Hər hansı yazının yazılma səbəbi barədə uzun-uzadı danışmaga ehtiyac duyulmur. Hər halda duyulmamalıdır.
Bəs yazılmayan yazının yazılmama səbəbləri barədə nə demək olar?
Doğrudan da niyə yazmırıq?
Məsələn, mən hiperinflyasiya barədə niyə yazmıram? Bazar-dükanda qiymətlərin od tutub yandıqdan sonra közərdiyini hamı görür, duyur, hiss edir… Təkcə buna görə?
Yox!
Mən hiperinflyasiya barədə ona görə yazmıram ki, Bakının bütün məhəllələrini inhisara almış, balaca dükanları da ən yeni tariximizin arxivinə göndərmiş yekə mağaza şəbəkələrinin vitrinlərindəki permanent qiymət artımının hiperinflyasiyanın təzahürü olduğunu dəqiq bilmirəm. Bəlkə bu elə adi, hər yerdə, hətta Amerika Birləşmiş Ştatlarında da (!) rast gəlinən inflyasiyadır? Və əgər bu inflyasiyadırsa bəlkə heç yazmağa da dəyməz bu barədə? Axı o hər yerdə var, elə deyilmi?
Mən hiperinflyasiya barədə ona görə yazmıram ki, onun (əgər o varsa) həm də monopoliyaların təzahürü, məhsulu, nəticəsi olduğu şübhə dogurmamalıdır. Monopoliyalardansa yazmaq nə dərəcədə məntiqi, başadüşülən, ağlabatan və kübar görünə bilər ilin-günün bu vaxtında?
Mən hiperinflyasiya barədə həm də ona görə yazmıram ki, sözügedən fenomeni aradan qaldırmaq üçün nə etmək lazım olduğunu bilmirəm. Bu barədə dişə vurulası (kompüterin yaddaşına köçürüləsi) heç bir ideyam yoxdur.
Hə, müvafiq ideyam da ona görə yoxdur ki… İqtisadçı deyiləm.
Nəyə görə iqtisadçı deyiləm? Ən azı ona görə iqtisadçı deyiləm ki, orta məktəbin yuxarı siniflərindən etibarən riyaziyyata (hesaba yox) münasibətim yapon hokkularına olan münasibətimə bənzəyib. Mən yapon hokkularını da başa düşmürəm, başa düşmək istəmirəm və yaxın-orta perspektivdə başa düşməyəcəyim şübhə doğurmur.
Belə.
Gəldiyim qənaət bundan ibarətdir ki, yazılmayan yazıların yazılmama səbəbi potensial müəlliflərin agrimayan başlarına dəsmal bağlamağa meylli olmamalarıdır. Bu səbəblər sırasında birinci yeri tutur.
Başqa səbəblər də var. O səbəblər haqqında çox yazmaq olar. Səbəblərin siyahısı ilin fəslinə, potensial müəllifin məişət qayğılarının “kalibr”inə, hamının əslində hər şeyi bildiyi addımbaşı sezilən məmləkətdə yaşadığımıza və həmçinin əhəmiyyətli sayılmalı olan minlərlə başqa səbəbə görə kaleydoskopik sürətlə dəyişə bildiyindən … yazmağa dəyməz.
Fuad Babayev