1905.az portalının suallarını böyük telejurnalist, yazar, tərcüməçi İlqar Əlfioğlu cavablandırır.
– İlqar müəllim, yaradıcı insanların ömür yolunun içində yaradıcılıq yolu da olur. Yaradıcılıq yolu müəyyən yaşdan başlanır və əgər insanın, yaradıcı insanın bəxti gətirsə, dünyadan köçdüyü ana qədər davam edir. Bu yolun auditoriyaya tanış mənzilləri də olur, ancaq yaradıcı insanın özünə bəlli olan dayanacaqları da… Əvvəlcə, “Dalğa”ya qədərki yaradıcılıq yolunuzdan danışın mümkünsə.
– Ümumiyyətlə, xislətində yaratmaq olan insan əslində, yaradanda yaşayır. Xoş o adamın halına ki, Allah ona yaratmaq qabiliyyəti, bəndələr də bu qabiliyyətini reallaşdırmaq imkanı verir. Sözümün canı var: çox vaxt elə olur ki, yaradıcı insan ailəsinin gündəlik qayğıları ucbatından dolanışıq dalınca qaçır, xırdalanıb param-parça olur, bir ömür çapalasa da, ortaya ciddi bir iş qoya bilmir. Onda insan özü də narazı qalır, ona istedad verən Allah da, güc-bəla ilə dolanan ailəsi də. Üstəlik hələ “yazmırsan, yaratmırsan” deyən dostların da tənəsi qulağını yağır eləyir…
Bu qəzetlərə, jurnallara, saytlara, televiziyalara, nəşriyyatlara baxanda, ürəyim ağrıyır. Onlar mənim gözümə minlərlə adamın çörəkpulu çıxardığı bir məkan kimi yox, yüzlərlə insanın öz istedadını dəfn etdiyi qəbristan kimi görünür…
“Dalğa” bədii-publisistik proqramı efirə çıxanadək radioda jurnalistlik edirdim, dissertasiya yazırdım, könlümə düşəndə, tərcümə edir, hekayə-zad uydururdum. Onda sovetin verdiyi maaş bəs edirdi, boş vaxtımızı kefimiz buyuran kimi işlədə bilirdik…
– İndi də “Dalğa”dan “Yeni Dalğa”ya qədərki yaradıcılıq yolunuz barədə danışaq.
-“Dalğa”nın dalğası elə mənim özümü də verilişlə bir yerdə yuyub apardı. Əslində, bunda bir qanunauyğunluq var.
– Manatın 2 dəfə devalvasiyaya məruz qaldığı 2015-ci ildə 60 yaşınız tamam olub. Ömrünüzün 7-ci onilliyinə qədəm qoymusunuz. Maraqlıdır, illər öncə, lap elə “Dalğa” da çalışanda 2015-ci ili necə təsəvvür edirdiniz? Yoxsa, heç düşünməmisiniz bu barədə?
-Bu devalvasiya mənə düşdü – indi özümü 60 yaşında yox, 30 yaşında hiss edirəm. Onu bilirəm ki, ötən əsrdə lüğət fondumuz indikindən çox kasad idi. Müstəqillik bizə həm də devalvasiya, korrupsiya, inflyasiya, staqnasiya, monopoliya, korporakratiya, denominasiya, deqradasiya, dezinteqrasiya, qlobalizasiya kimi, yüzlərlə təzə söz gətirdi. Amma bir az ciddi olsaq, başımıza gələnlər əslində manatın devalvasiyası deyil, bizim devalvasiyamızdır. Bilirsiz, varlılarla yoxsullar arasındakı fərq belə situasiyalarda lap qabarıq görünür. Varlıların gəliri azalır, yoxsulların boğazından kəsilir. Təsəvvür edin ki, dünən gördüyümüz işin müqabilində bu gün dəyərindən iki dəfə az pul alırıq. Adam məcbur olur həyat tərzinə düzəlişlər versin, onu zamanla uyğunlaşdırsın. Varlılar dörd-beş maşın, üç-dörd arvad saxlamaq, Havayda dincəlmək adətlərindən imtina edirlərsə, biz ətdən-zaddan, dərmanlarımızdan vaz keçməli oluruq…
“Dalğa” zamanı təbii ki, 2015-ci ili belə təsəvvür etməzdik. Mənə ümumiyyətlə 21-ci əsr əlçatmaz bir şey kimi gəlirdi. Fikirləşirdim ki, 2000-ci ildə artıq 45 yaşım olacaq, oturuşmuş, hüzurlu bir həyat yaşayacam.
– Jurnalistikamız 140 yaşın tələblərinə uyğun apara bilirmi özünün Siz bilən? Ağır oturub batman gələ bilirmi? Nüfuzu varmı?
-Jurnalistikanın nüfuzu cəmiyyətdə sözün çəkisindən çox, sözə qiymət verə bilən adamların sayından asılıdır. Jurnalistikanı jurnalistika edən həmişə cəmiyyətlə onun arasındakı əks-əlaqə olub. Adını çəkdiyiniz və indiki başıpozuqluqdan bəhrələnən bir çoxlarının bəyənmədiyi “Dalga” zamanında mahiyyətində səmimi, konstruktiv tənqid olan istənilən materiala səlahiyyətli şəxslər reaksiya verirdi. Reaksiya verməməyin özü nəinki ayıb, hətta təhlükəli sayılırdı, çünki insanları hakimiyyətdən küsdürə bilərdi. Belə şəraitdə təbii ki, sözün çəkisi olacaq. İndi isə lap səmimi tənqid belə yazsan, üstünə bir yarlıq yapışdırırlar, ən yaxşı halda onların maliyyəsindən asılı mətbuat orqanlarından birinin idarəçisini çağırıb deyirlər ki, filankəsi çağır, ayda 5-6 yüz manat ver, səsi kəsilsin… Belə bir şəraitdə hansı nüfuzdan söhbət gedə bilər?
– İlin-günün bu vaxtında jurnalist olmaq fikrinə düşmüş gənclərə nəyi, nələri tövsiyyə edərdiniz?
– Jurnalistika əslində, çox gözəl peşədir. Amma xarakteriniz güclü deyilsə, jurnalist olmasanız yaxşıdır. Çünki jurnalistika indi həm də ideya al-verinin, özünəxəyanətin ən qısa yoludur. Elə bilirəm, dediklərimiz əyani təcəssümü hamının gözü qarşısındadır. Hər şey özünüzdən asılıdır. Bilirsiniz, müxtəlif peşələr müxtəlif dövrlərdə dəbdə olur. Mənim yaşıdlarım daha yaxşı bilər, bir zamanlar Bakıda tinbaşı çəkməçi dükanları vardı – yaxşı çəkmə baha olduğundan, onu təmir edib ömrünü uzadardılar. İndi çəkmə su qiymətinədi, çəkməçilər də ərşə çəkilib. İndi söz su qiymətinədir deyə, yaxşı jurnalist qalmayıb. Amma elə ki, hər şeyin adekvat qiymətini verəcək zaman yetişdi, əsl jurnalist də tapılacaq.
– Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində çalışırsınız. Necə gedir işləriniz?
-İşlərimiz pis getmir desəm, məncə yanılmaram. Eləcə, sadalayım, özünüz nəticə çıxarın. Rusiyada ikicildlik “Azərbaycan ədəbiyyatı antologiyası” işıq üzü gördü; məktəblilər üçün “Hər suala bir cavab” adlı çoxcildlik ensiklopedik toplu hazırlamışıq, bu yaxınlarda çapdan çıxmağa başlayacaq; dilimizin işlək orfoqrafiya lüğəti üzərində, gənc diplomatlar, politoloqlar, iqtisadçılar, sənətşünaslar, musiqişünaslar, aktyorlar üçün xüsusi tədris vəsaitləri üzərində, məktəblilərimiz üçün müxtəlif səpkili oxu kitabları üzərində gərgin iş gedir. Bədii ədəbiyyat da öz yerində… Bir qədər uzaq perspektivdə isə Rusiya üçün hazırladığımız antologiyaya bənzər kitabları müxtəlif xarici ölkələrdə buraxmağı planlaşdırırıq. Bütün bu işləri mərhələ-mərhələ həyata keçirəcəyik. Planlarımızı sadalamaqla, bitməz, görək nə olur…
– Azərbaycandakı bəzi tərcümələrə baxanda adama elə gəlir ki, tərcüməçinin adı Google, soyadı da Translate olub… Qarşılaşmamısınız ki?
-Təbii ki, çox qarşılaşmışam. Bilirsiniz, tərcümə sənətinə cəmiyyətdə barmaqarası münasibət var. Az qalır ki, rus qızıyla bircə il oturub-duran hər kəs rus dilindən tərcüməyə girişsin. Bu, onunla bağlıdır ki, ölkədə bir çox şeylər kimi, tərcümə bazarı da hələ tam formalaşmayıb. Yüksək keyfiyyətli tərcümələrin araya-ərsəyə gəlməsi üçün yüksək pul vermək lazımdır. Tərcümə tarifləri aşağı olanda, təbii ki, ya peşəkarlar vaxtlarını ona sərf etməyəcəklər, ya da lap çarəsizdirlərsə, başdansovdu, candərdi görəcəklər işlərini.
Bir bəla da var, bunu deməsəm, ədalət prinsipini pozmuş olaram. Əslində, yaxşı tərcüməçinin işinin keyfiyyəti heç aldığı pulun məbləğindən də asılı deyil. Siz yaxşı tərcüməçiyə əlavə pul versəniz belə, ondan pis mətn ala bilməzsiniz – yaxşı tərcüməçi pis tərcümə edə bilmir. Amma bacarıqsız tərcüməçi də, nə qədər pul verirsən, ver, heç vaxt yaxşı tərcümə edə bilməyəcək. Məncə, tərcüməçiləri birləşdirən, yaxşını pisdən ayırmaq iqtidarında olan, yaxşılara şans verəcək bir qurum yaradılmalıdır. Hər halda, bunun müəyyən faydası olar.
– Sonda planlar haqqında. Əlbəttə, etiraz etmirsinizsə.
-Mənim yuxarıda sadaladıqlarım həm də elə şəxsi planlarımdır. Mənim 60 yaşımı qeyd etdiyimiz dost məclisində Ramiz Rövşən dedi ki, altmışa kimi nə yaşamısansa, ömrün azıdı. Çoxu, elə altmışdan sonra yaşayacaqlarındır… Bunu mənə 40-50 yaşlarında desəydilər, gülməyim gələrdi. Amma indi böyük qardaşımın müdrikliyindən bəhrələnirəm, hər günümü səmərəli keçirməyə çalışıram və görürəm ki, günbəgün daha məhsuldar işləyirəm. Çox istəyirəm ki, fürsət tapıb özüm də bir şey yazım. Görək, qismətdimi…
– 1905.az portalında nələr Sizi qane etmədi?
-Portalınızın fəaliyyəti çox faydalıdır. Əsas məsələ budur ki, onun “Xaçaturun da xəncəri var” məntiqi ilə yaradılmadığı elə ilk baxışdan bəlli olur. Nə istədiyinizi bilirsiniz və hədəfə doğru inamla irəliləyirsiniz. Bütün bu dediklərim ötəri incələmədən əxz etdiklərimdir. Kollektivinizə uğurlar arzulayıram və ümid edirəm ki, 1905.az portalının daimi izləyicilərindən ola biləcəm və bu sahədə ağlıma gələn bütün işıqlı ideyalarımı sizinlə bölüşəcəm.
– Minnətdaram.
Fuad Babayev, 1905.az
Müsahibə saytımızda ilk dəfə 8 yanvar 2016-cı ildə dərc edilib.