Giriş
İngiltərə “erməni məsələsi”nin ortaya çıxmasında və millətlərarası problemə çevrilməsində başlıca rol oynayan dövlətlərdən biri olmuşdur. Bu dövlət özünün Osmanlı torpaqlarına, Yaxın Şərqə, Asiyaya yönəlik ekspansionist siyasətində ermənilərdən əsas vasitə kimi istifadə etmişdir.
Bu məsələyə keçməzdən əvvəl ingilislərlə ermənilər arasındakı münasibətlərin tarixinə nəzər salmağı vacib hesab edirik.
Hər iki millət arasındakı münasibətlərin kökü orta əsrlərə qədər gedib çıxır. Bəzi mənbələrdə ermənilərin VII əsrdə İngiltərədə mövcud olduqları göstərilir (18, s. 48; 20, s. 73). Bu dövrdə ermənilər Ərəb-İslam dövlətinin genişlənməsi nəticəsində Avropaya gəlmiş, az bir hissəsi də İngiltərədə məskunlaşmışdır. Orta əsrlərdə başlayan əlaqələr daha çox dini və ticarət səviyyəsində inkişaf etmişdir. Xüsusilə xaçlı səfərləri əsnasında Kilikiya ətrafındakı ermənilər ilə İngiltərədən bu səfərdə iştirak edənlər arasında ən üst səviyyədə əlaqələr qurulmuş və türklərə qarşı xaçlılar ilə ittifaq quran ermənilərin bu münasibəti digər xaçlılar kimi ingilislərdə də böyük rəğbət yaratmışdır. Türk tədqiqatçıları Sədat Laçınər və Ehsan Bal bəzi erməni mənbələrinin “ermənilərin türk işğalından qaçaraq İngiltərəyə sığınmış olduqları, hətta türklər əleyhinə Avropada təbliğatlar apardıqları, hər iki xalq arasındakı münasibətlərin isbatı olaraq ingilis kralı III Henri ilə Hetum arasındakı məktublaşmalar” barədə verdikləri məlumatları müqayisəli şəkildə təhlil edərək göstərirlər ki, istər xaçlı səfərləri əsnasında, istərsə də sonrakı dövrlərdə ermənilərin İngiltərə və Avropanın digər xristian ölkələrində dəstək axtarışları ermənilərin yaşadıqları ərazilərdəki xalqlara qarşı kənar güclərdən yardım umduğunu ortaya qoyur (20, s. 74).
Daha sonrakı dövrlərdə ermənilər İngiltərənin xarici siyasətinin önəmli bir parçasına çevrildilər. Bu, hər şeydən əvvəl ingilislərlə təmas vəziyyətində olan bir çox erməni tacirlərinin Şərq dillərini (osmanlıca, farsca, hindcə və s.) bilmələrindən irəli gəlirdi. Bununla birlikdə onların xristian olmaları da ermənilərə böyük üstünlük qazandırmışdır. Bu dövrdə Hindistanı və ümumiyyətlə, Asiyanı müstəmləkələşdirmə siyasəti yeridən İngiltərə üçün ermənilər çox əlverişli bir vasitə ola bilərdi ki, bu da öz bəhrəsini verdi. İngiltərənin Hindistana daxil olmasında ermənilər böyük rol oynadılar. Bölgəni çox yaxşı tanıyan və dil problemi olmayan ermənilər başlanğıcda İngiltərəyə könüllü olaraq yardım etdilər. Hətta İngiltərənin Şərq ticarətində önəmli paya da sahib oldular. Ermənilər sadəcə Hindistan deyil, İngiltərə-İran xəttində də önəmli paya sahib idilər. Onlar əsas olaraq ipək, qumaş və ədviyyat ticarəti ilə məşğul idilər (34).
XVII əsrdə erməni tacirlərinin xidmətləri nəzərə alınaraq onlar Kraliyyət Fərmanı (Royal Charter) ilə mükafatlandırılmış və İngiltərənin azad vətəndaşları statusuna layiq görülmüşdülər. Ticarətdəki bu uğurlar ingilislərin ermənilərə olan rəğbətini daha da artırmış və bu rəğbət özünü siyasətdə də göstərmişdir (20, s. 75). Bu rəğbətin arxasında ingilis milli maraqlarının dayandığını xüsusilə qeyd etmək lazımdır. Məsələni bir az açaq.
İngiltərənin geosiyasi planlarında “erməni məsələsi”nin yeri
Məlum olduğu kimi, XIX əsrdə Avropa siyasətinə yön verən ən nüfuzlu dövlət kimi İngiltərə eyni zamanda tam mənası ilə dünyanın müstəmləkəçi imperiyası idi. Yer kürəsinin bir çox bölgəsində maraqları olan İngiltərə həmin maraqları nəzərə alaraq buna uyğun xarici siyasət yeritmək məcburiyyətində idi. 1791-ci ildən bəri Osmanlı dövlətinin ərazi bütövlüyünü müdafiə etmək siyasətini yeridən İngiltərə 1877-1878-ci illər Osmanlı-Rusiya müharibəsindən sonra Osmanlı imperiyasının ərazi bütövlüyünə əsaslanan ənənəvi siyasət prinsiplərindən zahirən ayrılmasa da, bu dövlətin özü üçün strateji əhəmiyyət daşıyan ərazilərinə sahib olmaq və ya ən azından bu ərazilər üzərində nəzarəti və təsirini gücləndirmək siyasətinə yönəldi. Digər bir ifadə ilə əvvəllər Osmanlı dövlətinin ərazi bütövlüyünü müdafiə edən İngiltərə XIX əsrin ikinci yarısından etibarən Osmanlı dövlətini yıxmaq məqsədini daşıyan bir siyasəti mənimsəməyə başladı. Bunun əsas səbəbi də ondan ibarət idi ki, İngiltərənin siyasi xadimləri əvvəllər Hindistan yolunun Osmanlı dövlətinin ərazi bütövlüyü ilə təminat altına alınacağı fikrini mənimsəmişdilər. Lakin XIX əsrdən etibarən bu dövlətin çox qısa bir müddətdə dağılacağını dərk edən İngiltərə Osmanlı dövlətinin torpaqları üzərində yeni dövlətlər yaratmağı və bunun sayəsində Hindistanı və Hindistan yolunu təminat altına almağı qarşısına məqsəd qoydu. İngiltərənin əsas məqsədi aşağıdakılar idi:
a) Öz ərazi bütövlüyünü qoruya bilməyən və itirən Osmanlı dövlətinin torpaqlarının İngiltərənin maraqlarına zərər verə biləcək və müstəmləkələrini təhdid edə biləcək bir ölkənin əlinə keçməsinə mane olmaq;
b) Rusiyanın isti dənizlərə enməsinin qarşısını almaq üçün əvvəllər Osmanlı dövlətinin ərazi bütövlüyünü qorumaq istəyən İngiltərənin artıq bu dövlətin sonunun yaxınlaşdığını gördüyü üçün Osmanlı imperiyasının torpaqları üzərində özündən asılı dövlətlər yaratmaqla müstəmləkələrinin təhlükəsizliyini təminat altına almaq (33).
“Erməni məsələsi” də İngiltərənin bu siyasətinin bir parçası idi və qlobal xarakterli həmin məsələnin ortaya çıxmasında İngiltərə-Rusiya rəqabətləri böyük rol oynamışdır. “Erməni məsələsi”ni ortaya atmaqla İngiltərə sadəcə Osmanlı torpaqlarını parçalamağı və parçalanmış ərazilər üzərində hegemonluq qurmağı hədəfləməmiş, eyni zamanda Rusiyanın Aralıq dənizinə enməsinin qarşısını almaq istəmişdir. Məlum olduğu kimi, İngiltərə dünyanın ən böyük dəniz gücünə sahib idi və dünya ticarətini əlində saxlayırdı. Qazandığı zəfərləri ilə rəqibsiz bir gücə çevrilmişdi. İngiltərənin ali strategiyası güclü diplomatik və strateji balans üzərində qurulmuşdu. 1890-cı illərdə İngiltərə Fransa ilə açıq dənizlərdə və Yaxın Şərqdə, Almaniya ilə Avropa rəqabətində və Osmanlı imperiyasının torpaqları üzərində, Rusiya ilə də Yaxın Şərqdə, Balkanlarda, Anadoluda və Asiyada, xüsusilə Əfqanıstan və Çində rəqib idi. Eyni zamanda Osmanlı imperiyasının torpaqları İngiltərəni çox maraqlandırırdı. Buna görə də Balkanlarda Bolqarıstanı, Anadoluda Ermənistanı, Ərəbistan torpaqlarında isə özündən asılı bir ərəb dövlətini yaratmaq və bu ərazilərdə yəhudilərə torpaq verməklə Rusiya, Fransa və Almaniyaya qarşı rəqabət və güc mübarizəsində ingilis maraqlarına uyğun olaraq üstünlük əldə etmək istəyirdi. İngiltərə baxımından “erməni məsələsi”nin mənası da bu üstünlüyə nail olmaq üçün ondan vasitə kimi istifadə etməkdən irəli gəlirdi (8, s. 223).
Qeyd etmək lazımdır ki, San-Stefano anlaşmasının 16-cı maddəsi İngiltərəni Rusiyanın Osmanlı torpaqlarını işğal edəcəyi düşüncəsi ilə qorxutmuşdu. Əgər Rusiya Şərqi Anadolu yolu ilə bir tərəfdən İsgəndərun, digər tərəfdən də Mesopotamiya yolu ilə Bəsrə körfəzinə ensəydi, İngiltərə üçün ciddi və ağır nəticələr yarana bilərdi. İngiltərəyə görə, bu təhlükəni aradan qaldırmağın yeganə yolu yuxarıda da qeyd edildiyi kimi, Osmanlı dövlətinin ərazi bütövlüyünü müvəqqəti olsa da, qorumaq və onun torpaqları üzərində nəzarət qurmaq olmuşdur. İngiltərə bu planı reallaşdırmaq üçün Berlin müqaviləsindən öncə Rusiyanın təhdidinə qarşı osmanlılarla müdafiə müqaviləsi imzalamaq istədi (21, s. 22). İngiltərənin xarici işlər naziri Robert Solsberinin Rusiyanın təzyiqi qarşısında ölkəsinin türklər üçün deyil, Osmanlı imperiyası üçün mübarizə aparacağını dilə gətirməsi çox düşündürücüdür (19, s. 5). Bu söz əslində çox şeyi açıqlayır. Buradan aydın olur ki, İngiltərəni qətiyyən türklər maraqlandırmamışdır. Solsberiyə görə, ruslar Qarsı almaqla kifayətlənməyəcək, Anadolunu da Balkanlar kimi parçalayacaqdı. Bu vəziyyətə mane olmaq üçün İngiltərə ilə Osmanlı arasında Asiya torpaqlarının müdafiəsini nəzərdə tutan bir ittifaq müqaviləsinin imzalanması vacib idi (19, s. 5). Yeni müqavilənin Berlində imzalanması qərarlaşdırıldı. Osmanlı dövləti İngiltərənin Berlində onu dəstəkləyəcəyinə ümid edirdi. Lakin İngiltərə Osmanlı dövlətinin vəziyyətinin gərgin olduğunu bildiyindən Berlin Konqresində təhdid yoluna baş vuraraq Osmanlıdan Kipr adasını müvəqqəti də olsa aldı. 1878-ci il iyunun 4-də imzalanan və 1878-ci il iyulun 15-də II Əbdülhəmid tərəfindən təsdiq edilən müqaviləyə görə, Osmanlı dövləti Şərqi Anadoluda yaşayan ermənilər üçün İngiltərə ilə birlikdə qərarlaşdıracağı islahatlar aparacaqdı. İngiltərə də Şərqi Anadoludakı rus təhdidini aradan qaldırmaq üçün bu təhlükə sovuşanadək Kipri əlində saxlayacaqdı. Beləliklə, İngiltərə Hindistana gedən ən qısa yolun təhlükəsizliyini təmin etmiş oldu (15, s. 15).
Göründüyü kimi, islahatlar barəsində İngiltərə erməniləri deyil, öz maraqlarını qorumaq üçün siyasət yeritmiş və Rusiyaya qarşı baza olaraq Kipr adasını ələ keçirmişdir.
1880-ci ildə antitürk düşüncələri ilə məşhur olan V.Qladstonun seçkilərdə qalib gələrək baş nazir seçilməsi ilə İngiltərə sanki ermənilərin vəkilinə çevrilmiş oldu (17, s. 168). Qladston ilk iş olaraq “erməni məsələsi”nə yenidən nəzər yetirmiş, Bab-ı Aliyə (Osmanlıya – E.Ş.) nota göndərərək ermənilərin məskunlaşdığı yerlərdə islahatların aparılmasını tələb etmiş, Osmanlı dövləti isə öz cavabında islahatların onsuz da aparıldığını bildirmişdir (12, s. 570). Qladstonun bu təşəbbüsü ermənilərdə böyük ümidlər doğurmuşdur. 1880-ci illərdən başlayaraq İngiltərənin dəstəyini arxasında hiss edən ermənilər öz fəaliyyətlərini daha da artıraraq müstəqil Ermənistan dövlətini yaratmaq üçün müxtəlif cəmiyyətlər qurmağa və yerlərdə dövlət əleyhinə üsyanlar etməyə başladılar. Ermənilərlə müsəlmanlar arasında baş verən münaqişələr Avropada ermənilərin türklər tərəfindən qətl edildikləri şəklində təbliğ olundu. İngiltərə Rusiya və Fransa ilə birlikdə islahat məsələsini yenidən gündəmə gətirdi. Bu üç dövlətin İstanbuldakı səfirləri Erməni Patrikliyinin də əsas götürdüyü prinsiplər çərçivəsində 1895-ci il mayın 11-də Bab-ı Aliyə bir memorandum verərək 6 vilayət – Ərzurum, Bitlis, Van, Sivas, Diyarbəkir və Harput – üçün islahat layihəsini təqdim etdilər. İngiltərə bu layihəyə adı keçən vilayətlərə təyin ediləcək valilərin dövlətlər tərəfindən təyin və ya azad edilməsi haqqında bir maddə əlavə etmək istəsə də, Rusiya ilə Fransa bu təklifi rədd etdilər. Çünki İngiltərənin bu təklifinin qəbul edilməsi ona “erməni məsələsi”nə istədiyi kimi müdaxilə etmək hüququnun verilməsi mənasına gəlirdi. İngiltərə Osmanlıya bu layihəyə ən qısa müddətdə müsbət cavab verməzsə, hərbi gücdən istifadə edəcəyini bildirdi. Bu təhdid öz növbəsində Rusiyanı narahat etməyə bilməzdi. İngilislərin “erməni siyasəti”nin əsl niyyətinin Osmanlı imperiyasının Şərqi və Cənub-Şərqi Anadolu bölgələrini öz nəzarəti altına almaq istədiyini və əgər İngiltərə burada yaşayan ermənilər üzərində hegemonluq qurarsa, bunun öz sərhədləri daxilindəki ermənilərə də təsir edəcəyini anlayan Rusiya hərbi gücə baş vurmağın əleyhinə olduğunu açıqlayınca, Osmanlı dövləti cəsarətlənərək İngiltərə tərəfindən təqdim olunan islahat layihəsini rədd etdi. İngiltərə onun niyyətlərini başa düşən Rusiya və Fransa qarşısında islahatlar barəsində Osmanlı dövlətinin üstünə çox getməsə də, yeni problemlər yaratmaqda davam etdi (12, s. 569-571).
İngilislər Birinci Dünya müharibəsi illərində də erməni təşkilatlarına dəstək verərək onları etnik-milli münaqişələrə və qırğınlara təşviq etmiş, özünün Şərq siyasətində ermənilərdən yararlanmışdır. Bu siyasətə uyğun olaraq İngiltərə ermənilərin siyasi gələcəyinə dair öhdəliklər götürmüş, “Müstəqil Ermənistan” üçün ciddi vədlər vermiş, sadəcə Şərqi Anadoluda deyil, Cənubi Qafqazda da onlardan yararlanmış, “erməni məsələsi”ni Azərbaycanda və onun ayrılmaz parçası olan Naxçıvanda gündəmdə tutmuş, erməniləri Naxçıvana qarşı təcavüzkar hərəkətlərə təşviq etmişdir. Bu təşviq hərəkətlərinin pərdə arxasında nə dayanırdı? Ermənilərin vəziyyəti ingilisləri bu qədər yaxından maraqlandırırdısa, nəyə görə Osmanlı torpaqları üzərində özündən asılı milli dövlətlər yaratma siyasətinə uyğun olaraq Şərqi Anadoluda bir erməni dövlətini qurmadı? Osmanlı imperiyasının torpaqları üzərində mandatlıq rejimi bəhanəsi ilə özündən asılı çox sayda dövlətlər (ərəb dövlətləri – E.Ş.) yaradan İngiltərə baxımından bu ərazidə “Erməni dövləti”nin yaradılması çətin idimi? “Erməni dövləti”nin yaradılması planının Cənubi Qafqaza ixrac edilməsinin əsas səbəbləri nə idi? Bu suallara cavab verə bilmək üçün o dövrün siyasi proseslərini diqqətlə təhlil etmək lazım gəlir.
“Erməni dövləti”nin yaradılması planının və ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı cinayətlərinin pərdə arxası
Geostrateji baxımdan Cənubi Qafqaz İngiltərə üçün böyük əhəmiyyətə malik idi. Xüsusilə Azərbaycan, onun iri sənaye-maliyyə mərkəzi olan Bakı üzərində nəzarətin ələ keçirilməsi və Xəzər limanının zəbt olunması cəhdləri ingilis siyasətinin ənənəvi və prioritet istiqamətlərindən idi, eyni zamanda onun ümumilikdə Avrasiya ilə bağlı əsas geosiyasi konsepsiyasına uyğun gəlirdi. Xəzər dənizinə sahib olmaq təkcə Qafqazda deyil, eyni zamanda Mərkəzi Asiyada nəzarət qazanmaq, Hindistana gedən yolu qorumaq demək idi (7, s. 208). Lakin 1917-ci ildə Rusiyada baş verən hadisələr nəticəsində Xəzər Osmanlı üçün açıq dəhlizə çevrildi (14, s. 96). Meydana gələn proseslər türklərə Qafqaz, İran və Orta Asiyaya girmək üçün əlverişli imkan yaratmış, Hindistan təhlükə altına düşmüşdü. Çar Rusiyasında ortaya çıxan qarışıqlıqlar türklərə öz planlarını tətbiq etmək üçün bir fürsət idi, eyni zamanda pantürkist arzuların da güclənməsi üçün bir yol açılmışdı.
Osmanlı dövlətinin son dövrlərində üç siyasi cərəyan – türkçülük, islamçılıq və osmanlıçılıq ortaya çıxmışdı. Hər üç cərəyanın tərəfdarları Osmanlı dövlətinin süqutunu önləməyə çalışsalar da, Balkan hərbi ilə osmanlıçılığın, bunun ardınca Birinci Dünya müharibəsində ərəblərin qaldırdığı üsyanlara görə islamçılığın reallaşmasının mümkünsüzlüyünü görən rəhbərlik dövlətin rəsmi ideologiyası olaraq türkçülük, daha doğrusu, turançılıq xəttini qəbul etdi (6, s. 35; 9, s. 58).
Türklərin Qafqaza və Xəzər ətrafına doğru irəliləməsi ehtimalı yaranmışdı. Şərqdəki ingilis maraqları baxımından ciddi təhlükə kəsb edən bu proseslər İngiltərəni müəyyən tədbirlər almaq məcburiyyəti qarşısında qoydu. İngiltərənin prioritet məqsədi Qafqazdakı müxtəlif etnik və dini qruplar içərisində hansı millətin türklərə qarşı ciddi müqavimət göstərə biləcəyini müəyyənləşdirmək idi. Türksoylu olması baxımından Osmanlıya rəğbət göstərən Azərbaycan türklərinə etimad göstərilməyəcəyi bəlli idi. Xristian gürcülərin isə almanlarla XIX əsrdən etibarən müəyyən əlaqələri vardı. Nəticə etibarilə ingilis dəstəyinin ən etibarlı namizədi xristian ermənilər idi (22, s. 323-324)
İngiltərə hökuməti Türkiyə ilə türk dünyası arasındakı yeganə baryerin ermənilər olduğunu anlamışdı. Bu səbəbdən Qafqazda türk ordularına qarşı müdafiə üçün tərcih edilən millət ermənilər oldu. Erməni ordusunun İngiltərə tərəfindən hərbi və maliyyə dəstəyi ilə təmin olunduğu bu dövrdə “erməni məsələsi”nə yönəlik siyasi açılımlar da özünü göstərdi. Ermənilər türklərə qarşı müharibə qarşılığında Ermənistanın gələcəyi ilə bağlı öhdəliklər tələb etdilər. Bu tələblər qarşısında London İngilis-Erməni Komitəsinin sədri və İngiltərə Parlamentinin üzvü Anurin Uilyams 1917-ci il dekabrın 4-də İngiltərənin məşhur diplomatlarından olan, eyni zamanda Millətlər Cəmiyyətinin qurucusu Lord Robert Sesilə göndərdiyi məktubda ermənilərə yardım göstərilməsinin vacib olduğunu bildirirdi. Anurin Uilyams hətta ermənilərin silahlandırılmasını və Andranik kimi silahlı dəstə liderlərindən istifadə edilməsini də zəruri hesab edirdi (29). Məktubda ingilis, fransız və amerikan hökumətlərinin də erməni ordusuna maddi dəstək vermələrinin vacib olduğu bildirilmiş, sərhədlərdən kənarda yaşayan ermənilərin pul yardımı ilə Şərqi Anadoluya və Qafqaza gətirilmələrinin qaçılmaz olduğu yazılmışdı (29). Nəticədə İngiltərənin Hərbi Şurası özünün 7 dekabr 1917-ci il tarixli iclasında ermənilərə maliyyə dəstəyi verilməsi haqqında qərar qəbul etdi (30, s. 101). Bununla birlikdə erməni könüllü dəstələrinin də Qafqaza fərqli yollardan gəlməsinə icazə verildi (32). İngiltərə tərəfindən ermənilərin dəstəklənməsi üçün ayrılan yardım 20 milyon sterlinq idi (22, s. 329). 1917-ci ilin sonları və 1918-ci ilin əvvəllərində İngiltərə tərəfindən Tehrandan Bakıya, oradan da ermənilərə verilməsi üçün Tiflisə külli miqdarda qızıl və pul göndərildi (16, s. 329).
Sadəcə pul deyil, müxtəlif silah və sursatlar da ermənilər üçün tədarük edildi. Bu yardımlar Versaldakı Antanta Ali Hərbi Şurası ingilis hərbi mütəxəssislərinin 1917-ci ilin dekabr ayındakı memorandumunda açıq şəkildə göstərilməkdədir: “Ermənilərə hər vəziyyətdə işğal etdikləri bölgələrdə pul, silah və sursat tədarükü ingilis siyasətinin maraqları daxilindədir. Bu təcrübənin uğurlu olması nəticəsində erməni qüvvələrindən gələcəkdə türklərin diz çökməsi üçün faydalanmaq olar” (31).
İngilislərin bu dəstəyi sayəsində hərəkət qabiliyyətlərini artıran, külli miqdarda silah və sursat əldə edən ermənilər Azərbaycanda ciddi etnik təmizləmə siyasətini gerçəkləşdirdilər. Azərbaycanın bir çox bölgələrində, o cümlədən Naxçıvanda türk-müsəlman soyqırımı törədildi. Mənbələrdən əldə edilən məlumatlara görə, 1918-1921-ci illər arasında Naxçıvanda 73.727 nəfər ermənilər tərəfindən qətlə yetirilmişdir (2, s. 29; 4, s. 147). 1915-1921-ci illər arasında Cənubi Azərbaycanda isə ingilislərin və rusların təşviqi ilə təşkilatlanan və silahlanan erməni ordusunun qətlə yetirdiyi insanların sayı 90.000 nəfərin üzərində idi (13, s. 248).
Ermənilərin törətdikləri bu cinayətlərin arxasında böyük dövlətlərin dəstəyinin olduğu, eləcə də İngiltərə tərəfindən verilən qızıl və sterlinqlərin, eyni zamanda silah və sursatların təsiri xüsusilə qeyd edilməlidir.
Dördlər qruplaşmasının Birinci Dünya müharibəsində məğlubiyyəti ilə türklərin pantürkist ideyalarının reallaşması ehtimalı ortadan qalxdığı zaman böyük bir çətinlikdən çıxan İngiltərə 1918-ci ilin noyabr ayında Azərbaycana daxil oldu. Lakin ingilis qoşunları Bakıya daxil olduqdan üç ay sonra, 1919-cu ilin fevralında Lloyd Corc hökuməti ordunu Transqafqazdan mümkün qədər tez çıxarmağı qərara aldı (5, s. 248). İngilislərin Qafqazdan çıxmaq qərarı bu günə qədər də dəqiqləşdirilməmiş ciddi problemlərdən biri olaraq qalır.
Mənbələrdə Birinci Dünya müharibəsinin sonunda İngiltərənin Qafqazı, xüsusilə neft bölgəsi olan Azərbaycanı öz müstəmləkə imperiyasına qatmaq, Xəzər dənizinə sahib olmaq niyyətində olduğuna dair məlumatlar keçir. Tarix üzrə elmlər doktoru, professor Pərvin Darabadi qeyd edir ki, ingilislərin Qahirədən Kəlküttəyə qədər Böyük Britaniyanın nəzarəti altında birləşməsi yolu ilə bütöv ərazinin yaradılması ideyası mövcud idi. Bu ideya İngiltərənin Orta Şərqdəki siyasətinin yeni məzmununu – Xəzər və Qafqazətrafı ərazilər, xüsusilə neft Bakısı üzərində nəzarətin yaradılmasını stimullaşdırırdı (3, s. 26). Bu geosiyasi plan eyni zamanda Hindistanın şimal sərhədlərindən Aralıq dənizinə doğru uzanmış bir neçə bufer dövlətdən ibarət zəncirin yaradılmasını da nəzərdə tuturdu. Bu zəncir Hindistana hücumlar zamanı bir qalxan – Böyük Britaniya, Avstraliya və Yeni Zelandiya arasında əsas əlaqələndirici vasitə rolunu oynamalı idi. Qafqaz-Xəzər regionu əsas əlaqələndirici həlqəyə çevrilirdi ki, bu həlqə İngiltərənin hərbi-siyasi planlarında həmin dövr üçün xüsusi yer tuturdu (3, s. 26).
İngiltərənin məşhur dövlət xadimlərindən Lord Kerzon qeyd edirdi ki, Böyük Britaniyanın gələcəyi Avropada deyil, bizim immiqrantlarımızın gəldiyi, sonralar isə gələcək nəsillərin artıq istilaçı kimi geri qayıtdığı qitədə həll olunacaqdır. Türkistan, Əfqanıstan, Xəzər, Persiya dünya hökmranlığı uğrunda oyun gedən şahmat lövhəsinin bir hissəsidir (3, s. 25).
İngiltərənin Azərbaycanı öz müstəmləkə imperiyasına qatmaq, Xəzər dənizinə sahib olmaq niyyətində olduğuna dair məlumatlar C.Həsənlinin (30, s. 249), N.K.Buzınina və K.V.Vinoqradovun (23, s. 119), F.Volkovun (24, s. 50) və başqa tədqiqatçıların əsərlərində də mövcuddur, eyni zamanda bu tədqiqatların hər birində ingilis planlarına dair məsələlərdə haqlılıq payı da olduqca yüksəkdir. Lakin ingilislərin qısa bir müddət içərisində Qafqazı tərk etmələrinin səbəbi qaranlıq qalır. Əvvəla, ingilislər niyə gəlmişdilər və heç bir kənar müdaxilə olmadan bölgəni hansı səbəbdən tərk etdilər?
İngiltərənin Hindistan məsələləri üzrə naziri A.Monteqyu Qafqaza münasibətdə öz düşüncələrini bu cür açıqlayırdı: “Hindistanın müdafiəsi məsələləri ilə bağlı mən fikirləşirəm ki, Qafqaz haqqında düşünmək bizim üçün mühüm deyildir. Mən hesab edirəm ki, bu bölgə tamamilə bizim maraqlarımızdan kənardadır” (26, s. 74).
Bu ifadələr olduqca müəmmalı və çox qarışıqdır. Əgər Qafqaz İngiltərənin maraqları xaricində idisə, onda ingilislər bölgəyə niyə gəlmişdilər? Qənaətimizcə, İngiltərə öz müstəmləkələrinin ərazilərini genişləndirməkdən daha çox, müharibə dövründə ələ keçirdiyi müstəmləkələri (xüsusilə neft bölgəsi olan Yaxın Şərqi – E.Ş.) qoruyub saxlamaq üzərində düşünürdü. Xüsusilə İngiltərə baxımından daha çox əhəmiyyət kəsb edən bölgə Yaxın Şərq idi. Enerji resurslarının əsas hissəsinin Osmanlı sərhədləri içərisində yer alması Yaxın Şərqi İngiltərə üçün tam mənası ilə vazkeçilməz bir bölgəyə çevirmişdi. Sənaye inqilabını tamamlamış olan İngiltərə üçün Yaxın Şərq neftinə sahib olmaq ölkənin rifah və zənginliyi baxımından olduqca zəruri idi.
Bütün bunları nəzərə alaraq qeyd etmək mümkündür ki, ingilislərin Azərbaycana gəlişinin səbəbi iqtisadi maraqları daxilində bölgəni işğal etmək deyil, Türkiyənin tamamilə yalnızlığa məhkum edilməsini hesaba qataraq bu dövlət ilə türk dünyası arasındakı əlaqələri qoparmaq və turançı düşüncələrin önünü kəsmək idi. Bu planın gerçəkləşməsi üçün ən uyğun vasitə isə ermənilər idi. İngilislərin məşhur diplomatlarından Lord Kerzonun ifadələri olduqca düşündürücüdür: “Türkiyə ilə türk xalqları arasında tampon bir dövlətin yaradılması qaçılmazdır. Problemin ortadan qalxması üçün yeni “Erməni dövləti” təzahüründə xristian bir topluluğun meydana gətirilməsi vacibdir” (25, s. 427).
İngiltərənin gizli planlarında Naxçıvanın yeri
İngiltərənin ermənilərlə bağlı planlarını araşdırıb təhlil etdikcə istər-istəməz belə bir sualla qarşılaşmalı oluruq: “Erməni dövləti” təzahüründə bu topluluq hansı bölgələrdə yaradılacaqdı? Bu dövlətin Şərqi Anadoluda qurulması mümkün deyildi, İngiltərə özü buna qətiyyən razı deyildi. Halbuki İngiltərə Şərqi Anadolu və Qafqazda türk təhdidinə qarşı baryer olaraq yararlanması müqabilində ermənilərə təminat vermiş, “Müstəqil Ermənistan”ın qurulması yönündə ciddi öhdəliklər götürmüş və vədlər vermişdi. Erməni dövlətinin Türkiyə ilə Azərbaycan arasında, Naxçıvanı da əhatə edən bir bölgədə qurulması və sərhədlərinin müəyyənləşdirilməsi məsələsi İngiltərənin planları çərçivəsində idi. İngilislər Türkiyəyə meyilli olan Azərbaycana inanmadıqlarından məhz Ermənistana etimad edir və Türkiyənin Transqafqaza olan qapısını əbədilik bağlamaq üçün Naxçıvanı ermənilərə verməyə çalışırdılar (bu barədə ətraflı məlumat üçün bax: 1, s. 13-14; 11, s. 74).
Naxçıvan 1919-cu ilin yanvarında ingilislər tərəfindən işğal edildi. Naxçıvan və Şərurun Ermənistan hökumətinin tabeliyinə verildiyini bildirən ingilislər ermənilərin öz işğalçılıq siyasətini həyata keçirmələrinə şərait yaratdılar (28, vv. 17). Daşnaklar ingilis zabitlərinin bilavasitə köməyi və iştirakı ilə 1919-cu ilin iyununda Naxçıvanın bir hissəsini tutsalar da, Naxçıvan Milli Komitəsinin hərbi hissələri daşnakların nizami qoşununu əzərək onları Naxçıvan ərazisindən kənara atdılar. Yerlərdə hakimiyyət Milli Şuranın əlində idi. İyulun əvvəllərində ingilis qüvvələri Naxçıvanı tərk etdilər (1, s. 14).
Bütün bunları ümumiləşdirərək belə bir nəticəyə gəlmək mümkündür ki, İngiltərə özünün ekspansionist siyasətini həyata keçirərkən Londonda tərtib olunmuş ssenari üzrə hərəkət edən daşnaklardan istifadə etmiş (10, s. 256), hər vəchlə Ermənistanın Antantaya öz ərazisini, habelə hərbi və iqtisadi potensialını verməyə hazır olan daşnak rəhbərlərini dəstəkləmiş (3, s. 33), faktiki olaraq Ermənistanı Naxçıvan və Zəngəzurla bağlı təcavüzkar hərəkətlərə təşviq etmişdir. Nəticədə İngiltərənin siyasi planları çərçivəsində dəstəklənən ermənilər tərəfindən Şərqi Anadoluda olduğu kimi, Azərbaycanda və onun ayrılmaz parçası olan Naxçıvanda da soyqırımı siyasəti gerçəkləşdirilmişdir. İngilis siyasəti bölgədə yaşanan faciələrin zəminini hazırlamışdı.
Heç təsadüfi deyildir ki, fransız tədqiqatçısı Jorj de Malevil “1915-ci il erməni tragediyası” adlı əsərində erməni dövlətinin qurulmasının da Antanta dövlətləri, xüsusilə İngiltərənin yardımı sayəsində gerçəkləşdiyini qeyd etmişdir: “İngiltərənin iradəsi ilə çar imperiyasının xarabalıqları üzərində qurulub qısa bir ömür (1918-1920) sürən erməni respublikası, bütün tarixi boyu mövcudiyyəti qeydə alınan yeganə müstəqil erməni dövləti idi” (27, s. 15).
Buradan belə bir məqam ortaya çıxır ki, İngiltərənin iradəsi olmasaydı, erməni dövlətinin qurulmasından və mövcudiyyətindən söhbət gedə bilməzdi. Bu dövlətin Cənubi Qafqazda qurulması məsələsinə gəlincə, bununla İngiltərə Rusiya və Türkiyəyə xəbərdarlıq etmək istəmişdi. Bu xəbərdarlığın da mahiyyəti ondan ibarət idi ki, bir erməni dövləti qurulacaqdı, lakin Osmanlı imperiyasının ərazilərində deyil, Cənubi Qafqazda gerçəkləşəcəkdi. Əgər erməni dövləti Şərqi Anadoluda yaradılsaydı, bu dövlət İngiltərənin deyil, Rusiyanın nəzarəti altına keçə bilərdi. İngiltərənin bu cür düşünməsi heç də yersiz deyildi. Rusiyanın 1828-ci ildə “Erməni vilayəti”nin əsasını qoymaqla gələcəkdə ondan hücum mərkəzi olaraq düşünməsini, “erməni kartı”ndan yararlanaraq gələcəkdə Osmanlı dövlətini parçalamaq, Şərqi Anadoluda yaşayan erməniləri müstəqillik və “Böyük Ermənistan” vədləri ilə qızışdıraraq, onları öz himayəsi altında bir araya gətirərək Osmanlı ərazilərinə yiyələnmək arzusunda olması faktlarını xatırlatmaq kifayətdir.
Nəticə
“Erməni məsələsi” beynəlxalq rəqabətdə maraqları toqquşan iki böyük dövlətin – Rusiya ilə İngiltərənin təhrikləri nəticəsində ortaya çıxmışdır. Lakin problemin kökü Rusiya tərəfindən ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürüldüyü və nəticədə “Erməni vilayəti”nin qurulduğu tarixə, yəni XIX əsrin əvvəllərinə qədər uzanır. Ermənilərin köçürülməsi siyasəti Rusiyanın gələcəyə hesablanmış məqsədyönlü planının əsas tərkib hissəsi idi. Belə ki:
– Əvvəla, Rusiya Azərbaycan torpaqlarına erməniləri köçürərək burada uzunmüddətli hakimiyyət qurmaq niyyətində idi;
– İkincisi, bu siyasət nəticəsində Qacarlara və Osmanlılara qarşı güclü sədd yaradaraq iqtisadi, hərbi və siyasi imkanlar qazanmış oldu;
– Üçüncüsü, Rusiya “erməni kartı”ndan yararlanaraq gələcəkdə Osmanlı dövlətini parçalamaq, Şərqi Anadoluda yaşayan erməniləri müstəqillik və “Böyük Ermənistan” vədləri ilə qızışdırmaq, onları öz himayəsi altında birləşdirməyə sövq edərək Osmanlı ərazilərinə yiyələnmək arzusunda idi.
Rusiyanın Yaxın Şərqdə güclənmək, isti dənizlərə enmək strategiyası öz növbəsində İngiltərənin ənənəvi siyasətinə zidd idi, nəticədə “erməni məsələsi” millətlərarası bir problemə çevrildi. İngiltərənin müdaxiləsi nəticəsində “erməni məsələsi” Rusiyanın tam inhisarından çıxarıldı və ingilislərin planları daxilində aktuallaşmağa başladı. 1917-ci ildə Rusiyada baş verən çevriliş nəticəsində “erməni məsələsi” tamamilə ingilislərin inhisarına keçmiş oldu.
İngiltərənin Cənubi Qafqazdakı geosiyasi maraqları, bu maraqların reallaşmasında erməni amilindən istifadə edilməsi məsələsi, “Erməni dövləti”nin yaradılması, Naxçıvanın ermənilərə verilməsi planları, bu planların mahiyyəti və pərdə arxası aşağıdakı şəkildə xarakterizə oluna bilər:
• İngiltərənin Cənubi Qafqazda möhkəmlənmək, Azərbaycanı öz müstəmləkə imperiyasına qatmaq kimi niyyətlərinin olmasına dair məlumatlar olsa da, mahiyyəti müəyyən qədər qaranlıqdır. Əslində, ingilislərin Azərbaycana gəlişinin səbəbi iqtisadi maraqları daxilində bölgəni işğal etmək deyildi. Qənaətimizcə, İngiltərə öz müstəmləkələrinin ərazilərini genişləndirməkdən daha çox, müharibə dövründə ələ keçirdiyi müstəmləkələri qoruyub saxlamaq üzərində düşünürdü. Xüsusilə İngiltərə baxımından daha çox əhəmiyyət kəsb edən bölgə Yaxın Şərq idi. Enerji resurslarının əsas hissəsinin Osmanlı sərhədləri içərisində yer alması Yaxın Şərqi İngiltərə üçün tam mənası ilə vazkeçilməz bir bölgəyə çevirmişdi. Buna əsaslanaraq qeyd etmək mümkündür ki, İngiltərənin əsas məqsədlərindən biri Türkiyənin tamamilə yalnızlığa məhkum edilməsini hesaba qataraq bu dövlət ilə türk dünyası arasındakı əlaqələri qoparmaq və turançılıq düşüncələrinin önünü kəsmək idi. Bu planın gerçəkləşməsi üçün ən uyğun vasitə və yeganə baryer məhz ermənilər idi;
• Rusiyada meydana gələn hadisələrlə əlaqədar olaraq rus dəstəyindən məhrum qalan ermənilər məhz ingilislər tərəfindən silahlandırılmış, terrorçu silahlı dəstələrin liderlərindən yararlanılmış və təlimatlandırılmışdır. Heç təsadüfi deyildir ki, İngiltərənin Hərbi Şurasının ermənilərə maliyyə dəstəyi verilməsi ilə bağlı 7 dekabr 1917-ci il tarixli qərarından sonra külli miqdarda maliyyə vəsaiti ayrılmış, müxtəlif silah və sursatlar ermənilər üçün tədarük edilmişdir. Məhz həmin yardımların və təlimatların nəticəsi idi ki, 1918-1920-ci illərdə Azərbaycanın bir çox bölgələrində, o cümlədən Naxçıvanda ciddi etnik təmizləmə siyasəti gerçəkləşdirilmişdir. İngiltərə tərəfindən verilən maddi, siyasi dəstək hər şeydən əvvəl bu dövlətin ermənilərin siyasi gələcəyinə dair götürdüyü öhdəliklər və “Müstəqil Ermənistan” üçün verdiyi ciddi vədlərlə bilavasitə əlaqədar idi.
• Hadisələrin sonrakı gedişatı göstərdi ki, İngiltərə “erməni dövləti” təzahüründə xristian bir topluluğun Şərqi Anadoluda qurulmasına heç bir vəchlə razı olmamış, “Müstəqil Ermənistan”ın Türkiyə ilə Azərbaycan arasında, Naxçıvanı da əhatə edən bir bölgədə qurulmasını və sərhədlərinin müəyyənləşdirilməsini planlaşdırmışdı;
• Erməni dövlətinin qurulmasının Antanta dövlətləri, xüsusilə İngiltərənin yardımı sayəsində gerçəkləşdiyini nəzərə alsaq, İngiltərə bu dövləti yaratmaqla Rusiya və Türkiyəyə xəbərdarlıq etmək istəmişdi. Bu xəbərdarlığın da mahiyyəti ondan ibarət idi ki, bir erməni dövləti qurulacaqdı, lakin Osmanlı İmperiyasının ərazilərində deyil, Cənubi Qafqazda gerçəkləşəcəkdi. Əgər erməni dövləti Şərqi Anadoluda yaradılsaydı, bu dövlət İngiltərənin deyil, Rusiyanın nəzarəti altına keçə bilərdi. Bu ehtimalı nəzərə alan İngiltərə Osmanlı torpaqlarını öz nəzarətində saxlaya bilmək üçün Erməni dövlətinin qurulması məsələsini Cənubi Qafqaza ixrac etmişdir;
• Erməni dövlətinin Cənubi Qafqazda qurulması məsələsi Rusiyaya xəbərdarlıq və ya İngiltərə-Rusiya rəqabətləri şəklində xarakterizə oluna bilər, lakin bu siyasəti İngiltərənin türk sivilizasiyasına qarşı bir təhdidi olaraq da dəyərləndirmək mümkündür. Xüsusilə türk dünyası arasındakı əlaqələri təmin edən “türk qapısı” Naxçıvanın ingilislər tərəfindən ermənilərə verilməsi cəhdlərinə də məhz bu aspektdə baxılmalıdır. Yoxsa ki, Türkiyənin və Azərbaycanın parçalanmasında, hər iki dövlətə məxsus ərazilərin ermənilərə verilməsində İngiltərənin məqsədi nə ola bilərdi? İngiltərəni əsl həqiqətdə heç də ermənilərin taleyi maraqlandırmamış, bu məsələdən yalnız geosiyasi, geoiqtisadi maraqları naminə istifadə etmişdir.
Emin ŞIXƏLİYEV
AMEA Naxçıvan Bölməsi
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun
“Qafqaz tarixi” şöbəsinin müdiri,
tarix üzrə fəlsəfə doktoru, dosent
http://www.stj.sam.az