Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü
haqqında 18/8-P IS saylı qətnamə
İslam Konfransı Təşkilatı dövlət və hökumət başçılarının 9-11 dekabr 1997-ci il tarixdə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində zirvə toplantısı (Ləyaqət, Dialoq və İştirak Sessiyası) keçirilmişdir.
İslam Konfransı Təşkilatı Nizamnaməsinin prinsip və vəzifələrindən çıxış edərək;
Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzündən və Azərbaycan torpaqlarının 20 faizindən çoxunun işğal olunmasından həddindən artıq narahat olduğunu bildirərək;
Ermənistanın təcavüzü nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və köçkünlərin düşdüyü ağır durumdan, humanitar problemlərin miqyası və ağırlığından həddindən artıq təəssüflənərək;
Əvvəlki bütün müvafiq qətnamələri, xüsusilə İslam Konfransı Təşkilatının Mərakeş Krallığının Kasablanka şəhərində 13-15 dekabr 1994-cü il tarixdə keçirilmiş VII sessiyasında bu məsələ ilə bağlı qəbul edilmiş qətnaməni bir daha təsdiqləyərək;
Ermənistanın təcavüzünün beynəlxalq sülh və təhlükəsizlik üçün təhlükə yaratdığını bilərək;
BMT nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsində təkid edərək;
Münaqişənin həllinə yönəlmiş bütün diplomatik və digər səyləri alqışlayaraq;
Bütün BMT üzvlərinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, siyasi müstəqilliyinə hörmət etdiyini bir daha təsdiqləyərək;
Həm də zorakı yolla torpaqların qəsb edilməsinin yolverilməz olduğunu bir daha təsdiq edərək;
Həm də Ermənistan Respublikasının təcavüzkar siyasətinin ATƏT çərçivəsində sülh prosesinə destruktiv təsirini qeyd edərək;
1. Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzünü qəti şəkildə pisləyir.
2. İşğal olunmuş Azərbaycan ərazilərində mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş hərəkətləri insanlığa qarşı cinayət hesab edir.
3. İşğal olunmuş Azərbaycan ərazilərində arxeoloji-mədəni və dini abidələrin yağmalanması və dağıdılmasını qəti şəkildə pisləyir.
4. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin yerinə yetirilməsini, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə, o cümlədən Laçın və Şuşa rayonlarından çıxarılmasını, Ermənistanın Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət etməsini qəti şəkildə tələb edir.
5. BMT Təhlükəsizlik Şurasının qətnamələrindəki tələblərin Ermənistan tərəfindən yerinə yetirilməməsi ilə bağlı narahatlığını bildirir.
6. Təhlükəsizlik Şurasını Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzünü tanımağa; BMT Nizamnaməsinin 7-ci fəslinin tələblərinə uyğun olaraq onu öz qətnamələrinin yerinə yetirilməsi üçün müvafiq addımlar atmağa çağırır, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı təcavüzü pisləyir və BMT-də buna son qoyulması üçün atılacaq addımları əlaqələndirməyi qərara alır.
7. Təcavüzkarın münaqişəni daha da genişləndirməyə ruhlandırmamaq və Azərbaycan ərazilərini işğal altında saxlamaqda davam etdirməsinə imkan verməmək üçün bütün dövlətlərdən Ermənistanı silah-sursatla təchiz etməkdən çəkinməyi tələb edir. BMT üzvü olan dövlətlərin ərazisindən bu cür silahsursatın ötürülməsi üçün istifadə olunmamalıdır.
8. BMT üzvü olan dövlətləri, eləcə də beynəlxalq birliyin digər üzvlərini Ermənistanın təcavüzünə və Azərbaycan ərazilərinin işğalına son qoymaq üçün təsirli siyasi və iqtisadi tədbirlər görməyə çağırır.
9. Ermənistanla Azərbaycan arasındakı münaqişəni onların ərazi bütövlüyü və beynəlxalq aləm tərəfindən tanınmış sərhədlərin toxunulmazlığına hörmət prinsipləri əsasında ədalətlə və sülh yolu ilə həll etməyə çağırır.
10. Ermənistanı və Azərbaycanı, eləcə də Minsk qrupuna daxil olan bütün dövlətləri ATƏT-də gedən sülh prosesləri ilə konstruktiv şəkildə məşğul olmağa, münaqişənin sülh yolu ilə həllini çətinləşdirə biləcək hər hansı addım atmamağa çağırır.
11. Azərbaycan hökuməti və xalqının öz ölkələrini qorumaq üçün göstərdiyi bütün səyləri dəstəkləyir və onlarla tam həmrəy olduğunu bir daha təsdiq edir.
12. Qaçqın və köçkünlərin təhlükəsiz və ləyaqətlə öz doğma torpaqlarına qayıtması üçün şərait yaratmağa çağırır.
13. Qaçqın və köçkünlərə humanitar yardım göstərmiş bütün üzv dövlətlərə təşəkkürümüzü bildirir və digərlərini də onlara yardım etməyə çağırırıq.
14. Azərbaycan ərazisində bir milyondan artıq qaçqın və köçkünlə bağlı ciddi humanitar problemlərin yaşandığından narahatlığı ifadə edir, üzv ölkələr, İslam İnkişaf Bankı və digər İslami qurumlardan Azərbaycan Respublikasına təcili maliyyə və humanitar yardımı göstərməyi xahiş edir.
15. Dəymiş zərər üçün Azərbaycanın müvafiq kompensasiya almaq hüququnun olduğunu nəzərə alaraq bu zərərin ödənilməsi üçün məsuliyyəti Ermənistanın üzərinə qoyur.
16. Baş Katibin üzv dövlətlərin mövqeyinin ATƏT–in cari sədrinə çatdırılması üçün göstərdiyi səyləri qiymətləndirir.
17. Baş Katibdən bu qətnamənin yerinə yetirilməsini izləməyi və bu barədə İslam Konfransı Təşkilatının 9-cu sessiyasına məruzə təqdim etməsini xahiş edir.
Azərbaycan Respublikasına iqtisadi yardım barədə 18/8-E IS saylı qətnamə
İslam Konfransı Təşkilatı dövlət və hökumət başçılarının 9-11 dekabr 1997-ci il tarixdə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində zirvə toplantısı (Ləyaqət, Dialoq və İştirak Sessiyası) keçirilmişdir.
İslam Konfransı ölkələri xarici işlər nazirlərinin 24-cü sessiyasının 18/24-E saylı qətnaməsini yada salaraq;
Ölkənin tarixinin çox ağır və kritik anında İslam Konfransı Təşkilatı üzvü olan ölkələrin Azərbaycan hökuməti və xalqı ilə yekdil həmrəyliyini təsdiqləyərək;
Bu münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə istinad edərək;
Azərbaycanın Dağlıq Qarabağ bölgəsində silahlı əməliyyatları, bunun nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal olunmasını, təxminən bir milyon azərbaycanlının öz vətənindən zorla çıxarılması, təcavüz nəticəsində insan hüquqlarının kobud şəkildə pozulmasını pisləyərək;
Azərbaycan hökuməti və xalqı ilə İslam Konfransı Təşkilatına üzv dövlətlərin həmrəyliyini konkret şəkildə nümayiş etdirmək zərurətini lazım bilərək;
İKT-yə üzv olan bəzi ölkələrin və İKT-nin müvafiq qurumlarını, BMT qurumları və beynəlxalq təşkilatların Azərbaycana göstərdiyi yardımı alqışlayaraq;
Həm də təşkilatın iqtisadi, mədəni və sosial məsələlər üzrə komissiyasının 20-ci sessiyasının tövsiyələrini nəzərə alaraq;
1. İKT-nin üzv dövlətlərinə və İslami qurumlara müraciət edir ki, Azərbaycan xalqının iztirab və əzablarını yüngülləşdirmək üçün Azərbaycan hökuməti və xalqına iqtisadi və humanitar yardım göstərsinlər.
2. Beynəlxalq təşkilatları Azərbaycana təcili humanitar və maliyyə yardımı göstərməyə çağırır.
3. Baş Katibdən xahiş edir ki, məsələni izləsin və bu barədə məruzə hazırlayıb İKT-nin sonrakı sessiyasına təqdim etsin.