
Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) çərçivəsində Heydər Əliyev Mərkəzində “Dayanıqlı Expo: Planet üçün İncəsənət və İnnovasiya” tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə gənclərin iqlim məsələlərinə dair töhfələri həm rəsm əsərləri, həm də dayanıqlı startap layihələri təqdim olunub. Ümumilikdə 24 rəsm əsəri nümayiş etdirilib, müxtəlif universitetləri təmsil edən 15 komanda startap layihələrini təqdim edib.
Tədbirin açılış hissəsində COP29-un Prezidenti və Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, COP29-un İqlim üzrə yüksəksəviyyəli çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai, COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova, həmçinin “Regional İnkişaf” İctimai Birliyinin Layihələr və könüllülərlə iş şöbəsinin müdiri Adilə Əliyeva çıxış edərək gənclərin iqlim məsələlərinə dair rəsm əsərləri və startap layihələri vasitəsilə təqdim etdikləri təşəbbüslərin əhəmiyyətini vurğulayıb, iştirakçılara uğurlar arzulayıb.
Açılışdan sonra incəsənət bölməsinin münsifləri sərgi və startaplara baxış keçiriblər.
Münsiflərin qərarına əsasən rəsm bölməsində “Oyun bitdi” əsəri birinci, “Xəzər” əsəri ikinci, “Balıqlar” əsəri isə üçüncü yerə, startap bölməsində isə “EcoBite” komandası (Aygün Həsənova) birinci, “Yaşılscan” komandası (Nəzrin Nurullayeva, Məhəmməd Şərbətov, Əsgər Hüseynov) ikinci, “GreenStone” komandası (Zərifə Əsədullayeva, Solmaz Mahmudova) isə üçüncü yerə layiq görülüb.
Sonda bütün iştirakçılar sertifikatlarla, qaliblər isə pul mükafatı ilə təltif olunub.
Qeyd edək ki, tədbirin məqsədi yaradıcılıq və innovasiyanı birləşdirərək ideyaları real nəticələrə çevirməkdir.