İslam Əməkdaşlıq Təşkilatı (İƏT) üzv dövlətlərinin Küveytdə keçirilən 42-ci xarici işlər nazirlərinin şurasının iclasında qurumun baş katibi siyasi məsələlər və mədəni, sosial və ailə məsələlərinə dair hesabatlar təqdim edib.
APA-nın məlumatına görə, siyasi məsələlərə dair hesabatın 40-cı bəndi “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” adlanır. Hesabatda qeyd olunur ki, xarici işlər nazirlərinin sonuncu toplantısından etibarən Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri məsələsində siyasi irəliləyiş əldə olunmayıb. Sənəddə Ermənistanın təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətə düşdüyü yazılır. Siyasi müstəvidə İƏT-in baş katibi tərəfindən hər fürsətdə Ermənistanın təcavüzü və Azərbaycan ərazilərinin işğalını davam etdirməsinin qaldırıldığı qeyd olunaraq, İƏT-in Ermənistan silahlı qüvvələrinin bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılması barəsində tələbi öz əksini tapıb. Hesabatda eləcə də İƏT-in Baş katibi üzv dövlətlərə müraciət edərək, İƏT tərəfindən qəbul edilmiş qətnaməyə uyğun olaraq, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına son qoyulması və tam şəkildə qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarması üçün birgə və fərdi şəkildə təklif və tövsiyələrlə çıxış etmələri xahiş olunur.
Mədəni, sosial və ailə məsələlərinə dair hesabatın “C” bəndi “Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam tarixinə və mədəniyyətinə aid abidələrin dağıdılması” adlanır.
Bu hesabatda baş katib tərəfindən İƏT-in müvafiq ixtisaslaşmış təsisatlarına müraciət edilərək, Azərbaycanın əraziləri Ermənistanın işğalından azad olunduqdan sonra bu ərazilərdə məscid, təhsil müəssisələri, kitabxana və muzeylərin yenidən qurulmasına dair proqramın hazırlanması xahiş olunur. Hesabatda eləcə də baş katibin müraciəti əsasında Azərbaycanda İslama aid arxitektura nümunələri və ibadətgahların mühafizəsinin İƏT-in ixtisaslaşmış təşkilatları, İslam İnkişaf Bankı və ISESCO-nun proqramına daxil edildiyi vurğulanır.
Qeyd edək ki, iki gün davam edəcək 42-ci xarici işlər nazirlərinin şurasının iclası mayın 27-də başlayıb. İclasda Azərbaycan ı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir.