Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü
haqqında 9/33-P saylı qətnamə
İslam Konfransı Təşkilatı Nizamnaməsinin prinsip və məqsədlərinə əsaslanaraq;
Azərbaycan ərazisinin 20 faizinin işğalı ilə nəticələnən Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzündən ciddi şəkildə narahat olaraq;
Azərbaycan ərazisinin böyük bir hissəsinin işğal altında saxlanılmasının davam etdirilməsi və həmin ərazilərdə qanunsuz olaraq erməni millətindən olan şəxslərin köçürülməsindən dərin narahatlıq hissi ifadə edərək;
Erməni təcavüzü nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsindən və bu nəhəng humanitar problemin ağırlığından dərin narahatlıq keçirərək;
İslam Konfransı Sammitinin bütün əvvəlki qətnamələrini, xüsusilə 20-21 Şaban, 1424-cü il Hicri tarixində (16-17 oktyabr 2003) Putracayada keçirilmiş zirvə görüşündə qəbul olunmuş 21/10-P(IS) saylı qətnaməsini bir daha təsdiq edərək;
BMT Nizamnaməsinə ciddi şəkildə əməl edilməsinə, Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tam şəkildə yerinə yetirilməsinə çağıraraq;
Ermənistan və Azərbaycan arasındakı münaqişənin həll edilməsi üçün bütün diplomatik və digər cəhdləri alqışlayaraq;
Bütün üzv dövlətlərin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyinə hörmət etmək öhdəliyini bir daha təsdiq edərək;
Ermənistan Respublikasının təcavüzkar siyasətinin ATƏT çərçivəsindəki sülh prosesinə dağıdıcı təsir göstərdiyini bir daha qeyd edərək;
Baş katibin hesabatını (OIC/ICFM – 33/POL/SG-REP.7) nəzərə alaraq
1. Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünü sərt şəkildə ittiham edir.
2. İşğal olunmuş Azərbaycan torpaqlarındakı mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş hərəkətləri insanlığa qarşı cinayət hesab edir.
3. Azərbaycanın işğal edilmiş ərazilərindəki arxeoloji, mədəni və dini abidələrin talan edilməsini və yandırılmasını sərt şəkildə ittiham edir.
4. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tam şəkildə yerinə yetirilməsini, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu da daxil olmaqla bütün işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını qəti şəkildə tələb edir və Ermənistanı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü tanımağa çağırır.
5. Ermənistanın yuxarıda göstərilən BMT Təhlükəsizlik Şurası qətnamələrinin tələblərini hələ də yerinə yetirməməsindən narahatlığını ifadə edir.
6. BMT Təhlükəsizlik Şurasını Azərbaycan Respublikasına qarşı təcavüzü tanımağa; BMT Nizamnaməsinin VII fəslinə uyğun olaraq öz qətnamələrinin yerinə yetirilməsini təmin etməyə; Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı təcavüzü ittiham etməyə və aradan qaldırmağa çağırır və bu məqsədlə BMT–də əlaqələndirilmiş tədbirlər görməyi qərara alır.
7. Təcavüzkarı münaqişəni genişləndirmək və Azərbaycan ərazilərini işğal altında saxlamaq imkanlarından məhrum etmək məqsədilə bütün üzv dövlətləri Ermənistana silah və hərbi ləvazimatla təchiz etməkdən çəkinməyə çağırır. Üzv dövlətlərin əraziləri belə bir təchizat üçün tranzit kimi istifadə olunmamalıdır.
8. Üzv dövlətləri, həmçinin beynəlxalq birliyin digər üzvlərini Ermənistanın təcavüzünə və Azərbaycan ərazilərinin işğalına son qoymaq məqsədilə bütün təsirli siyasi və iqtisadi vasitələrdən istifadə etməyə çağırır.
9. Ermənistan və Azərbaycan arasındakı münaqişənin dövlətlərin ərazi bütövlüyü və beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri çərçivəsində ədalətli və sülh yolu ilə həllinə çağırır.
10. Üzv dövlətlərin Nyu–Yorkdakı Daimi Nümayəndəliklərini BMT Baş Məclisində səsvermə zamanı Azərbaycanın ərazi bütövlüyü məsələsini müdafiə etmək üçün təlimatlandırmağı qərara alır.
11. Ermənistanı və ATƏT–in Minsk Qrupunun bütün üzv dövlətlərini BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT–in sənədləri, o cümlədən 24 mart 1992-ci ildə keçirilmiş ATƏT Şurasının Birinci Əlavə Görüşünün, 5-6 dekabr 1994, 2-3 dekabr 1996 və 18-19 noyabr 1999-cu il ATƏT Sammitlərinin sənədlərinə əsasən ATƏT–in davam etməkdə olan sülh prosesində konstruktiv şəkildə iştirak etməyə və sülhə nail olmağı daha da çətinləşdirə biləcək istənilən hərəkətdən çəkinməyə çağırır.
12. Ermənistan və Azərbaycan arasındakı münaqişənin həlli üçün ATƏT sədrinin 1996-cı il Lissabon zirvə görüşündəki bəyanatında əks olunan prinsipləri – Ermənistan Respublikası və Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınması, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək özünüidarə statusu verilməsi və bütün regionun əhalisinin təhlükəsizliyinə təminat verilməsini tam dəstəklədiyini bəyan edir.
13. Baş vermiş faktın münaqişənin həlli üçün əsas ola bilməyəcəyini və nə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərindəki mövcud vəziyyətin, nə də mövcud status–kvonu saxlamaq üçün həmin ərazilərdəki istənilən fəaliyyətin, o cümlədən təşkil edilən səsvermənin hüquqi cəhətdən keçərli qəbul olunmayacağını vurğulayır.
14. Beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması olan, münaqişənin sülh yolu ilə həlli prosesinə pozucu təsir göstərən Azərbaycanın işğal olunmuş ərazilərində erməni millətindən olan əhalinin yerləşdirilməsinin dayandırılmasını və bunun nəticələrinin aradan qaldırılmasını tələb edir və Azərbaycanın BMT Baş Məclisi də daxil olmaqla bu məqsədlə göstərdiyi səyləri o cümlədən Nyu–Yorkda BMT–dəki Daimi Nümayəndəlikləri vasitəsilə müdafiə edir.
15. ATƏT–in Minsk Qrupunun fəaliyyətini və Azərbaycan və Ermənistanın xarici işlər nazirləri səviyyəsində aparılan məsləhətləşmələri müdafiə etdiyini və mərhələli həllin Azərbaycan Respublikasına qarşı təcavüzün ən ağır nəticələrini aradan qaldıracağına inandığını bildirir.
16. Baş Katibdən İKT–nin Ermənistanın Azərbaycana qarşı təcavüzünə qarşı prinsipial və qəti mövqeyini Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının indiki sədrinə çatdırmağı xahiş edir.
17. Azərbaycan hökumətinin və xalqının öz ölkələrini müdafiə etmək üçün göstərdiyi cəhdlərlə tam həmrəyliyini bir daha təsdiq edir.
18. Məcburi köçkünlərin və qaçqınların təhlükəsiz, şərəf və ləyaqətlə qayıtmasına şərait yaradılmasına çağırır.
19. Məcburi köçkünlərə və qaçqınlara humanitar yardım göstərmiş bütün üzv dövlətlərə minnətdarlığını ifadə edir və digərlərini də həmin insanlara yardım göstərməyə çağırır.
20. Azərbaycan Respublikası ərazisində bir milyondan çox məcburi köçkünlərin və qaçqınların mövcudluğu ilə əlaqədar humanitar problemlərin kəskinliyindən narahatlığını ifadə edir və İKT üzv dövlətlərini, İslam İnkişaf Bankını və digər İslam institutlarını Azərbaycan Respublikasına böyük ehtiyac duyulan maliyyə və humanitar yardım göstərməyə çağırır.
21. Azərbaycanın məruz qaldığı zərərlərə görə müvafiq kompensasiya hüququ olduğunu hesab edir bu zərərlərə görə adekvat kompensasiya ödənilməsi məsuliyyətini Ermənistanın üzərinə qoyur.
22. Baş Katibdən bu qətnamənin yerinə yetirilməsinə nəzarət etməyi və bununla bağlı İslam Konfransı Xarici İşlər Nazirlərinin 34-cü Sessiyasına məruzə etməyi xahiş edir.
Azərbaycan Respublikasına İqtisadi Yardım Haqqinda
10/33-E saylı qətnamə
İKT Xarici İşlər Nazirlərinin Azərbaycan Respublikasının Bakı şəhərində keçirilən 19-21 iyun 2006-cı il tarixli 33-cü sessiyası, İKT-nin 7-8 dekabr 2005-ci il 3-cü Fövqəladə Məkkə zirvə görüşünün On İllik Fəaliyyət Proqramını xatırladaraq,
İKT dövlət və hökumət başçılarının X Zirvə Toplantısının qəbul etdiyi 21/10-E saylı Qətnaməni xatırladaraq,
Eləcə də, İKT Xarici İşlər Nazirlərinin XXXII Konfransının qəbul etdiyi 10/32-E saylı qətnaməni xatırladaraq,
Ölkənin tarixindəki təhlükəli dövr və böhran vəziyyətində İKT üzvü olan dövlətlərin Azərbaycan hökuməti və xalqı ilə tamamilə həmrəyliyini təsdiq edərək,
BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar müvafiq qətnamələrinə istinad edərək,
Ermənistanın Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində apardığı, təqribən 20%-dək ərazinin işğalı və bu təcavüz, insan hüquqlarının kobud şəkildə pozulması və qəddarlıqla həyata keçirilən hücumlar nəticəsində 1 milyon Azərbaycan xalqı övladının öz doğma yurdlarından zorla qovulması ilə müşayiət olunan təcavüzkar əməllərini pisləyərək,
Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə Azərbaycana dəymiş iqtisadi zərərin həcminin 60 mlrd. ABŞ dollara olduğunu nəzərə alaraq,
Bir sıra İKT üzv dövlətlərinin və müvafiq qurumların, BMT təsisatlarının, beynəlxalq təşkilatların təqdim etdiyi yardımı alqışladığını ifadə edərək,
Eləcə də Baş Katibin məruzəsini nəzərə alaraq:
1. Üzv dövlətləri və islam qurumlarını Azərbaycan xalqının əzablarını yüngülləşdirmək məqsədi ilə Azərbaycan hökumətinə lazımi iqtisadi və humanitar yardım göstərməyə çağırır.
2. Beynəlxalq təşkilatları Azərbaycanı təxirəsalınmaz maliyyə və humanitar yardım ilə təmin etməyi davam etdirməyə dəvət edir.
3. Baş Katibdən bu Qətnamənin yerinə yetirilməsinə nəzarət etməsini və bu barədə İKT Xarici İşlər Nazirlərinin XXXIV Konfransına hesabat verməsini xahiş edir.
Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycan
Respublikasının işğal olunmuş ərazilərində islam tarixi və mədəniyyət
abidələrinin məhv edilməsi və dağıdılması haqqında 2/33-C saylı qətnamə
İKT dövlət və hökumət başçılarının Zirvə toplantılarının və digər İKT konfranslarının, xüsusilə İKT dövlət və hökumət başçılarının X Zirvə toplantısının qəbul etdiyi qətnamələri xatırladaraq,
İKT Nizamnaməsinin islam irsinin qorunması və müdafiəsi barədə səylərin birləşdirilməsinə dair məqsəd və prinsiplərindən çıxış edərək,
Ermənistan tərəfindən işğal edilmiş ərazilərdəki Azərbaycan tarixi,mədəniyyəti, arxeologiyası, etnoqrafiyasının Azərbaycan tarixi və mədəniyyətinin ayrılmaz hissəsi olduğunu dərk edərək,
BMT Təhlükəsizlik Şurasının Laçın və Şuşa rayonları daxil olmaqla Azərbaycanın işğal olunmuş bütün ərazilərindən erməni silahlı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını, habelə Ermənistan tərəfindən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsini tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrini təsdiq edərək,
Ermənistan tərəfindən etnik təmizləmə məqsədilə Azərbaycanda məscidlərin və digər müqəddəs islam məbədlərinin tam və vəhşicəsinə dağıdılmasının vandalizm aktı olduğunu təsdiq edərək,
Ermənistan Respublikasının işğal etdiyi Azərbaycan ərazilərində erməni təcavüzkarları tərəfindən islam irsinə vurulmuş böyük zərərin – nadir islam mədəniyyəti və memarlıq abidələrinin, habelə məscidlərin, məbədlərin, məzarlıqların, arxeoloji qazıntıların, muzeylərin, kitabxanaların, rəsm qalereyalarının, dövlət teatrlarının, musiqi məktəblərinin tam və ya qismən dağıdılması, zəbt edilmiş muzeylərdən çoxsaylı qiymətli əşyaların, milyonlarla kitab və tarixi əlyazmaların çıxarılması və məhv edilməsi faktları nəzərə alaraq, Azərbaycan xalqı və hökumətinin bununla əlaqədar narahatlığını tam bölüşərək,
Bu məsələyə dair İslam Konfransı Təşkilatı Baş Katibinin hesabatını nəzərdən keçirərək,
1. Erməni təcavüzkarlarının Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində islam sivilizasiyasının tam məhv edilməsinə yönəldilmiş vəhşi hərəkətlərini ciddi surətdə pisləyir.
2. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin Ermənistan Respublikası tərəfindən qeyd-şərtsiz və mütləq yerinə yetirilməsini qəti surətdə tələb edir.
3. Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərdə islam mədəni dəyərlərinin qorunmasına regional və beynəlxalq səviyyədə yönəldilmiş səylərini dəstəklədiyini ifadə edir.
4. Azərbaycanın ona dəymiş ziyanın müqabilində təzminat almaq hüququna malik olduğunu və bu təzminatın ödənilməsi üçün Ermənistanın tam məsuliyyət daşıdığını təsdiq edir.
5. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məscidlərin, təhsil ocaqlarının, kitabxanaların, muzeylərin İKT–yə üzv dövlətlərin yardımı ilə bərpası üçün İKT–nin bölmələrini və ixtisaslaşmış qurumlarını yardım proqramının təşkili imkanlarını araşdırmağa çağırır.
6. Bu problemə dair İslam Konfransı Təşkilatına üzv dövlətlərin mövqeyi barədə BMT, ATƏT və digər beynəlxalq təşkilatlara məlumat verilməsi, İKT və digər ixtisaslaşmış qurumlar və onların bölmələri arasında koordinasiyanın həyata keçirilməsi ilə əlaqədar İKT Baş Katibinə, həmçinin həmin təşkilatlara, xüsusilə İslam İnkişaf Bankı, İSESCO–ya Azərbaycan Respublikasında islam tarixi abidələrinin qorunması layihələrinin icrası proqramına sayğı ilə yanaşdıqları üçün minnətdarlığını ifadə edir.