Əsgərov İbrahim Məhəmməd oğlu, (12.11.1936, Göyçay r-nunun Alıkənd k. – 24.2.2007) – şair və jurnalist, AYB-nin üzvü (1980), Əməkdar mədəniyyət işçisi (2006).
1953 ildə Göyçay ş.-də orta məktəbi bitirdikdən sonra ADU-nun (indiki BDU) Filologiya fakültəsində təhsil alıb (1953-58). Əmək fəaliyyətinə qəzetdə müxbir kimi başlayıb. Sonra Azərb. Dövlət Nəşriyyatında redaktor, “Mədəni ticarət” (“Za kulturnuyu torqovlyu”) qəzetində baş redaktor, Azərb. Televiziya və Radio Verilişləri Şirkətində redaktor, şöbə müdiri, baş redaktor kimi vəzifələrdə çalışıb. 1983–2007 illərdə baş redaktor müavini vəzifəsində fəaliyyət göstərib. Azərb. Dövlət Radiosunda 40 ilə yaxın müddətdə fəaliyyət göstərmiş İ.Göyçaylının milli radionun formalaşmasında xüsusi xidmətləri olub.
2006 ildə Prezident İ.Əliyevin Sərəncamı ilə Əməkdar mədəniyyət işçisi Fəxri adına layiq görülüb. Gəncliyindən mətbuatda müxtəlif məzmunlu lirik şeirləri dərc olunub.
1966 ildə “Dalğalar qoynunda” (1966), “Yadigar sözlər” (1969), “Gözlərinin işığında” (1973), “Qərənfil işığı” (1979), “Qoymayın qızları kədərlənməyə” (1982), “Ulduzlar nədən danışır” (1984), “Vaxt soruşsa” (1986), “Uzaq haraylara isinmir ürək” (1991), “Ümiddən uzun gecə” (1997), “Vaxt soruşsa” (1986), “Lirika” (2001) və başqa kitabları nəşr olunub. Rusiyada, Gürcüstanda və İranda kitabları çap olunub. Yüzdən çox şeirinə mahnılar bəstələnib, tanınmış sənətkarlar tərəfindən ifa olunub. Dünya ədəbiyyatından bir çox tərcümələri var.
Şairin xatirəsi doğulduğu r.-da da əziz tutulur. Hazırda Göyçay ş.-nin küçələrindən biri onun adını daşıyır.
Mənbə: “Göyçay ensiklopediyası”, s.235
1. BU DÜNYANI
Fikrimin ay işıgında yol gedirəm,
Mən günəşi düşünürəm.
Bu dünyanın sabahına çatmaq üçün
Bir arzudan min arzuya daşınıram.
Fikrimin ay işığında yol gedirəm,
Yol gedirəm bir gəmidə.
Ürəyimdə Vətənimin sevinc payı,
Çiynimdədi bu dünyanın daş qəmi də.
Fikrimin ay işığında qatar məni
Qoy aparsın eldən-elə.
Qara düşsəm, yağış tutsa bu yollarda,
Bilirəm ki, yetəsiyəm o sahilə.
Fikrimin ay işığında yol gedirəm,
Yara-yara buludları.
Damarımda dövr eləyir qızıl qanla
Məslək yönlü insanların dağ vüqarı.
Fikrimin ay işığında yol gedirəm,
Düüşünürəm mən insanı
Ömrün hansı cağındasa günəş günlü,
Gur nəğməli görəcəyəm bu dünyanı.
2. YOLÇUSUYAM MƏN
Yolları gözümə yığıb aramsız
Elə yol gedirəm ilahi günə.
Sıxıram qəlbimi mən arsız-arsız
Yarpağın, çiçəyin, gülün üzünə.
Əllərim sinəmdə qaynayır, daşır,
Alnıma yazılan rastıma gəlmir.
Mənim tale ağrım həddini aşır,
Əhdim öz əhdinə qovuşa bilmir.
Bu yol hara çəkir,
Hara səsləyir,
Bu ümid saçımda göz yaşı kimi.
Yollara yarıcan ruhum çiləyir,
İçimin, çölümün yağışı kimi.
Alıram səsini uzaq bir eşqin,
Qərib ada kimi qəlbim göynəyir.
Duyğuma sehrli, tilsimli bir gün
Elə tabla deyir, elə döz deyir.
Yolların inamı aparır məni,
Ürəyim havalı, sinəm nəğməli.
Vermir tilsim yollar, vermir sirrini,
Elə öz başıdı, elə öz əli.
Məni doğanaqdan keçirir bu yol,
Bahardan, payızdan, qışdan keçirəm.
Sevgimə, şerimə dönüb bu sual,
Bu yol istəyimi su tək içirəm.
İşıqlı günümün sorağı bəxtim,
Yolumu salmışam səmadan, yerdən.
Göylərin gözündə soraqdı bəxtim,
Möcüzə yolunun yolçusuyam mən.
3. DAYANMA, QATARIM
Ləngimə, qatarım, ləngimə, gedək,
Hələ nə qədər yol gözləyir bizi.
Elə irəliyə tələsir ürək,
Əsən yeldən alaq sürətimizi.
Zamanın vaxtı yox, addımı yüyrək,
O ölçür yolları öz addımıynan.
Ləngimə, qatarım, ləngimə, gedək,
Yolda ləngiyənə sərt olur zaman.
Keçək bu düzləri, bu meşələri,
Yoxsa duracaqlar saxlayar bizi.
Yoxsa çox dolanar vaxtın təkəri,
Ötən anlarımız haqlayar bizi.
Bir aydın, işıqlı yol versin deyə,
Bir geniş, uğurlu yol versin deyə,
Dayanıb inamla, durub nizamla,
Simafor əlini qaldırıb göyə.
Görürəm bu yanda bir cavan oğlan
Söykəyib alnını soyuq şüşəyə.
Sevdiyi gözəli düşünür, anır,
Xəbəri də yoxdu heç ətrafından,
Elə bil yanağı od tutub yanır.
O yanda bir qoca beli bükülü,
Sanırsan soyuqdan üşüyür canı.
Qapının yanına çəkib yükünü,
Gözləyir qatardan düşmək vaxtını.
Ləngimə, qatarım, ləngimə, gedək,
Hələ yolumuz var, gözləyir bizi.
Göylərin bağrını söksə də şimşək,
Belədən-beləyə əssə də külək,
Artıraq bir az da sürətimizi,
Dayanma, qatarım, dayanma, gedək.
4. QƏLBİMLƏ SÖHBƏT
Qayğılar dumana döndü içində,
Nə yaman göynədin,
Ürəyim mənim!
Axı ağır olar bu göynək sənə.
Ağrılar içində azıb itənim.
Sənin harayını kim eşidəcək?
De, sənin səsinə kim səs verəcək?
Ürəksiz insanlar içindən keçmək
Sənin taleyinə düşübdü, neynək.
Qarışıq, dolaşıq yolun var sənin,
Çətin yoxuşları sən keçməlisən.
Günəşin əlindən günəş nurunu,
Zamanın əlindən həyat eşqini
Alıb, ay ürəyim,
Sən içməlisən.
Elə getməlisən sən bu yolu ki,
Nigaran olmasın heç kəs soyundan.
Həyat imtahandı, sınaqdı, bil ki,
Ləngimə, əylənmə,
Dayanma yolda,
Özünə boylanma – yoluna boylan.
Bizim bu dünyada adi qayğıya
Hamının, hər kəsin ehtiyacı var.
Dönər iradəyə,
Dönər haraya
Sadəcə bir ülfət, sadəcə ilqar.
Bir kimsə əlimdən yapışmasa da,
Büdrəyən, yıxılan bir köməksizin
Ürəklə, həvəslə yapış əlindən,
Bilim ki, bizimdi,
Bu ömür bizim,
Arxayın-arxayın yolumu gedim.
5. VİCDAN QORXUSU
Özündən bahadı qədir bilənə,
Anlasa duyğu tək, anlasa insan.
Ona İlahidən pay kimi gələn
Bir ulu, müqəddəs Allahdı vicdan.
Biz necə gəlirik,
Necə həyata?
Qoy desin aləmin müdrik Ulusu.
Daha qorxuludu qoca dünyada
Bütün qorxulardan vicdan qorxusu.
Unutmaz yaxşını, itirməz haqqı,
Vicdanla gələnlər vicdanla yaşar.
Haqqı quyruğuna bağlar nahaqqın,
Vicdansız vicdannan deyər, danışar.
Halala haramlıq qatır, görürsən,
Əl yetə bilənnən əlini çəkir.
Görsə ki, umulmaz dərddən ölürsən,
O dərdin yanına bir dərd də əkir.
Elə acdı gözü,
Doymayır nəfsi,
Qəlbi sinəsindən öndə yüyürür.
Sozalır bağrının düyün nəfəsi,
Min dona, min şala, tülə bürünür.
Aydınlıq içində zülmət gecə var,
Ölüm naləsinə baxan kim idi?
İndi gözlərindən yağsa da xumar
Sənin yaşamağın ölüm kimidi.
Biz necə gəlirik,
Necə, həyata?
Qoy desin aləmin müdrik Ulusu.
Daha qorxuludu qoca dünyada
Bütün qorxulardan vicdan qorxusu
6. SƏN YAŞAT MƏNİ
Doğum-ölümümdən bu günə kimi
Həyat yaşamışam,
Ömür sürmüşəm.
Sinəmin altında qövr edən qəmi
Sinəmin üstündə viran etmişəm.
Mənə həyat verən,
Mənə gün verən
Sənin qismətinə borcluyam indi.
Yorğun gözlərimə ümid göndərən,
Yaşamaq eşqimə suçluyam indi.
Vəfasız olmadım sənə işimlə,
Nə olsun dünyaya məni gətirdin.
De, amma insan tək bu gəlişimlə
Dünya nəyi tapdı,
Nəyi itirdi?!
Ömrüm sinə gərdi çovğuna, çənə,
Sahibli göyündən ələnən qara.
Beləcə canımı mən verdim sənə,
Sənin o yenilməz ixtiyarına.
Unutdum özümü,
Haqqı itirdim,
İşıqdan, sevgidən söz alammadım,
Yaxın arzulardan kükrədi dərdim,
Od oldum, odlara mən qalanmadım.
Ay ürək, gəl tabla gün axşamında,
Bağrından keçirsin bu həyat məni.
Tale yaşamında,
Bəxt yaşamında
Yaşada bilirsən sən yaşat məni.
7. TÜRK OĞLU TÜRK OL
“Özünə qayıt, türk oğlu, sən özünə qayıdanda qüdrətli olursan”.
Bu deyimi az qala hamı dilinə gətirir.
Hamı maşın sürür,
Hamı at çapır,
Hamı raket qovur bu sözə sarı.
Kimi şöhrət gəzir,
Təsəlli tapır,
Yüz yol qayıdırlar bu közə sarı.
Özünə, türk oğlu,
Özünə qayıt,
Sən onda qüdrətli dünya olursan.
Üzüntü çəkmədən sözünə qayıt,
Sən onda dahisən,
Sən onda nursan.
Bu sözün söz kimi sehri bilins
İnamım, imanım qırılmaz heç vaxt.
Yanğısı elinsə,
Odu elinsə,
Dağılmaz, qaralmaz zərrəcə həyat.
Günüm yox, ayım yox bu sözdən incə,
Dünyadan uludu gözümdə bu yol.
Bu sözü deyincə,
Xatırlayınca,
Sən elin yiyəsi türk oğlu türk ol.
8. YAZILAN YAZI
Yalanlar içində itib batmışıq,
Yalan süd gölünün içindən keçir.
Biz fil qulağında elə yatmışıq,
Elə bil bu millət bal, şərbət içir.
Simasız od olub, qalxıb ayağa,
Kəramət yerini tapa da bilmir.
Şərəf boynun büküb,
Enib torpağa,
Allah da köməyə gəlmir ki, gəlmir.
Mərdlər namərdlərə xidmət edəndə,
Gözlərim alnımdan boylanır mənim.
Pislik yaxşılığa doğru gedəndə,
Əhdi qıran, dünya,
Nədən, nə üçün
Pisliklər yaxşıya kəsilib qənim?
İçimdə nar kimi sıxılır ürək.
Ondan qəm sızılır,
Kədər tökülür.
Bir dəli adamın hönkürtüsü tək
Hönkürmək istədim, bəxt mənə güldü.
Bu alqı-satqıya neylər göz yaşı,
Mənə yazılanlar yaxşı görünmür.
Yanır qəlbim kimi torpağım, daşım,
Bu kədər içində Vətən bölünür.
Tanrı tablayanmaz bu dərdə, inan,
Bu yara dağlayır oğulu, qızı.
Bütün olmuşlara gətirər iman,
Doğular ruhlarla yazılan yazı
9. FİKRİMİN SABAHI
Günəş boy göstərir öz orbitindən,
Sabahı gətirir parlaq dan yeri.
Bir azın işıqlı həqiqətiynən
Alacaq qoynuna ilhamla yeri.
Səpəcək aləmə min bir rəngini.
Min bir dərd çıxacaq eynimdən bəlkə.
Bu yurda səs salan sabah zəngini
Yığacaq içinə bu yazıq ölkə.
Yarpaqlar çiməcək nur dənizində,
Dünya da özünü tanımayacaq.
Çiçək simasından, gül bənizindən
Sevinc ələnəcək,
Gülüş yağacaq.
Nurani, ilahi sabahdan çıxan
Bu od paltarından köz geyəcəyəm.
Bu Leyli dünyaya qəlbimdən baxan
Mən nurlu sabahı gözləyəcəyəm.
Ömrümə nə verdi bu gələn sabah?
Güldə kədər verdi,
Çiçəkdə ağı.
Ömrümü dağlayan baharda Allah
Verdi sinə dağı, sinə buzlağı.
Talandı taleyim,
Talandı ahım.
Əzabım soyuldu, səbrim soyuldu.
Ümidlə gözlədim əsl sabahı,
Yol çəkən gözümlə üfürdüm odu.
Durnalar səmadan aydınlıq əmir,
Zamanın əliylə ələnir ələk.
Xəyallar içində bir kimsə bilmir,
İnsanın sabahı nə vaxt gələcək.
10. EŞİDİRƏM Kİ…
Ağrısı içində nigaran səsəm,
İnsana həyanam,
İnsana doğma.
Dünyanın qəmidi gözümdəki qəm,
Sən ona adicə qəm kimi baxma.
Bu qəmin bir ucu göydə bənd alıb,
Məlhəmnən sağalmaz yarası yerin.
Dünya bir barmaqdan asılı qalıb,
Qəlbim düyün-düyün,
Ağrısı dərin.
Dünya öz yoluna düşməyib hələm,
Keçir doğanaqdan ölkələr bir-bir.
Bu yerin qəmidi gözümdəki qəm,
Bu dərdi dünyada tək mən çəkmirəm,
Bu dərdi dünyada duyanlar çəkir.
Hərdən soyuyuruq qış havası tək,
Yaxşılıq burulub yandan ötüşür.
Bilmirik aləm var,
Bilmirik göy var….
Elə buna görə bizdən gen düşür
Ən isti, ən zərif, ali duyğular.
Bu elə ağrı ki,
Bu elə qəm ki,
Axşam da, səhər də, hər vaxt ağrıyır.
Bu elə ağrı ki, qulaqlarımda
Elə hiss eləyir,
Eşidirəm ki,
İçimdə,
Hardasa,
Kimsə ağlayır.