Ötən ilin dekabrında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix üzrə elmlər doktoru, professor İlyas Babayev dünyasını dəyişdi.
Vəfatından bir neçə həftə əvvəl alimin “1905.az kitabı” seriyasından “Numizmatika haqqında məqalələr toplusu” kitabı işıq üzü görmüşdü. Bu kitaba İlyas Babayevin Azərbaycan ərazisində aşkar edilmiş antik dövrə dair pullara həsr olunmuş məqalələri daxil edilib. Həmin tapıntılar sübut edir ki, qədim Azərbaycan ərazisində e.ə. IV əsrdən başlayaraq ticarətdə geniş şəkildə puldan istifadə edilib. Azərbaycanda həm kənardan gətirilmə, həm də yerli puldan istifadə olunub. Azərbaycanda istifadə olunan ən qədim pullar Makedoniyalı İsgəndərin pullarıdır. Burada pul zərbinə isə e.ə. IV əsrdə başlanılıb.
Tarix elmləri doktoru, professor Əli Rəcəbli, professor Kamil İbrahimov, tarix üzrə fəlsəfə doktorları Qənirə Pirquliyeva, Akif Quliyev, Aygün Məmmədova, İlyas Babayevin oğlu, Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Faiq Babayevin iştirakı ilə keçirilən toplantıda bu kitab barədə, alimin ömür yolu haqqında danışıldı.
Əli Rəcəbli: İlyas müəllimi hamımız yaxşı tanıyırdıq. Mən İlyas müəllimlə 1964-cü ildə şəxsən tanış olmuşam. Məndən təxminən 10 yaş cavan idi. O vaxt qliptika ilə bağlı dissertasiya üzərində işləyirdi. Bizim Tarix Muzeyinin də yaxşı qliptika kolleksiyası var. Mən də bu barədə ona dedim, dəvət etdim ki, gəlib, baxsın. Gəldi, muzeydə oturub, onları tədqiq elədi və sonra da dissertasiyasını uğurla müdafiə etdi. Onun maraq spektri çox genişdi. İlyas müəllim elmi fəaliyyətinə epiqraf kimi başlasa da, arxeologiya sahəsində böyük nailliyyətlər əldə etdi. Elə bu kitabdan gördüyünüz kimi, numizmatika sahəsinə də etinasız deyildi. Çox savadlı və geniş dünyagörüşünə malik insandı. İndi zəmanəmizdə hərtərəfli inkişaf etmiş insanlara rast gəlmək çox nadir hadisədir. O, mənə birinci numizmat deyirdi, mən də “ikincisi də sənsən”, deyirdim. Biz həmişə bir-birimizi görəndə sevinmişik. Mən ona biliyinə, şəxsi insani qardaş münasibətinə görə, istiqanlılığına görə həmişə hörmət edirdim. İlyas müəllimin elmdə xidmətləri çox böyükdür. Xüsusilə numizmatika, antik numizmatika sahəsində onun fəaliyyətini qeyd etməliyəm. Bu, rəhmətlik Saleh Qazıyevin rəhbərliyi ilə Qəbələdə qazıntı aparılanda, Çuxurqəbələ dəfinəsi aşkar olunanda başladı. Həmin dəfinənin toplanmasında İlyas müəllimin çox böyük əməyi oldu. Bu, çox böyük dəfinə idi. Bundan sonra antik dövr numizmatik materiallara dair onun bir çox yazıları dərc olundu. Kitabdan da gördüyünüz kimi, ilk alban sikkələri, bənzətmə sikkələr haqqında onun yaxşı elmi əsərləri var. Antik dövr numizmatikasının öyrənilməsi sahəsində İlyas müəllimin xidməti əvəzsizdir. Biz ona minnətdarıq. Çox təəssüf ki, aramızdan tez getdi. Daha çox işlər görə bilərdi. Amma xatirəsi və əsərləri həmişə onu yaşadacaqdır. Belə alimlərin işləri onların ömürlərinin davamıdır və illər keçdikcə onların yeri görünür. Allah rəhmət eləsin.
Qənirə Pirquliyeva: İlyas müəllimlə biz dəfələrlə Gürcüstanda və digər yerlərdə beynəlxalq konfranslarda iştirak etmişdik. Bizim institutun direktoru mərhum Arif müəllim də deyirdi ki, Qafqaz alimləri ilə disputa girin. Təsbirlərdən birində mən şahidi oldum ki, İlyas müəllim erməni alimi Manukyanın qızına necə səbirlə, mədəni formada atasının səhvlərini başa salırdı. Rus, Dağıstan, erməni, gürcü alimləri də var idi. Dəfələrlə İlyas müəllim mənə təklif etmişdi ki, gəlin, bu oxşatmalar haqqında bir konfrans keçirək. Onun Rusiyanın, Orta Asiyanın numizmat alimləri ilə çox gözəl əlqələri vardı. Mənim müəllimlərimin hamısını tanıyırdı. Keçirək, deyə-deyə, təəssüf ki, keçirə bilmədik. Məqsədi nə idi? Açıq deyirdi ki, Makedoniyalı İsgəndərin adından buraxılan oxşatma pullar əsasən Azərbaycanda tapılıb. “Demək, bu pullar e.ə. III əsrdə burada zərb edilib və yüksək ehtimalla həm də Orta Asiyada və başqa yerlərdə tapıla bilər”, – söyləyirdi. Müdrik insan idi. Biz keçən il “İçərişəhər” İdarəsinin xətti ilə beynəlxalq konfrans keçirirdik və mənə materiallar göndərilirdi. Mən elmi rəhbərim, akademik Rtveladzeyə müraciət etdim ki, İlyas müəllimin Makedoniyalı İsgəndərin adından buraxılan oxşatma pulların buradan Orta Asiyaya gedə biləcəyi ilə bağlı mülahizəsi ilə əlaqədar material göndərsin. Bilmək istəyirdim ki, doğrudanmı bu, mümkündür. Rtveladzenin bu barədə məqaləsi məndədir və çap olunacaq. İlyas Babayevin müddəasını təsdiq etdi ki, həmin pullar doğrudan da buradan yayılıb. Uzun illər idi ki, mən bir az şübhə edirdim, çünki əlimdə bunu təsdiq edəcək material yox idi. Amma akademik Rtveladze bunu təsdiq etdi. Bunları nə üçün deyirəm? Akademiyada işləmişəm və İlyas müəllimlə münasibətlərimiz olub. Antik dövr numizmatikası ilə bağlı İlyas müəllimin “Sovet arxelogiyası” jurnalında məqalə çap etdirməsi böyük hadisədir. Bu kitabı mənə göndərəndə çox məmnun oldum ki, onları toplamısınız və bu kitaba daxil etmisiniz. İlyas müəllim böyük alim idi. Onun “Qafqaz Albaniyasının şəhərləri” əsəri həmin dövrü öyrənmək üçün ən yaxşı kitabdır. Həmin kitabda olan müddəalar SSRİ arxeologiyasının oncildliyinə daxil olunub. Sağ olanda da biz ona həmişə minnətdarlığımızı bildirirdik. Yaş baxımından orta nəsil hesab olunuruq və xoşbəxt nəsilik ki, bu insanları tanıyırdıq. Allah rəhmət eləsin, məkanı cənnət olsun. Bu qədər əsər qoyub, nə qədər ki, bu xalq var, mədəniyyət var, onlar da istifadə olunacaq.
Kamil İbrahimov: Məni dəvət etdiyinizə görə təşəkkür edirəm və minnətdarlığımı bildirirəm ki, bu iki gözəl kitabçanı çap etdirmisiniz (“Numizmatika haqqında məqalələr toplusu” və “Atamın sağlığında” kitablarını nəzərdə tutur – red.). İlyas müəllim elə böyük, intellektual, ensiklopedik biliyə malik alim idi ki, özündən sonra qoyub getdiyi irsi çap etmək, öyrənmək, mənimsəmək, tədris etmək üçün onilliklər bəs etməz. Mən özümdən danışım. Atam rəhmətə gedəndən sonra elmdən çəkilmək istəyirdim. Çünki zaman o zaman deyildi. Amma baxıb, gördüm ki, onun qoyub getdiyi materiallar, çap etdirmədiyi məqalələr o qədər çoxdur ki, mən bunları övlad kimi boynuma götürüb, davam etdirmək zorundaydım. Ona görə də elə indiyə qədər də qalmışam. İlyas müəllim də belə ensiklopedik səviyyəli alimlərdən idi. Dəfələrlə İlyas müəllimlə görüşmüşəm. Təyinatını müəyyənləşdirməyə çətinlik çəkdiyim materialları onunla paylaşmışam. Məsləhətlər verib, yol göstərib. Atam deyirdi ki, arxeoloqlar numizmatik materiallarla çox üzləşirlər. Deyirdi ki, iki nəfərlə məsləhətləş və onların məsləhətlərini unutma – İlyas müəllimin və Əli müəllimin. Əli müəllimin yanına tez-tez gəlmişəm, çox sağ olsun, məsləhət verib. İlyas müəllim də numizmatika sahəsində mənə çox böyük məsləhətlər verib. İlyas müəllim gözəl arxeoloq idi. Onun arxeoloji irsi, məqalələrinin xeylisini oxumuşam. Hərçənd məşğul olduğu dövr başqa dövrdür. Məşğul olduğu dövr – antik dövr qədim dövrlə orta əsrlər arasındakı dövrdür. Dövlətlərin yarandığı dövr, istilalar dövrüdür. Xatirimizdə qalan nağıllara səyahət dövrüdür. Antik dövr çox maraqlı dövrdür, mən hətta onu Antaliyda, Ağdəniz Universitetində tədris etmişəm. Qeyd etdiyim kimi dəfələrlə İlyas müəllimlə görüşmüşəm, onun məsləhətlərini almışam. Özü də sevinclə, məmnuniyyətlə məsləhət verirdi. Hətta danışıqlarını diktafona yazırdım ki, sonra araşdırım. Onun səsi məndə var, hətta lazım olsa, təqdim edərəm. Yadıma gəlir, 1989-cu ildə Moskvada, SSRİ xalqlarının arxeologiyasına həsr olunmuş konfrans idi. Mən də çox böyük alimlərlə – İlyas müəllim, Qüdrət müəllim, Vəli müəllim orada iştirak edirdim (hələ müdafiə etməmişdim- K.İ.). Çox böyük insanlar idi. Onlar arasındakı maraqlı, elmi söhbətləri çinədanıma toplayırdım. İlyas müəllim böyük irs qoyub getdi, çox böyük işlər gördü. Fuad müəllim, İlyas müəllimin gördüyü işləri təbliğ etmək lazımdır. Yazdıqları çap edilməlidir, bu insan unudulmamalıdır. Yaşlı nəsli biz – orta nəsil təbliğ etməliyik, mən harda dərs deyirəmsə, bu barədə danışıram. Bizdən sonra gələn nəsil bəlkə də İlyas müəllimin irsini, onun nailiyyətlərini bilmir. Ona görə də onu təbliğ etmək həm bizim, həm də onun övladlarının boynuna düşür. Allah rəhmət eləsin, ruhu şad olsun.
Əkbər Bədəlov: Mənə elə gəlir ki, Əli müəllim (Əli Rəcəbli – red.) istisna olmaqla, bu tədbirdə iştirak edənlərin heç birisi mənim qədər İlyas müəllimlə yoldaşlıq etməyib. 1986-cı ildə Naxçıvanda Universiteti bitirəndə Akademiyaya gəlmək istəyirdim. İndi Azərbaycan MEA-nın müxbir üzvü olan Zəhmət Şahverdiyev mənim müəllimim idi. Vəli Əliyev kəndimizin yaxınlığında qazıntı aparırdı. Mən də orada hətta fəhlə kimi işləmişəm. Zəhmət müəllim dedi ki, akademiyaya gedirsənsə, get, İlyas müəllimin yanına. Cavab verdim ki, axı İlyas müəllimi tanımıram. Mənə dedi ki, “Ilyas Babayev mənim müəllimim olub, sən çəkinmədən get, onun yanına”. İndiki kimi yadımdadır, gəldim akademiyaya, İlyas müəllim kiçik bir otaqda oturmuşdu. İçəri girib söylədim ki, “Naxçıvandan gəlmişəm, məni Zəhmət müəllim göndərib, məsləhət bilirsinizsə, istərdim ki, Siz mənim elmi rəhbərim olasınız”. Qəbul elədi, oturduq, söhbət etdik. Əyani aspiranturaya girdim, bəlkə də yeganə adam mənəm ki, bu 3 illik aspirantlıq müddətində elmi işimi müdafiə edə bilmişəm. Mən kənddən gəlmişdim, mənə elmi məqalə yazmaq qaydasını İlyas müəllim öyrətdi. Hətta deyərdim ki, ilk elmi məqaləmin 70 faizini İlyas müəllim yazdı. Mənə ürək-dirər verirdi ki, arxayın ol, vaxtında müdafiə edəcəksən. Rəhmətlik dedi ki, “səni Moskvaya aparacam, tanış edəcəm alimlərlə, oradaca müdafiə edəcəksən”. 2-3 dəfə İlyas müəllimlə Moskvaya getdik. İş elə gətirdi ki, 25 il sonra Arxeologiya və Etnoqrafiya İnstitutunda birdəfəlik şura yaradıldı və dissertasiyamı müdafiə etdim. Rus dilini yaxşı bilmirdim, ona görə də Moskvaya göndərilən variantın tərcümə edilməsinə də İlyas müəllim kömək etdi. Faiq və Fuad inciməsin, amma yəqin ki, İlyas müəllimin evində mən onlardan çox çay-çörək yemişəm. Hər gün işdən sonra onun evinə gedirdim, tərcümə edirdik. Səhəri gün isə səhvləri düzəldib, gətirirdi. İlyas müəllimin elmi ilə yanaşı, mən onun ailəvi münasibətindən danışmaq istəyirəm. Rəhmətlik atam Bakıya gələndə, İlyas müəllim onunla da görüşmüşdü. Atam sanatoriyaya gəlmişdi, İlas müəllim tapşırdı ki, onu atamın yanına aparım. Həyat elə gətirdi ki, İlyas müəllimlə ata-bala kimi ünsiyyətimiz yarandı. İlyas müəllim bir neçə dəfə Naxçıvanda bizim evimizdə də olub. Fuadın Leninqrada getməsi, orada oxuması mənim gözümün qabağında olub. Faiqin toyunda rəhmətliyin nə qədər həyəcan keçirdiyi yadımdadır. İlyas müəllimin ağır həyat yolunu biz də keçdik. İlyas müəllimin arxasında duranı yox idi, nə qazanmışdısa, ancaq öz zəhməti hesabına qazanmışdı. Uşaqlarını bir tərəfə çıxarmaq üçün bir neçə yerdə dərs deyir, tərcümələr edirdi. Çox şükür ki, İlyas müəllimin əziyyətlə bu cəmiyyət üçün yetişdirdiyi övladları – Faiq və Fuad da onun əziyyətini boşa çıxartmadılar. Rəhmətlik o xətti elə müəyyənləşdirib ki, uşaqları da onun işini davam etdirəcəklər. Qaldı ki, elm sahəsinə, İlyas müəllimin Azərbaycanın şimalında dövlətçiliyin, sinifli cəmiyyətin yaranması ilə bağlı tədqiqatlarında gələcəkdə kiminsə hansısa yenilik edə biləcəyinə inanmıram. Bu faktdır və gizlətmək mümkün deyil. Sovet dövründə bu ərazidə Makedoniyalı İsgəndərin ölümündən sonra belə bir dövlətin, sinifli cəmiyyətin yaranmasını sübut etmək az iş deyildi. Bununla bağlı İlyas müəllimə qarşı çıxan qüvvələr də mənim yadımdadır. 1983-84-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdi, kitabının hansı çətinliklə çap edildiyi xatirimdədir. Rəhmətlik o kitabın çıxması üçün necə əziyyətlər çəkdi, kimlər mane olmağa çalışırdı, onlara qarşı necə mübarizə aparırdı… Arxeologiya və Etnoqrafiya İnstitutunun 270 işçisi var. Direktordan tutmuş, laboranta kimi, hansısa bir işçinin İlyas müəllimdən məsləhət almamasına inanmıram. İlk gündən, 30 il ərzində rəhmətliklə bir otaqda oturmuşam. Allah qəni-qəni rəhmət eləsin. Pis yaşamadı, ən gözəli isə odur ki, son günlərində nəticəsini də gördü. Yəqin ki, elmi irsi də yetişdirmələri, övladları tərəfindən layiqincə təbliğ və tədqiq olunacaq.
Akif Quliyev: İlyas müəllimin hələ mən doğulmamışdan çox-çox əvvəl bizim ailəmizlə – Aləm Nuriyev, Qüdrət İsmayılzadə, Fazil Osmanovla yaxşı münasibətləri olub. Bizim Şamaxıdakı evimizdə də tez-tez olub. Onlar arasındakı dostluq münasibətləri mənim də arxeologiya elminə marağımın yaranmasına səbəb olub. Yəni onların dostluğu, ziyalılığı nəticəsiz ötüşməyib. Qeyd edim ki, İlyas müəllim mənim elmi məsləhətçimdir. Mən onun haqqında keçmiş zamanda danışa bilmirəm. Çünki insan var ki, onun sağlığında diri olması şübhə altındadır. İnsan da var ki, hətta həyatda olmayanda da onu gözünlə axtarırsan. Hətta küçədə bir adamı da ona oxşadanda həyəcanlanırsan ki, o idimi? Hərtərəfli və erudisiyalı adam olduğundan, daim yanında olurduq, məsləhətini eşitmək istəyirdik. Həm qədim yunan dili, həm də Şərq dilləri üzrə mütəxəssis idi. Arxeoloji bir tapıntı olan kimi yüyürüb, yanına gəlirdik ki, İlyas müəllim, nə deyə bilərsiniz bu barədə. O da deyirdi ki, filan yerdə belə bir şey olmalıdır, get, bax. Bir az da səbirsiz adamdı, tez elə özü açırdı, oranı-buranı eşib, çıxarırdı ki, bax, budur. 2017-ci ildə İmişli rayonunda bir dəfinə aşkar etmişdik. Onu da İlyas müəlllimə göstərəndə, dedi ki, bu maraqlı dəfinədir, Xınıslı və Qəbələ dəfinələrindən də çox fərqlənir. Çünki sırf Makedoniyalı İsgəndərin pullarından ibarətdir. Bildirdi ki, onun da bənzətmə ola bilməsi ilə bağlı şübhələri var, amma bənzətmə də olsa, çox keyfiyyətli bənzətmədir. Hər halda III əsrə aid ola biləcəyini dedi. Doğrudan da məsləhətləri öz təsdiqini tapdı. Həqiqətən biz müəllimimizi itirdik. Bu gün tək-tək belə adamlar qalıb, onların da qədrini bilməliyik. Sən bir adamın biliyini götürə bilərsənsə, mənimsəyərsənsə, deməli, müəllimindir. Belə müəllimlərimizin içində elə Əli müəllim də var. Bu gün Azərbaycan elmində onlardan qalxan kimi istifadə edir, təpkilərə cavab veririk. Allah İlyas müəllimə rəhmət eləsin, ruhu şad olsun, balaları sağ olsun.
Aygün Məmmədova: İlyas müəllimin vəfatı xəbərindən çox kədərləndim. Həmin gün Əli müəllimlə birlikdə başqa bir hüzr yerinə gedirdik. Telefonla bu gözlənilməz xəbəri eşidəndə, çox sarsıldım. 2013-cü ildə “Ərəb xilafəti dövründə Azərbaycan ərazisində sikkə zərbi və pul dövriyyəsi” mövzusunda dissertasiya müdafiə edəndə İlyas müəllim mənim işimin birinci opponenti olub. Məni bu işi yazmağa o qədər həvəsləndirirdi ki… Əli müəllimin məsləhəti ilə mən aspiranturaya daxil olanda, İlyas müəllim çox sevinmişdi və demişdi ki, inşallah müdafiə edəndə opponentim olacaq. İşimi oxuyanda da çox razı qaldı. Həmişə deyirdi ki, numizmatika ilə ciddi məşğul olun, ərəb-fars dilləri üzrə respublikada numizmatika mütəxəssisinə ehtiyac var. Bildirirdi ki, bu işi yaşatmaq lazımdır. Tarix Muzeyinə gələndə Nailə xanımla (Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı nəzərdə tutulur – red.) görüşən kimi, bizim şöbəyə də baş çəkərdi. Xatirimdədir ki, sonuncu dəfə “Britaniya sikkə kataloqu” ilə çox maraqlandı, mən də kataloqun surətini onun üçün çıxartdım. Bizim tədqiqatçılarımız daim ondan məsləhət alırdılar, o da heç vaxt məsləhətlərini əsirgəmirdi. Onun muzeydəki aspirantları da məsləhətlərinə qulaq asır, əsərlərinə istinad edirdilər. Çox şadam ki, onunla birgə Qəbələ arxeoloji ekspedisiyasında iştirak etmişəm. Orada da bütün gənclər onun məsləhətlərindən yararlanırdılar. Anam Bədircahan xanım da İlyas müəllimin şöbəsində çalışıb. Çox sadə insan idi, hər kəslə öz dilində danışmağı bacarırdı. Alimliyi bir yana, bütün yaş təbəqələrindən olan insanlarla dil tapmağı bacarırdı. Onun bu xasiyyətini çox sevirdim. Allah rəhmət eləsin.
Faiq Babayev: Mən ilk növbədə bu tədbirin təşkilatçılarına minnətdarlığımı bildirməliyəm. Bütün gələnlərə, başda Əli müəllim olmaqla, dönə-dönə təşəkkürümü çatdırıram. Sağ olun ki, vaxt tapıb, gələ bilmisiniz. Kamil müəllim bayaq təqdim etmədi, atası tanınmış arxeoloq, Bakı ekspedisiyasının rəhbəri, mərhum Fərhad İbrahimovdur. Mən də onun rəhbərliyi altında işləmişəm. Bir xatirə yadıma düşdü, uşaq idim, atamla bulvarda gəzirdim. Oturub, domino oynayan təqaüdçüləri görüb, dedi: “Bax, bu, məni gözləmir”. Mən nə üçün belə dediyi ilə maraqlandım. Cavab verdi ki, “Əsil elm adamı neçə yaşı olursa-olsun, bulvara gedib, domino oynamağa vaxt tapa bilməz. Həmişə yazıb-yaradacaqları, planları aşıb-daşır. Ömür buna kifayət etməz”. Tənqid kimi çıxmasın, bəlkə də Azərbaycanda az adam tapılar ki, namizədlik dissertasiyasından 60 il keçsin, amma onu çap etdirməsin. Qliptika haqqında yazdıqları hələ də kitab kimi çıxmayıb. Elə “eləyərik” deyə-deyə, saxladı. Elə özünün də ürəyi istədiyi kimi çap olunmamış əsərləri var. Kamil müəllim dedi ki, atasının işlərini davam etdirir, indi biz də qismət olsa, bacarsaq, gərək onları çap etdirək. Məsələn, 10 ildən artıq Şəmkirdə işlədi. İndi Şəmkirin materiallarını monoqrafiya kimi ortaya qoya bilsək, çox yaxşı olar.
Gündüz Nəsibov: Mən də İlyas müəllimlə söhbətləşmə şərəfinə layiq görülənlərdənəm. Çox xoşbəxtəm ki, iki dəfə İlyas müəllimdən “1905.az” saytı üçün müsahibə götürmüşəm – Qəbələ və Şəmkir arxeoloji ekspedisiyalarının fəaliyyəti ilə bağlı. Hər iki müsahibə “Atamın sağlığında” kitabına düşüb və bununla çox fəxr edirəm.
Söhbətin sonunda görüş iştirakçıları İlyas Babayevin 80 illiyi münasibətilə Region TV-nin çəkdiyi sənədli filmə tamaşa etdilər.
Hazırladı: Gündüz Nəsibov, 1905.az