Həmsöhbətimiz tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyevdir.
–
Müsahibə ilk dəfə 27 sentyabr 2014-ci ildə dərc olunub
-İlqar müəllim, erməni mifləri haqqında çox danışılır. Sizcə ən böyük erməni mifi hansıdır?
– Ən böyük erməni mifi tarixdə guya “Böyük Ermənistan” dövlətinin olması haqqındadır. Guya bu dövlət Aralıq dənizindən Xəzər dənizinə qədər olan ərazini əhatə edib. Bu yaxınlarda Azərbaycan MEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun bir kitabı çapdan çıxacaq – “Real tarix”. Həmin kitabda da bu erməni mifinə toxunulur, onun guya Cənubi Qafqaz, Qafqaz Albaniyası və Atropatena ərazisini əhatə etməsi məsələsi araşdırılır. Kitabda nüfuzlu mənbələr, o cümlədən də qədim dövrü araşdıran məşhur rus tarixçilərinin əsərləri əsasında sübut edilir ki, vaxtilə I Argişdi və ya digər Parfiya hökmdarları əslində erməni hökmdarları olmayıblar. Onları ermənilər öz hökmdarları kimi qələmə verirlər və kitabda sübut olunur ki, əslində həmin şəxslər Selevkilər dövlətinin sərkərdələri olublar. Selevkilər dövləti süqut edəndən sonra isə onun ərazisində yaranmış dövlətlərin hökmdarları olublar. Həmin dövlətlərdən də biri Parfiya dövləti olub. Parfiya hökmdarları sülaləsi əslində erməni deyil, İran mənşəli olublar. Həmin dövlətin hökmdarları ermənilərin iddia etdikləri kimi, “Böyük Ermənistan” dövlətinin hökmdarları olmayıblar. Bu, çox maraqlı faktdır.
Həmin kitabda Böyük Ermənistan anlayışının tarixə necə düşməsi, ondan necə sui-istifadə edilməsi məsələləri də araşdırılır. Yaqub müəllim Strabondan, Yunan-Roma müəlliflərindən çox maraqlı faktlar gətirir. Bildirir ki, Böyük Ermənistan və Kiçik Ermənistan adlı coğrafi anlayışlar var idi. Böyük Ermənistan ərazi baxımından Kiçik Ermənistanla müqayisədə böyük olub. Amma Böyük Ermənistan dövlətin adı deyildi. Bu, Böyük Midiya, Kiçik Midiya kimi coğrafi anlayış idi. Kiçik Midiyaya Atropatena deyiblər, Böyük Midiya isə makedoniyalılar tərəfindən idarə olunub. Bu müqayisə üçün bir anlayış olub, ermənilər isə onu dövlət adına çevirməyə çalışırlar. Guya ərazisinin nəhəngliyindən Böyük Ermənistan adlandirilıb.
Digər mif Qarabağ və Naxçıvanın guya qədim erməni torpağı olması, Qarabağdakı altı alban məlikliyini erməni məliklikləri kimi qələmə vermələri ilə bağlıdır. Guya bu məlikliklər Qarabağda olmuş erməni dövlətinin davamıdır. Onların ən çox saxtalaşdırdığı məsələ, Türkmənçay müqaviləsindən sonra ermənilərin kütləvi şəkildə Qarabağa, Naxçıvana, İrəvana köçürülən ermənilərlə əlaqədardır. Ermənilər bu köçürülənləri repatriantlar kimi göstərməyə çalışırlar. Guya onlar vaxtilə Şah Abbas tərəfindən İran ərazisinə köçürülüblər, Türkmənçay müqaviləsindən sonra isə geri qayıdıblar. Halbuki 200 ildən sonra köçüb gələnləri repatriant adlandırmaq mümkün deyil, təxminən 8-9 nəsil dəyişib. Bu da bir mifdir. Türkmənçay müqaviləsindən sonra ermənilərin bu ərazilərə köçürülməsini qayıdış kimi qələmə verirlər.
-Nə üçün ermənilər məhz Qarabağa, Zəngəzura və Naxçıvana daha çox iddia edirdilər?
-Ərazi iddiaları, əsasən Dağlıq Qarabağ iddiaları kimi, 1918-ci ildə ortaya çıxdı. Cənubi Qafqazda üç dövlət yarandıqdan sonra. O dövrdə sərhədlər çəkilən zaman hər bir dövlət öz prinsiplərini irəli sürürdü. Bizim hökümət arxetnorafik prinsipə, ermənilər isə etnoqrafik prinsipə əsaslanırdılar. Onların fikri bundan ibarət idi ki, harada erməni yaşayırsa, ora erməni torpağıdır. Doğrudan da o dövrdə İrəvan quberniyasına daxil olan Naxçıvanda və Gəncə quberniyasına daxil olan Qarabağda, Zəngəzurda kifayət qədər erməni yaşayırdı. Zəngəzurda və Dağlıq Qarabağda ermənilərin sayı təxminən azərbaycanlıların sayına bərabər idi. Naxçıvanda onların sayı təxminən əhalinin üçdə bir hissəsini təşkil edirdi. İrəvan quberniyasının yeddi qəzasının dördündə ermənilər çoxluq təşkil edirdi, yerdə qalan üç qəzada isə – Ordubadda, Şərur-Dərələyəzdə və Naxçıvanda azərbaycanlılar. akin bununla belə, onlar ermənilərin yaşadığı ərazilrin qədim erməni torpaqları olması haqqında prinsipi irəli sürmüşdülər. Ona görə məhz bu ərazilərə iddia edirdilər.
– Çox tez-tez İnternetdə erməni alimlərinin Naxçıvana ərazi iddiaları ilə bağlı yazılarını oxuyuruq. Lakin onların etiraf etdikləri kimi, Naxçıvana iddialarının qabağını alan əsas məsələ Qars müqaviləsidir. Ayrı-ayrı erməni dövlət xadimlərinin həm Sovet Rusiyasında, həm də SSRİ tərkibində böyük nüfuzları vardı. Sovet Ermənistanını Qars müqaviləsini imzalamağa hansı amillər məcbur etdi?
– Qars müqaviləsinin əsasını Moskva müqaviləsi təşkil edir. 1921-ci il martın 16-da Moskvada Türkiyə ilə, Rusiya arasında Moskva müqaviləsi imzalanıb. Həmin müqavilənin 3-cü bəndinə əsasən, Naxçıvana muxtariyyət verilib və sonradan Qars müqaviləsinin 5-ci bəndi də bu müqaviləni təsdiqləyib. Əslində o dövrdə Ermənistanın sovetləşməsi, hakimiyyətə bolşeviklərin gəlməsi və Ermənistanda, Azərbaycanda və Sovet Rusiyasında eyni rejimin mövcudluğu bu məsələdə erməniləri müəyyən qədər çəkinməyə məcbur edir. Onlar düşünürdülər ki, Rusiya, Azərbaycan və Ermənistan artıq bir dövlətdir, onların əraziləri də bir dövlətin ərazisini təşkil edir. Bolşevik ideologiyası nöqteyi-nəzərindən beynəlmiləlçilik prinsipi keçmiş qanlı toqquşmalara son qoyulmasını tələb edirdi. Həm də gələcəkdə bu məsələnin həllinə ümid etməklə yanaşı, Moskvanın təzyiqinə də tab gətirə bilmədilər. Buna görə də həm Ermənistan, həm də Azərbaycan tərəfi Naxçıvanın muxtariyyətilə barışmağa məcbur oldu. Sözsüz ki, Naxçıvana muxtariyyət verilməsi Zəngəzurun bir hissəsinin Ermənistana birləşdirilməsindən irəli gəlirdi. Belə bir şəraitdə Naxçıvanın muxtariyyəti bu ərazinin Azərbaycan tərkibində saxlanılmasının yeganə yolu idi. Ən maraqlısı isə odur ki, Moskva konfransında bu məsələ müzakirə olunanda Naxçıvanda türk qoşunları vardı. Və onlar əslində Naxçıvana muxtariyyət verilməsilə razılaşmaya bilər, onu Türkiyəyə birləşdirərdilər. Amma türklər Naxçıvana muxtariyyət verilməsi ilə məhz ona görə razılaşdılar ki, bu muxtariyyət olmasaydı, Türkiyənin Azərbaycanla sərhəddi də olmayacaqdı. Amma Türkiyə az da olsa Azərbaycanla birbaşa sərhəddinin olmasını istəyirdi. Qars müqaviləsi beynəlxalq müqavilədi və müddətsizdir. Ermənilər iddia edirlər ki, 1945-ci ildə bu müqavilə qüvvədən düşüb. Onlar bildirirlər ki, Stalin 19 mart 1945-ci ildə Türkiyə ilə birtərəfli şəkildə münasibətləri pozanda, bu müqavilə də qüvvədən düşüb, amma belə deyil. Müqavilə müddətsizdir və qüvvədədir. 2011-ci ildə Türkiyə ilə Rusiya Moskva müqaviləsinin 90 illiyini qeyd etdi. Bu o deməkdir ki, həm Rusiya, həm də Türkiyə bu müqaviləni tanıyır. Müqavilə qüvvədədir.
– Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasını ermənilər bu ərazini Stalinin Azərbaycana bağışlaması kimi dəyərləndirirlər. Azərbaycan tərəfi isə Dağlıq Qarabağ Muxtar Vilayətinin təsis olunması ilə başımıza bəla açıldığı fikrindədir…
– Dağlıq Qarabağa muxtariyyət statusunun verilməsinə nə Azərbaycan, nə də Ermənistan tərəfi razı idi. Bu bir kompromis idi və Moskva tərəfindən diktə olunmuşdu. Ermənilər bildirirlər ki, guya 1921-ci il iyulun 4-5-də birinci gün qərar verilib ki, Dağlıq Qarabağ Ermənistana verilsin, ikinci gün isə Azərbaycan tərkibində qalması ilə bağlı qərar qəbul edilib. Ermənilər iddia etməyə çalışırlar ki, bu, Stalinin təzyiqilə olub. Həmin iclasın stenoqramı yoxdur, yalnız protokolları var. Protokolların, qərarların qəbul edilməsində Stalinin adı getmir. Məhz həmin iclasda Stalinin hansı fikri söyləməsi haqda sənədlər mövcud deyil. Çünki iclasın stenoqramı yoxdur. Stalin orada iştirak edib, amma tərəflərə hansı təzyiq göstərib, hansı fikri söyləyib, bu haqda sənədlər yoxdur. Bütün bunlar ermənilərin növbəti fərziyyələridir. İkinci tərəfdən sözsüz ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması Qarabağın bütövlüyünün pozulmasıdır. Lakin o dövrdə bu, qanlı münaqişələrə son qoyulması üçün bir kompromis idi. Ermənilər bu ərazini Ermənistana birləşdirmək istəyirdilər. Təsadüfi deyil ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması ermənilərə gələcəkdə bu ərazilərlə bağlı yeni iddialar sürmək üçün hüquqi əsas verdi – İkinci Dünya müharibəsindən sonra, 1945, 1956, 1960-cı illərdə. Yəni bu onu göstərir ki, ermənilər bu qərarla razı deyildilər və ümid edirdilər ki, hansısa bir məqamda bu ərazinin Ermənistana birləşdirilməsinə nail olacaqlar. Bundan əlavə, qeyri-adi bir hal yaranmışdı: ermənilər SSRİ tərkibində iki siyasi quruma malik yeganə xalq idi. Bunlardan biri Ermənistan Respublikası, digəri də Dağlıq Qarabağ Muxtar Vilayəti idi. Dağlıq Qarabağ Muxtar Vilayəti də çox unikal qurum idi, əhalisinin 70-80%-ni ermənilər təşkil etsə də, muxtariyyətin adında titul etnosun adı göstərilmirdi. Lakin bir-birinin qonşuluğunda iki erməni siyasi qurumunun olması gec-tez yenidən Ermənistanın bu bölgəyə qarşı ərazi iddiası məsələsini gündəmə gətirəcəkdi. 1923-cü ildə qəbul edilən qərar müəyyən qədər bu məsələni ləngitdi. Ermənilərin bu məsələni 1945-ci ildə ortaya atması ilk növbədə Stalinin Türkiyə ilə münasibətində olan dəyişiklər təsir etmişdi. Ermənilər ümid edirdilər ki, Stalinin Türkiyə ilə münasibətləri dəyişdikdə, Qars və Ərdəhanın SSRİ-yə qaytarılmasını tələb etdikdə, onlar da Qarabağ məsələsini qaldıracaqlar. Lakin o vaxt soyuq müharibənin başlanması, böyük dövlətlərin Türkiyənin tərəfindən çıxış etməsi ermənilərin ümidlərini puça çıxardı. Amma buna baxmayaraq, sovetlər dövründə, xüsusilə də müharibədən sonra, ermənilər siyasi nəbzi tutmağı bacarırdılar. Ya dövlət rəhbərliyi dəyişəndə, ya hansısa möhtəşəm hadisələr vaxı, Dağlıq Qarabağın Muxtar Vilayətinin 40,50, 60 illiyi, SSRİ-nin 50 illliyi qeyd olunanda həmişə ermənilər bu məsələni qaldırırdilar və ümid edirdilər ki, məsələ onların xeyrinə həll olunacaq.
– Deməli, əslində Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildən deyil, DQMV-nin yarandığı gündən başlamışdı?
– Mən hesab edirəm ki, bu münaqişə 1918-ci ildən başlayıb. Amma onun müəyyən soyuq və qaynar fazaları olub. Münaqişənin qaynar fazası 1918-20-ci və 1988-94-cu illərdir. Qalan dövrlər soyuq faza idi. Yəni açıq qarşıdurma olmasa da, münasibətlərdə soyuqluq vardı. Ermənilər sovet rəhbərliyinə mütəmadi olaraq məktublar, müraciətlər göndərirdilər ki, bu məsələ həll olunsun. Onlar başa düşürdülər ki, bu məsələni ancaq Moskva həll edə bilər. Çünki həmin muxtariyyəti də Moskva yaradıb. Lakin həmin dövrdə sovet rejimi ermənilərə bu məsələni tam çılpaqlığı ilə ortaya qoymağa imkan vermədi. Yəni bu məsələ qaldırılsa da, yuxarı dairələrdə onun inkişafına rəvac verilmirdi. Çünki başa düşürdülər ki, SSRİ məkanında iyirmiyə qədər belə məkanlar var və bu məsələyə yenidən baxılması həmin ərazilərdə də separatizmə, sərhədlərə yenidən baxılmasına həvəs oyadardı ki, bu da nəticə etibarilə sovet dovləti üçün təhlükə yarada, dövlətin əsaslarına çox böyük zərbə vura bilərdi.
– İlqar müəllim, bizim 1905.az saytı ilə tanışsınız. Saytımıza tövsiyənizi dinləmək istərdik.
– Hesab edirəm ki, müsahibələr maraqlı formadır, bunu davam etdirmək lazımdır. Saytı müəyyən istiqamətlərlə bağlı video çarxlar, kitablarla zənginləşdirmək olar. Yalnız məqalələrin deyil, eləcə də sənədlərin, son dövrlərdə çıxan kitablara yazılan resenziyaların dərc edilməsi də faydalı olardı. Sizə uğurlar diləyirəm.
– Çox sağ olun.
Gündüz Nəsibov, 1905.az
Müsahibə ilk dəfə 27 sentyabr 2014-cü ildə dərc edilib.