“Ağdam camaatı Ağdamı da qoruya bilərdi, Şuşanı da qoruya bilərdi, Laçını da qoruya bilərdi, başqa bölgələri də qoruya bilərdi”.
Heydər Əliyev
Artıq 22 ildir ki, Ağdam işğal altındadır. Düşmən nəzarəti altında olan bu qədim yurd yeri barədə müxtəlif vaxtlarda müxtəlif fikirlər söylənilib. Sözsüz ki, bu fikirlərin hərəsinin öz həqiqət payı var. ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ-ın sabiq təmsilçisi Metyu Brayza Ağdamı İkinci Dünya Müharibəsindən sonrakı Varşava ilə müqayisə etmişdi. Amma Varşava uçulmuş, dağılmış da olsa, şəhəri xatırladırdı. Və… 2007-ci ildə Dağlıq Qarabağa səfər edən rus turistlərin Ağdamda çəkdiyi çox unikal kadrlar var. Bu kadrların unikallığı onda deyil ki, rus turistlər icazəsiz Dağlıq Qarabağa gediblər və hətta Ağdamda olub oradan görüntülər lentə alıblar. Bu kadrlarda çox maraqlı bir məqam var. Rus turistlər Ağdamdan daş dolu yük maşınının çıxmasını lentə alıb və bunu belə şərh ediblər: “Budur, ermənilər hələ də Ağdamın daşını daşıyır”. Qeyd etdim ki, bu hadisə 2007-ci ildə baş verib. İşğaldan 14 il sonra. Bəli, ermənilər ən azı 14 il Ağdamı sökürdülər və daşıyırdılar. Təbii ki, bu proses sonrakı illərdə də davam etdi. Amma əlimdə olan fakt bu olduğuna görə məhz 14 il yazdım. Varşavanı isə söküb daşımırdılar… Bu fakt nə müharibə, nə hər hansı bir yazılmış və ya yazılmamış qanunla izah oluna bilməz.
Ağdam haqda daha bir önəmli fakt. Müxtəlif mənbələrin məlumatına görə, bu gün işğal olunmuş ərazilərdə ən çox mina məhz Ağdam ərazisinə basdırılıb. Bu da ermənilərin Ağdama “xüsusi” münasibətinin göstəricisidir. 2009-cu ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan mediasında aparılan monitorinqin nəticələrinə görə, işğal altında olan ərazilər məsələsində də Ağdama xüsusi münasibət var. Elə həmin il Ermənistanın gündəlik “Aravot” qəzeti yazırdı: “Ağdamı azad etmək olmaz. Çünki Ağdam həmişə Dağlıq Qarabağda ermənilər üçün problemlər yaradıb. Və əgər bu şəhər azad edilsə, həmin mafioz qruplar yenidən Ağdamda toplaşacaq və ermənilər üçün problemlər yaradacaq”. Sözsüz ki, ermənilərin bu yanaşmasında çirkin niyyətin gizlədilməsi, sadə erməni əhalisini informasiya basqısı altında saxlamaq elementləri aydın görsənir. Amma bu informasiya basqısının “baş qəhrəmanının” Ağdam olması da təsadüfi deyildi. Bəli, ermənilərin 1988-ci ildə başladığı işğalçılıq hərəkətlərinə də ilk təpki göstərən məhz Ağdam olmuşdu.
1988-ci il fevralında Dağlıq Qarabağın mərkəzində başlanan nümayişlərə cavab verən Ağdam ilk şəhidlərini vermişdi – Əli və Bəxtiyar. O da təsadüfü deyil ki, 1988-ci ildən başlayan müharibədə ən çox şəhid verən bölgə də məhz Ağdamdır. 5 min şəhid verən bu bölgəyə ermənilərin xüsusi münasibəti heç də təsadüfi deyildi. 1998-ci ildə Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşdə Ümummilli lider Heydər Əliyev bütün bunların ən düzgün qiymətini vermişdi: “Ağdam şəhəri heç vaxt işğal oluna bilməzdi. 1988-ci ildə Ermənistan tərəfindən Azərbaycana başlanan təcavüzdə ilk atışmalar, təcavüzün ilk qığılcımları məhz Ağdama tərəf yönəlmişdi. Bu təbiidir, çünki Dağlıq Qarabağa gedən yollar hamısı Ağdamdan keçirdi, eyni zamanda Dağlıq Qarabağda yaşayan ermənilər daima Ağdamla əlaqədə olmuşdular və Ağdamın nə olduğunu yaxşı bilirdilər. Ağdamın tarixini, keçmişini də yaxşı bilirdilər. Ağdamın insanlarının nə qədər dəyanətli, nə qədər cəsarətli olduğunu da yaxşı bilirdilər. Strateji nöqteyi-nəzərdən də Ermənistan təcavüzünün qarşısının alınması üçün Ağdam çox əhəmiyyətli bir nöqtə idi. Ağdam qorunmalı idi, Ağdam saxlanılmalı idi. Ağdam müdafiə olunmalı idi. Ağdam camaatı Ağdamı da qoruya bilərdi, Şuşanı da qoruya bilərdi, Laçını da qoruya bilərdi, başqa bölgələri də qoruya bilərdi”.
Asəf Quliyev
Xüsusi olaraq 1905.az üçün