II Dünya müharibəsi dövründə Mikoyan başda olmaqla erməni daşnaq liderləri «Böyük Ermənistan» uğrunda ikibaşlı fəaliyyət göstərmişlər.
Bir tərəfdən onlar Hitlerin qələbə çalacağına inanıb, ona Zaqafqaziyada iki dövlətin-erməni və gürcü dövlətlərinin qurulmasını təklif etmişlər. Bununla onlar Azərbaycan torpaqlarını mənimsəmək istəyirdilər. Digər tərəfdən isə Qələbə Sovet İttifaqı tərəfdə olarsa, Türkiyənin Qars vilayəti və ona yaxın ərazilərin Sovet Ermənistanına birləşdirilməsi planını cızırdılar. Hər iki halda azərbaycanlıların Zaqafqaziyadan Orta Asiyaya və Sibirə deportasiyasına cəhdlər edilirdi. Sonrakı planın ilk addımı müttəfiqlərin Tehran konfransında (28.XI-01.XII.1943) özünü büruzə verdi.
Ermənilər konfransda xaricdəki ermənilərin Sovet Ermənistanına köçürülməsi razılığına nail oldular. Məqsəd Türkiyədən torpaq qoparmaq və Ermənistandakı azərbaycanlıları xarici ermənilərin Sovet Ermənistanına köçü ilə əlaqədar deportasiya etmək idi. Məqsədin birinciliyinə nail olmaq üçün Sovet hökumətinə ermənilər təsir göstərdilər. Sovet hökuməti Türkiyə Respublikasına nota verib (1945) yuxarıda adı qeyd edilən ərazini (26,4 kv.km.) və boğazlara nəzarəti tələb etdi. Az qala Sovet İttifaqı və Türkiyə arasında müharibə olsun və III Dünya müharibəsi təhlükəsi yaransın. Böyük təhlükəni görən Stalin tələbindən imtina etdi. Beləliklə, ermənilərin bu məqsədi də puça çıxdı. Türkiyədən torpaq qoparmaq müşkül məsələyə çevrildikdən sonra ermənilər Sovet Azərbaycanın üzərinə düşdülər.
1945-ci ilin noyabrında Ermənistan KP MK katibi Q.Arutyunov İ.Stalinə məktubunda Qarabağın Ermənistan SSR-yə verilməsini xahiş etdi. Stalin həmin məktubu K.M.Malenkovun üstünə, Malenkov isə öz növbəsində Azərbaycan rəhbərliyinə göndərdi. Mir Cəfər Bağırov məktuba cavabında bildirdi ki, Azərbaycan həmin təklifə etiraz etmir, bu şərtlə ki, Ermənistan SSR, Gürcüstan SSR və Dağıstan MSSRdə əsasən azərbaycanlılar yaşayan, Azərbaycanla həmsərhəd olan və tarixən Azərbaycanın ayrılmaz hissəsi olmuş ərazilər (Zəngəzur, Göyçə, Borçalı, Dərbənd və sair) də onun özünə qaytarılsın. Bununla da emənilərin növbəti bu cəhdi də puça endirildi.
Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi cəhdi boşa çıxdıqdan sonra 1945-ci ilin noyabrında Ermənistan hökumətinin vəsatətini əsas götürərək SSRİ hökuməti xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına köçürülməsi işinin təşkili haqqında qərar verdi. İlk təbliğatın nəticəsində 130 min erməninin Ermənistana köçürülməsi müəyyən edildi. Köçə xarici erməni təşkilatları («Hnçaq», «Ramkavar» partiyaları, Ümumerməni Xeyriyyə İttifaqı) 1 milyon dollar pul xərclədilər. İlk axında 90 mindən artıq erməni (1946-cı ildə 50,9 min, 1947-ci ildə 35,4 min) gəldi. Sovet Ermənistanında hökumət onların yerləşdirilməsini siyasi məqsəd üçün gecikdirirdi. Onlar həftələrlə dəmiryol stansiyalarında qalırdılar. Bəhanə edirdilər ki, köçkünləri yerləşdirmək üçün şərait yoxdur. Ermənistan hökuməti çıxış yolunu Azərbaycanlıların kütləvi köçürülməsində tapdılar.
Moskva isə erməni avantürasına rəvac verdi. Stalin SSRİ Nazirlər Soveti adından 23 dekabr 1947-ci ildə 4083 saylı qərar qəbul etdi: «Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında». Azərbaycan SSR Nazirlər Soveti isə 2 fevral 1948-ci ildə köçürülmə haqqında müvafiq qərar qəbul etdi. SSRİ Nazirlər Sovetinin yuxarıdakı qərarına aydınlıq gətirmək üçün 10 mart 1948-ci ildə yenidən ikinci qərar verdi. Çünki əvvəlki qərarda giriş və izahat yox idi. Lakin həm SSRİ hökumətinin, həm də Azərbaycan hökumətinin qərarları qeyri obyektiv olaraq, real həqiqət və şəraitə uyğun gəlmirdi.
1947-ci il 23 dekabr tarixli qərarda göstərilirdi ki, 1948-1950-ci illərdə «könüllülük» prinsipi əsasında Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülsün. Beləliklə, Qərbi Azərbaycanın azərbaycanlı əhalisinin növbəti deportasiyası başladı. Bu deportasiya son iki əsrdə Qərbi Azərbaycandan əhalinin soyqırımı və deportasiyası üzrə VII (1828,1856,1878,1905-1907,1918-1920,1937-1938,1948- 1953) idi. Bu soyqırımı və deportasiya nəticəsində 150.000 azərbaycanlı əhali Ermənistan SSR-dən Azərbaycan SSR-nin KürAraz ovalığına və çətinliklə digər rayonlara səpələndi. Nəticədə 50.000 əhali qırıldı. 50.000 əhali isə Stalin öldükdən sonra dağıdılmış doğma yurdlarına qayıdıb, alaçıqlarda yaşamaqla köhnə yurd-yuvalarını bərpa etdilər. Bu hadisə də soyqırımının növbəti bir mərhələsi idi.(Müəllifin araşdırmalarından). 1948-1953-cü illər üzrə «könüllü» köçürülmə üç mərhələ üzrə həyata keçirilməli idi: I mərhələ 1948-1950, II mərhələ 1951-1952-ci illər, III mərhələ 1953-cü il. Birinci mərhələnin ilkin nəticələri uğursuzluqlara uğradı.
Muğana köçürülən əhalinin əksəriyyəti-xüsusən qocalar və uşaqlar kütləvi surətdə hava və məişət şəraitinin pis olması ucbatından müxtəlif yoluxucu xəstəliklərə tutuldular və kütləvi ölüm halları baş verdi. Bu hadisədən xəbər tutan köçürülməmiş əhali çıxılmaz vəziyyətdə qaldılar. İmkansız əhali Azərbaycanın dağlıq rayonlarına, xüsusən Dağlıq Qarabağa köçmək arzularını bildirdilərsə, buna nail ola bilmədilər. Lakin çox çətinliklə Pəmbək mahalının Barana (Noyemberyan) rayonunun bəzi kəndləri – Ləmbəli, Körpülü və s. Azərbaycan SSR-nin Qazax rayonunda məskunlaşmasına icazə aldılar. Bu xəbəri Pəmbək mahalının digər kəndləri xoş xəbər kimi qarşıladılar, onlar da vaxtından əvvəl «könüllü» köçə qoşuldular. O cümlədən bu sətirlərin müəllifinin ailəsi. Lakin əhalini Ceyran Çöldə çadırlarda və vaqonlarda yerləşdirdilər. Oraya gündə bir dəfə maşınlarla su gətirirdilər. Daş-ağac tökürdülər ki, özünüzə ev tikin. Bir çox köçkünlər torpağı qazıb qoyun yatağı kimi evlər düzəltdilərsə, yaşayış mühiti çox acınacaqlı idi. Tikinti materialı üçün tökülmüş ağacları, taxtaları yandırırdılar. Hökumət qəsəbənin salınması üçün aciz idi. İmkansız qalmış əhali Qazax və Borçalı kəndlərinə dağıldılar. Geri, öz kəndinə qayıdanlar da oldu. Lakin onların evlərini dövlət inventarlaşdırıb xaricdən gələn ermənilərə verirdi. Hətta boş evlərə də sahibini buraxmırdılar.
Noyemberyan rayonunun Ləmbəli kəndinin əhalisi Stalinin ölümünə qədər kəndin ətraf ərazilərində gecəqonduları tikib orada yaşadılar. Xruşşovdan cavab məktubu gəldikdən sonra Ləmbəli camaatı boş olan evlərində yerləşə bildilər. Borçalı kəndlərinə dağılmış azərbaycanlıların isə taleyi heç gətirmədi. Onları 1951-ci ilin payızında vaqonlara doldurub Qazaxıstana sürdülər. Yeri gəlmişkən bir həqiqəti də qeyd etmək yerinə düşər. Köçürülmə ilə əlaqədar olaraq Azərbaycan SSR-nin o zamankı rəhbərləri (M.C.Bağırov, T.Quliyev, N.Heydərov) çıxılmaz vəziyyətə düşmüşdülər.
Çünki o dövrdə Azərbaycan xalqının iqtisadi-mədəni həyat səviyyəsi Zaqafqaziya respublikaları içərisində qat-qat aşağı səviyyədə idi. Az vaxt içərisində 100.000 əhalini yerləşdirmək asan problem deyildir. Bu «xalqlar atası» Stalinin iradəsi idi. Bu müddəa bir epizodla sübut edilə bilər. Azərbaycan KP MK-nın birinci katibi Mir Cəfər Bağırovun məhkəməsi zamanı o həmin prosesi belə şərh etmişdi ki, 1947-ci ilin sonunda İ.Stalinin köməkçisi Poskrebışev ona zəng edib Stalinin onu çağırdığını söyləyir. O, Moskvaya gedir və Stalinin qəbul otağında H.Arutyunovla rastlaşır. Birlikdə Stalinin kabinetinə daxil olurlar. Stalin müqəddiməsiz – filansız deyir: Bağırov, bilirsən ki, ermənilər xaricdən Ermənistana gəlirlər. Arutyunovun da torpağı yoxdur. Sən öz azərbaycanlılarını oradan götür, onları Muğanda, Mildə yerləşdirərsən.
M.C.Bağırov deyir ki, yoldaş Stalin, bu asan məsələ deyil. İcazə verin qayıdım, Bakıda yoldaşlarla da məsləhətləşim. Məsələni yoluna qoymağı götür-qoy edək. Stalin onun bu cavabından əsəbiləşir və deyir: Deyildi, əməl et! Qurtardı!93 Xruşşovun da hakimiyyətinin son illərində «Böyük Ermənistan» ideyası Mikoyanın təşəbbüsü ilə Sovet idarə aparatının gündəliyinə qaldırıldı.
Xruşşovun aqrar siyasətindən – SSRİ-nin iqtisadi regionlara bölünməsi siyasətindən istifadə edən Mikoyan ona təklif etdi ki, Ermənistan SSR-də və Naxçıvan MSSR-də iqtisadiyyatının əlverişli inkişafı üçün Naxçıvan MSSR-nin Ermənistan SSR-ə birləşdirilməsi vacibdir.
Xruşşov bu işi Azərbaycan ziyalılarının müzakirəsinə verdi. Nəticədə iş baş tutmadı. Bu illər Ermənistanda yaşayan azərbaycanlılara qarşı münasibətdə müəyyən sabitlik baş verdi. Bu dövrdə respublikanın stalinçi rəhbərlərinə qarşı həyata keçirilən kəskin və ədalətli tədbirlər yerlərdə məsuliyyət hissini artırır, hər hansı bir ekstremist hərəkətin qarşısı almırdı. Lakin ermənilərin «mets yeğerni» adlandırdıqları 1915-ci il hadisələrinin 50-ci ildönümü yaxınlaşdıqca ərazi tələbləri, türklərə qarşı ögey münasibətlər baş qaldırmağa başlamışdı.
Xüsusilə, Krımın Ukrayna SSR-ə verilməsindən sonra ekstremist tələblər geniş vüsət almışdı. 1962-1963-cü illərdə Ermənistan KP MK bürosunda Azərbaycan və Türkiyəyə torpaq iddiaları haqqında Moskvaya göndərilən ərizələrlə əlaqədar məsələlər müzakirə olunan zaman gizli söhbətlərdə belə bir fikir də söylənirdi ki, SSRİ Ali Sovetin Rəyasət Heyətinin sədri A.İ.Mikoyan Dağlıq Qarabağ Muxtar Vilayət Ermənistan SSR tərkibinə verilməsi məsələsini N.S.Xruşşov qarşısında qaldırmış, Xruşşov isə buna cavab olaraq demişdir ki, kifayət qədər hərbi avtomaşınlar ayırıb ermənilərin bir gecə ərzində Dağlıq Qarabağdan Ermənistana köçürülməsi barədə tapşırıq verə bilər.
Təbiidir ki, belə kəskin reaksiya öz təsirini göstərmişdi. Lakin 1964-cü ildə N.S.Xruşşovun hakimiyyətdən kənarlaşdırılması müvəqqəti sakitliyi pozdu. Ermənistanda «mets yeğerni» – «böyük qırğın» adlandırılan hadisəsinin 50-ci ildönümünü qeyd etməyə hazırlıq işləri genişləndi. Bu tədbiri keçirilməsində xarici ölkələrdə fəaliyyət göstərən daşnaq partiyasının və digər irticaçı-millətçi partiya və qrupların məqsədi, son qayəsi Ermənistan SSR-in rəhbərliyinin fəaliyyəti ilə üst-üstə düşür, hər iki tərəfdə aparılan təbliğat işi bu məqsədə yönəldilmişdi. Belə ki, iddia edirdilər ki, «qırğın» üçün Türkiyə hökuməti və xalqı məsuliyyət daşıyır, əzəli Ermənistan torpaqları yenidən birləşdirilməli «Böyük Ermənistan» dövləti yaradılmalıdır.
Gürcüstan SSR-in Boqdanovka rayonu, habelə ona həmsərhəd olan bölgələrin, Azərbaycan SSR Naxçıvan Muxtar Respublikasının və Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazilərini, Türkiyə Cümhuriyyətinin böyük bir hissəsini – Qars, Ərdəhan, Trabzon, Qars, Bitlis, Van vilayətlərini Ermənistana birləşdirmək həm rəsmi dairələrdə, həm də kütlə tərəfindən irəli sürülür, qətnamələr, müraciətlər qəbul edilirdi. Bütün əmək kollektivlərində, kolxoz və sovxozlarda, ali və orta məktəblərdə, hətta ibtidai siniflərdə belə tədbirlər, «mets yeğerni»nin 50-ci ildönümü erməni xalqının yekdilliyi və birliyi naminə yüksək səviyyədə keçirmək çağırışı səslənir, türklərə qarşı nifrət hissi təlqin edən kinofilmlər nümayiş etdirilir, kitablar çap olunurdu. Kütləvi mətbuat orqanları, radio və televiziya vasitələri ilə erməni xalqının müdrikliyi, qonşu xalqların köçəri və gəlmə olduqları barədə iri məqalələr çap edilir, verilişlər təşkil olunurdu.
Guya 1915-ci ildə törədilmiş vəhşiliklər, qadınların döşünün kəsilməsi, uşaqların süngülərə taxılması barədə «gözləri ilə gördükləri» hadisələr haqqında, daha doğrusu ermənilərin türklərə tutduqları vəhşilikləri türklərin adına çıxıb şahidlik edir, televiziya ekranlarından erməni xalqını türklərə qarşı mübarizəyə qalxmağa çağırırdılar. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, artıq 1965-ci ildə gizli erməni terror Ordusu «ASALA» formalaşmışdır. Komandanlığı «Mets Yeğerni»nin 50 illiyinin və «xalq qəhrəmanı» Ozanyan Andronikin anadan olmasının 100 illiyi bayramını da eyni günə (24 aprel 1965-ci il) salaraq türk qırğınları salmaq planını cızmışdılar. Planın proqramı belə idi, 24 aprel günü silahlı dəstələr Ermənistandakı azərbaycanlı kəndlərinə hücum etsinlər, dinc əhalini kütləvi surətdə qırsınlar.
Eyni vaxtda Türkiyə sərhədlərində pozuculuq edib, hücumlar etsinlər, qırğınlar təşkil etsinlər, həmin vaxtı radio və televiziya ilə bütün dünyaya elan etsinlər ki, gizli silahlanmış Azərbaycanlılar erməni kəndlərinə hücum etmişlər, bunlara kömək məqsədilə türk ordusu sərhəddi pozub sovet sərhədçilərinə hücuma keçmişlər. Planda ASALA nəzərə alırdı ki, Sovet Ordusu münaqişəyə qoşulacaq, bu məqamdan istifadə edib Türkiyədən müəyyən torpaqları. Qars, Ərdəhan, İqdır və s. vilayətləri tutmaq mümkün olacaq. NATO isə müharibəyə qoşulmaq əvəzinə münaqişənin sülh yolu ilə həll olunmasını irəli sürəcək. Nəticədə guya ermənilər «qədim» torpaqlarını beynəlxalq ictimaiyyətin təkidi və tələbi ilə əldə edəcəklər. «ASALA» əli silah tutan hər bir erməniyə öhdəlik qoymuşdur ki, ən azı bir azəri (türk) öldürsün.
Erməni daşnaqlarının bu sirli planları necə açıldı və qarşısı alındı? Qonşu erməni kəndlərindən azərbaycanlılarla dost olan ermənilər azəraycanlı kəndlərinə gəlib görüşüb halallaşırdılar ki, biz sizi qıracağıq, bizi isə hökumət öldürəcək. Bu sözləri qonşu erməni kəndi Hacıqaradan (Lernapaddan) olan, uzun müddət Quqark rayonunun Arcut (Ardıc) kəndində baytar həkim işləmiş Çolak adlı erməni ağlaya-ağlaya deyirdi ki, məni sizin kəndə bələdçi təyin ediblər, mən qırğının təşkil proqramını həyata keçirmək üçün əsas aparıcı şəxs kimi cavabdehlik daşıyıram. Ancaq mən gəlib sizinlə görüşüb, sonra intihar edəcəm. Bunu oğlanlarına da demişəm. Mən bu kəndin çörəyini ayaqlaya bilmərəm. Gürcüstandan və Azərbaycandan Moskvaya teleqramlar vurdular.
Dövlət tədbir gördü. Bütün erməni və Azərbaycan kəndlərinə milis və hərbçi keşikçilər qoyuldu, orduya sayıq olmaq tapşırığı verildi. Ermənilər məcbur olub bu mənfur plandan əl çəkdilər. Lakin yuxarıda deyilən kimi İrəvanda Lenin Meydanında mitinq keçirdilər. Leninin heykəlinin çiyin və başına gül əvəzi nəcis qoydular. Hərbi hissədən dağılmaq əmri gələndə, başda keşiş Vazgen olmaqla nümayişçilər ayaqqabılarını əllərinə alıb, Eçmiədzin kilsəsinə yürüş etdilər (30 km-dən artıq yoldur), sonrakı günlər isə xüsusən, 1965-ci ilin 23-24-25-ci aprel günlərində keçirilən tədbirlər kulminasiya nöqtəsinə çatmışdır. İrəvan şəhərinin erməni əhalisi küçələrə çıxmış, genosid qurbanlarının xatirəsinə ucaldılmış memorial tikinti yerinə doğru axışırdı. Kütlənin özündə katolikosla birlikdə respublikanın rəhbərləri addımlayırdılar.
Kütlənin başı üzərində qara parça ilə örtülmüş rəmzi tabut və «Böyük Ermənistan», «Qoparılmış ərazilər Ermənistana qaytarılmalıdır!», «İntiqam!», «İntiqam! «sözləri yazılmış şüarlar aparılırdı. Bu hadisədən sonra Ermənistan SSR-nin azərbaycanlı əhalisi sıxışdırılmağa başlanıldı, xüsusən İrəvanda, Leninakanda, Kirovakanda, Qafanda avtobuslarda, bazarlarda, ictimai yerlərdə azərbaycanlılar təhqir olunur, döyülürdü. Azərbaycanlılar Moskvaya, xüsusən Quqark rayonundan həm ərizə, teleqramlar vasitəsi ilə, həm də nümayəndə göndərmişlər. Azərbaycanlıların şikayəti Sovet İKP MK siyasi bürosunun iclasında müzakirə olundu; Quqark rayonunda «beynəlmiləl tərbiyənin vəziyyəti» mövzusunda məsələyə baxıldı və beynəlmiləl tərbiyəni yaxşılaşdırmaq üçün tövsiyələr edildi.
Respublika miqyasında isə heç kim cəzalandırılmadı. Yalnız Ermənistan KP Mərkəzi Komitəsinin birinci katibi Y. NZarobyan vəzifədən azad edilərək, 1966-cı il fevral ayından SSRİ elektrotexnika sənayesi nazirinin müavini vəzifəsinə təyin olundu. Lakin Ermənistanda yaşayan azərbaycanlıların məşəqqətli həyatı olduğu kimi qaldı. Təəssüf ki, uzun illər çar Rusiyasının və SSRİ-nin avantürist siyasəti sayəsində ermənilərin Qərbi Azərbaycan türklərinə qarşı tətbiq etdikləri 9 deportasiya və soyqırım siyasəti öz siyasi qiymətini dünya miqyasında tapmadı. Türkiyədən və Azərbaycandan torpaq qoparmaq uğrundakı çarpışmalarda məğlub olan ermənilər mübarizə taktikasını dəyişdilər.
Bu mübarizə yolunun biri köhnə taktikaları olan terrorçuluq, digəri isə «Böyük Ermənistan» uğrunda pul toplamaq idi. Onu da qeyd etmək lazımdır ki, daşnaq partiyası Yer kürəsində yeganə bir partiyadır ki, öz nizamnaməsində terrorçuluğa yer verir. Bu terrorçuluqla müəyyən niyyətlərinə çatırlar…
Y.Qazıyev. “Erməni məsələsi: yalanlar və gerçəklər” (Bakı, Nurlar, 2009) kitabından
19.12.2014