1905.az portalının suallarını rejissor, “Yevlax TV” MMC-nin baş direktoru İqbal Məmmədəliyev cavablandırır.
– İqbal müəllim, qondarma erməni soyqırımının 100 illiyi yaxınlaşır. Rəhbərlik etdiyiniz EL TV kanalı bu mövzuda hansısa layihə gerçəkləşdirməyəcək?
– Bildiyiniz kimi qondarma erməni soyqırımı həm Azərbaycanı, həm də Türkiyəni istər rəsmi dairələrdə, istərsə də ictimaiyyət içində narahat edən məsələdir. Biz bu tarixə işıq salacaq silsilə şəklində audio-vizual məhsullar – sənədli filmlər, verilişlər və çarxlar hazırlamışıq. Nəinki Türkiyə-Azərbaycan, hətta Amerika və Avropa tarixçilərinin onlarla kitabları çap olunub, yüzlərlə məqalələr dərc olunub. Rejissor kimi bu mövzuda irimiqyaslı işə 2007-ci ildən başlamışam. Əslən Azərbaycandan olan, İstanbulda yaşayıb-yaradan iş və elm adamı Əli Polad Vahabzadənin ideya müəllifi olduğu “Həqiqətin özü” tammetrajlı sənədli filmi üzərində bir il çalışdıq. Ərsəyə gətirdiyimiz məhsulda Birinci Dünya Savaşından sonra Osmanlı İmperiyasını parçalayan Çar Rusiyası və Qərbin imperialist dövlətlərinin erməni və Türkiyə ərazilərində yaşayan digər xristian azlıqların köməyindən kifayət qədər bəhrələnməsi açıq-aydın görünür. Oradan qaçıb Azərbaycan ərazilərinə soxulan quldur dəstələrin Şəki, Ağdaş, Şamaxı, Göyçay, Neftçala, Salyan və Abşeron yarımadasında törətdikləri cinayətlərin kulminasiya nöqtəsi Bakıdakı 31 mart soyqırımı idi. Həmçinin, Türkiyə ərazilərində də soyqırıma məruz qalan, öz yurdlarından didərgin düşən türklər idi. Rusiya arxivlərindən əldə etdiyimiz kinoxronika da bu faktları təsdiqləyir. “Həqiqətin özü” filmini Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə rus, ingilis, alman, fransız və erməni dillərinə tərcümə olunaraq diktor mətni və çoxsəsli səsləndirmə ilə diplomatik korpuslara, Avropa ölkələrindəki missiyalara göndərildi. Bütün bunlardan əlavə filmin türk dilində üç bölümlü varinatını da 2009-cu ildə İstanbulda işləyib hazırladım.
ELTV fəaliyyətə başladığı dövrdən indiyə kimi təqvimin bütün günlərinə aktuallığını saxlayan proqram siyasəti ilə çalışaraq verilişlərin səbətində bu kimi məqamlara xüsusi önəm verib. “Həqiqətin özü” filmi həm Azərbaycan dilində (tammatrajlı) həm də türk dilində (3 bölümlü, hər biri 28 dəq.) filmləri yayımlayaraq geniş tamaşaçı auditoriyasına təqdim edib. Bu il də filmlərin nümayişi ilə yanaşı RegionTV-də yayımladığımız “RegiONlayn” verilişinin növbəti buraxılışlarından biri Qarabağ həqiqətlərinə və qondarma erməni soyqırımına həsr olunacaq.
– Tamaşaçı auditoriyasının zövqünün aşınmasından, marağının əyləncəyə, şouya yönlənməsindən çox danışılır. Bu gün Qarabağ həqiqətləri ilə bağlı hansısa proqram və ya verilişlərin potensial auditoriyası kiçilməyib ki?
– Biz Azərbaycanın Mərkəzi Aran bölgəsində yerləşən yeganə telekanalıq. Qarabağa yaxın olduğumuz üçün bu kimi məqamlara xüsusi diqqətlə yanaşmaq bizim borcumuzdur. ELTV yarandığı gündən bayağı şoudan uzaq olub. Yerləşdiyimiz arealı da nəzərə almaq əsas şərtdir. Yayı isti, qışı soyuq olan kasıb (bitki örtüyü, yaşıllığı az olan) bölgədə yerləşməyimiz ELTV-nin proqram səbətində ictimai-sosial proqramların, sənədli filmlərin daha çox yer alması ilə nəticələndi.
-Regionda fəaliyyət göstərən televiziya kanalları ilə paytaxt televizyası arasında hansısa fəqrlər varmı?
– Yerləşdiyi əraziyə uyğun fəaliyyət planı regional telekanlları fərqləndirən məqamlardan ən başlıcasıdır. Daha geniş açıqlasaq, biz xalqın içindəyik. Biz onları öz ardımızca aparmırıq. Biz bir neçə müsbət nümunə təklif edirik. Tamaşaçı hansını seçir-seçsin fərq etməz. Əsas məsələ odur ki təklif olunan məhsul soykökümüzə, tariximizə, adət və ənənələrimizə əsaslandırılmış olsun. Paytaxt televiziyalarından da öyrənirik, orada çalışan sənət adamlarının, jurnalistlərin peşə təcrübəsindən bəhrələnirik.
– İndi də televiziya işçilərinin peşəkarlığı ilə bağlı məsələlərdən danışaq.
– Regional televiziyalarda əsasən gənclər çalışırlar. Onların 60 faizdən çoxunun ilk iş yeri məhz bu telekanallardır. KəpəzTV, TTV, KanalS, RTV, CTV və o cümlədən də ELTV kadrların peşəkarlığına xüsusi önəm verir. Biz təkcə bölgələrdə təmsil olunmuruq. Bizim məhsullarımız Abşeron yarımadasında və Azərspeys-1 peykində yayımlanan RegionTV-nin proqram səbətini təşkil edir. Bu o deməkdir ki regional telekanalların tamaşaçı auditoriyasını təkçə bölgə əhalisi deyil, paytaxt sakinləri də seyr edir. Çalışırıq ki bütün təbəqələrdən olan tamaşaçılarımızın informasiya tələbatını ödəyək. Bizə fərdi təsərrüfat sahibi də baxır, akademik, millət vəkili, müəllim və həkimlər də.
– 1905.az portalına tövsiyyələriniz.
– 1905.az saytı təkcə Azərbaycan ictimaiyyəti üçün nəzərdə tutulmayıb. Saytın tərtibatı, zəngin arxivi onun uzaq məsafələrə tuşlanmış ağır artilleriya kimi görünür. Bunu saytın redaksiya heyətinin gərgin əməyi nəticəsində ərsəyə gəldiyini görməmək mümkün deyil. Dil seçimi bölməsində “ermənicə” keçidinin olmasını vacib sayıram. Nəzərə alsaq ki, atəşkəs dönəmində soyuq müharibənin əsas cəbhələrindən biri də informasiya müharibəsidir. Əgər hazırkı Ermənistandan 3-5 nəfər gənc bu saytdakı həqiqətləri oxuyub reallığın nə olduğunu dərk eləsə bu hamımızın qazancı olar. Bu yolda bütün heyətə, həmkarlara uğurlar arzulayıram.
– Minnətdaram, İqbal müəllim. 2015-ci ilin Sizin kanal üçün də uğurlu il olacağına inanıram.
Dadaş Musayev, 1905.az