İordaniyanın “Orobanyus” qəzeti qoşunların təmas xətti yaxınlığında Azərbaycan Ordusunun mövqelərinin və yaşayış məntəqələrinin Ermənistan silahlı birləşmələri tərəfindən davam edən ardıcıl atəşə tutulması haqqında AZƏRTAC-ın məqaləsinin tam mətnini dərc edib.
Qəzet qeyd edir ki, aprelin 5-də Azərbaycanla Ermənistan arasında atəşkəs rejiminin bərpa edilməsi ilə bağlı razılıq əldə olunmasına baxmayaraq, aprelin 26-27-də erməni silahlı birləşmələri iriçaplı silahlardan, “Qrad” qurğusu, top və tanklardan istifadə etməklə Azərbaycan Ordusunun mövqelərini, habelə qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrini intensiv atəşə tutublar.
Nəşr AZƏRTAC-ın yerli icra hakimiyyəti orqanlarına istinadla verdiyi xəbəri oxucuların diqqətinə çatdırır. Bu xəbərdə qeyd edilir ki, aprelin 27-də saat 23.00-dan aprelin 28-i saat 04.00-dək Ermənistan silahlı qüvvələri cəbhə boyu bütün istiqamətlərdə iriçaplı silahlardan yaşayış məntəqələrini şiddətli atəşə tutublar. Nəticədə Tərtər rayonunun 10 yaşayış məntəqəsində 58 evə, iki kənd məktəbinə və digər qeyri-yaşayış obyektlərinə ciddi ziyan dəyib.
Ağdam rayonunun Çəmənli kənd sakini, 1966-cı il təvəllüdlü Mustafayev Famil Əli oğlu həlak olub, 4 mülki şəxs ağır, 4-ü isə yüngül yaralanıb. Rayonun 4 yaşayış məntəqəsində 10 ev tamamilə dağıdılıb, 40 evə ziyan dəyib. Atəşlər nəticəsində bəzi qeyri-yaşayış obyektləri, əhalinin mülkiyyəti yararsız hala düşüb, fərdi təsərrüfatlara ciddi ziyan vurulub.
Ağcabədi rayonunda 1 ev yanıb, 2 evə, 1 yardımçı tikiliyə, əhalinin mülkiyyətinə və təsərrüfatına ciddi ziyan dəyib.
Qəzetdə daha sonra yazılır ki, aprelin 2-dən başlayaraq, Ermənistan silahlı bölmələrinin iriçaplı silahlardan intensiv atəşləri nəticəsində çoxlu sayda yaşayış məntəqəsinə, əhalinin mülkiyyətinə və təsərrüfatına ciddi ziyan vurulub, dinc sakinlər həlak olub və ya yaralanıb. Ümumilikdə, 34 yaşayış məntəqəsinə 97 mərmi düşüb. Tərtər rayonunda 3, Ağdamda 2 mülki şəxs həlak olub, 34 nəfər xəsarət alıb. Onların 18-i Ağdam, 8-i Tərtər, 6-sı Goranboy, 1-i Füzuli, 1-i isə Ağcabədi rayonlarının sakinləridir. Həmçinin 16 nəfər aprelin 5-də atəşkəs barədə razılaşma əldə olunduqdan sonra Ermənistan silahlı birləşmələrinin açdığı atəşlər nəticəsində yaralanıb. Ağdamda 109, Tərtərdə 259, Goranboyda 85 olmaqla, ümumilikdə 457 tikiliyə ziyan dəyib ki, onlardan da 412-si yaşayış evdir. Ziyan dəymiş evlərin 82-si Ağdam, 248-i Tərtər, 79-u Goranboy, 3-ü isə Ağcabədi rayonlarının ərazisində yerləşir.
Habelə 26 ev tamamilə dağıdılıb, digərlərinə isə ciddi ziyan dəyib. Həmçinin atəşkəs barədə razılaşmadan sonra 98 evə ziyan vurulub, 12 ev tamamilə dağıdılıb.
Müəyyən edilib ki, ermənilərin atəşləri nəticəsində məktəblər, səhiyyə müəssisələri, uşaq bağçaları, mədəniyyət evləri və s. daxil olmaqla, 18 qeyri-yaşayış obyektinə, həmçinin 27 yardımçı tikiliyə ciddi ziyan dəyib. Əhaliyə məxsus 309 baş mal-qara tələf olub.
Bundan başqa, Ağdam, Tərtər, Goranboy, Füzuli və Ağcabədi rayonlarının qoşunların təmas xətti yaxınlığında yerləşən yaşayış məntəqələri istiqamətində əkin sahələrinə, həmçinin kommunal obyektlərə – elektrik, su, yol, rabitə təsərrüfatına, qaz xətlərinə ciddi zərər vurulub.
“Orobanyus” qəzeti öz səhifələrində Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının hadisələr barədə Beynəlxalq Qızıl Xaç Komitəsini məlumatlandırması barədə AZƏRTAC-ın xəbərini də yerləşdirib. Xəbərdə bildirilir ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsini Ermənistanın hərbi cinayət törətməsini və atəşkəs rejimini pozmasını dayandırmaq üçün təxirəsalınmaz tədbirlər görməyə çağırıb.
http://orobanews.com/index.php/arab-and-international/29397-