“1905.az” Diskussiya klubunun bu dəfəki tədbirində, dərmanlar, onların keyfiyyəti və təsiri məsələsi müzakirə edildi. Müzakirələrdə Azərbaycan Dövlət Tibb Universitetinin biokimya kafedrasının müdiri, biologiya elmləri doktoru, professor Arif Əfəndiyev, “Milena” hospitalının meneceri Aynur Namazova, “Səhhət” TV-nin direktoru Seymur Nəsrulla iştirak edirdi.
Fuad Babayev: Bizim bugünkü mövzumuz bilavasitə dərmanlarla bağlıdır. Qarşımıza qoyduğumuz əsas məsələ də danışdıqlarımızın adi oxucu üçün anlaşıqlı olmasını təmin etməklə bağlıdır. Dərmanlarla bağlı bir sıra təsəvvürlər var. Birincisi belədir ki, Azərbaycanda satılan dərmanların böyük bir hissəsi keyfiyyətsizdir. İkinci təsəvvür odur ki, bir çox həkimlərimiz xəstəyə dərman yazanda öz maraqlarını əsas götürürlər. Və nəhayət dərmanların qiymətləri ilə bağlı. Son devalvasiyadan əvvəl dərmanların qiymətləri aşağı salınmışdısa, indi qiymətlər əvvəlkindən də böyükdür.
Arif Əfəndiyev: Dərmanla təchizat təbii ki, əsas məsələdir. Kifayət qədər dərmanı respublika özü istehsal etmirsə, məcburiyyət qarşısında xaricdən alınmalıdır. Xaricdən isə dərman əlbəttə ki, xarici valyuta ilə alınır. Ona görə də devalvasiyadan sonra dərman qiymətlərinin qalxması təbiidir. Müstəqilliyimizdən keçən 25 il ərzində Azərbaycanda dərman istehsalı təəssüf ki, yox dərəcəsindədir.
Fuad Babayev: Amma əvvəllər olub.
Arif Əfəndiyev: Bizdə əczaçılıq zavodu var idi. Bu yaxınlarda Gürcüstanda ezamiyyətdə idim. Öyrəndim ki, həmin ölkədə 100 adda dərman istehsal edilir və xaricə satılır. Həmin dərmanların əksəriyyəti yerli flora məhsullarından hazırlanır. Bizdə Şamaxıda, Qubada, digər dağlıq və aran rayonlarında da dərman bitkiləri var. Sadəcə olaraq onları vaxtında yığmaq və dərman istehsal etmək tələb olunur. Lakin təəssüf ki, bu iş bizdə unudulub. Yaxınlarda prezidentin Elm Fondundan Azərbaycan Dövlət Tibb Universitetinin əczaçılıq fakültəsinə bitkilərdən dərman hazırlanması üçün 1 milyon manat vəsait ayrılıb. Bu vəsaitlə bitkilər yığılıb, emal edilməli və dərman hazırlanmalıdır. Bitkidən hazırlanan dərmanların əks göstərişləri də azdır və ya yoxdur. Gürcüstan 100 adda dərman istehsal edirsə, biz ola bilsin ki, 500 adda dərman istehsal etmək qabiliyyətinə malikik. Sadəcə olaraq bunun üçün vaxt və maliyyə tələb olunur. Bu məsələ unudulub və xaricdən dərman gətirmək kimi asan yola əl atılıb.
Aynur Namazova: Biz dərman istehsalına başlayarıqsa, həmin dərmanlar nə dərəcədə güvənli ola bilər? Şəxsən mən Azərbaycanda istehsal olunan dərmana etimad göstərməzdim.
Arif Əfəndiyev: Məsələ ondadır ki, farmakapeya anlayışı var. Orada dərmanların yoxlanılır, təsiri, toksikliyinin olub-olmaması sınaqdan keçirilir. Yalnız bundan sonra dərmanlar satışa buraxıla bilər.
Fuad Babayev: Aynur xanım, belə çıxır ki, siz Azərbaycanda istehsal edilən dərmana etimadla yanaşmırsınız, amma bizim iş adamının onun xaricdən gətirdiyi dərmana inanırsınız?
Aynur Namazova: Mən daha çox Rusiya, İtaliya istehsalı olan dərmanlara üstünlük verirəm.
Arif Əfəndiyev: Dərmanı elə-belə düzəldib satışa vermirlər axı. Əvvəl heyvanlar üzərində yoxlanılır, sonra dozalarını müəyyən etmək üçün hansısa klinikaya verirlər. Farmakopeya komitəsi onu təsdiq edir. Dünya farmakopeyası onu yoxladıqdan sonra, satışa verilə bilər.
Aynur Namazova: Bunlar uzun müddət çəkəcək. Amma hələlik adi spazmalqonu biz 1 manata alırdıqsa, indi 3 manat 70 qəpikdir. Belə çıxır ki, biz spazmalqon içməməliyik.
Arif Əfəndiyev: Buna görə də gələcəyi fikirləşməliyik. İstər-istəməz xaricdə də hansısa bir dərmanın qiyməti qalxır. Vaxtilə sovet dövründə Azərbaycanda streptosit, norsulfazol, pentalgin və s. dərmanların hamısı istehsal olunurdu. Sonra həmin zavodu dağıtdılar. Həmin zavod Səhiyyə Nazirliyinə deyil, Nazirlər Kabinetinə tabe idi.
Fuad Babayev: Arif müəllim, həkimlərin dərmandan istifadə bacarığı, biliyi, savadı sizi qane edirmi?
Arif Əfəndiyev: Savadlı həmilərimiz də, əczaçılarımız da var.
Seymur Nəsrulla: Mən çox vaxt həkimlərə sual verirəm. Deyirəm, tutaq ki, reseptə hansısa dərmanın adını yazırsınız, bəs həmin dərmanı yaxşı tanıyırsınızmı? Bir çox dərman firmalarının nümayəndələri həkimlərin kabinetinə girirlər və öz dərmanları barəsində məlumat verirlər. Həkim də bir çox hallarda həmin nümayəndələrdən haqqında eşitdiyi dərmanları xəstələr üçün yazır.
Arif Əfəndiyev: Həkim bütün hallarda dərmanın haqqında məlumatı diqqətlə oxumalıdır. Orada dərman haqqında göstərişlər, əks təsiri, dozası haqqında məlumatlar var. Hərçənd eyni xəstəliyə təsir edən dərmanlar çoxdur. Düzgün seçimi həkim etməlidir. Bu da həmin dərmanlar haqqında həkimin tam məlumata malik olmasından asılıdır.
Aynur Namazova: Dərman firmasının nümayəndəsi ilə həkim arasında münasibətlər biznes münasibətləridir. Amma insan həyatı biznes üçün sınaq meydanı deyil. Həkimlər bir çox hallarda dərman firması nümayəndəsinin məlumatları ilə kifayətlənirlər. Amma həmin dərmandan faiz qazandıqları üçün xəstələrə də daha çox onu yazırlar.
Fuad Babayev: Bəs sizin klinikada bununla bağlı vəziyyət necədir?
Aynur Namazova: Əlbəttə, istisnalar hər yerdə var. Amma elə də həkimlərimiz var, dərmanlardan da gözəl baş çıxarır, müalicəni də ideal səviyyədə edir.
Fuad Babayev: Burada iştirak edən Gündüz Nəsibovun səhhətində də müəyyən problemlər var. Mən istərdim onu da dinləyək.
Gündüz Nəsibov: Mən bronxial astmadan əziyyət çəkirəm. Çox vaxt “Berotec” və “Beroduall” aerozollarından istifadə edirəm. Eyni ölkənin və firmanın məhsulları olan bu dərmanlar təsir səviyyəsinə görə, bir-birindən fərqlənmir. Hərçənd qiymət etibarilə “Beroduall” ənənəvi olaraq “Berotec”dən 50-60% daha bahalıdır. Ona görə də Arif müəllimdən soruşmaq istərdim – Azərbaycana gətirilən dərmanların tərkibi lazımi səviyyədə yoxlanılırmı?
Arif Əfəndiyev: Hər bir dərmanın öz xüsusiyyəti var. Bir dərman sizə yaxşı təsir etdiyi halda, başqasına digər dərman daha yaxşı təsir edə bilər. Hər orqanizmin öz imkanları var. Bizdə “İnnovasiya” adlı bir təşkilat var. Orada Azərbaycana gətirilən bütün dərmanlar yoxlanılır. Dərmanlardan proba götürülür, analiz edilir, yalnız bundan sonra satış üçün lisenziya verilir. Düzdür, ola bilsin ki, gizli ölkəyə gətirilən dəmanlar heç onların əlinə də düşmür, amma ölkəyə rəsmi gətirilən dərmanlar yoxlamadan keçirilir.
Fuad Babayev: Seymur müəllim, “Səhhət TV”də dərmanlarla bağlı məsələ hansı formada işıqlandırılır? Bizim həkimlərimizdə, hər halda onların bir qismində belə bir adət var – əvvəlcə xəstəni möhkəm qorxudur, sonra isə indiyə kimi etdiyi bütün müalicələrin üstündən xətt çəkirlər. Üçüncüsü isə xəstəni bir növ öz inhisarına alır. Bu mövzuda nəyi danışa bilərdiniz?
Seymur Nəsrulla: Mənim birinci növbədə fikrim belədir ki, xəstəxanalar dərman şirkətlərinin nümayəndələrini xəstəxanaya buraxmamalıdır. Çünki kim öz dərmanını yaxşı təqdim edir və həkimə faiz vəd edirsə, o da xəstələrə həmin dərmanı yazır. Hərçənd bəzi xəstəxanalar artıq firma nümayəndələrini içəri buraxmır. Çünki son illər ərzində həkimlərə etimadsızlıq yarandı ki, onlar yalnız firma dərmanlarını yazırlar. İnam itdiyindən xəstə artıq həmin xəstəxanaya müraciət etmir.
Fuad Babayev: Məncə, bu hələ məsələnin həlli deyil. Çünki həkim dərman firmasının nümayəndəsi ilə küçədə və ya öz evində də görüşə bilər.
Aynur Namazova: Bizim klinikada bu məsələni həll etmək üçün reseptlərə birbaşa baş həkimin özü nəzarət edir. Xəstələrə firma dərmanlarının yazılmasına qətiyyətlə icazə verilmir.
Fuad Babayev: Amma sizə elə gəlmir ki, həmin firma dərmanları içərisində çox faydalı bir dərman da bu qərarın qurbanı ola bilər. Firma dərmanı olduğu üçün həmin dərmanın üstündən xətt çəkmək düzgündürmü?
Aynur Namazova: Xeyr. Bir misal gətirim. İtaliya və Fransa istehsalı olan “Lirika” adlı bir dərman var. Firma dərmanıdır. Əsəb xəstəliklərində və şəkərli diabetdə yaxşı təsir göstərir. Bu faydası nəzərə alındığından, bütün xəstəxana və hospitallarda həkimlər onu xəstəyə yazmağa məcburdurlar. Bunu nə baş həkim, nə də xəstəxananın sahibi qadağan edə bilməz.
Fuad Babayev: Bəs xəstələrin az qala kütləvi olaraq xaricdə müalicə və müayinə olunmaq istəyinə münasibətiniz necədir?
Seymur Nəsrulla: Bu istək mənə qəribə görünür. Tutaq ki, xəstə xaricdə əməliyyat olunub, bir neçə gündən sonra qayıdır. Amma onun səhhətində istənilən vaxt problem ortaya çıxa bilər. Məsələ telefonla məsləhət almaqla həll oluna bilməz. Ona görə də mən bu istəyi məntiqsiz hesab edirəm. Çoxları xaricdə müalicə və ya əməliyyat olunmağı əslində psixoloji amil kimi qavrayır. Sağlıq elə bir məsələdir ki, insan müalicə edən həkimin az qala daim başı üzərində olmasını istəyir.
Aynur Namazova: Mən tanınmış bir adam tanıyıram. Dəfələrlə Almaniyada, Amerikada müxtəlif həkimlər tərəfindən müalicə edilib. Amma artıq bir neçə aydır ki, bizim klinikada müalicə alır. Özü də etiraf edir ki, müntəzəm olaraq xaricə getmək imkanı yoxdur.
Fuad Babayev: Amma belə də olur ki, bizim insanlar tutaq ki, İrandan müalicədən qayıdanda təəccüblə deyirlər ki, 100 dollara bir torba dərman alıblar.
Arif Əfəndiyev: Bu dərmanların belə ucuz olmasının əsas səbəbi ondadır ki, onlar İran istehsalıdır.
Fuad Babayev: Belə bir anlayış var – türkəçarə. Türkəçarəyə münasibətiniz necədir? Bu vaxtilə olub və indi də ona qayıtmağa sanki bizi məcbur edirlər.
Arif Əfəndiyev: Türkəçarə xalq təbabətidir və əvvəllər də həqiqətən geniş istifadə olunub. Müasir dərmanlar, diaqnostika olmadığı şəraitdə istifadə edilirdi. İndi də bəzən müraciət olunur. Hərçənd məncə, onun riski böyükdür. Qaş qayırdığın yerdə, vurub göz çıxarda bilərsən.
Aynur Namazova: Bəs türkəçarənin nəyəsə mənfi təsir etdiyini kimsə görübmü? Hələ indiyədək şahidi olmamışam ki, türkəçarə kiməsə mənfi təsir göstərsin.
Arif Əfəndiyev: Dəqiq deyə bilmərəm. Bütün xəstəliklərə yox, amma bəzi xəstəliklərə türkəçarə müsbət təsir göstərir.
Seymur Nəsrulla: Türkəçarə ilə məşğul olan şəxslər bəzən xəstələrə yanlış məsləhətlər verirlər. Bu barədə faktlar da var.
Fuad Babayev: Müzakirə etdiyimiz sahədə problemlər həddindən artıq çoxdur. Dərmanlar, onların keyfiyyəti, həkimlərin düzgün dərman yazmamaları, insanlarımızın öz səhhətlərinə laqeydlik nümayiş etdirmələri və s. Bu problemlər məcmusunu həll etmək üçün təklifləriniz necədir?
Arif Əfəndiyev: Problemlərdən biri də həkimlərin savadı ilə bağlıdır. Həkimlərin 80 faizinin savadlı, 20 faizinin savadsız olması və ya 20 faizinin savadlı, 80 faizinin savadsız olması fərqli situasiyalar yaradır. Hər gün yeni-yeni təzə dərmanlar çıxır. Amma təəssüf ki, bəzən köhnə dərman təzə çıxandan daha keyfiyyətlidir. Savadlı həkim hansı dərmanı tətbiq etməyi daha asanlıqla müəyyənləşdirir. Eyni təsirə malik olan xeyli dərman var. Biri tutaq ki, böyrək ağrıyanda əks təsir göstərir, digərinin qara ciyərlərə, üçüncüsünün sinir pozuntularına mənfi təsiri var. Ona görə də həkimin yanında “Ümumdünya farmakopeyası” ensiklopediyası olmalıdır. Dərmanın təsirləri yadından çıxıbsa, hətta xəstənin yanında da çəkinmədən vərəqləməlidir.
Seymur Nəsrulla: Dövlət gözəl bir addım atmışdı, məncə həmin addımı davam etdirməlidir. Yəni dərmanların qiyməti aşağı səviyyədə tutulmalıdır. O ki, qaldı firma dərmanlarının yazılmasına, bu artıq hər bir həkimin vicdan məsələsi olmalıdır.
Hazırladı: Gündüz Nəsibov, 1905.az