1905.az portalının bu dəfəki müsahibi İndoneziya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Hüsnan Bey Fənanidir.
– Cənab səfir, Cənub-Şərqi Asiya regionunun lideri və əhalisinin sayına görə dünyanın ən böyük müsəlman dövləti olan İndoneziyada Azərbaycanı necə tanıyırlar? Hər iki xalqın mədəniyyətindəki ortaq dəyərlər, paralellər barədə Sizin fikrinizi bilmək maraqlı olardı.
– Azərbaycan İndoneziyada tanınmış ölkədir. Xüsusilə də yüksək hökumət dairələrində Azərbaycan ziyalılar, elm ölkəsi kimi tanınır. Xalqın isə bütövlükdə Azərbaycan haqqında məlumatı var və Azərbaycanı keçmiş Sövet İttifaqından ayrılmış bir ölkə kimi tanıyır. 2000-ci illərdə İndoneziya xalqı Azərbaycan haqqında daha çox məlumat əldə etməyə başladı və Azərbaycanın müsəlman ölkəsi olduğunu bildi. Xüsusulə də İndoneziya Azərbaycandan neft almağa başlayandan sonra bu tanışlıq daha da güclənməyə başladı. Azərbaycan İndoneziya üçün çox mühüm bir ölkədir, çünki enerji baxımından da Azərbaycan İndoneziyaya yardım edən ölkələrdəndir. İndoneziya xalqı Azərbaycanı bir elm ölkəsi, ədəbiyyat ölkəsi kimi daha yaxşı tanıyır. Məsələn, uşaqlıqdan mənim Nizami Gəncəvi haqqında məlumatım var idi. Hələ uşaq ikən mən “Leyli və Məcnun”u oxumuşdum. Amma o vaxt Nizami Gəncəvinin azərbaycanlı olduğunu bilmirdim. Çünki o vaxtlar ədəbiyyata görə Nizami Gəncəvi fars şairi kimi təqdim edilirdi. Mövlana Seyid Yəhya əl Bakuvi haqqında məlumatım var. Mən hələ dini təmayüllü məktəbdə oxuyanda onun haqqında məlumat əldə etmişdim. Onun əsərləri İndoneziyada tanınır.
İki ölkənin ortaq dəyərləri haqqında ilk növbədə qeyd etmək istərdim ki, hər iki ölkə müsəlman ölkəsi kimi yüksək mədəniyyətə malikdir. Azərbaycan hələ Quran nazil olana qədər Zərdüştilik mədəniyyəti ilə tanınıb. Mən fəxr edirəm ki, çox qədim Odlar diyarındayam. Yəni Allahı ilk tanıyanlardan biri məhz zərdüştilər olub. Bu ilk ortaq dəyərlərimizdən biridir. İkinci bir faktı qeyd etmək istəyirəm ki, azərbaycanlılar da bizim kimi azadlığa çox can atan və azadlıq uğrunda həmişə mübarizə aparan bir xalqdır. İndoneziya xalqı da öz azadlığını qanı bahasına, mübarizə yolu ilə əldə edib. Azərbaycan da İndoneziya kimi öz taleyini həll etmək üçün mübarizə aparıb və buna nail olub. Və üçüncü, Azərbaycan idmana çox maraq göstərən, idmanı sevən bir ölkədir. Cənub-Şərqi Asiyada yerləşən İndoneziya da idmana böyük maraq göstərən və çoxlu sayda idmançıları olan ölkədir. Dördüncüsü, İndoneziya kimi Azərbaycanın da əhalsinin mütləq əksəriyyəti müsəlmandır. Yəni Sizinlə bizim aramızda heç bir sərhəd yoxdur. Bizim aramızda qardaşlıq münasibəti var.
– İndoneziya-Azərbaycan münasibətlərinin (sərmayə qoyuluşu, ticarət dövriyyəsi, təhsil, turizm və s.) mövcud durumunu necə dəyərləndirirsiniz?
– 2005-ci ildən İndoneziya ilə Azərbaycan arasında bilavasitə əlaqələr inkişaf etməkdədir. Bu Azərbaycan öz səfirliyini İndoneziyada açdıqdan sonra daha geniş vüsət alıb. İndoneziya da Azərbaycanın müstəqilliyini tanıyan (28 dekabr 1991-red.) ilk ölkələrdən biridir və BMT-də Azərbaycanı dəstəkləyib. Qeyd etdiyim kimi, bu əlaqələr əvvəllər də olub, amma 2005-ci ildə Azərbaycan İndoneziyada səfirlik açandan sonra daha da genişlənib. 2010-cu ildə isə İndoneziyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb və hazırda iki ölkə arasındakı əlaqələr intensiv inkişaf etməkdədir. Mən hesab edirəm ki, İndoneziya ilə Azərbaycan arasındakı ticarət əlaqələri yaxşıdır və daha da inkişaf edəcək. Çünki, İndoneziya Azərbaycandan neft alır və digər sahələrdə də əməkdaşlıq edir. İndoneziyadan isə Azərbaycana çoxsaylı məhsullar idxal olunur. Qeyd edim ki, İndoneziya İtaliya və Almaniyadan sonra Azərbaycandan neft alan üçüncü ən böyük ölkədir. 2015-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 2,4 milyard ABŞ dolları olub. Biz gələcəkdə Azərbaycanın İndoneziyaya investisiyalar qoyacağına ümid edirik və İndoneziya da Azərbaycana sərmayə qoyuluşu istiqamətində müəyyən işlər görməyi planlaşdırır. İndoneziya Azərbaycana bir çox məhsullar ixrac edir. Bunlara misal olaraq ağac məhsulları, mebel, palma yağları, kauçuk, avtomobil şinləri, musiqi alətləri, geyim və idman mallarını göstərmək olar. Biz Azərbaycana ixrac etdiyimiz məhsulları daha da artırmağı düşünürük. Çunki Azərbaycan bizim üçün bir müsəlman ölkəsi kimi önəmlidir. Biz planlaşdırırıq ki, Azərbaycana halal konservləşdirilmiş məhsullar da ixrac edək.
Cari il oktyabrın 10-da təxminən 15-20 azərbaycanlı iş adamını mən İndoneziyaya dəvət etmişəm. Onlar 11-14 oktyabr 2016-cı il tarixində İndoneziyada keçiriləcək “İndoneziya Trade Expo” sərgisində iştirak edəcək, ölkəmizin sənaye və mədəniyyət mərkəzləri ilə tanış olacaqlar.
Turizm sahəsinə gldikdə biz Azərbaycanla İndoneziya arasında birbaşa hava əlaqəsi qurmağı planlaşdırırıq. Mən ümid edirəm ki, AZAL ilə İndoneziyanın Qaruda Hava Yolları (Garuda Indonesia) tez bir zamanda bu əməkdaşlığa başlayacaqlar. Bu həm də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin arzusudur. Belə olan təqdirdə Azərbaycanın İndoneziyada olan 270 milyon qardaşı Azərbaycana səfər edər, Azərbaycanın gözəlliklərini öz gözləri ilə görə bilərlər. Xəzər dənizini, dünyanın ən böyük neft ölkələrindən biri olan Azərbaycanı, Şirvanşahlar ölkəsini, Qobustanı, Nizami Gəncəvinin vətənini görməyə gələ bilərlər. Cənab Prezident İlham Əliyev bu barədə bizim görüşümüzdə danışdı. Azərbaycanda Duz dağı deyilən bir yer var. Orada astma və böyrək xəstəliklərini müalicə etmək olar. Azərbaycan İndoneziya turistləri üçün çox əlverişli bir məkandır. Eyni zamanda insanların İndoneziyadan Məkkəyə Ümrə ziyarətinə Azərbaycandan keçərək, ölkənizi görərək getməsi nəzərdə tutulur.
Təhsillə bağlı onu qeyd edim ki, Azərbaycanda İndoneziya dilinin tədrisi çox təqdirəlayiq haldır. İndoneziya dilinin tədrisi, mədəniyyətinin təbliği sahəsində professor Həbib Zərbəliyevin xidmətlərini xüsusilə vurğulamaq istərdim. Azərbaycanda 2007-ci ildən İndoneziya dili Mərkəzi fəaliyyət göstərir. Burada azərbaycanlı tələbələr İndoneziya dilini öyrənirlər. Bu bizim üçün çox qeyri-adi haldır. Biz təkcə dil sahəsində deyil, həm də bütövlükdə mədəniyyət və multikulturalizm sahəsində də olan əməkdaşlığımızı davam etdirmək fikrindəyik. İnshallah, bu ilin sonunda mən öz övladımı və qardaşım oğlunu Azərbaycanda təhsil almağa gətirəcəm. Bundan başqa biz İndoneziyada təhsil alan azərbaycanlılara təqaüd verir, İndoneziya dilini və mədəniyyətini öyrənmək üçün onlara şərait yaradırıq.
– Azərbaycanın hansı bölgələrində olmusunuz?
– Quba, Qəbələ, Şəki, Qobustan və Şamaxıda olmuşam. Gəncə və Naxçıvana da getmək istərdim.
– Xarici siyasətində bloklara qoşulmamaq prinsipinə üstünlük verən İndoneziya dövlətlərarası münasibətlərdə Azərbaycana hansı yeri ayırır?
– Azərbaycan İndoneziya siyasətində xüsusi yer tutur. Azərbaycan müstəqil bir ölkə kimi bizim üçün çox önəmlidir. Azərbaycan bizim üçün çox böyük nüfuza sahib olan ölkədir. Biz öz siyasətimizdə Azərbaycanı dünya mədəniyyətinə böyük töhfələr vermiş bir ölkə kimi görürük. Azərbaycan Xəzər dənizi hövzəsində və Qafqazda bizim üçün çox mühüm bir ölkə kimi dəyərldir. Ona görə də İndoneziya Azərbaycanla həmişə daha yaxın olmağa can atır. Azərbaycan Asiyaya, Qafqaza və Orta Şərqə qapı kimi bizim üçün xüsusu önəm daşıyır.
– Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonları işğal işğal etməsi danılmaz faktdır. Bunu BMT, İƏT, Avropa Şurası kimi beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələr də sübut edir. Bu barədə Sizin fikrinizi öyrənmək istərdim.
– Azərbaycan müstəqil bir ölkədir. Əgər Azərbaycanın ərazisinin hansı bir hissəsi başqa ölkə tərəfindən tutulubsa, həmin ölkə əlbəttə ki, işğalçıdır və biz bunu belə də qəbul edirik. Bizim konstitusiyamıza görə işğalçılıq, başqa dövlətin ərazisini zəbt etmək, kolonializm siyasəti yolverilməzdir. Onu bildirmək istəyirəm ki, İndoneziya Azərbaycanın arxasında deyil, onun yanındadır. Azərbaycan işğal olunmuş ərazilərini geri qaytaracaq. Bu məsələdə İndoneziya daim Azərbaycanın yanındadır. Azərbaycan bizim üçün təkcə müsəlman qardaş deyil, həm də hər cür müstəmləkə siyasətinə qarşı mübarizədə də həmrəy ölkədir. İndoneziya indiyə qədər olduğu kimi gələcəkdə də Azərbaycanın ərazi bütövlüyünü əsas götürəcək, işğalçı dövlətdən ərazilərin azad edilməsi tələbi ilə çıxış edəcək və Azərbaycanın suverenliyinin qorunmasına həmişə dəstək olacaq.
– Azərbaycan və İndoneziya beynəlxalq təşkilatlarda həmişə bir-birini dəstəkləyib. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində sıx əməkdaşlıq etdiyimiz İndoneziya parlamentində Xocalı soyqırımını müzakirəyə çıxarılmışdır. Xocalı faciəsinin soyqırım kimi tanınması ilə bağlı dövlətin rəsmi mövqeyini mumkunsə, bir daha vurğulayardınız.
– İndoneziya üçün təkcə Xocalı məsələsi deyil, Azərbaycanın ərazisi bütövlükdə müzakirə obyektidir və İndoneziya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Heç kimin Azərbaycanın bu torpaqlarını zəbt etməyə haqqı yoxdur. İndoneziya istəmir ki, Azərbaycanda Xocalı faciəsi timsallı digər hadisələr baş versin. İndoneziya Xocalı hadisələrini çox faciəli hadisə kimi qiymətləndirir və biz həmişə öz köməyimizi göstərəcəyik ki, Azərbaycanda bir daha belə hadisələr baş verməsin. Xocalı insanlığa qarşı törədilmiş genosid hadisəsidir.
– Çox minnətdarıq Sizə, cənab Səfir.
– 19-20 noyabr tarixində Bakıda Muğam teatrında İndoneziya festivalı keçiriləcək. azərbaycanlı qardaşlarımızı, Bakı sakinlərini İndoneziya mədəniyyəti ilə yaxından tanış olmağa dəvət edirik.
– Böyük məmnuniyyətlə iştirak edərik! Təşəkkür edirik!
Təmkin Məmmədli, 1905.az