Əlövsət Allahverdiyev 1977-ci ildə anadan olub. Ali təhsilli hüquqşünasdır. Hüquq üzrə fəlsəfə doktorudur.
Milli Aviasiya Akademiyasında «İnsanlıq əleyhinə cinayətlər beynəlxalq cinayətlərin bir növü kimi» mövzusunda dissertasiya müdafiə edib.
Hazırda praktiki hüquq fəaliyyəti ilə məşğul olmaqla bərabər Silahlı Qüvvələrin Hərbi Akademiyasının Baş müəllimi vəzifəsində çalışır. Milli Aviasiya Akademiyasında Elmi seminarın üzvüdür.
Əlövsət müəllim, Qarabağ düyününün çözülməsi üçün hər birimiz nəsə etməliyik. Bu mənada orta statistik fəlsəfə doktorumuzdan nə tələb olunur?
Dağlıq Qarabağ münaqişəsi milyonlarla insanın taleyində əks olunmaqla XX yüzilliyin tarixinə faciəli münaqişə kimi daxil olmuşdur. İllər keçməsinə baxmayaraq, bu münaqişə hələ də özünün düşmənçilik xarakterini saxlayır. Düşünürəm ki, bunu başqa cür təsəvvür etmək mümkün deyil. Bu münaqişə zamanı bizim gözlə görə bilmədiyimiz çox şeylər baş vermişdi. İşğal olunmuş ərazilərimizdə körpələr, qadınlara və qocalara, habelə tarixi-mədəniyyət abidələrinə qarşı amansız olan düşmənin əməli illər keçsə belə unudulmur, ona münasibət dəyişmir. Bütün bunlar azmış kimi erməni tərəfi və onu idarə edən siyasi qüvvələr münaqişəli vəziyyəti illər boyu gərginləşdirməkdə davam edirlər. Təbii ki, ölkəmizin belə bir anında hər kəs (siyasətçi, hüquqşünas, iqtisadçı, araşdırmaçı, sadə vətəndaş) bir vətəndaş kimi üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. Fəlsəfə doktorundan tələb olunan ilk məsələ münaqişənin tarixi köklərini dəqiq bilməsi, araşdırmalar aparması və təhlil etmə bacarığının olmasıdır. Növbəti addımların atılması üçün bu çox vacibdir. Biz istəsək belə bundan kənar ola bilmərik. Hamımıza məlumdur ki, beynəlxalq ictimaiyyət Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli variantının üzərində dayanmışdır. Artıq Ermənistan –Azərbaycan arasında ideoloji müharibə gedir. Bu mənada bizim üzərimizə çox böyük məsuliyyət düşür. Bu ideoloji mübarizəni dövlətlə bərabər biz aparmalıyıq. Biz araşdırma və təhlillərimizlə dünya ictimaiyyətini inandırmağa çalışmalıyıq Ermənistan təcavüzkardı, Azərbaycan torpaqlarına təcavüz edib.
Hüquq üzrə fəlsəfə doktoru kimi hansı beynəlxalq elmi tədbirlərdə ərazimizin 20 faizini işğal etmiş ölkənin alimləri ilə qarşılaşmısınız?
Məhz belə tədbir və beynəlxalq konfranslar bizim üçün çox əhəmiyyətli bir tribunadı. Biz bu tribunadan istifadə etməklə ermənilərin böhtan və yalanlarını ifşa etməyə çalışırıq. Yeri gəlmişkən qeyd etmək istəyirəmk ki, ərazilərimizin 20 faiz işğalı ilə bağlı həqiqətləri dünyaya çatdırmaq istiqamətində gördüyümüz işlərdən biri Bakı Slavyan Universitetində təhsil alan xarici ölkə vətəndaşları ilə olan görüşümüzü heç unutmuram. Həmin görüşdə Xocalı həqiqətlərindən danışdıq. Xocalıda çəkilmiş kadrları nümayiş etdirərək, körpələrə, qadınlara və qocalara qarşı baş vermiş amansızlıqlar haqqında danışdıq. İnsanlığa qarşı yönəlmiş bu hadisə tələblərə o qədər pis təsir etmişdi ki, onlar göz yaşlarını saxlaya bilmirdilər. Bunu mən heç zaman unuda bilmirəm. Görüşlərimizin hər birində çalışırıq ki, müəyyən nəticələr malik olaq. Hesab edirəmki, alimlər tərəfsiz və qərəzsiz olmalıdır. Bizim fikir mübadiləsi apardığımız xarici ölkə alimlərinin əksəriyyətində də bunu hiss etdim. Onlar Azərbaycanın ərazi bütövlüynə hörmətlə yanşır, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkarlıq siyasətini pisləyirdilər.
Ermənistan alimlərinin Sizin elmi maraqlar müstəvisində gördükləri işləri necə dəyərləndirirsiniz?
Qeyd etməliyik ki, erməni alimləri və siyasətçiləri əsrlər boyu qayəsini böhtan və yalan təşkil edən belə işlərlə məşğul olmuşlar. Onlar hələ dövlət səviyyəsində təcavüzkarlıq siyasətini planlaşdırılarkən öncədən saxta tarix yazmağa, saxta sübutları hüquqi mexanizmlərlə həyata keçirməyə başlamışlar. Biz isə hər zaman bu məsələlərdə müdafiə xarakterli addımlar atmaq məcburiyyətində qalırıq.
Pedaqoji fəaliyyətlə məşğulsunuz…
Bəli, pedaqoji fəaliyyətlə məşğulam. Hüquq fənlərini tədris edirəm. Səmimiyyətlə deyirəm ki, dünyada müəllim adından və uca ad yoxdur. Müəllim tələbə-gənclərin şəxsiyyət kimi yetişməsində aparıcı rol oynayır. Bir sözlə müəllimlik şərəfli işdir, çünki o, öz həyatını xalqın gələcəyinə həsr edir, eyni zamanda müəllimlik qiymətli kapital olan insanla işlədiyinə görə çox məsuliyyətli işdir. Müəllim həm də yaradıcı olmalıdır. Yaradıcılıq müəllimdən bütöv pedaqoji prosesi müşahidə və təhlil etməyi, onun qanunauyğunluqlarını nəzərə almağı, pedaqoji problemlərin optimal həlli yollarını müəyyən etməyi nəzərdə tutur. Yaradıcılıq müəllimə nikbinlik, sevinc bəxş edir.
Gənc alim kimi planlarınızla bağlı nə deyə bilərsiniz?
Planlar, arzular heç zaman tükənmir. İnsan nə qədər ki, yaşayır bir o qədər də planları olur. Zənnimcə plansız insan, ziyalı tükənmiş, həyat eşqi sönmüş bir insandı.Qismət olarsa gələcəkdə həyata keçirmək istədiyim bir sıra layihələr var. Hal-hazırda Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına aid kitab üzərində işləyirəm. Eyni zamanda həm yerli, həm də beynəlxalq səviyyəli elmi jurnallara məqalələr təqdim etmişəm. Bu məqalələrdə də Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı müəyyən aspektlər öz əksini tapıb.
…və sonda 1905.az portalına tövsiyələrinizi bilmək istəyirik…
1905.az portalı ilk andan mənim diqqətimi çəkmişdi. İndiki portalların əksəriyyəti reallıqdan uzaq, şou xarakterli yazılara üstünlük verir, daha çox oxucu cəlb etmək istəyirlər. Amma 1905.az portalının ilk yazıları Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə, soyqırım və müharibə cinayətlərinə həsr etdi. Hazırda da bu sistemli olaraq bir neçə dildə dünya ictimaiyyətinə çatdırılır. Mən sizin xidmətinizi tariximiz və ölkəmiz üçün çox faydalı və əvəzsiz bir xidmət kimi dəyərləndirirəm. Ümid edirəm ki, portal qısa zamanda daha çox uğur qazanacaq, oxucular tərəfindən rəğbətlə qarşılanacaq. İndiki prinsiplərinizi sona qədər qoruyub saxlamağı tövsiyə edərdim. Qərəzsizlik, tərəfsizlik və ədalətlilik! Uğurlar!
Fuad Babayev
1905.az