İrəvanda artıq aprelin 13-dən başlanmış və Ermənistanın keçmiş prezidenti Serj Sarksyanın baş nazir olmasına qarşı etiraz aksiyaları davam edir. Müxalifət onu ölkəyə qeyri-effektiv rəhbərlikdə və iqtisadi vəziyyətin daha da pisləşməsində ittiham edir. Aprelin 16-də mitinq iştirakçıları parlament binasına girməyə cəhd ediblər, qarşıdurma zamanı onlarla insan xəsarət alıb. Növbəti gün etirazçılar Ermənistanda “məxməri inqilab”ın başlandığını elan ediblər. Etirazlara rəğmən, Ermənistan parlamenti aprelin 17-də Sarksyanı baş nazir vəzifəsinə seçib. Daha öncə, ölkədə konstitusiya dəyişikliyi qüvvəyə minib, həmin dəyişikliyə görə, Ermənistanda parlament üsul-idarəliyinə keçilib. Hökumət rəhbəri isə geniş səlahiyyətlərə malik olacaq.
“Serj Sarksyan Rusiyanın da dəstəyini itirib”, – Ermənistanın keçmiş prezidenti S.Sarksyanın baş nazirliyinə qarşı çıxan müxalif hərəkatın lideri Nikol Paşinyan İrəvandakı Respublika meydanında çoxminlik mitinqə toplaşanlar qarşısında çıxış edərkən bunu söyləyib. Paşinyan Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarovanın bəyanatını şərh edərkən belə deyib. Paşinyan bu bəyanatı “kifayət qədər ehtiyatlı” adlandırıb. “Bu çox mühüm bəyanatdır. Və göstərir ki, Serj Sarksyan Rusiyanın da dəstəyini itirib”, – deyə bildirib. 19 apreldə İrəvanda baş verənləri brifinq zamanı şərh edən Mariya Zaxarova bildirmişdi: “Biz əmini ki, dost Ermənistandakı vəziyyət demokratik yolla, hüquqi qaydada nizamlanacaq”. “Bundan sonra can üstə olan Serj Sarksyan hakimiyyətinin bizə dialoq təklif etməsi sadəcə olaraq gülməlidir. Siyasi meyitlə dialoq aparılmır. Serj Sarksyan – siyasi meyitdir”, – Paşinyan bəyan edib. (Reqnum.ru).
Ermənistanın yeni seçilmiş baş naziri Serj Sarksyan isə baş verənlərdə məntiq axtararkən məntiqsiz cavab səsləndirib: “Məntiq hardadır? Tutaq ki, proses baş tutmadı, onlar mane oldular və bu proses yenə alınmadı, bəs sonra nə olacaq? Məgər onlar qanuni, legitim hakimiyyət olacaqlar? İnsanların hərəkətlərində məntiq olmayanda, hadisələrin necə inkişaf edəcəyini anlamaq çox çətindir. Təəssüf ki, biz artıq bu yolu bir dəfə keçmişik” (Panarmenian.net).
Keçilən yoldan danışarkən Sarksyan 2008-ci ilin mart hadisələrini nəzərdə tutur. O vaxt Koçaryan hakimiyyəti tərk etmişdi, Serj Sarksyan isə hələ vəzifəsinin icrasına başlamamışdı. Bununla belə seçkilərdən narazı olan mitinqçilərə qarşı güc tətbiq olunmuş və avtomat silahlardan atəş açılmışdı. Nəticədə 10 nəfər həlak olmuş, onlarla insan yaralanmışdı.
Aprelin 22-də baş nazir Serj Sarksyanla “Vətəndaş müqaviləsi” partiyasının lideri və “Yelk” müxalifət blokunun parlament fraksiyasının rəhbəri Nikol Paşinyan arasında görüş olub. KİV təmsilçilərinin iştirakı ilə “Armenia Marriott” otelində baş tutan görüş başlanmamış bitib. Tərəflər razılığa gələ bilməyiblər. Xatırladaq ki, danışıqlarda Nikol Paşinyan öz tələblərini irəli sürüb – Serj Sarksyanın istefası, müvəqqəti hökumətin yaradılması, növbədənkənar parlament seçkilərinin keçirilməsi. Sarksyan qeyd edib ki, Paşinyan şantaj dilində danışır. Nikol Paşinyan isə öz növbəsində deyib ki, heç kəs hədə-qorxu dilində danışmaq hüququna malik deyil.
Görüşdən sonra Paşinyan paytaxt küçələri ilə nümayişə başlayıb, lakin çox keçmədən onu və hərəkatın digər liderləri – deputatlar Sasun Mikaelyan və Ararat Mirzoyan güc tətbiq edilməklə saxlanılıb. Ermənistan Baş prokurorluğu bununla bağlı müvafiq bəyanat yayıb.
Tofiq Abbasov hadisələrin Ermənistanın bəlalarının səbəbkarı Serj Sarkisyanın devriləcəyi ilə nəticələnəcəyini güman edir: “Ermənistan ciddi və uzun sürən inqilab yaşayır və onu gündəliyə gətirən ciddi siyasi böhrandır. Bir halda ki, iqtisadi və sosial geriləməni hakimiyyət cilovlaya bilmir, həyat çökür və Sarksyan antiböhran proqramı əvəzinə, yalançı konstitusiya islahatı adı altında yenidən hakim mövqeni özündə saxlamaq istəyir, cəmiyyət buna qəti yox deyir. Əslində Ermənistanın bəlalı vəziyyətinin başlıca səbəbi Qarabağ problemidir. İrəvan onu birdəfəlik həll etmək iqtidarında deyil. Odur ki, Sarksyan xalqı guya Qarabağın azad edilməsi ilə aldadır. O özü də bilir ki, Qarabağı saxlaya bilməyəcək və Azərbaycan buna imkan verməyəcək. Lakin çalışır ki, müxtəlif hiylələrlə hakimiyyəti özündə saxlayıb, öz korporativ məqsədlərini həyata keçirsin. Zənn edirəm ki, artıq erməni cəmiyyəti də nə baş verdiyindən məlumatlıdır və çalışır ki, yalançı islahatpərəstlikdən qurtulsun. Çox güman ki, Ermənistanın bəlalarının səbəbkarı Serj Sarksyan devriləcək. Bu indi də baş verməsə, ilin sonuna qədər olacaq”.
Nəzakət Məmmədova hadisələri qlobal miqyasda gedən Qərb-Rusiya savaşının Cənubi Qafqazdakı Rusiya forpostundakı kiçik bir epizodu hesab edir: “Düşünürəm ki, bu proseslərin əsas məqsədi Qərb və Rusiya arasında gərginliyin artdığı bir dövrdə Ermənistanda Rusiyanın təsirini zəiflətmək, onun dəstəyi ilə baş nazir olmuş Sarksyanın timsalında Kremlə qulaqburması verməkdir. Ermənistanda 2015-ci il konstitusiya islahatları Rusiyanın dəstəyi ilə keçirildi. Ölkənin hazırkı siyasi sistemi məhz bu dəyişikliklər əsasında formalaşdı. Bununla belə, prezident Armen Sarkisyan Qərbin adamı, Serj Sarkisyan isə Rusiyanın vassalıdır. Ölkədə hakimiyyət Qərb və Rusiya arasında razılıq əsasında formalaşdı. Ermənistan həm daxili, həm xarici siyasətdə bu iki güc mərkəzi arasında bölüşdürülüb. Bu ölkə həm Avrasiya İqtisadi Birliyinə üzvdür, həm Avropa Birliyi ilə Tərəfdaşlıq sazişi imzalayıb. Daxili siyasətdə də Sarkisyanların hərəsi bu güc mərkəzlərindən birini təmsil edir. Lakin Ermənistan üzərində təsiri olan Avropa, ABŞ və Rusiya arasında münasibətlər korlanan kimi Ermənistandakı hakimiyyətlər və klanlararası sabitlik də pozuldu və bu özünü hazırkı mitinqlərdə büruzə verir. Etirazlar Rusiyanın hərbi bazasının olduğu Gümrüdən başlayıb. Bu, Rusiyaya bir demarşdır. Lakin indiki etirazların Sarksyanın hakimiyyətdən getməsi ilə nəticələnəcəyi inandırıcı deyil. Etirazları təşkil edən Paşinyanın “Yelk” blokundakı partiya liderləri onu dəstəkləmir. Xalq kütləvi şəkildə bu aksiyalara qoşulmur, çünki nə hakimiyyətə, nə müxalifətə inanmır. Paşinyanın özü bir il əvvəl, 2017-ci ilin aprel ayında keçirilən parlament seçkilərinin nəticəsini tanıyaraq deputat seçilib. İndi onun bir ildən sonra həmin konstitusiya islahatları əsasında keçirilən baş nazir seçkilərinə etirazı başadüşülən deyil. Əgər Ermənistanda vəziyyət gərginləşsə, Rusiya bura dərhal qoşun yeridəcək. Çünki cənub sərhədlərində ixtişaş istəmir. Suriyada və Ukraynada onsuz da Rusiya problemlərlə qarşılaşıb, üstəlik Ermənistanda bu cür halların başlaması Rusiyanın 3-cü cəbhədə “rəngli inqilab”, qarışıqlıq və xaosla üzləşməsinə səbəb ola bilər. Bu Rusiyaya qətiyyən lazım deyil, xüsusən indiki mürəkkəb şəraitdə. Hazırkı hadisələri qlobal miqyasda gedən Qərb-Rusiya savaşının Cənubi Qafqazdakı Rusiya forpostundakı kiçik bir epizodu hesab etmək olar. Bu hadisələr o zaman uğurla nəticələnəcək ki, Rusiyanın Cənubi Qafqazdakı mövqeləri, xüsusən Ermənistandakı rolu zəifləsin. Etirazçılar Qarabağ klanının hakimiyyətinə qarşı çıxır, Sarksyanı səriştəsizliyi ucbatından 2016-cı ilin aprelində torpaqları Azərbaycana verməkdə ittiham edirlər. Odur ki, Rusiyanın zəifləməsi bu problemlərin hamısın kökündən həll edərdi. Lakin yaxın illərdə bu inandırıcı görünmür. Yəni Qarabağ klanı və Sarksyanı Rusiya təyin etdiyi kimi, o da hakimiyyətdən uzaqlaşdıra bilər. “Rəngli inqilab” ssenarisini Rusiya özü dinc yolla Sarksyanı siyasi səhnədən birdəfəlik silməklə həyata keçirə bilər. Lakin hələ ki, buna tələsmir”.
Ermənistanın yeni prezidenti Armen Sarkisyan dünən xalqa müraciətində yenə sınaqdan çıxardıqları “kart”dan istifadə edib: ”Bütün vətəndaşlarımızı, Diasporadan olan həmvətənlərimizi vəziyyəti daha da kəskinləşdirmək cəhdlərindən imtinaya və təmkinlilik göstərməyə çağırıram. Ermənistanın və Arsaxın təhlükəsizliyini risk altına salmaq yolverilməzdir. 24 aprel ərəfəsində cəmiyyətdə parçalanma yaratmaq olmaz”.
Ermənistan Müdafiə Nazirliyi də xalqı Qarabağ cəbhəsində Azərbaycan qoşunlarının fəallaşması ilə bağlı fikirlərlə qorxuzur.
Ermənistan nümayəndə heyətinin tərkibində AŞPA-nın yaz sessiyasında iştirak edən “Yelk” fraksiyasının deputatı Edmon Marukyan fraksiyanın təhbəri və üzvləri Nikol Paşinyan, Ararat Mirzoyan və Sasun Mikaelyanın polis tərəfindən saxlanılması haqqında məsələni qaldıracaq. Tert.am saytına müsahibəsində o, deyib: “Mən sabah Ermənistanda hökm sürən vəziyyət haqqında danışmağa hazırlaşıram, Avropa Şurasının üzvü olan dövlətdə indi kütləvi surətdə insan hüquqları pozulur, siyasi xadimlər saxlanılır, yüzlərlə insan həds edilir və bu proses hələ də davam edir. Mahiyyət etibarilə bu, avtoritar hərəkata məxsusdur, halbuki bunun üçün Ermənistanın resursu yoxdur”.
Hazırladı: Gündüz Nəsibov