“1905.az” Diskussiya Klubunda idmanımızda və idman jurnalistikasında vətənpərvərlik mövzusunu karate üzrə Avropa çempionu, dünya ikincisi, 2015 Olimpiya oyunlarının iştirakçısı olacaq Şahin Atamov, aykido üzrə idmançı və müəllim, hazırda foto-müxbir kimi çalışan Rüstəm Fərmanoğlu, idmançı Vüqar Fərzizadə, taekvondo üzrə milli hakim və idman jurnalisti Təranə Xudabaxşiyeva, Antenn FM-də idman verilişinin aparıcısı, xanım futbol jurnalisti Səmra Əliyeva ilə müzakirə etdik.
Fuad Babayev: Bu gün sizinlə idmançılarımız və vətənpərvərliyimiz mövzusunu müzakirə edəcəyik. Təbii ki, söhbət təkcə idmançıların vətənpərvərlik hissindən getmir. Bəs, görəsən idmançılarımız azarkeşlərin dəstəyini və vətənpərvərliyini lazımi səviyyədə hiss edə bilirlərmi?
Təranə Xudabaxşiyeva: Məncə, hər bir idmançı siyasətçi olmalıdır. Bir idmançının nümunəsində təmsil etdiyi ölkənin xarakteriskasını oxumaq mümkündür. Qələbə çalmış idmançı və prezident ölkə bayrağını ucaldan şəxslərdir. Ona görə də idmançılarımız başqa ölkəyə gedəndə öz davranışlarına, sözlərinə diqqətli olmalıdırlar. İdmançılarımızın azarkeşlərdən aldığı dəstəyə gəlincə isə bəzi idman növlərində bu daha çox hiss olunur. Bəzilərində isə çox azdır.
Vüqar Fərzizadə: Dəvət etdiyiniz üçün minnətdaram. İdman federasiyalarını və idman növlərini bir-birindən ayırmaq istəmirəm. Ancaq bu gün idmançılarımız arasında da qruplaşma gedir. Məsələn, bir idmançımız döyüşə çıxır. Onun yaxınları, ətrafında olan şəxslər onu alqışlayır, bu xəbəri yayır, onu belə desək reklam edirlər. Qarşı tərəf isə həmin idmançının əleyhinə işləyir. Əks qrup çalışır ki, həmin idmançı çempionata qatıla bilməsin. Biz idman siyasətində idman qanunvericiliyə riayət etməliyik. 1331 saylı qətnamə var. Orada yazılır: idmançı ölkə daxilindən əlavə Avropa ölkələrində əldə etdiyi uğurlarla yanaşı texniki bazanı möhkəmləndirməli və federasiyasında imtahan verdikdən sonra ona idman ustası dərəcəsi verilə bilər. Mən dəfələrlə bu məsələni mətbuatda da qaldırmışam.
Dünyada gedən proseslərə nəzər salsaq görərik ki, bu gün istənilən dövlətin diqqət etdiyi məsələlərdən biri idmandır. Bizim idmançılar mənəvi baxımdan çox əziyyət çəkirlər. Eləsi olur ölkəni tərk edir… İdmançıları müdafiə etmək lazımdır. Biz müharibə ölkəsində yaşayırıq. Sabah müharibə elan edilsə qoy, idmançı deməsin ki, ölkəm mənim üçün heç nə etmədi. Mən niyə müharibəyə gedim?
Təranə Xudabaxşiyeva: Kənardan baxıb idmançının uğurları haqqında danışmaq çox asandır. ki. Hə, çempion oldu, hə, qalib oldu. 5 dəqiqə sonra unuduruq gedir. Amma bilmirik ki, o idmançı həmin zirvəyə yüksələnə kimi nə qədər fiziki və psixoloji travmalar alıb. Gündə 3 dəfə məşq etmək üçün həm fiziki, həm də psixoloji qüvvən çox olmalıdır. Bunun zədəsi, ağrıları, yuxusuz gecələri var. Amma sən o zədəylə məşq etməli, yaranı yarışa kimi sağaltmalısan. Dəfələrlə olub ki, idmanı atıb, kənara çəkilmək istəmişəm. Çünki çox çətindir. Qız üçün xüsusən çətindir. Zərbəyə, məşqə dözmək hər adamın işi deyil. Ancaq həmişə bir-birimizi tutub silkələmişik ki, məşq etməlisən, geri durmamalısan. Biz bir-birimizə dəstək ola-ola qalib olmuşuq. Yarışlara qədər o qədər enerji gedir ki, bəzən insan qalib olanda o sevinc hissini hamı kimi yaşaya bilmir.
Ən yaralı yerimiz idmanda bölünmələrdir. Bu da vətənpərvərlik hissinin azalmasına gətirib çıxarır. Təəssüf, ölkəmizdə olimpiya və qeyri-olimpiya oyunları qrupları yaranıb. Hər iki qrupa olan maraq arasında hədsiz fərq var. Qeyri-olimpiya oyunlarına demək olar ki, qayğı yoxdur. Bilirsiniz ki, idman sağlamlıq deməkdir. Olimpiya oyunlarına aid edilən idman növləri arasında əsas şərt ölüm hallarının az olması faktıdır. Karate və taekvando da bu səbəbdən olimpiya oyunları siyahısına salınmayıb. Lakin prezidentimizin idman siyasəti nəticəsində 2015-ci ildə Bakıda keçiriləcək Avropa idman oyunlarına karate də daxil edilib.
Vüqar Fərzizadə: İdmaçılarla mediamız arasında əlaqələrdən çox razıyam. Amma idmançıların vətənpərvərlik hissindən, tarixi-elmi biliklərindən isə razı deyiləm. Elə idmançı var ki, məqsədpərəstdir. Ölkə atributundan xəbəri yoxdur. Sadəcə qalib olmaq, pul və ad qazanmaq istəyir. İdmançılarımız bir az elmə meylli olsalar yaxşıdır. Onların başı çıxan yeganə sahə bəlkə də elə idmandır. Amma heç olmasa idman siyasətini bilsələr, beynini inkişaf etdirə, daha çox şeyə nail ola bilərlər.
Fuad Babayev: Fotoqrafın işi məqamı tutmaq və bir şəxsin görmədiyini görə bilməkdir. Rüstəm müəllim, siz həm də fotoqrafsınız. Müxtəlif idman yarışlarına jurnalist kimi qatılırsınız. Bizim cəmiyyətimizdə idmançının azarkeş tərəfindən dəstəklənməsində problem var?
Rüstəm Fərmanoğlu: Məncə azarkeşlərimiz vətənpərvərdilər. Ancaq bunu sübut etmək, onlara yarışlara gedərək dəstək olmaq lazımdır. İdmançılarımız yaxşı olar elmi tərəfdən biliklərini artırsınlar. Vüqar müəllimin də dediyi kimi idmançılarımız ancaq fiziki tərəfdən inkişafa meyllidirlər. İdmanın elmi tərəfindən bir sual versən donub qalacaq.
Fuad Babayev: Səmra xanım, idman mediasında vəziyyət nə yerdədir?
Səmra Əliyeva: Mediamızda vətənpərvərliyi hiss edirəm. Xüsusən bu sosial şəbəkələrdə daha çox hiss olunur. Özü burda olmasa da Rəsul Cunayevin adını çəkmək istərdim. Rəsul Cunayevin qələbə anında əsgər salamı verməyi bütün sosial şəbəkələrdə izlənmə rekordu qırdı. Bir həftədən çox həmin süjet bütün mediada gəzdi.
20 ildən artıqdır torpaq həsrəti bizim hamımıza yansıyıb. Mediada da biz bunu daha çox idmançımızın erməni rəqibini məğlub etdiyi anlarda hiss edirik.
Fuad Babayev: Bizim idmançılarımızın da erməniyə məğlub olduğu anlar hər halda olub. Amma biz mediada heç vaxt məğlub olma statistikasına rast gəlmirik. Sizcə bu obyektiv işıqlandırmadır? Yəni biz erməniyə məğlub olmağımızı mediada göstərməməklə düzgün addım atmış oluruq? Axı, bunu bilmək istəyən oxucu informasiyanı onsuz da yerli mediadan olmasa da xarici mediadan alacaq.
Səmra Əliyeva: Məncə məğlubiyyətimizin mediada verilməsi düzgün deyil. Burada psixoloji amili də nəzərə almaq lazımdır. Mən işıqlandırılmamasınin tərəfdarıyam. Məsələn 10-12 yaşlı uşağam. Əgər xəbərlərdə eşitsəm ki, bir erməni bizim idmançını məğlub edib məyus olaram. Bu mənə psixoloji təsir edər. İstər futbolda olsun, istər başqa idman növündə. Doğrudur, UEFA və FİFA Azərbaycan-Ermənistanın oyununa icazə vermir. Amma yenə də. eşitsəm ki, yerli komanda Ermənistana uduzub bir kəlmə bu haqda danışmaram. Bunları təbliğat nöqteyi-nəzərdən deyirəm. Məsələn, Atletico-Madrid komandasının formasına “Azerbaijan Land of Fire” sözləri əbəs yerə yazılmır. Bu növ təbliğata kifayət qədər pul xərclənir. Argentina klubunda da buna bənzər kampaniya etmək istədik. Ancaq erməni diasporu imkan vermədi. Bilirsiniz ki, Argentinada erməni diasporu çox güclüdür. Qısası, Argentina futbol klubu o sözün yazılmasını qəbul etmədi.
Fuad Babayev: Futbol şərhçisisiniz. “Qarabağ” futbol klubunun qələbələri və bizim Qarabağ həsrəti. Bunlar arasında kiçik bir yazı yazmalı olsanız hansı məqamlara toxunardınız? Bu iki ad arasında çox güman ki, bizim xeyrimizə hansısa rabitə var. Bir az bundan danışaq.
Səmra Əliyeva: Əlbəttə təbliğat amili var. Məsələn, tutaq ki, mən Fransada yaşayıram. Qonşum ermənidir və illərdir deyir ki, Qarabağ bizimdir. Yəni mən fransız həmişə Qarabağın Ermənistana məxsus olduğunu eşitmişəm. Və günlərin birində Sent-Etyen Fransa klubunun Qarabağ futbol klubu ilə qarşılaşmasına baxanda görürəm ki, sən demə “Qarabağ” Ermənistan yox, Azərbaycan komandası imiş. Həmin o fransızda şübhə yaranacaq. Bundan əlavə, mediada Qarabağ klubu, heyət haqqında kifayət qədər məlumat var. Bunu oxuyan hər kəs agah olur ki, bəli, Qarabağ Ağdam klubudur və illərdir oyununu öz stadionunda keçirə bilmir.
Daha bir məsələyə toxunmaq istəyirəm. Ermənistanın Mxitaryan kimi yaxşı oyunçusu var. Futbolu bilənlər də bu faktı təsdiq edə bilərlər. Borussiya Dortmund komandasında oynayır. Ermənistanda futbola az maliyyə yatırıldığından yaxşı oyunçular xaricdə oynamağa can atırlar. Ancaq bizim ölkə haqqında bunu demək olmaz. Çünki bizdə futbola və digər idman sahələrinə kifayət qədər maliyyə ayrıldığından futbolçuların xaricə getməyinə ehtiyac qalmır. Ad çəkmək istəmirəm. Amma bizim futbolçulardan birinə Türkiyə super liqasında oynamağı təklif etmişdilər. O da razılaşmışdı. Müqaviləyə bir-iki gün qalmış maliyyə haqqında söhbət olanda o müqaviləni imzalamadı. Məlum oldu ki, ona Türkiyədə 4500 manat təklif edirdilərsə burda o 5000 min manat alır. Yəni bizdə idmanda maliyyə idmançıları qane edəcək səviyyədədir.
Şahin Atamov: Məni də dəyirmi masaya dəvət etdiyiniz minnətdaram. İdmançılar arasında paxıllıq var. Amma bu normaldır. Bir tərəfdən də bəlkə də düzgün deyil. Çempionata gedən komanda arasında mütləq birlik, həmrəylik olmalıdır. Yarışa qatılan üçün kənardan dəstək çox vacibdir. Bu zaman idmançı da özünü döyüş meydanında tək hiss etmir.
Karate ona görə olimpiya idman oyunlarına salınmayıb ki, burda nisbətdə ölüm halları daha çox olur. Əvvəllər karate idman növü hətta qadağan edilmiş idman növü sayılırdı. Karatenin çox növləri var. Özəyi karate do-dur. “Do” yol deməkdir. Cü-do, Tekvan-do və s. Karateyə heç vaxt perspektivli idman növü kimi yanaşılmayıb. İslam Oyunları 4 ildən bir keçirilən yarışmadır. Bu yarışmada olimpiya oyunlarına daxil edilıməyən idman növləri var. Yarışma son dəfə 2013-cü ildə İndoneziyada keçirilmişdi. Final döyüşündə Azərbaycan komandası birincilik qazanmışdı. Bu isə karatenin Azərbaycanda doğrudan da zirvədə olduğunun göstəricisi idi. Cənab prezident idmançılarla söhbətində də demişdi ki, Avropa oyunları idman növləri arasında karate də olacaq. Və məhz onun siyasi iradəsi sayəsində karate Avropa oyunlarına daxil edildi.
Vüqar Fərzizadə: Karatenin Avropa oyunlarına salınması bizim idman siyasətinin uğurlu nəticəsi idi. İdmançının psixologiyası çox güclü və möhkəm olmalıdır. Onun fiziki çəkisi 70 kiloqramdısa psixoloji çəkisi 700 min kiloqram olmalıdır ki düşmənə layiqli cavab verə bilsin. Bizim idmançıların təəssüf ki, çoxu psixoloji cəhətdən hazırlıqlı olmur. Və ya kənardan gələn təsir onun gücünü zəiflədir. İnternet vasitəsi ilə rəqibimizi tanıya, onun bu günə kimi oynadığı bütün oyunlara rahatlıqla baxa bilərik. Ona görə də əsas məsələ qalır idmançının özünə.
Gündüz Nəsibov: Milliləşdirilmiş legionerlər məsələsindən danışaq.
Rüstəm Fərmanoğlu: Bizim idmançılarımız həmişə eyni səhv ucbatından yarışlarda uduzurlar. Çox yaxşı olardı ki, onlar bu səhvləri araşdırıb tapsınlar. Hər dəfə eyni səhvə yol verməsinlər. Hər bir idmançının öz döyüş tərzi var. İndi bizim idmançılar da döyüş texnikasını dəyişməlidirlər qalib gəlmək üçün. Bu zaman legionerlərə də ehtiyac qalmaz.
Şahin Atamov: Legionerlərin millimizə gətirilməsinin əleyhinəyəm. Sırf karatedən danışanda məsələn, bütün dünya Azərbaycan karatesinin uğurundan danışır. Dünya Karate Federasiyasının saytında “Finalda kimi görürsünüz?” sualını 177 ölkə cavablandırdı. Azərbaycan, Türkiyə və Almaniya ən çox səs toplamışdı. Yəni bu gün bizim karate zirvədədi. Tək karate yox, cüdo da, güləşdə də eyni vəziyyətdir.
Təranə Xudabaxşiyeva: Bizdə legioner problemi var. Federasiya idmançını millimizə gətirir, ona sərmayə qoyur. O idmançı komandaya uğur gətirmirsə deməli, ondan imtina etməliyik. Mən legionerlərin gətirilməsinin əlahinə deyiləm. Ona pul ayrılsın, ancaq həmin idmançı ölkəyə heç bir medal gətirmirsə bir müddət sonra o başqası ilə əvəz edilməldir. Bu bütün dünyada belədir. Biz hakimlərə göstəriş verilir ki, gətirilən əcnəbi legioner özünü komandada yad hiss etməli deyil. Eyni maaş, eyni diqqət göstərilməlidir. Onlar da gəlir iştirak edir. Ölkəyə güclü idmançı lazımdır. Amma çox təəssüf ki, bəzən biz yarışa eyni gücdə olan yerli idmançını qoyub legioneri göndəririk. Bu düzgün deyil.
Şahin Atamov: Yerli idmançını inkişaf etdirmək lazımdır. Xaricdən gətirilən idmançıya o qədər pul yatırmaqdansa öz idmançımızı dünya təlimlərinə göndərə, inkişaf etdirə bilərik. İdmançı çox yarış gördükcə daha çox inkişaf edir.
Fuad Babayev: Hesab edirəm ki, biz fərdi idman növlərinə nisbətən kollektiv idman oyunlarında daha az uğurlar əldə edirik. Bunun səbəbi sizcə nə ilə bağlıdır?
Təranə Xudabaxşiyeva: Bizim psixologiyamızda “mən” prinsipi var, “biz” prinsipi yoxdur. Ona görə də kollektiv idman növündə uğur qazana bilmirik. Və məhz buna görə də legionerlərə daha çox kollektiv idman növlərində rast gəlirik. Götürək elə futbolu. Düşünürlər ki, topu komanda yoldaşıma uğurla ötürə bilərəm. Buna şans var. Amma niyə ötürüm? Axı o qol vuracaq. Axı, hər yerdə filankəs qol vurdu deyəcəklər. Ona görə də yox, elə çalışım qolu mən vurum. Pas ötürmə prinsipi yoxdu bizim idmançılarda.
Səmra Əliyeva: Azərbaycanda xanlıqlar dövründə belə xəbər yayıldı ki, Rusiya Azərbaycana hücum edəcək. Mən bu informasiyanı oxuyanda gözlərim dolmuşdu. Cavad xan bütün xanlıqlara məktub göndərir ki, gəlin, birləşək. Vahid Azərbaycan yaradaq, fərqi yoxdur onun başçısı kim olacaq. Əsas odur biz müdafiə oluna bilək. Heç bir xanlıq razılaşmadı. Deməli, kollektiv, birgə iş görməməyin bizdə qədim tarixcəsi var.
Vüqar Fərzizadə:“Kütləvi idman növləri Azərbaycanda inkişaf etməyib, etməyəcək də”. Bu yazı 5-6 il qabaq qəzetlərin birində yayımlanıb. Həmin yazıya görə çox ittiham edilmişəm. Avropa futbolunda bir oyunçunun vurduğu qoldan qazandığı gəlir 1 nəfərin yox, ehtiyatda olan oyunçular da daxil olmaqla 22 nəfərin arasında bölünür. Amma bizdə bu belə deyil. Qolu Əli vurubsa pul Əliyə, Vəli qol vurubsa pul Vəliyə verilir. Ona görə də biz kollektiv idman oyunlarında uğur qazana bilmirik. Bizdə birlik yoxdur. Federasiyaların mətbuat katibləri idmançılar deyil. Bu belə olmalı deyil. Mətbuat katibin idmandan anlaşıyışı olmalı, başı çıxmalıdır. Sistemi düz qurmaq lazımdır.
Bu gün burada müzakirə edilən bəzi məsələləri mən də səlahiyyətim çatdığı orqanlarda müzakirəyə çıxaracam.
Fuad Babayev: İştirak və ətraflı söhbət üçün hər birinizə minnətdarıq!
Təranə Xudabaxşıyeva: Mən də gələn qonaqların hər birinə və sizə belə bir dəyirmi masa təşkil etdiyiniz üçün minnətdaram.
Hazırladı: Aynur Hüseynova
1905.az