Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Suriyada Aralıq dənizi üzərində İsrail Hərbi Hava Qüvvələrinin fəaliyyəti nəticəsində Rusiyanın İl-20 təyyarəsi vurulub. 15 nəfər həlak olub. Rusiya müdafiə naziri Sergey Şoyqu bəyan edib ki, “İsrail hərbi idarəsinin hərəkətləri Rusiya-İsrail tərəfdaşlığının ruhuna cavab vermir və biz cavab addımları atılması hüququnu özümüzdə saxlayırıq. Vurulmuş Rusiya təyyarəsi və ekipajın həlak olmasına görə bütün məsuliyyət İsrail tərəfinin üzərinə düşür”. (“Komsomolskaya pravda” qəzeti).
Rusiya təyyarəsinin 15 nəfərlik ekipajla vurulması əvvəlcə Kremldə çaşqınlıq yaradıb. Hadisədən sonrakı ilk saatlarda ruslar təyyərəyə atəş açılmasında Fransa gəmisini günahlandırıblar. Yalnız növbəti gün Rusiya Müdafiə Nazirliyi təyyarənin Suriya müdafiə sistemləri tərəfindən vurulduğunu etiraf edib. Müdafiə Nazirliyinin nümayəndəsi İqor Kanaşenkov bildirib ki, Rusiya təyyarəsinin arxasında gizlənən israilli təyyarəçilər onu Suriya HHQ-nin atəşi altına salıblar.
Rusiya Prezidenti V.Putin isə baş verənləri “faciəvi təsadüfi şəraitin həlqələri” adlandırıb.
Ruslar müttəfiqlərinə verdikləri silahla rus əsgərlərinin qətlə yetirildiyini etiraf etməkdən çəkinirlər. Buna görə də Moskva baş vermiş hadisədə İsrailə günahlandırmağa məcbur olub (“Haaretz” (İsrail)).
Baş verən hadisə ilə bağlı politoloqlarımızın rəylərini soruşduq :
Ceyhun Əhmədli baş verənlərin Rusiya və İsrail arasında gərginliyə səbəb olmayacağı fikrindədir: “Rusiya qırıcısının İsrail hərbi hava qüvvələri tərəfindən vurulması iddiası qlobal geosiyasətdə böyük əks-sədaya səbəb olsa da, fikrimcə, bu insident Moskva ilə Təl-Əviv arasında gərginliyin yaranmasına rəvac verməyəcək. Çünki Rusiya qırıcısının Suriya ərazisində İsrail qüvvələri tərəfindən vurulması hələ öz təsdiqini tapmayıb. Müxtəlif versiyalar mövcuddur. Bu versiyaların birinə əsasən, Suriya hərbi hüvvələri tərəfindən İsrail təyyarəsi havada hədəf kimi götürülərkən, elə şərait yaranıb ki, İsrail təyyarəsi havada olan Rusiya təyyarələrinin arxasına keçib və nəticədə Əsəd qüvvələrinin atdığı raket İsrail yox, Rusiya təyyarəsinə dəyib və bu faciə yaşanıb. Yəni söhbət İsrailin hərbi təxribatından gedir. Bəzi dairələr tərəfindən bu hadisə ilə Rusiya və Türkiyə arasında 2 il əvvəl yaşanmış təyyarə böhranı arasında analogiya aparılır. Hər iki hadisə arasında bir çox oxşarlıqlar olsa da, qətiyyən eyni siyasi nəticələri doğura bilməz. İndiki geosiyasi reallıqlar çərçivəsində Moskvaya Təl-Əvivlə münasibətləri korlamaq qətiyyən sərf etməz. Çünki bu gün Rusiyanın Orta Şərq regionunda düşmənə yox, dosta-müttəfiqə ehtiyacı var. Nəzərə alaq ki, İsrail ABŞ-ın regionda strateji müttəfiqi olmasına baxmayaraq, heç vaxt Rusiyaya qarşı tətbiq olunan sanksiyalara qoşulmayıb. Söz yox ki, rəsmi Moskva bütün bunları hesaba alır. Bu hadisəyə qədər iki ölkə arasındakı siyasi-iqtisadi əlaqələr çox yüksək səviyyədə idi. İsrailin əsas qayğıları regionun İranın təsir dairəsindən uzaq tutmaqdır. Rusiyanın son vaxtlar sərgilədiyi siyasi ritorika İsrailin bu maraqlarının göz ardı edilməyəcəyini deməyə əsas verir. ABŞ-la sıx siyasi münasibətlərə sahib olsa da, İsrail kimi bir tərəfdaşa sahib olmaq Rusiyanın dövlət maraqları üçün çox zəruridir. İndiki məqamda Rusiya dövləti rəhbərliyinin təyyarə insidentinə görə çox da sərt mövqe nümayiş etdirmədiyinin şahidiyik. Dünən Rusiya Müdafiə Nazirliyi “İsrailə qarşı cavab vermək hüqumuzu özümüzdə saxlayırıq” şəklində məlumat yaysa da, ardınca Prezident Vladimir Putin jurnalistlərə açıqlamasında baş verən insidentə görə İsraili birbaşa günahlandırmaqdan imtina edərək hadisəni “faciəli təsadüflər zəncirinə” bənzədib. Putinin bu açıqlamasından belə nəticə çıxarmaq olar ki, Rusiya-İsrail münasibətləri bu insidentlə qarşıdurma fazasına keçməyəcək. Yəqin ki, İsrail dövlətinin rəsmi üzürxahlığından sonra iki ölkə arasındakı münasibətlər əvvəlki səviyyəsini bərpa edəcək”.
Zaur Məmmədov bu hadisənin müəmma haləsinə büründüyü qənaətindədir: “Rusiyanın İl-20 təyyarəsinin Rusiya və Türkiyə prezidentlərinin Soçidəki görüşündən sonra vurulması təbii ki, bir sıra sualları ortaya çıxarır. Nə üçün Rusiya təyyarəsi bu ərəfədə vuruldu? Hərçənd belə bir versiya səslənir ki, İsrailin F-16 təyyarəsi Suriya hava hücumundan müdafiə sistemlərinin hədəfinə düşərkən, Rusiya təyyarəsi vurulub. Bu ilkin versiya idi və məncə, o qədər də real səslənmir. Bəlkə elə Bəşər Əsəd və İranın Rusiya və Türkiyə arasındakı anlaşma xoşlarına gəlməyib. Ona görə də bu hadisəni Əsəd və İran tərəfindən atılmış addım kimi də nəzərdən keçirmək olar. Bütün hallarda Suriyada gərginlik artır, İqlib ətrafında da gərginliyin artacağı gözlənilir. Düzdür, İqliblə bağlı Rusiya və Türkiyə razılığa gəldilər, amma bu heç də o demək deyil ki, Qərb, Bəşər Əsəd və İran bu razılıqdan məmnundur. Hər halda Rusiya bölgədə vəziyyətin gərginləşməsində maraqlı deyil. Və son zamanlar Türkiyə və İsraillə, hətta ABŞ-la münasibətlərində bu sezilir. Lakin Qərb koalisiyası, Rusiya, İran, Türkiyə və İsrail hər an hərbi müdaxiləyə hazırdır. Hər hansı bir qığılcım bölgədə müharibə atəşini yenidən alovlandıra bilər”.
Ramiyə Məmmədova hesab edir ki, hadisə ilə bağlı müəmmalar çoxdur, verilən cavablar isə qanedici deyil: “İsrailin Suriya ərazisində apardığı hava əməliyyatı nəticəsində Rusiyanın İl-20 təyyarəsinin vurulması və 15 nəfərin tələf olması İsrail və Rusiya arasındakı isti münasibəti gərginləşdirdi. Bir cox xarici ölkə mətbuatının verdiyi məlumatlara əsasən, Rusiya ilə İsrail, eləcə də onların müdafiə sistemləri arasında cox dərin iş birliyi olduğu halda, İsrailin əməliyyat kecirilməsi barədə Rusiyaya məlumat verməməsi bu ölkəni daha çox narazı salıb. İsrailin bilərəkdən Rusiya təyyarəsini vurduğunu da iddia edənlər var, yəni bu ölkənin Rusiya-Türkiyə-İran birliyinə qarşı çıxması ilə bağlı iddilar da yer almaqdadır. Rusiya prezidenti və İsrail baş nazirinin telefon danışıqlarından sonra, Rusiya tərəfi bu məsələyə daha sakit yanaşmaqla araşdırılacağını bildirib və İsrailin iddiasını qəbul edərək, hadisənin təsadüf nəticəsində baş verdiyini elan edib. Əlbəttə, baş verənlər çoxlu suallar doğurur. Nə üçün təyyarələrin ucduğu zaman identifikasiya sistemi calışmayıb, kəşfiyyat təyyarəsində 15 nəfər insanın nə məqsədlə və hansı əməliyyatı kecirdikləri barədə də hec bir məlumat verilmir. Yəni suallar cox, verilən cavablar isə qaneedici deyil. Lakin burada bir məsəsələyə toxunmaq lazımdır ki, bu gün Rusiyaya Yaxın Şərqdə İsraillə müttəfiq qalmaq daha sərfəli və vacibdir. Cünki İsrail Yaxın Şərqdə həm qücə, həm də sözə sahib dövlətdir. Üstəlik İsrailin ABŞ-la olan isti münasibətləri də Rusiyaya hər zaman lazım ola bilər. ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları İsrail dəstəkləmir. Rusiya hər an bu münasibətlərdən istifadə edərək İsrailin ABŞ və Rusiya arasındakı buzları əritmək məqsədilə kömək istəyə biləcəyi də mümkündür”.
Yeri gəlmişkən, bir sıra Rusiya hərbi eksperti və şərqşünası da baş verənlərdə İsrail təxribatına inanmadıqlarını bildirirlər.
Gündüz Nəsibov