“1905.az” Diskussiya Klubunda bu dəfə gənc rejissor Ayşad Səfərəliyevin “İnikas” filminə baxış keçirdik və filmi onun yaradıcı heyətinin üzvləri – ssenari müəllifi və quruluşçu rejissor Ayşad Səfərəliyev, quruluşçu operator Rauf Qurbanəliyev, quruluşçu rəssam Şahin Həsənli və aktyorlar – əməkdar artist Elşən Rüstəmov və Tofiq Əliyevin iştirakı ilə müzakirə etdik. Müzakirələrdə “1905.az” portalının direktoru Fuad Babayev və portalın əməkdaşı Dadaş Musayev də iştirak edirdi.
Fuad Babayev: Mən filmin yaradıcı heyətinə öz təşəkkürümü bildirirəm, böyük zövq aldıq. Əlbəttə siz öz sözünüzü filmlə və çox uğurla demisiniz. Amma elə məsələlər də var ki, onlar filmin içində deyil. Filmin 2015-ci ilin mayında filmin Nizami Kino Mərkəzində premyerası olub, sonra isə Yakutiyada, Bişkekdə, Moskvada və s. nümayiş etdirilib. Filmin təqdimatdan sonrakı taleyi Sizi rejissor və ssenari müəllifi kimi qane edirmi? Qoyduğunuz hədəflərə çatmısınızmı? Auditoriya, filmin xaricdə nümayişi ilə bağlı gözləntiləriniz doğrulubmu?
Ayşad Səfərəliyev: Bu film mənim diplom işimdir. Çəkəndə də məqsədim onu Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun komissiyasına təqdim etmək idi ki, institutu yaxşı qiymətlərlə bitirim. Və film mənim gözlədiyimdən də artıq bəyənildi və əla qiymətlərlə də institutu bitirdim. Mənim əsas məqsədim bu idi.
Fuad Babayev: Yəni kassa uğurunu onsuz da gözləmirdiniz.
Ayşad Səfərəliyev: Bu qısametrajlı filmdir və belə filmlərdən kassa uğuru gözləməyə dəyməz. Məqsədim sadəcə öyrəndiklərimi praktida tətbiq etməkdən ibarət idi. Bundan sonra isə filmi festivallara yollamağa başladıq. Mükafatlar da qazandıq. Daha 2 festivalda da iştirak edəcəyik. Yəni festivallar baxımından da məni qane etdi. Festivallardan sonra “Yuotube” kanalına da buraxıb, auditoriyanın fikrini öyrənəcəyəm.
Fuad Babayev: Bəs televiziya kanalları ilə necə, nümayiş etdirilibmi?
Ayşad Səfərəliyev: Festivala göndərilən filmlər nə televiziyada, nə də internetdə nümayiş etdirilə bilməz. Nizami Kino Mərkəzindəki premyera da qapalı peremyera idi. Yalnız jurnalistlər və kino adamları üçün nəzərdə tutulmuşdu. Festival ömrü bitəndən sonra televiziyada da, internetdə də nümayişi mümkündür.
Rauf Qurbanəliyev: Heç “Yotube”da da nümayiş etdirilə bilməz, çünki festival qəbul etməz.
Ayşad Səfərəliyev: Onların şərtlərinə əsasən olmaz. Çünki festivalda nümayiş etdirilən film geniş auditoriyaya tanış olmamalıdır. Hətta festivaldakı nümayişlər də qapalı olur.
Dadaş Musayev: Məkanlar neçə seçilib? Məsələn, Ağdam Mədəniyyət və İstirahət Parkı.
Ayşad Səfərəliyev: Uzun müddət axtarmışıq. 5 gün ərzində az qala gəzmədiyimiz yer qalmayıb. Oxşar məkanlar tapmaq üçün Bakının bütün kəndlərini gəzdik.
Rauf Qurbanəliyev: Bütün ümidlərimiz qırılmışdı, rayona getmək istəyəndə qonşu gəlib soruşdu ki, nə axtarırsınız? Və bu evi bizə göstərdi.
Fuad Babayev: Bakının hansı kəndində çəkilib?
Ayşad Səfərəliyev: Lökbatanda. Park səhnəsi isə Qara şəhərdə, “Lunapark”da çəkilib. Fərqli-fərqli məkanlarda çəkilişlər olub.
Şahin Həsənli: Böyük ekranda baxsaydınız, daha maraqlı olardı.
Fuad Babayev: Filmin musiqisi də çox xoşuma gəldi.
Dadaş Musayev: Hollivud filmlərinin musiqisini xatırladır.
Fuad Babayev: Mənim tamaşaçı kimi sevdiyim filmlərdən biri Zvyaginsevin “Leviafan” filmidir. Mənə elə gəlir ki, musiqini filmdən çıxartsan, çox şey itirər. Musiqi məhz bu film üçün yazılıbmı?
Rauf Qurbanəliyev: Musiqi və təsvir filmdə yarıbayarıdır. Musiqi gücləndirici vasitədir.
Fuad Babayev: Elşən müəllimi çoxdan tanıyırıq və izləyirik. Bəs bu cavan oğlanı (Tofiqi nəzərdə tutur – red.) necə tapmısınız?
Elşən Rüstəmov: 2 il ərzində xeyli böyüyüb.
Şahin Həsənli: Bu artıq onun növbəti filmidir. Daha öncə “Buta” filmində baş rolda çəkilib. Həmin film 7 il öncə çəkildiyindən, daha balaca idi. Ondan da əvvəl mərhum Fikrət Əliyevin filmində çəkilib. Yəni artıq təcrübəli aktyordur.
Fuad Babayev: Tofiq, sən özünü aradabir Hollivudun uşaq aktyorları ilə müqayisə edirsənmi?
Tofiq Əliyev: Hərdən olur.
Fuad Babayev: Bəs səndən avtoqraf istəyirlərmi?
Tofiq Əliyev: Burada yox, amma Almaniyada alıblar.
Fuad Babayev: Amma mənə elə gəlir ki, sənin sinif yoldaşlarında, tanıyanlarda sənə qarşı bir maraq var.
Rauf Qurbanəliyev: Yeri gəlmişkən, Tofiq gələcəkdə operator olmaq istəyir.
Elşən Rüstəmov: Maraqlıdır, bu qədər filmə çəkiləsən və aktyor olmaq istəməyəsən.
Fuad Babayev: Əlbəttə Elşən müəllimin aktyor kimi təcrübəsi qat-qat çoxdur. Elşən müəllim, Sizi dinləyək. Bu rolla demək istədiklərinizi deyə bildinizmi? Düzdür, bütün yaradıcı insanlar müəyyən zaman keçdikdən sonra rolu başqa cür oynayaya biləcəyini, yaxud filmi tamamilə başqa səpkidə çəkə biləcəyini düşünür.
Şahin Həsənli: Əlbəttə, bu həmişə belədir.
Elşən Rüstəmov: Sözün düzü, həm ilk dəfə, həm də elə bu gün filmə baxanda dşündüm ki, kaş bu film tammetrajlı olaydı. Onda içimdəki bütün hissləri bu filmə qoya bilərdim. Amma təbii ki, 25 dəqiqə film üçün çox qısa müddətdir. Bayaq Ayşad dedi, çox çətin proses oldu. Elə mənim özümlə də bağlı çətinliklər vardı. Çünki həm teatrda oynayır, serialda çəkilirdim, üstəlik də filmdə çəkilməliydim. 3-4 işlə eyni zamanda məşğul olmaq çox çətindir.
Ayşad Səfərəliyev: Demək olar ki, bütün çəkilişləri gecə vaxtı həyata keçirmişik.
Elşən Rüstəmov: Bəli, gecə saat 3-4-də çəkilişlər gedirdi. Hətta elə olurdu ki, Tofiq dözə bilməyib yuxulayırdı. Yarım saat-bir saat yatandan sonra yenidən durquzub, çəkmişik. Hətta filmdə makaron yediyi bir yer var, gecə 3-4-də çəkilib. Ağır proses idi.
Şahin Həsənli: Hətta arada elə bir qar yağdı ki, biz 2 həftə gözləməli olduq. Hətta özümüz həyətdə qarı təmizləyirdik.
Fuad Babayev: Mərhum Ağasadıq Gəraybəyli “Bəxtiyar” filmindəki məşhur bir səhnəni qış vaxtı çəkəndə, əsbiləşib, sərinkeşi də acıqlı halda əliylə söndürüb. Ssenaridə nəzərdə tutulmasa da, bu səhnə filmə daxil edilib. Sizdə də buna bənzər əhvalatlar olurdumu?
Ayşad Səfərəliyev: Belə hallar bütün çəkilişlərdə olur. Doğrudan da çəkilişlər çətin şəraitdə gedirdi. Mən ssenarini yazanda da baş rolda Elşən müəllimi görürdüm. Hətta ssenaridə Elşən müəllimə görə bəzi dəyişikliklər etdik. Elə Tofiqin oynadığı obrazı seçənə kimi də Bakının bütün məktəblərini dolandıq, nəhayət Tofiqin üzərində dayandıq. Mən fimin bütün yaradıcı heyətinə minnətdarlığımı bildirirəm. Texniki cəhətdən əziyyətlər olsa da işimiz uğurlu alındı. İstədiyimiz kadrı tuta, istədiyimiz işığı qura bilirdik. Bu ondan irəli gəlirdi ki, yaradıcı heyət bir-birini başa düşürdü.
Şahin Həsənli: Bu, rejissorun səmimiliyindən irəli gəlir. Əgər rejissor diktator olarsa, film alınmayacaq.
Fuad Babayev: Hər kəsin, xüsusilə də yaradıcı insanların öz həqiqəti var. Bu da bəzən arzuolunmaz nəticələrə gətirib, çıxarır. Danışılanlardan belə başa düşdüm ki, bu filmin necə çəkilməsi haqqında film olsaydı, o da maraqla izlənərdi.
Rauf Qurbanəliyev: Gülməli situasiyalar da olurdu. Gecə yorğunluq olduğundan aktyorlar bir-bir çəkilirdi, kimsə dincəlir, kimsə çəkilirdi. Gecəni gündüz kimi çəkmək üçün işıqları qurmuşduq. Elşən müəllim oyanıb, gəlib soruşdu ki, “ay Rauf, artıq səhər açılıb?”Yuxudan duranlar işığa baxıb, elə bilirdilər ki, səhər açılıb.
Şahin Həsənli: Danışmışdıq ki, gecə saat 4-ə kimi çəkirik. Sonra isə səhər 6-da sabah səhnəsini çəkib gedirdik. Amma heç uşaqdan soruşan yox idi ki, sən buna dözəcəksənmi? Bir də görürdün ki, saat 1-də Tofiqi yuxu tutub. Elşən müəllim başa salırdı ki, aktyor gərək belə etməsin. Bu baxımdan aktyorlara böyük yük düşürdü.
Fuad Babayev: Filmdə hər şey sovet dövrünü xatırladır.
Şahin Həsənli: İldən-ilə bu xatırlatmalar daha da çətinləşir. Çünki həm o dövrün şərfi, həm papağı artıq nadir şeyə çevrilib və daha çətinliklə tapılır.
Fuad Babayev: Məni bir sual da maraqlandırır. “İnikas” filmi əslində ermənilərin ifşasıdır. Siz ÜDKİ-də təhsil alırsınız və bu təhsil müəssisəsi öz markasını qoruyub, saxlayır. Sözsüz ki, orada ermənilər də var. Ola bilsin ki, onlar da bu mözuya toxunurlar. Onların buna münasibəti necədir? Bu mövzu erməniləri nə dərəcədə düşündürür?
Ayşad Səfərəliyev: Ssenarini diplom rəhbərimə təqdim edəndə, 3 dəfə “yox” dedi. Səbəbin birincisi o idi, ki, orada Qarabağ məsələsinə toxunulmamalıdır. Elə institutun prorektorlarından biri də ermənidir. Ona görə də neytrallığı saxlamağa çalışırlar. Ermənilərə də bu mövzuya toxunmağa imkan vermirlər. İkinci səbəb isə o idi ki, diplom rəhbərim hesab edirdi ki, mən bunu qısa müddətdə çəkə bilməyəcəm. Amma biz filmi bir ay-ay yarıma çəkdik. Üçüncüsü isə şəraitin olmadığını bildirirdi. Amma mənim təkidlərimdən sonra təsdiqləmək məcburiyyətində qaldı. Çəkəndən sonra hər sahə üzrə bir məşhur şəxsin təmsil olunduğu komissiya üzvləri bildirdilər ki, mən filmdə neytrallığı qoruya bilmişəm və müharibənin dəhşətlərini göstərməyə çalışmışam. Həm dramaturji baxımından bəyənildi, həm də operator işi. Rəssam işi xüsusilə bəyənildi, dedilər ki, onlar filmə baxanda nostalji hisslər yaşayıblar. Mən 4 il İncənət Universitetində, 2 il Moskvada oxusam da, televiziyada çalışsam da, bu təcrübə mənə çox şeyi öyrətdi. İlk dəfə olaraq peşəkar heyətlə, “Azərbaycanfilm”də çalışmaq təcrübəmi zənginləşdirdi.
Fuad Babayev: Mərhum rejissor Tofiq İsmayılov deyirdi ki, adam var, vəzifəyə gəlir və onsuz özünü təsəvvür etmir. Rejissorlar isə tam fərqlidir. Filmi təsdiq olunandan sonra ona büdcə, adamlar, maşınlar verirlər. Film qurtarandan sonra isə bunların heç biri olmur. Bəs Sizin necə, yenidən belə bir kolletiv toplamaq fikriniz varmı? Məsələn, Kventin Tarantino növbəti filmlərinin birindən sonra 6 il heç nə etməyib. 6 il sonra isə “Billi öldürməli” filmini çəkib. Yaxud Umberto Eko 6-8 ildən bir kitab yazırdı və “şort-list”lərdə ilk yerləri tuturdu. Sizin də yeni film çəkmək fikriniz varmı?
Ayşad Səfərəliyev: Yeni film kağız üzərində mövcuddur. Yeni ssenari var, onun filmə çevriləcəyini isə zaman göstərəcək. Həm tammetrajlı, həm də qısamertrajlı film üçün ssenarilər var.
Fuad Babayev: Uğurlar arzulayırıq sizə.
Hazırladı: Gündüz Nəsibov, 1905.az