Müsahibimiz tarix elmlər doktoru, professor Hidayət Cəfərovdur.
– Hidayət müəllim, Xocalının faciəsi haqqında çox danışılıb. Sırf arxeoloji nöqteyi-nəzərdən biz nəyi itirmişik?
– Xocalı bir aləmdir! Xocalının itirilməsi Azərbaycanda Xocalı-Gədəbəy mədəniyyətinin əsasını qoymuş, onun bazasında dayanan böyük bir abidələr kompleksinin əlimizdən çıxması deməkdir. Qafqazda Xocalı kompleksi qədər müxtəlif tip abidələr qrupunun bir yerdə toplusuna təsadüf olunmayıb. Burada təkcə kurqanların beş tipinin varlığı müəyyənləşdirilib. Bundan başqa Xocalı kompleksi öz tərkibində daş qutuları, menqir, labirinti xatırladan daş hasarı və s. birləşdirir. Maraqlıdır ki, çoxsaylı arxeoloji abidələr yalnız bir tarixi dövrü – e.ə. XIV-VIII əsrlərə aid son tunc və ilk dəmir dövrünü əks etdirir. İndi biz ora gedə bilmirik. Mən ona şükür edirəm ki, heç olmasa vaxtında Xocalı haqqında kifayət gədər tədqiqatlar, qazıntılar aparılıb…
Mən 1984-cü ildə Tərtərdə ekspedisiyada idim. Sanki Allah ürəyimə saldı ki, orada ekspedisiyanı dayandırıb, Xocalıda qazıntıya başlayım. Beləcə 1984-cü ilin yayında üç ay Xocalıda arxeoloji qazıntı apardım. Dostum, arxeoloq İlyas Babayev deyir ki, ilk dəfə Afinada abidələri görəndə, sanki başqa bir aləmə düşübmüş. Çünki uşaq vaxtında, cavanlıq dövründə bu barədə çox oxuyub. Bax, mən bu hissləri Xocalıda keçirdim. Çünki cavan vaxtlarımdan Xocalı tədqiqatları haqqında çoxlu məlumatım vardı. Həmişə istəmişdim ki, bunu gözümlə görüm. Nə üçün? Çünki Xocalı abidələri Qafqazda bütün parametrlərı ilə analoqu olmayan bir kompleksdir. Həm nisbətən məhdud bir ərazidə, dövrü, abidələrin tipologiyası, artefaktların müxtəlifliyi etibari ilə, həm də o dövrün ictimai-siyasi, sosial-iqtisadi, mədəni və s. problemlərini işıqlandırmaq imkanı verən külli miqdarda materialların mövcudluğu ilə.
Eramızdan əvvəl XIV-VII əsrlərin arxeoloji abidələrinin xronologiyasının mərhələ-mərhələ dövriləşməsi, təsdiq olunması, xronologiyasının tamamilə müəyyən olunması baxımından Xocalı kompleksinin böyük əhəmiyyəti var. Xocalı abidələri haqqında danışarkən, birinci növbədə, ilk dəfə onları tapanları xatırlamaq yaxşı olar. XIX əsrin 40-cı illərində Qafqaza səyahətə çıxmış İsveç səyyahı, tədqiqatçısı Debua de Munperanın məlumatları var. O, “bura Xocalıdır” demir, yalnız söyləyir ki, təpələr görüb. 1881-ci ildə Rusiya Coğrafiya Cəmiyyətinin üzvi Veysinqof bütün Mili, Qarabağı gəzib və Qarabağ abidələri haqqında danışanda Xocalını xatırladıb. 1891-cı ildən isə arxeoloji qazıntılar başlayıb. Şuşa realnı məktəbinin alman dili müəllimi Emil Aleksandroviç Resler boş vaxtlarında həvəskar arxeoloq kimi Şuşanı, Şuşa ətrafını, Şuşakəndi, Daşaltını, Quşçunu, Mehdikəndi, Xocalının özünü, Sırxavəndi, Ballıqayanı, Xaçinçayı tədqiq edib. Hətta gedib çıxıb Qalatəpəyə, Füzulidəki Qaraköpəktəpəyə. Hər birində qazıntı aparıb. Düzdür, səhvən Qaraköpəktəpəni, Qalatəpəni də kurqan adlandırıb. Amma bunlar çoxtəbəqəli yaşayış yerləridir. Bəzən Resleri qınayırlar ki, o, qazıntını düzgün aparmırdı. Amma XIX əsrdə arxeoloji tətqiqatların necə aparılması üçün peşəkarların da təlimatı yox idi.
– Hərçənd Şliman o dövrdə artıq Troyanı tapmışdı.
– Bəli, Şliman artıq Troyanı tapmışdı. Amma bilirsinizmi, Şliman haqqında nə deyirlər: “Şliman arxeologiyaya fil çinidən qab-qacaq satılan dükana girən kimi girmişdi”. Bütün təbəqələri dağıdıb, bir-birinə qarışdırıb. Amma Troyanı tapıb. Qızıl da tapıb, Yelenanın xəzinəsini. Ona görə Resleri də qınamaq olmaz. Hətta mən belə bir məqalə yazmışam: “Azərbaycan qədim tarixinin öyrənilməsində alman arxeoloqlarının yeri və rolu”. Onları qınamaq lazım deyil. Resler, Skinder vardı, Hummelt, Belq və s. Mən Resleri tərifləmək fikrində deyiləm. Demək istəyirəm ki, məhz Reslerin Xocalıda, Axmaxı, Ballıqaya, Sırxavənd və s. apardığı tədqiqatların nəticəsi əsasında biz sonra müəyyən etdik ki, bu, bir mədəniyyətdir. Digər bir alman isə Belq, Simensin mis mədənlərində kimyaçı işləyib, Qomakənddə, Gədəbəydə 300-ə yaxın qəbir açıb. Bunlar bir-birini tam təkrar eləmir, amma qəbrin formasında, kurqanlarda, materiallarda uyğun cəhətlər var. Xocalı-Gədəbəy ifadəsi, məfhumu da buradan doğur. İndi məlum olur ki, Cənubi Azərbaycanın şimal hissəsində, Arazın sağ sahilində Xocalı-Gədəbəy mədəniyyətinin materialları var. Xocalıda qazıntılar aparmışıq, materiallar var. Ermənilər həmişə Xocalıya can atırdılar. Ermənilərin ora can atmağının bir səbəbi də, Xocalı-Gədəbəy mədəniyyəti abidələrinin mənsubiyyətini erməniləşdirmək istəyi idi.
– Xocalı-Gədəbəy mədəniyyəti almanlardan sonrakı mərhələdə peşəkar arxeoloqlar tərəfindən öyrənilibmi?
-Mən Reslerin adını ona görə çəkmədim ki, biz gecə-gündüz ona rəhmət oxumalıyıq. O, sadəcə bu işin əsasını qoydu. 1896-ci ildə Coğrafiya Cəmiyyətinin üzvü Aleksandr İvanovski Xocalıda qazıntılar aparıb. Bir neçə kurqanı qazıb. 1926-cı ildə akademik İvan İvanoviç Meşaninovun rəhbərliyi altında arxeoloji ekspedisiya Azerbaycanda, eləcə də Qarabağda geniş miqyasli arxeoloji araşdırmalar apardı. Xocalıda növbəti tədqiqatlar Meşaninovun rəhbərliyi altında gedib. Meşaninovla sonralar böyük arxeoloqlar olan Boris Latinin və Tatyana Passek də gəlmişdi. Azərbaycandan isə gələcək Azərbaycan arxeologiyasının banisi olan İsaq Cəfərzadə və 1937-ci il repressiyasının qurbanı olan Ələsgər Ələkbərov iştirak edirdi. Hətta kurqanların birini İsaq Cəfərzadəyə həvalə etmişdilər – beş saylı kurqanı. Tapılan materiallar Xocalı-Gədəbəy mədəniyyətinin ilk başlanğıc mərhələsini təyin etmək imkanı verdi.
Xocalıda növbəti qazıntılar 1950-ci illərin əvvələrində olub. Aleksandr Aleksandroviç Yesselin başçılığı altında, SSRİ Elimlər Akademiyasının Arxeologiya İnstitutunun, Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunun ekspedisiyası Azərbaycanda çox geniş miqyaslı arxeoloji qazıntılar, tədqiqatlar aparıblar. Bu yeni və sistemli mərhələdir. Hətta deyim ki, Mingəçevir tədqiqatlarından sonra daha geniş miqyaslı mərhələdir. Çünki bu tədqiqatlar Azərbaycanın böyük bir hissəsini əhatə edirdi. O tədqiqatların gedişində Xocalıda qazıntılar aparıldı – Ağdamda və Xocalının özündə.
Və nəhayət növbəti mərhələ başlayır 1984-cü ildə. Xocalıda bi dəfə tədqiqatları mən aparırdım. Abidələrin parametrlərini öyrənmək məqsədilə. Vaxtı ilə Reslerin araşdırdığı beş tip kurqanın doğrudan da mövcudluğunu və onların vəziyyətinin nə yerdə olduğunu müəyyənləşdirmək istəyirdim. İyirmiyə gədər abidəni öyrəndim. Və Reslerin, Meşaninovun hesablamasına düşməyən yeni bir abidələr qrupu tapdım. Əsgəranla Xocalını ayıran Bozdağ var. Bozdağın ətəyində, çınqıllıqlar olan yerdə adi qəbirlər mövcuddur. Onlar dövr etibarıilə hardasa gəlib VIII-VII əsrlərə çatır. Bu qəbirləri üç yerə böldüm. Çünki kurqanlar özünün formasına görə torpaqdır, torpaq kurqanının ortasında isə çala var, çala boşdur. Digərində çala şərq hissəsində, başqa birində qərb hissəsindədir. Amma o savadsız deyilən Reslerin tapıntıları əsasında Meşaninov düz deyib ki, kurqanların ilk görünüşü ilə dövrü müəyyən etmək mümkündür. Nə üçün? Çünki iri həcmli torpaq kurqanlar xırda kurqanların üstünü əhatə edir, ətəyi qalıb onun altında. Deməli, dövr etibarı ilə balaca kurqanlar daha qədimdir – e.ə. XIV-XIII əsrlər. Sonra gəlir e.ə. XII-XI əsrlərə aid olan böyük torpaq kurqanlar. Daş kurqanlar da var. Daş kurqanlar böyük kurqanların ətəyinin üstündədir.
-Bu kurqanların təsnifatı məsələsinin həlli idi.
-Bəli. O ki qaldı onlardan çixan materiallara, Xocalı materiallarının əsasında son tunc, ilk dəmir dövrünün proplemlərinin hamısını birər-birər çözmək, işıqlandırmaq mümkündür. Hər baxımdan kurqanların özlərinin qurulması ətraf aləm haqqında düşüncə, həndəsə ilə, memarlıqla bağlı məlumatlılıq tələb olunur.Haça-təpə kurqanı yaxınlığında yerləşən labirintvari tikili nəhəng hasarı xatırladır. Onun özül hissəsi çal-çarpaz düzülmüş yastı daşlardan ibarətdir, divar hər iki üzdən enli sal daşlar ilə hörülüb, onların arası isə kiçik daş parçaları ilə doldurulub. Hörgü işində birləşdirici məhluldan istifadə edilməyib. Hasar divarının eni 4 m-ə çatır. Göstərilən divarın qalığı bir çox əlamətləri ilə Cənubi Qafqazın, o cümlədən Azərbaycanın dağlıq rayonlarında son tunc və ilk dəmir dövründə geniş yayılmış “siklopik tikililəri” xatırlatsa da, həmin abidələrdən fərqlənir. Labirint-hasarın sahəsi çox böyükdür, kənarında daş qutulara və torpaq kurqana təsadüf edilir, şərqində nəhəng Haça-təpə kurqanı və qoşa menqir (dik daşlar) yerləşir. Hasarın içərisində labirinti xatırladan tikililər mövcuddur. Tikilinin hərbi hücumlardan müdafiə olunmaq üçün sığınacaq məqsədilə istifadə ehtimalı da qəbul oluna bilər. Diana Cəfərova həmin labirint haqqında dissertasiya yazıb: ”Qarabağ tayfalarının hərbi işi və silahları”.
– Sizin qazdığınız kurqanlar, Xocalı şəhərindən nə qədər uzaqdadır?
– Üç kənd var orada. Köhnə Xocalı Xocalı çayının sol sahilindədir – İlisçay və Xocalı çayının ortasında. İlisçay dağlardan gəlir tökülür Xocalı çayına. Xocalı çayı gedib tökülür Qarqar çayına. Qarqar çayının sol sahilində Xocalı çayının töküldüyü yerin sağ tərəfinə “Köhnə Poçt Qutusu”, Qaçqınlar Xocalısı da deyirlər. 1905-ci ildə erməni-müsəlman davası zamanı indiki Ermənistan ərazisindən qaçan azərbaycanlılar gəlib ora yığışmışdırlar. Bu, ikinci Xocalıdır. Üçüncü Xocalıda 1918-ci ildəki erməni qırğını zamanı qaçıb gələn laçınlılar məskunlaşmışdılar. Kurqanlar bu üç kəndin ortasında, əhatəsində, hüdudlarındadır. Kurqanların tiplərini də mən dedim: kiçik ölçülü torpaq kurqanlar, böyük ölçülü torpaq kurqanlar, bir də daş kurqanlar (daşqutu qəbirlər). Xocalı şəhəri düzənlik yerdə, Bozdağın ətəyində salındı. Xocalı düzənliyi deyirdilər. Şəhər burada salındı. Kurqanlar şəhərdən uzaq deyil. Amma həmin kurqanların bir qismi Xocalı aeroportu salınanda dağıdılıb. Hətta mən bununla bağlı məqalə də yazmışdım. Aeroport tikiləndə kurqanlarn çoxunun “şapka”sını götürüblər. Bir qismi də Xankəndi dəmiyrolu çəkiləndə dağıdılıb.
-Hidayət müəllim, təbii ki kurqanlar işğla altında olan ərazidədir. Onları harasa nəql etmək də mümkün deyil. Amma qazıntı nəticəsində çıxan materiallar var. Məlumdur ki, bu materiallar bir çox hallarda yerli tarix-diyarşunaslıq muzeylərində qalır. Xocalıda tapılan, Xocalı-Gədəbəy mədəniyyətini xarakterizə edən eksponatların əksər hissəsi yəqin elə həmin muzeydə qalıb. Bəs Bakıda bu materiallar varmı? Onları hansısa bir xarıcı qonağa göstərmək imkanı varmı?
– Çox təəsüf ki materiallarıın bir qismi Siz dediyiniz kimi, Xankəndi muzeyinə verilib. Mən orada Xocalının materiallarını görmüşəm. Əsas materiallar isə Sankt-Peterburqa və Moskvaya göndərilib. Moskvanın Tarix Muzeyində Dağlıq Qarabağdan, Xocalıdan, Axmaxdan, Ballıqayadan olan materiallar mühafizə olunur. Materialların bir qismi isə Sant-Peterburqdakı Dövlət Ermitajındadır. Hətta Qafqazda yeqanə üzü mixi yazılı, üzərində Assuriya çarı Adidnirarinin adı olan muncuq Xocalıda, onbir saylı kurqandan tapılıb. Resler tapib. O bilmirdi ki, bu, yazıdır. Elə bilirdi ki, nəbati naxışa, nəsə yazıya oxşayan bir şeydir. İndi o muncuq nəyə gətirib çıxarır? Əvvəla, o ilk poliqrafik yazı kimi, yazının mənbəyini, ikincisi, bizim Assuriya ilə əlaqələrimizi göstərir. Oradan silindrik möhürlər də tapılıb. O muncuqların çoxu həm də möhür rolunu oynayırdı. Üstlərində olan bəzəklərlə birgə. Hazırda Dövlət Ermitajında saxlanılır.
-Bəs Bakıda yoxdur?
-Yoxdur. 1974-cü ildə aspirant kimi olmuşdum Ermitajda. O zaman akademik Boris Borisoviç Piatrovski dövrümə uyğun olduğu üçün mənə həmin materialları göstərmişdi. Mən orada hətta irad da tutmuşdum ki, bu eksponatların ünvanı düz göstərilməyib. Xocalının, Axmaxın, Ballıqayanın materialları Ermənistandan gələn kimi göstərilmişdi. Piotrovski mənim iradımı dəftərinə qeyd etdi. 1987-ci ildə doktorluq dissertasiyası üzərində işələyəndə yenidən Ermitajda oldum. Bu dəfə mənə göstərdi ki, bax, gör necədir. Gördüm ki yazılıb: “Azərbaycan, Dağlıq Qarabağ, Xocalı. Adidnirarinin muncuğu.” Arvadı erməni olsa da ədalətli adam idi…
– Qarşıdan Xocalı soyqırımının 25 illiyi gəlir. Xocalı hadisələri həm də Azərbaycanın tarixinə, tarixi abidələrinə vurulan zərbədir. Bizim arxeoloqlar ora gedə bilmirlər. İnanmıram ki, ermənilər orada qazıntı apasın. Biz bunu çatdıra, qabarda bilmişikmi?
– Çox təəssüf ki, Xocalı faciəsi, qırğını, qətlamı ilə bağlı ildən ilə tədbirlərin sayı nə isə azalır. Bu məni çox təəsüfləndirir. Əvvəllər hər il axtarırdılar bizi. Xocalının tarixi, kəndləri haqqında məlumat verirdik. Telekanallar bu çıxışları verirdilər. Son vaxtlar nə isə bunlar çox azalıb. Noyabrın axrında “ Qarabağın arxeoloji irsi və onun Azərbaycanın qədim tarixini öyrənilməsində yeri və rolu” adlı beynəlxalq konqres keçiriləcək. Mənim də orada məruzəm var – “Qarabağ kurqanları və onların tarixi əhəmiyyəti”. Bu və buna bənzər konfranslarda Xocalı abidələri məsələsi, Xocalı abidələr kompleksinin taleyi qabardılır və çap da olunub. Bu istiqamətdə işlər gedir. Mən həmişə çıxışlarımda iş adamlarına müraciət edirəm ki, yardım edin, çap olunan məqalələri bir yerə yığıb, Xocalı adı ilə çap edək. Bunları çap və tərcümə edib, dünyaya yaymalıyıq. Bəla burasındadır ki, ermənilər Qarabağda arxeoloji qazıntılar aparırlar. Azıx mağarasında, Ağdamda qazıntı aparırlar. Hətta bir milyon dollar bu iş üçün vəsait ayırıblar. Və guya Tiqranakert şəhərini tapıblar. Tiqranakert şəhəri bir dənə olub, o da Van gölünün yaxınlığında. Başqa Tiqranakert olmayıb.
Fuad Babayev, Gündüz Nəsibov, 1905.az
Müsahibə ilk dəfə 21 noyabr 2016-cı ildə dərc edilib