
Ermənilərin türklərə qarşı həyata keçirdikləri soyqırımını alman arxiv sənədləri də təsdiq edir
Azərbaycan Ermənistanın işğalına son qoyub, ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsinə baxmayaraq, Ermənistanda və onun havadarı olan ölkələrdə qisasçılıq və ölkəmizə qarşı iftiralar, əsassız iddialar davam etməkdədir. Belə bir şəraitdə, XIX əsrin ilk qərinəsində qonşu dövlətlərin ərazisindən köçürülərək Azərbaycanın tarixi torpaqlarına yerləşdirilmiş ermənilərin XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımlarını unutmamaq, tarixi yaddaşımızı oyaq və ayıq saxlamaq bu dövlətin bir vətəndaşı kimi mənəvi borcumuzdur.
I Dünya müharibəsinin yaratdığı mürəkkəb şəraitdən istifadə edərək ermənilər qonşu xalqların hesabına özlərinə dövlət yaratmaq iddialarını gerçəkləşdirməyə başladılar. Bu iddianın həyata keçirilməsi üçün isə yeganə yol bu ərazilərdə yaşayan yerli əhalinin məhv edilməsi idi.
Ermənilərin Azərbaycanda, İranda (Cənubi Azərbaycanda) və Şərqi Anadoluda əliyalın, dinc türk-müsəlman əhaliyə qarşı törətdiyi soyqırımı bəşər tarixinin ən qanlı cinayətlərindən olub, dünyanın bir çox arxivində, o cümlədən Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin Siyasi Arxivində (Politisches Archiv des Auswatrigen Amts der Bundesrepublik Deutschland) (bundan sonra – Siyasi Arxiv) qorunub saxlanılan sənədlərdə də öz əksini tapmışdır. Onlarca sənəddə silahsız, əliyalın türk-müsəlman əhalinin, o cümlədən qocalar, qadınlar, uşaqlar və hələ dünyaya göz aşmamış ana bətnindəki körpələrin belə insanlığa sığmayan vəhşiliklər, tarixdə görünməmiş işgəncələr yolu ilə məhv edilməsini izləmək mümkündür. Arxasında böyük güc mərkəzlərinin dayandığı ermənilərin əsas məqsədi nə yolla olursa-olsun əhalini məhv edib, torpaqların boşaldılmasına nail olmaq idi.
Bu gün xalqımıza, dövlətimizə qarşı Qərb dünyasında ikili standartların davam etdiyi bir dönəmdə Siyasi Arxivin xronoloji baxımdan Birinci Dünya müharibəsi (1914-1918) dövründə baş vermiş hadisələri əks etdirən sənədlərin mühüm əhəmiyyəti vardır. Həmin sənədlərdəki materialların qeyd olunan vaxtı məhz Almaniya hökumətinin Cənubi Qafqazda və Osmanlı ərazisində fəaliyyət göstərmiş rəsmi nümayəndələri tərəfindən qeydə alınması xüsusi əhəmiyyət kəsb edir.
Siyasi Arxivin “Russland 97a” fonduna məxsus sənədlər qeyd edilən dövrdə Cənubi Qafqazda, o cümlədən Azərbaycanda və İranda baş verən siyasi, qismən də iqtisadi vəziyyətdən, eləcə də ermənilərin həyata keçirdikləri qanlı cinayətlərdən xəbər verir. Brest-Litovsk sülh müqaviləsi (3 mart 1918) Rusiya ilə Mərkəzi Avropa ölkələri arasında diplomatik və konsulluq əlaqələrinin bərpasını müəyyən etdi. Bu zamandan başlayaraq Almaniyanın Cənubi Qafqazdakı nümayəndə heyətinin başçısı baron Kress fon Kressenşteyn oldu. O, karyerasına Tiflisdə başlayıb, eyni zamanda Almaniyanı Azərbaycan Xalq Cümhuriyyətində təmsil edirdi.
Bakı şəhəri Qafqaz İslam Ordusu tərəfindən daşnak-bolşevik işğalından azad olunduqdan sonra (15 sentyabr 1918) Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Tiflisdən Bakıya köçürüldü. Baron Kress fon Kressenşteyn öz nümayəndəsi Fridrix fon der Koltsu Azərbaycan hökumətində Kayzer nümayəndə heyətinin təmsilçisi kimi Bakıya göndərdi. Erməni işğalına qarşı çıxış edən alman nümayəndəsi Bakı və onun ətraf kəndlərində baş verən soyqırımını 19 dekabr 1918-ci il tarixli məruzəsində azərbaycanlı əhaliyə qarşı erməni vəhşilikləri kimi qiymətləndirmişdir.
Siyasi arxivin sənədləri içərisində
17 may 1918-ci il tarixli bir teleqramda deyilir: “Bakıda hökmranlıq edən bolşeviklər əsasən erməni partiyaları tərəfindən dəstəklənir. Bakıdakı …31 mart qırğınında (bu, 10000 insan idi, çoxsaylı qadınlar və uşaqlar öldürülmüşdür) ermənilər öz vəhşilikləri ilə seçilirlər. Bakıda ..mötəbər komissar və deparatament rəhbərlərinin böyük əksəriyyəti ermənilərdir. …Matroslar, inandırılmış bolşeviklər, Bakı idarəçiliyindəki ermənilərin təsiri altındadır.
Ermənilərin əhvali-ruhiyyəsi müsəlman-türk ordusunun gəlməsi haqqındakı xəbərdən sonra korlanmışdır. Ciddi qəbul edilən erməni rəhbərləri mənim tanışıma izah ediblər ki, onlar artıq məğlubiyyətə məhkum olacaqlarını bilirlər. Ancaq Bakı əldən çıxarsa, onda nəinki Bakıdakı bütün dirilər, hətta ölülər də (məzarlıqlar nəzərdə tutulur – G.N.) məhv ediləcəkdir”.
Alman arxiv sənədlərində erməni quldur dəstəsinin başçısı Andronikin Qarabağda həyata keçirdiyi cinayətlər haqda məlumatlar da yer almaqdadır. 30 iyul 1918-ci il tarixdə Almaniya Xarici İşlər Nazirliyinə alman nümayəndələri tərəfindən göndərilən, fransız dilində olan bir sənəddə Andronikin Gorusda öz hərbi dəstələrinə verdiyi təlimatlardan ibarətdir [PAAA, RuBland №97a, R11064, Telegramm. Goris, den 30. Juli 1918]. Almaniya Xarici İşlər Nazirliyinə almanların Tiflisdəki nümayəndəliyindən göndərilən 23 sentyabr 1918-ci il tarixli teleqramda isə erməni quldur dəstəsinin başçısı Andronikin öz bandasına çağırışı haqqında məlumat verilmiş və həmçinin bu məlumatın əlahəzrət reyxkansler cənab Hertlingin diqqətinə çatdırılması xahiş olunurdu. Burada həmçinin erməni cəlladı Andronikin Qarabağ və Gorusun Azərbaycan hökumətinə aid olduğunu qəbul etmədiyi üçün dinc türk-müsəlman əhalini məhv etməyi qərara alması haqqında məlumat verilmişdir.
Yerlərdəki alman nümayəndələrinin öz dövlətlərinə göndərmiş olduğu rəsmi məlumatlar həmçinin ermənilərin Cənubi Azərbaycanda həyata keçirdikləri vəhşilikləri izləməyə imkan verir. General Hans fon Seeckt 1918-ci il aprelin 30-da səfir Bernştroff yazırdı: “Xoy şəhərinin işğalı ilə birlikdə erməni bandaları Salmas və Urmiya bölgəsindəki dinc müsəlman əhalinin də qətliamına başlamışlar. Qətliamdan canını qurtara bilən sakinlər Xoya qaçmışdır. Talan, yağma və qətliama qatılan bir çox erməni və aysor dəstələri Xoyda gizlənərək müsəlman əhalini məhv etməkdə davam edirlər. Erməni bandalarının qırğınları qarşısında İrəvandan qaçan bir çox müsəlman əhali Bəyazidə pənah aparmışdı”.
Dünya müharibəsi zamanı Osmanlı dövləti Kayzer Almaniyası ilə müttəfiq olduğundan alman diplomatik və konsulluq nümayəndələri Osmanlı ərazisində kifayət qədər təmsil edilirdi. 1914-cü ilin ortalarında Almaniyanın İstanbuldakı səfirliyindən başqa, Türkiyənin müxtəlif ərazilərində 37 konsulluq nümayəndəliyi fəaliyyət göstərirdi. Berlindəki Xarici İşlər Nazirliyi Reyxin bütün diplomatik və konsulluq nümayəndəlikləri üzərində nəzarəti həyata keçirirdi. Müharibə illərində alman nümayəndələrinin Türkiyədəki fəaliyyəti siyasi və hərbi baxımdan son dərəcə əhəmiyyətli idi.
Siyasi Arxivin “Tuerkei 183” fonduna məxsus sənədlərdə (mikrofilmlər) qorunub saxlanılan materiallarda Osmanlı imperiyasınin siyasi vəziyyəti, o cümlədən burada yaşayan ermənilərin durumu, osmanlıların “sadiq təbəə” adlandırdıqları ermənilərin yaşadıqları dövlətə etdiyi xəyanətləri, Şərqi Anadoluda əliyalın dinc əhaliyə qarşı törətdiyi soyqırımı cinayətlərini izləməyə imkan verir.
Osmanlı dövlətində baş verən hadisələrlə bağlı siyasi arxivin materialları məhz Almaniyanın İstanbuldakı səfirliyinin və bölgələrdəki alman konsulluğunun rəsmi nümayəndələrinin, Almaniya hökuməti tərəfindən Türkiyənin Şərqi Anadolu bölgəsinə göndərilən hərbi müxbirlərin və digər mötəbər şəxslərin məlumatlarından ibarətdir. Başqa sözlə, rəsmi və dəqiq məlumatlardır.
İstanbuldakı alman səfiri İohann Henrix fon Bernştroff ermənilərin Rusiya tərəfindən işğal edilən Osmanlı torpaqlarında türklərə qarşı həyata keçirdiyi basqın və zülmlərin hər gün artdığı haqda Almaniya Xarici İşlər Nazirliyinə bildirmişdir. Onun 2 fevral 1918-ci ildə Almaniya Xarici İşlər Nazirliyinə göndərdiyi yazısında “Rusiya ordusunun geri çəkilməsindən sonra bölgəni ələ keçirən erməni dəstələrinin Ərzurum, Ərzincan və Trabzon ətrafında yerli türk əhalisinə qarşı dəhşətli qırğınlar həyata keçirildiyi” haqqında məlumat verilmişdir.
“Nord deutschen Allgemeinen Zeitung” (Şimali Almaniya Ümumi Qəzeti) 12 fevral 1918-ci il tarixli səhər nəşrində yazırdı: “Erməni quldur dəstələri yenidən müsəlman əhaliyə hücum etdi və bu dəstələrin qanlı cinayətləri hər gün artmaqda davam edir və vəhşilikləri daha da kəskinləşir”. Volfun teleqraf bürosu bu hadisələrə əsaslanan təfərrüatları bildirmişdir. Səfir İohann Henrix fon Bernştroff 27 fevral 1918-ci ildə Sivasdakı konsulluqdan Xarici İşlər Nazirliyinə bir teleqram göndərmişdir. Teleqramda bildirilir ki, erməni quldur dəstələrinin Ərzincanda törətdiyi qırğınlar genişmiqyaslıdır və kəndlərdəki müsəlman əhali tamamilə məhv edilmişdir.
Ermənilərin yandırıb külə çevirdiyi qəsəbə və kəndləri, xaraba qoyduğu şəhərləri, bölgənin türk-müsəlman əhalisinə verdiyi zülmləri, acnacaqlı vəziyyəti, bir sözlə, həyata keçirdiyi soyqırımını yerindəcə görmək üçün Osmanlı Baş Qərargahının dəvəti ilə Türkiyəyə gələn Almaniyanın cəbhə müxbiri Paul Vayts 1918-ci ilin aprelində Şərqi Anadolunu gəzmiş, canlı şahidi olduğu hadisələri qələmə almışdır. Bu dəhşətlərdən biri haqqında Paul Vayts yazır: “Tamamilə xarabalığa çevrilmiş Ərzurumun yandırılmış və dağıdılmış yerlərindən burunları yandıran kəskin bir çürümə qoxusu hələ də ətrafa yayılmaqdadır. Rusların geri çəkilməsindən sonra ermənilər 1918-ci il yanvarın sonlarından martın
9-dək Ərzurumu işğal etdilər. Ermənilər polkovnik Morelin başçılıq etdiyi fransız zabitlərinin komandanlığı altında müsəlmanlara qarşı qeyri-insani vəhşiliklər etməyə başladılar. Ermənilər kişi, qadın və uşaqlardan ibarət 700 nəfərə yaxın müsəlmanı bir-biri ilə üzbəüz yerləşən iki malikanəyə doldurmuş və hər iki ev benzin tökülərək yandırılmışdı. Bu evlər bu günə qədər heç zaman açılmamışdı. Böyük hörmət bəslədiyimiz Ərzurum valisi Rəcəb bəyin icazəsi ilə bura ilk daxil olan biz olduq. Mən xarabalıqlar arasında yanmış, tamamilə kömürləşmiş insan cəsədlərini görəndə bir daha bu dəhşətli təsirdən heç vaxt qurtula bilməyəcəyimi anladım.
Bu sənədlərdəki faktlar göstərir ki, ermənilərin Azərbaycanda, İranda (Cənubi Azərbaycanda) və Şərqi Anadoluda türk-müsəlman əhalisinə qarşı soyqırımı dünyanın müxtəlif güc mərkəzlərinin dəstəyi ilə həyata keçirilmişdir. Ermənilərin həyata keçirdikləri soyqırımı öz miqyasına və qəddarlığına görə tarixboyu insanlığa qarşı törədilmiş, yaddan çıxarılması və bağışlanması mümkün olmayan cinayətlərdən biridir.
Güntəkin NƏCƏFLİ,
tarix üzrə fəlsəfə doktoru, dosent
31.03.2024, www.azerbaijan-news.az
28.10.2025, 1905.az
















Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
Prezident İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının qeyri-rəsmi şam yeməyində iştirak edib VİDEO









