“1905.az” Diskussiya Klubu İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində qonaq oldu. “İcərişəhər – gerçək tarixin salnaməsi, böyük tarixi potensialdan istifadə imkanları” mövzulu müzakirədə həmin idarənin əməkdaşları, filologiya üzrə fəlsəfə doktoru İradə Musayeva, tarix üzrə fəlsəfə doktoru, professor Kamil İbrahimov, tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin dosenti Qənirə Pirquliyeva, “İçərişəhər” Tarix Muzeyinin direktoru Nəcəf Quliyev, “Şiravanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq Qoruq Muzeyinin direktor müavini Sevil Məmmədova və idarənin digər əməkdaşları iştirak edirdilər.
İradə Musayeva: Bu günkü diskussiya iştirakçılarını salamlayırıq. Hamınızı xoş gördük. Bu tədbir İçərişər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Heydər Əliyev İrsini Araşdırma Mərkəzi və “1905.az” portalının birgə təşkilatçılığı ilə keçirilir. Tədbirin keçirilməsi təşəbbüsünü “1905.az” portalının Diskussiya Klubu irəli sürüb. Bu işdə Kamil müəllimin köməyi və rəhbərliyin icazəsi də böyük rol oynayıb.
“1905.az” portalı bizim bir sıra layihələrimiz üçün axtardığımız platformadır. Belə ki, biz 31 mart soyqırımı ilə bağlı iki tədbir, elmi-praktik seminar keçirmişik. Bu günkü tədbirin mövzusu “İcərişəhər – gerçək tarixin salnaməsi, böyük tarixi potensialdan istifadə imkanları”dır. Tədbirə aidiyyatı orqanların əməkdaşları dəvət olunub. Nəcəf Quliyev İçərişəhər Tarix Muzeyinin direktoru, Sevil Məmmədova Şirvanşahlar kompleksinin direktor müavini, Qənirə Pirquliyeva elm şöbəsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, BDU-nun dosentidir. Əvvəlcə istərdim ki, siyasi elmlər üzrə fəlsəfə doktoru, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru, “1905.az” portalının rəhbəri Fuad Babayev “1905.az” portalının fəaliyyəti ilə bağlı bizi məlumatlandırsın. Buyurun, Fuad müəllim.
Fuad Babayev: Belə bir tədbirdə, mötəbər alimlərimizin qarşısında cıxış etmək mənə çox xoşdur, bu imkanı yaratdığınıza görə Sizə çox minnətdaram. “1905.az” portalı ilə hamı tanış ola bilər. Bunun üçün xüsusi bir bələdçiyə ehtiyac yoxdur. Sadəcə olaraq çox qısa deyim ki, “1905.az” portalı Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının layihəsidir. Portal 2014-cü ildə yaradılıb. Məlumdur ki, həmin dövrdə, qondarma erməni soyqırımının 100 illiyi ərəfəsində bütün dünya sanki bir gözlənti içərisində idi. Ona görə biz də gerçək tariximizi ortaya qoymaq qərarına gəldik və bu layihəni yaratdıq. Portal 12 dildə yarandı. Bu layihənin dünyada kifayət qədər tanıtımıları oldu. Layihənin qurucusu AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili, AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovdur. “1905.az” portalı artıq il yarımdan çoxdur ki, fəaliyyət göstərir.
İnamla deyə bilərik ki, “1905.az” portalı həm də bir çox tanınmış tarixçilərimiz üçün platformadır.
Nəşriyyat fəaliyyətimizin olmasını da qeyd etmək istərdim. Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin 2012-ci ildə 6 dildə (Azərbaycan, ingilis, gürcü, Ukrayna, moldav və erməni) nəşr etdirdiyi “Tarixi Azərbaycan dövlətləri” kitabını və yanımda əyləşmiş çox hörmətli Kamil müəllimin də üzərində zəhməti olduğu, “1905.az Studio”da çapa hazırlanmış “Şamaxı ensiklopediyası” kitablarını sizə hədiyyə etmək istərdim.
“1905.az” portalının fəaliyyəti barəsində çarx tədbir iştirakçılarına nümayiş etdirildi.
Kamil İbrahimov: 1905.az portalı üçün İcərişəhərdə arxeoloji qazıntıların aparılması tarixi və qazanılmış uğurlar haqqında informasiya vermək istəyirəm. İçərişəhərdə, qala divarları ilə əhatə olunmuş ərazidə arxeoloji qazıntılar 1920-ci ildən sonra aparılmağa başlayıb. O vaxta kimi burada arxeoloji qazıntılar və elmi araşdırmalar aparılmayıb. 1938-39, 1945-46-cı illərdə rus tədqiqatçıları araşdırma aparmış, 1960-cı illərdən sonra isə araşdırmalarla ancaq Azərbaycanda yetişmiş, sırf azərbaycanlı tədqiqatçılar məşğul olmuşlar. Amma elmi-arxeoloji ən son araşdırmalar 1989-cu ildə aparılmışdır. Hal hazırda İçərişəhərdə cənab prezdentimiz tərəfindən gözəl unikal idarəetmə sistemi yaradılmışdır. İdarəmiz Mədəniyyət və Turizm Nazirliyinə, yaxud Bakı Şəhər İcra Hakimiyyətinə deyil, birbaşa Nazirlər Kabinetinə tabedir. Ona görə də sistemli olaraq elmi araşdırmalar, etnoqrafik müşahidələr, turizmin inkişafı, abidələrin tədqiqatı, konservasiyası və bərpası vaxtlı-vaxtında və plana uyğun qaydada həyata keçirilir. 1962-ci ildən Tarix İnstitutunun tərkibində arxeologiya və etnoqrafiya sektoru var idi. 1993-cü ildən Arxeologiya və Etnoqrafiya İnstitutu təşkil olundu. Bu sektor tərəfindən Bakı arxeoloji ekspedisiyası yaradıldı. Ömər İsmizadə ekspedisiyanın rəhbəri təyin edildi. Ekspedisiya hər il bir neçə ay ərzində İçərişəhərdə qazıntılar apardı. 33 qazıntı sahəsi var idi. 1989-1990-cı illərdə İçərişəhər ərazisində arxeoloji qazıntılar aparılmadı. Çünki müxtəlif strukturlar və insanlar tərəfindən torpaq zəbt edilməsi, alınıb-satmalar, abidələrin dğıdılması kimi hərc-mərcliklər olurdu. 2007-ci ildə idarə yaradıldıqdan sonra “Four seasens” otelinin yerində arxeoloji araşdırmalar aparıldı. 1 il ərzində torpaq işlərinə nəzarət etdik. Bu daha çox arxeoloji kəşfiyyat işləri idi. 2007-ci ildən İçərişəhərdə arxeoloji qazıntıları Arxeologiya və Etnoqrafiya İnstitutunun Abşeron arxeoloji ekspedisiyasının Bakı şöbəsi həyata keçirir. Arxeoloji işlərə İdris Əliyev rəhbərlik edib. Hal-hazırda da bu iş davam edir. Bakı xanları evinin yerində biz hamam açmışıq. Bu gün də orada işlər gedir. İçərişəhərdə mənim rəhbərliyim altında böyük arxeoloji xəritə yaradılıb.
Bu xəritəni 3 yerə bölmüşük.1920-ci ilə qədər qala divarları və qala ətrafında aparılan arxeoloji işlər, 1920-62-ci illərdə rus arxeoloqlarının apardığı işlər və 1962-ci ildən bu tərəfə aparılmış arxeoloji qazıntılar. Deyə bilərəm ki, İçərişəhərdə arxeoloji qazıntı aparılmayan yer qalmayıb. Yalnız hansısa bina sökülərsə, arxeoloji iş aparmaq mümkündür. Biz indi İçərişəhərdə arxeoturizmi inkisaf etdirməyə çalışırıq. Dünyada arxeoturizm böyük uğur qazanıb. Arxeoturizm iki yerə bölünür. Birincisi, arxeoloji qazıntı aparılarkən bu işə maraq göstərən hər hansı bir insan bu qazıntılarda iştirak edə bilər. İkincisi isə arxeolji qazıntılar bitmiş ərazidə arxeoparklar yaradılır və bu ərazidə turizm marşurutu salınır və bununla turistlərimiz həmin arxeoparklara cəlb olunur. Tarixi bir növ gözləri ilə görürlər. 2000-ci ildə Azərbaycan Beynəlxalq Ekoarxeologiya Cəmiyyətinin üzvü oldu. İndi dünyada arxeoloji qazıntılar müasir aparat və metodlarla aparılır. Bu üsullarla torpağın dərinliyində olan arxeoloji tapıntını görmək olur. Buna ekoarxeologiya deyilir. Bu üsul həm də torpağın məhv edilməsinin qarşısını alır. İçərişəhərdə GİS xəritəsi yaradılıb və bu xəritə vasitəsilə İçərişəhər barəsində daha geniş informasiya almaq olur. Hazırda bu xəritədən yalnız şöbə müdirləri istifadə edir, amma yaxın zamanlarda hər kəs bu xəritədən istifadə edə biləcək.
İradə Musayeva: Növbəti çıxış “İçərişəhər” Tarix Muzeyi və muzeyləşmiş abidələr mövzusundadır. Bu movzu haqqında “İçərişəhər” Tarix Muzeyinin direktoru Nəcəf Quliyev danışacaq.
Nəcəf Quliyev: ”1905.az” portalının oxucusuyam. Zaman-zaman hətta portalın bəzi materiallarını sosial şəbəkələrdə paylaşmışam da. Ümidvaram ki, gələcəkdə bizimlə bağlı xəbərlər, məqalələr və kitablar da saytda yerini alacaq. Düşünürəm ki, bu işdə gözəl nəticələr əldə etmisiniz. Həm məkan olaraq, həm də bu məkanın idarə olunması istiqamətində fəaliyyət göstərən qurum kimi İçərişəhərlə bağlı fikirlərin formalaşdırılması sahəsində müəyyən işlər görmüşük. Bu işlər, onun əhəmiyyət doğuran hissəsi ilə bağlı az öncə Kamil müəllim danışdı. Kamil müəllimin həm özü, həm də atası bu istiqamətdə böyük işlər görüblər. Səsləndirmək, əhatə etmək istədiyim mövzular çoxdur. Biz abidələrdən, gerçək tarixdən danışırıqsa, konkret nəticələr əldə etməyə kömək edən iki istiqaməti qeyd edərdim. Bunlardan birincisi, muzeyləşmə prosesidir. Konkret abidə bərpa olunarkən strateji yanaşma müəyyənləşdirilir, plan cızılır ki, növbəti mərhələdə onun geniş ictimaiyyətə, turistlərə muzey şəklində təqdimatı maraq doğursun. Məsələn, Çin məscidi deyilən məhəllə məscidi var. Həmin məsciddə numizmatik ekspozisiyanın yaradılması ilə ora maraq böyüdü və axın yarandı. Əvvəl heç bərpa işləri də aparılmayan abidəyə maraq o qədər böyüdü ki, bərpa aparıldı və ona yeni nəfəs verildi. Nə üçün numizmatik ekspozisiya orada açıldı? Məscidlər tarixən qorunan yer olduğundan, talan edilmədiyindən, müharibələr, qarışılıqlar, düşmənlə mübarizə zamanı ələ keçə bilmək ehtimalı olan xəzinələr məscidlərdə gizlədilirdi. Bu yanaşmadan istifadə edərək tanıtım üçün Çin məscidini seçdik. Mən “1905.az” portalının əməkdaşlarını da bu ekspozisiya ilə tanış olmağa dəvət edirəm. Gələcəkdə də bu kimi ekspozisiyalar haqqında məlumatları, məqalələri, foto-şəkilləri “1905.az” portalı vasitəsilə yaymaq istərdik. Digər ekspozisiyalar haqqında da danışmaq istərdim. Qız qalası ilə bağlı vəziyyət aydındır. Qız qalası artıq həm muzey, həm də tarixi abidə kimi geniş kütlə tərəfindən qəbul olunur. Mən Sıratağlı Dini–Memarlıq Kompleksi haqqında da danışmaq istəyirəm. Bu abidə müxtəlif dövrlərdə Bazar meydanı, Xanəgah kimi də tanınıb. Açıq səma altında yerləşən muzey ekspozisiyasıdır və 1960-cı illərdə aparılan arxeoloji araşdırmalar zamanı val effekti yaradan nəticələr medana çıxıb. Hər təbəqədə əlavə kodlaşdırılmış informasiyalar üzə çıxır. Biz Avstriyanın “Arteks” şirkətinin iştirakı ilə daş üzərində oymalar ekspozisiyasının açılışını etdik. Ekspozisiya simvolik qiymətə nümayiş etdirilir. Amma ola bilsin ki, tezliklə onun ödənişsiz nümayişini də təşkil edəcəyik. İkinci istiqamət isə ictimai iaşə, turizm infrastrukturu kimi təqdim olunan abidələrimizdir. Bunların sırasına Kiçik Karvansara, indi İncəsənət bağı kimi ictimaiyyət arasında tanınan məkan daxildir. Həm qalereya, həm də restoran kimi fəaliyyət göstərir. Arxeoloji bağda turizm infrastrukturu abidəsi var. Bu bizim muzeyləşmə və turizm infrastrukturu kimi obyektləşmə kimi təqdimatımızın bir hissəsidir. Sonda ümidvaram ki, “1905.az” portalı ilə əməkdaşlığımız davamlı olacaq, sizi İçərişəhərin tarixi abidələri ilə tanış olmağa bir daha dəvət edirəm.
Qənirə Pirquliyeva: Biz yalnız İçərişəhərin deyil, həm də Bakının arxiv sənədlərindən öyrənilməsi işini də aparırıq. Bu məqsədlə bizi zaman-zaman Rusiya arxivlərinə ezam edirlər. Oradan Bakı qalasına dair 18-19-cu əsrlərə, imperiya dövrünə aid sənədlər gətiririk. Bunlar hələ təqdim olunmayıb, çünki bu sənədlər dərindən öyrənilməlidir. Bildiyiniz kimi, 1918-ci ildə ermənilərin İçərişəhər qalasına da hücumları olub. Bizim Şirvanşahlar kompleksində bu hadisələrə şahidlik edən qəbir abidəsi nümunəsi də var. Amma biz bu məlumatları hələ yerli əhaliyə, xarici turistlərə lazımi qədər təqdim edə bilmirik. Axtarışlarımız davam edir. Bakı qalasını yalnız antik və orta əsrlər şəhəri kimi deyil, həm də imperiyaların müxtəlif vaxtlarda buranı işğal etdiyi vacib geostrateji məkan kimi də təqdim etmək istəyirik. Bununla bağlı əlimizdə hələlik kifayət qədər məlumat olmadığından, bunu turizm və ekskursiya marşrutlarına sala bilmirik. Bütün bunları elmi ictimaiyyətə kitab və məqalələr kimi təqdim etdikdən sonra artıq bu barədə də düşünəcəyik. Biz “1905.az” portalı ilə tanışıq. Amma istərdik ki, Bakıya daha geniş yer ayırasınız. 1905-07-ci illərdə və daha sonrakı dövrlərdə erməni daşnaklarının Bakıda törətdikləri vəhşiliklər, Bakı əhalisinin, Bakı qoçularının bu hadisələrə qarşı mübarizəsi haqqında məqalələrə yer vermənizi istərdik. İçərişəhərdəki fəaliyyətimizi, burada görülən işlər barəsində də “1905.az” portalı vasitəsilə məlumat yaya bilərik. İnsanlar daha çox İnternetə baxır, məlumatları elektron mediadan oxuyurlar. Bu baxımdan çox istərdik ki, bizim məqalələrimizi saytınızda yerləşdirəsiniz. Əlbəttə ki, bu məsələdə seçim sizindir.
Fuad Babayev: İçərişər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin 1918-ci il mart soyqırımı ilə bağlı keçirdiyi elmi konfransın materiallarının artıq bir hissəsi bizim portalda yerləşdirilib. Qalanları da yaxın dövrlərdə yerləşdiriləcək.
İradə Musayeva: İçərişər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bir bölməsi Elmi-Mədəni Mərkəz adlanır. Mən bu Mərkəzin tərkibinə daxil olan elm şöbəsinin fəaliyyəti haqqında danışmaq istərdim. Elm şöbəsinin işplanı var və mən fikirləşirdim ki, bu planın hansı maddələrini “1905.az” portalı ilə birlikdə edə bilərik. Biz 31 Mart Azərbaycanlıların Soyqırımı ilə bağlı toplu buraxmışıq. Burada Azərbaycanın tanınmış elm adamlarının məqalələri yer alıb. Biz bu topluları dövlət kitabxanalarına, ali məktəblərin kitabxanalarına göndərmişik. Qeyd etmək istərdim ki, bu toplulara hazır, başqa yerlərdə çap olunmuş məqalələr götürmürük. İki ay əvvəldən məlumat veririk və məhz bizim üçün yazılmış məqalələr alırıq. 28 May Respublika Günü ilə bağlı daha bir toplu buraxmışıq. Müxtəlif fikirli alimlərimizin orijinal tədqiqatları bura daxil edilib. Bizim son işlərimizdən biri 31 Mar soyqırımı ilə bağlı elmi seminarın materiallarıdır. “Şiravanşahlar sarayı: tarix, həqiqətlər, mülahizələr” adlı maraqlı konfransımız olub. Konfransın materialları 400 səhifədən artıq olan topluya daxil edilib. Burada xalçaçı-rəssamdan tutmuş, memar, arxeoloqa kimi mövzuya müxtəlif aspektdən yanaşan insanlar iştirak edirdi. Çox maraqlı polemikalar oldu. İştirakçıların bir qismi həmin abidəyə saray, digər qismi isə xanəgah kimi yanaşırdı. Bu konfrans yüksək səviyyədə keçdi və alimlər tutarlı dəlillərlə öz fikirlərini müdafiə etdilər. Daha bir ideyamız haqqında danışmaq istərdim. Biz İçərişəhər, Bakı, Abşeronun tarixi, Qala kəndi haqqında kitabxana yaratdıq. Biz Milli Kitabxananın nadir fondundan icazə alaraq, bu mövzularda olan kitabların foto-surətlərini çıxartdıq. Bütövlükdə 717 kitabdan ibarətdir. Alimlər arasında da bunu təbliğ etmişik. Bu mövzularda elmi əsərlər yazan, dissertasiya müdafiə etmək istəyən şəxslər heç yerə getmədən bu kitabxananın materiallarından istifadə edə bilər. İndiyə kimi artıq 10-15 tarixçi bu məsələ ilə əlaqədar bizə müraciət edib. Mən ümidvaram ki, “1905.az” portalını da biz 2016-cı ildə elm şöbəsinin əməkdaşlıq edəcəyi qurumlar siyahısına daxil edəcəyik. Hesab edirəm ki, Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı da birgə müsabiqə elan edə bilərik.
“Şirvanşahlar sarayı və onun varidatının araşdırılmasına dair” mövzusu ilə bağlı danışmaq üçün sözü Sevil Məmmədovaya verirəm.
Sevil Məmmədova: Heydər Əliyevin belə bir fikri beynimə həkk olunub – Hər bir azərbaycanlı fəxr etməlidir ki, onun zəngin mədəniyyətə, köklü tarixə malik Azərbaycan kimi vətəni var. Hər bir azərbaycanlı oz tarxini sevməli və onu qorumalıdır. Söz Heydər Əliyevdən düşmüşkən, bir məsələni qeyd etməyi özümə borc bilirəm. 1983-cü il martın 1-də Şirvanşahlar sarayının tavanı bərpa olunmaq məqsədi ilə götürülüb. Uzun illər bina açıq səma altında qarın, yağışın altında qalıb. Qapıdan qıfıl açılmışdı və ziyarətçilərə də deyirdik ki, orada bərpa gedir. Bina çox acınacaqlı vəziyyətdə idi. 1998-ci ildə mərhum direktorumuz Sevda Dadaşovanın təşəbbüsü və cəhdləri ilə Heydər Əliyev Novruz şənlikləri zamanı Şirvanşahlar sarayına dəvət olundu. O, Şirvanşahlar sarayının memarlığını gözəl bilirdi və tikililərdə bu sarayın memarlığından bəhrələnməyi tövsiyə edirdi. Elə orada da Şirvanşahlar sarayının bərpa zərurətini söylədi və 2002-ci ildə bərpa işləri başladı. Dünya Bankı 4 abidənin, o cümlədən Şirvanşahların bərpası üçün kredit ayırdı. 2002-2004-cü illərdə bərpa işləri getdi, lakin təəssüf ki, işin nəticəsini Heydər Əliyev özü görə bilmədi. Heydər Əliyev Şirvanşahlar sarayının varidatının qaytarılması məsələsində də Sevda Dadaşovanın təşəbbüsünü dəstəkləmişdi. O vaxtdan uzun illər ötüb və bu gün Şirvanşahlar sarayı sanki ikinci ömrünü yaşayır. Tarixdən də məlumdur ki, orta əsrlərdə Şirvanşahların varidatı qarət olunub, aparılıb. İndi dünyanın müxtəlif ölkələrindəki muzeylərdə bu varidatın bir hissəsi sərgilənir. Bəzilərini tanıyırıq, bəzilərini tanımırıq. Zirehli geyimlər İstanbulun Əsgəri Muzeyindədir. Orta əsr saray şairi Bədr Şirvaninin Divanından çox şeylər öyrənmişik. Saray günbəzinin qızıl təbəqə, firuzəyi kaşılarla örtülməsini, şirvanşahın qızıldan taxtının olmasını, başqa bir taxtının zümrüd rəngli olduğunu, onun almaz və qızılla işlənmiş rəmzi qılıncının mövcudluğunu, ləl-cəvahiratla işlənmiş dəbilqəsinin varlığını buradan öyrənmişik. Bunlar heç də səthi məlumatlar deyil. Ötən ilin martında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ilk dəfə olaraq saraya uyğun ekspozisiya quruldu. Amma saray varidatının olmaması bizim əsas çətinliyimizdir. Müasir texnologiyalara əsaslanaraq o dövrü ziyarətçilərə təqdim edirik. Lakin Şirvanşahların varidatının üzə çıxarılmasını çox istərdik. Bizim elmi personalın araşdırmaları da elə bu yöndədir. Araşdırmalarımız zamanı ermənilərin iç üzünü açan materiallara da rast gəlirik. Və həmin materialları “1905.az” saytında bölüşmək istərdik.
İradə Musayeva: Bütün iştirakçılara minnətdarlığımızı bildiririk.
Hazırladı
Gündüz Nəsibov,
1905.az