– Əvvəlcə hind rəqslərinə olan marağınızdan danışaq.
– Hind rəqsləri ilə məşğulam. Amma ilk rəqsim milli rəqs olub. Uşaqlıqda Rusiyada yaşasam da baxçada “Cücələrim” rəqsini oynamışam. Anam mənə milli geyim tikmişdi. Kiçik yaşlarımdan rəqsdən əlavə, hind musiqisi və kinolarına da hədsiz marağım olub. Doğrudur, milli rəqsimiz baş tacımızdır, amma hind rəqslərini də çox sevirəm.
AZƏRBAYCANIN ADINI ÇOX GÖZƏL SƏSLƏNDİRİRDİLƏR.
– Bu yaxınlarda Hindistanda keçirilən “India’s Best Cinestars Ki Khoj” yarışmasının qalibi oldunuz. Orada Azərbaycanı təmsil edən bir rəqqasə kimi yaşadığlarınızı bizimlə bölüşərdiniz…
– “India’s Best Cinestars Ki Khoj” yarışması həm aktyorluq, həm də rəqs yarışması idi. Hər dəfə səhnəyə çıxanda fəxr hiss keçirirdim. Azərbaycanın adını çox gözəl səsləndirirdilər. İnanın, bu qalibiyyət həyatımda ən sevincli anlardan biri oldu. Çünki orada Azərbaycanımı təmsil edirdim. Doğrudur, 2009-cu ildə “Beynəlxalq hind rəqsi” müsabiqəsində ölkəni təmsil edib, 1-ci yerə layiq görülmüşdüm. O yarışmada 7 ölkənin münsifləri tərəfindən seçilirdik. Amma düşünürəm ki, bu qalibiyyət ən yadda qalanlardan olacaq. Çünki beləsi olmamışdı.
– Hind dilində səslənən “Eşq” mahnısına klip çəkdirdiniz. Atəşgahda. Amma klipin süjet xətti “Leyli və Məcnun”la bağlıdır. Niyə məhz bu mövzunu seçdiniz?
– Həmişə rəqs quranda və ya klip çəkdirəndə rəqsin hind rəqsi olmasına baxmayaraq klipdə mütləq Azərbaycanla bağlı bir sujet xəttinin olmasına üstünlük verirəm. O klip də Nizami Gəncəvinin çox sevdiyim “Leyli və Məcnun” poemasına həsr edilmiş bir kompozisiyadır. Azərbaycan dilində şeir parçası, sonra hind musiqisi və sözləri “Leyli və Məcnun”a aid olan, onların hissləri əsasında qurulan etnik bir rəqs yaratdım. Hər zaman istəmişəm ki, ölkədən kənarda olsam da sevdiyim işimlə Azərbaycanı tanıdım. İnsan bir çox peşə növü ilə məşğul ola bilər. Amma harada olmasından asılı olmayaraq o öz ölkəsi adından bunu edir və qalib gəlirsə bu, o insanın həyatında ən böyük uğurudur. Mən də istədim Azərbaycan və hind mədəniyyətini kiçik bir musiqi parçasında birləşdirim.
HƏR ZAMAN FƏXRLƏ DEYİRƏM Kİ, BAKIMIZ ÇOX GÖZƏLDİR, TƏMİZDİR
– Xarici ölkələrdə səfərlərdə olarkən sənətinizlə yanaşı, Azərbaycanın təbliği ilə bağlı hansı işləri görürsünüz?
– Xarici ölkələrdə olanda işimlə yanaşı çalışıram ki, Azərbaycan haqqında da bilməyənlərə məlumat verim. Hər zaman fəxrlə deyirəm ki, Bakımız çox gözəldir, təmizdir. Bilməyənlərə də Azərbaycanın harada yerləşdiyini və digər məlumatları maksimum çatdırmağa çalışmışam. Kimsə ölkəmizi tanımayanda, hətta harada yerləşdiyini bilməyəndə, məyus oluram. Həyəcan keçirirəm, istəyirəm hamı Azərbaycan haqqında məlumatlı olsun.
– Oksana Rəsulova öz sənətində erməni ilə döyüşə hazırdırmı?
– Tək mən yox, hər bir azərbaycanlı buna hazırdır. Amma düşünürəm ki, sənətimlə artıq heç kimlə döyüşə ehtiyac qalmayıb. Çünki öz sənətimdə artıq qalibəm və bunu sübut etmişəm.
Dadaş Musayev
1905.az
Müsahibə ilk dəfə 30 oktyabr 2014-cü ildə dərc edilib