçmiş Ağdərə rayonları üzrə – 799.295.100$, Qazax rayonu – 327.529.464$, Tovuz rayonu 189.873.420$, Ağcabədi rayonu -22.420.050$, Ağstafa rayonu – 1.998.950$, Beyləqan rayonu – 3.812.500$, Gədəbəy rayonu – 44.303.800$.
Bütün mövcud təkzibolunmaz faktlar təsdiq edir ki, təkcə XX əsrdə Azərbaycan xalqına qarşı ermənilər tərəfindən tətbiq edilən deportasiya, etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində Şimali Azərbaycan 1918-1929-cu illərdə 29,8 min kvadrat km. ərazisini itirmiş, 1991-1993-cü illərdə 20% ərazisi işğal edilmiş, minlərlə əhalisi məhv edilmişdir.
2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda Azərbaycan Respublikasının ərazi bütövlüyünün danışıqların predmeti olmadığını dəfələrlə söyləmiş və onun mütləq bərpa ediləcəyinin əsas vəzifə olduğunu qeyd etmişdir. Lakin Ermənistanın Rusiya Federasiyasının hərbi-siyasi yardımına və digər xarici himayədarlarına arxalanaraq tutduğu qeyri-konstruktiv mövqe məsələnin beynəlxalq hüquq normaları çərçivəsində həllinə yol vermir. Bütün bunlara baxmayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət ölkənin iqtisadi, hərbi qüdrətinin xeyli artmasına və onun beynəlxalq mövqelərinin möhkəmlənməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası 2011-ci ildə BMT TŞ-nin iki il müddətinə qeyri-daimi üzvü seçilmişdir. Göstərilən faktlar belə bir fikri söyləməyə əsas verir ki, aparılan uğurlu siyasət nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunacaq, Ermənistanın hərbi təcavüzünə və işğalına son qoyulacaqdır.
Bundan əlavə, Azərbaycan Respublikası Milli Məclisi AXC-nin varisi olmaq hüququndan istifadə edərək 1918-ci il may ayının 29-dan 1991-ci ilə qədər Azərbaycan xalqının iradəsinin əleyhinə olaraq onun əraziləri ilə bağlı qəbul edilmiş bütün qərarları ləğv etmək səlahiyyətinə malikdir. Şübhə yoxdur ki, bu istiqamətdə atılan hər hansı bir addım Azərbaycan xalqı tərəfindən müdafiə olunacaqdır!P.S. Yazı “Azərbaycan” qəzetinin 10 yanvar 2013-cü il tarixli sayında dərc edilib.
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Cəbi Bəhramovun “Buraxılmış səhvin acı nəticələri” (“Xalq qəzeti”, 8 fevral 2008) məqaləsi əsasında