
Dekabrın 11-də Milli Azərbaycan Tarixi Muzeyində Bakı İncəsənət Mərkəzi Eksperimental Yaradıcılıq İctimai Birliyi tərəfindən “İrəvan qala-şəhərinin etnoqrafik xəritəsi” layihəsinin və eyniadlı saytın təqdimatı olub. Layihə Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşdırılıb.
AZƏRTAC xəbər verir ki, bu layihə çərçivəsində İrəvan qala-şəhərinin çoxəsrlik etnik mənzərəsini əks etdirən vizual materiallar, eləcə də qala daxilində mövcud olmuş dini və ictimai obyektlər haqqında məlumatlar toplanıb.
İlk dəfə hazırlanmış bu xəritə elmi-etnoqrafik yanaşma əsasında, vizual və yazılı arxiv mənbələrinin qarşılaşdırılması yolu ilə tərtib edilib. Xəritənin hazırlanması üçün toplanmış materiallar 1509-cu ildə əsası qoyulan İrəvan qalasından başlayaraq, 1827-ci ildə qala-şəhərin Rusiya imperiyası tərəfindən işğalınadək olan dövrü əhatə edir.
Tədbirdə Bakı İncəsənət Mərkəzinin rəhbəri Rafael Gülməmmədov bildirib ki, layihənin məqsədi İrəvan qala-şəhərinin etnik mənzərəsini və memarlıq infrastrukturunu elmi mənbələr əsasında vizual şəkildə bərpa etməkdən ibarətdir. O, bu məqsədlə qala daxilində müxtəlif dövrlərdə mövcud olmuş memarlıq obyektləri haqqında maksimum məlumat toplandığını deyib.
Onun sözlərinə görə, toponimlərin dəqiqləşdirilməsi ilə yanaşı, ayrı-ayrı memarlıq nümunələrinin adları vizual görüntülərlə uyğunlaşdırılıb, onların geolokasiya koordinatları müəyyən edilərək xəritə üzərində sistemləşdirilib. Tədqiqat zamanı I Şah İsmayılın fərmanları, Səfəvi–Osmanlı müharibələri ilə bağlı mənbələr, Şərq, Avropa və Rusiya səyyahlarının qeydləri və abidələrin təsvirləri, həmçinin XVII–XIX əsrlərə aid qravür şəhər panoramları, eləcə də topoqrafik xəritələr geniş şəkildə təhlil edilib.
Rafael Gülməmmədov diqqətə çatdırıb ki, hazırlanmış yeni xəritə İrəvanın tarixi-etnik irsinin vizual və obyektiv şəkildə bərpasına imkan yaradır. Layihənin nəticələri elmi tədqiqatlar və geniş ictimaiyyətin maarifləndirilməsi məqsədilə istifadə oluna biləcək orijinal mənbə funksiyasını daşıyır.
Tədbirdə layihə əsasında hazırlanmış eyniadlı saytın da təqdimatı olub. Bildirilib ki, saytdan istifadə etmək istəyənlər bu linkə (https://www.irevan-etnomap.com) daxil ola bilərlər.
Qeyd edək ki, Bakı İncəsənət Mərkəzi Eksperimental Yaradıcılıq İctimai Birliyi mədəni irs, tarix, incəsənət və sosial layihələrin hazırlanması və reallaşdırılması istiqamətində fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır. Birlik tarixi araşdırmaların elmi əsaslarla ictimaiyyətə çatdırılması, mədəni irsin qorunması və təbliği, eləcə də yeni təşəbbüslərin dəstəklənməsi istiqamətində layihələr həyata keçirir.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









