“Trend”in məlumatına görə İrandakı “Araz” Azad İqtisadi Zonasının Mədəniyyət, sosial və turizm üzrə rəis müavini Adil Nəcəfzadə Azərbaycandan bu zonaya səfər etmiş jurnalistlərə deyib ki, Culfa şəhərində iki xəstəxana tikiləcək. Və bu xəstəxanalar Azərbaycandan müalicə olunmaq üçün Təbrizə gələn adamların xərclərinin azaldılması, yolun daha da qısaldılması məqsədi ilə tikilir.
Bax belə.
Səhiyyə Nazirliyimizin Mətbuat Xidməti də xəbər verib ki, nazirlik “əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması və əhali ilə birbaşa əlaqənin daha da sadələşdirilməsi məqsədi ilə yeni, qısa əlaqə nömrəsi istifadəyə vermişdir. ”Və “Səhiyyə Nazirliyinin istifadəyə verdiyi birbaşa “9103” əlaqə nömrəsi əhaliyə Səhiyyə Nazirliyinin bütün şöbələri ilə əlaqə yaratmaq imkanı verəcək.”
Necə bilirsiniz, həmin nömrəyə zəng vurub Səhiyyə Nazirliyimizi İranın Culfada tikəcəyi xəstəxanalarla bağlı məlumatlandırmağa dəyərmi?
Görəsən, zəng eləyib bu xəbəri çatdırsam xəttin o başındakı insanın reaksiyası necə olar?
Mənə elə gəlir ki, həmin şəxs bu məsələnin Azərbaycanın Səhiyyə Nazirliyinə dəxli olmadığını deyə bilər. Doğrudan da, İran xəstəxanaları öz ərazisində tikəcək də. Bunun bizim səhiyyə nazirliyinə nə dəxli var? Amma həmin xəstəxanalar Azərbaycandan gedən adamlar üçün tikiləcək axı…
Yeri gəlmişkən, bizimkilərə nə düşüb ki, xaricdə müalicə olunmağa gedirlər? Axı səhiyyə nazirinin müavini Elsevər Ağayev lap bu yaxınlarda “New Baku Post”a eksklüziv açıqlama verərək demişdi ki, “bu gün Azərbaycanda həyata keçirilə bilməyən əməliyyat demək olar ki, qalmayıb. Bu yaxınlarda sümük iliyinin transplantasiyası da həyata keçiriləcək. Əvvəllər də olmuşdu, amma indi daha təkmil şəkildə olacaq. Orqan nəqli həyata keçirilir. Böyrək, qaraciyər köçürülür. Ürək əməliyyatları uğurla reallaşır.” Elsevər müəllim həmçinin qeyd etmişdi ki,”maddi-texniki baza artdıqca, həkimlərin kadr hazırlığı yüksəldikcə” insanlarımızın tibbi xidmətlə bağlı xaricə üz tutması halları azalıb.
Vətəndaşlarımızın müalicə üçün xaricə getmələrinə əsas olmamalıdır.
Və əgər bu belədirsə İranda bizimkilər üçün niyə xəstəxana, daha doğrusu xəstəxanalar inşa ediləcək?
Tapmaca səciyyəli bu sualı cavablandırmaq üçün ən azı Hippokrat olmaq lazımdır. Platonun və Aristotelin müasiri, “tibbin atası”, qədim yunan həkimi Hippokrat.
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 68-69)
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









