Bu günlər bütün İslam dünyası müsəlmanların ən böyük baramlarından biri olan Qurban bayramını qeyd edir. Mərhəmət, xeyirxahlıq, məhəbbət ideallarını təcəssüm etdirən Qurban bayramı inanc sahiblərində mənəvi saflıq və inam hisslərinin qorunmasına xidmət edir. Qurban bayramı oğlunu Allah naminə qurban vermək istəyən, lakin əli Uca Rəbbimiz tərəfindən geri çevrilən İbrahim peyğəmbər dövründən qeyd edilir. Qurani-Kərimə görə, Ulu Yaradan İbrahimin imanını möhkəmləndirmək üçün onu sınaqdan keçirib. Allah İbrahimə uzun illərdən sonra doğulmuş oğlu İsmayılı qurban kəsməyi əmr edib. Rəbbinin əmrinə İbrahimin itaətlə əməl etdiyini görən Allah onu mükafatlandıraraq, sevimli oğlunun həyatını qoruyub. İsmayılın yerinə isə qurban olaraq qoç göndərib.
Beləliklə, bayramın əsil mahiyyəti insan qanının axıdılmasına qadağa qoyulmasındadır. Bu bayram xüsusilə bu gün, İslamın qəddarlıqda, qan tökməyə cəhddə ittiham edildiyi bir dövrdə xüsusilə aktualdır. Başqa sözlə desək, Qurban bayramı bəşəriyyət tarixində ilk humanizm bayramıdır. İnsanların Allahın bəşəriyyətə çağırışını unutmamaları üçün məhz bu gün heyvanların qurban kəsilməsi qəbul olunub. Bu sadəcə magik ritual deyil – Allaha kəsilmiş heyvanın cismi lazım deyil. Qurban kəsməklə biz sadəcə olaraq günahlarımızın ağır nəticələri və imanımızın qorunması üçün daha bir xatırlatma qazanırıq. Müqəddəs Qurani-Kərimdə yazılıb: “Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir).” (Həcc surəsi, 37-ci ayə).
Bu mübarək gündə Rəhim və Rəhman olan Allahdan təvəqqe edirik ki, ölkəmizi və xalqımızı fəlakətlərdən qorusun, bizə sülh, səadət və rifah bəxş etsin.
Böyük Allah dünyanın müxtəlif ölkələrində İslam niqabına bürünüb, müsəlman qanı axıdanların qəlblərinə iman işığı səpsin!
Gündüz Nəsibov
1905.az