“Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “İnternet media resurslarında Qarabağ mövzusunun stimullaşdırılması” layihəsi çərçivəsində Qarabağ mövzusunda internet resurslarda yazılan yazıların monitorinqini həyata keçirmişdir.
Monitorinq olunan saytların aşağıdakı meyarlarla seçilməsi qərara alınıb:
- Ziyarətçi çoxluğu
- Müstəqil media orqanı olması
- Mövzuya həssaslıq
Birlik bu meyarlarla 4 sayt seçib və 3 ay ərzində monitorinq həyata keçirib.
GİRİŞ
3 ay ərzində 4 saytda 33268 material emal olunub.
Bunlardan 8589-u qafqazinfo.az saytında, 8418-i lent.az saytında, 7804-ü axar.az saytında və 7844-ü modern.az saytında olub. Müvafiq olaraq bu saytlarda Qarabağ mövzusunda olan materialların sayı isə belədir: qafqazinfo.az – 216, lent.az – 319, axar.az – 286, modern.az – 381.
Qarabağ mövzusunda 4 saytda 1202 material müşahidə olunub ki, bu da ümumi emal olunan materialların 3.6 faizi qədər olmuşdur. Bütün monitorinq boyu bu mövzuda materiallar az olub. Lakin avqust ayı ərzində bu mənfi tendensiya bir qədər də artıb və ümumi materialların sayının artmasına baxmayaraq Qarabağ mövzusunda materialların sayı azalıb. Materialların cəmi 2.1 faizi Qarabağ mövzusuna toxunub.
İNFORMASİYA MƏNBƏLƏRİ
Monitorinq olunan saytlar əsasən rəsmi informasiya mənbələrinə istinad edib.
İstinad olunan mənbələr arasında xarici media orqanları da olub.
Dərc olunan materiallar əsasən rəsmi materiallar olub.
Monitorinq zamanı erməni mənbələrinə istinadların az olmaması diqqəti cəlb edib.
Monitorinq müddətində 105 material erməni mediasına istinadən hazırlanıb.
Monitorinq müddətində az sayda da olsa anonim mənbələrdən alınan informasiyalar müşahidə olunub. Digər hallarda isə həm jurnalistlər özü, həm də ekspertlər mənbə rolunu oynayıb.
MÖVZULAR
Emal olunan materiallarda əsasən Qarabağ münaqişəsinin həlli üçün diplomatik cəhdlərdən bəhs edən yazılar olub. Bu da iyun və iyul aylarında aprel döyüşlərindən sonra aparılan intensiv danışıqların məhz iyun və iyul aylarına təsadüf etməsi ilə izah oluna bilər. İkinci yerdə cəbhə xəttində yaşananların ehtiva edən materiallar olub. İyun və iyul aylarında hiss olunan bu tendensiya avqust ayında dəyişib. Avqustda birinci yerdə cəbhə xətti, ikinci yerdə diplomatik cəhdlər olub. Müharibə tarixi və hərbi quruculuq barədə yazılan materiallar azlıq təşkil edib. Avqust ayında hərbi quruculuqla bağlı material ümumiyyətlə olmayıb.
Ümumilikdə
Müharibə tarixi ilə bağlı Qafqazinfo.az saytında 5, Lent.az saytında 10, Axar.az saytında 5, Modern.az saytında 12 material; CƏMİ 32
Hərbi quruculuqla bağlı Qafqazinfo.az saytında 8, Lent.az saytında 10, Axar.az saytında 11, Modern.az saytında 9 material; CƏMİ 38
Diplomatik cəhdlərlə bağlı Qafqazinfo.az saytında 82, Lent.az saytında 142, Axar.az saytında 148, Modern.az saytında 136 material; CƏMİ 503
Cəbhə xəttində baş verənlərlə bağlı Qafqazinfo.az saytında 103, Lent.az saytında 129, Axar.az saytında 70, Modern.az saytında 156 material olub; CƏMİ 458
EKSKLÜZİVLİK
Monitorinq müddətində hazırlanan materialların əksəriyyəti təkrar dərc olunan xəbərlər olub. Ümumilikdə monitorinq dövründə Qafqazinfo.az saytında 3, Lent.az saytında 10, Axar.az saytında 9, Modern.az saytında 34 material eksklüziv kimi qeydə alınıb. Qalan materiallar təkrar dərc olub.
ALTERNATİV MƏNBƏ
Mövzuya aid hazırlanan materialların böyük hissəsində alternativ mənbələrdən informasiya alınması müşahidə olunmayıb. Yalnız iyun ayında Qafqazinfo.az saytında 1, Axar.az saytında 4, Modern.az saytında 4 materialın hazırlanmasında alternativ mənbələrdən informasiya alınması müşahidə olunub. Digər aylarda alternativ mənbələrə müraciət olunmayıb.
YEKUN
Monitorinq dövründə ümumilikdə aşağıdakı mənfi və müsbət tendensiyalar hiss ediləcək dərəcədə olmuşdur.
Müsbət:
- Monitorinq dövründə əsasən Qarabağ münaqişəsi ilə bağlı aparılan intensiv danışıqlar və cəbhə xəttində baş verənlə medianın diqqətində olub
- Cəbhə xəbərləri əsasən rəsmi informasiyalara əsaslanaraq hazırlanıb
- Sosial şəbəkələrdən Qarabağ mövzusunda informasiyaların rəsmi saytlara yol tapması çox az hallarda müşahidə edilib
Mənfi:
- Erməni mənbələrinə heç bir aydınlaşdırma olmadan istinad qalmaqdadır
- Müharibə tarixi ilə bağlı materiallar çox azdır
- Alternativ mənbələrdən istifadə halları çox azdır
- Bəzi hallarda rəsmi qaynaqlar informasiyanı gecikdirdiyi üçün, Azərbaycan KİV-ləri erməni mənbələrinə müraciət etməli olur