Milli mətbuatımızın 149 illiyi münasibətilə Şuşa şəhərində keçiriləcək “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda Qlobal Media Forumunun iştirakçılarının Azərbaycanın mədəniyyət paytaxtına səfəri başlayıb.
AZƏRTAC xəbər verir ki, Forum iştirakçıları əvvəlcə təyyarə ilə Qarabağın hava qapısına – Füzuli Beynəlxalq Hava Limanına gəliblər.
Qeyd edək ki, sayca ikinci dəfə təşkil edilən Şuşa Qlobal Media Forumunda ümumilikdə 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media subyektinin iştirakı gözlənilir. Qlobal Media Forumunun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın media nümayəndələri, ekspertlər və rəsmilər də var.
Açılış mərasimindən sonra Forum işini sessiyalarla davam etdirəcək.
Forum çərçivəsində “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək”, “Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər”, “Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi” və “İqlim hərəkatı və media” mövzularında dörd panel sessiya təşkil olunacaq. Panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, media üzrə ekspertlər ətraflı fikir və təcrübə mübadiləsi aparacaqlar.
Bununla yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirlərinə qarşı aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma barədə məlumat veriləcək.
Forum iyulun 22-dək davam edəcək.