Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Bakıda keçirilən iclasında Bəxtiyar Nəcəfovun İrəvan qazısı vəzifəsinə təyinatı məsələsi müzakirəyə çıxarılıb və səsvermə ilə müvafiq qərar qəbul edilib.
AZƏRTAC-ın xəbərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış edərək bildirib ki, bu təyinat İrəvan bölgəsində dini fəaliyyətin yenidən təşkili, tarixi-mənəvi irsin qorunması və dini dəyərlərin yaşadılması baxımından mühüm əhəmiyyətə malikdir.
Qazılar Şurasının üzvləri Bəxtiyar Nəcəfovun namizədliyini yekdilliklə dəstəkləyərək, onun dini sahədəki təcrübəsinin bu vəzifənin öhdəsindən layiqincə gəlməyə imkan verəcəyini qeyd ediblər.
Allahşükür Paşazadə deyib ki, İrəvan Qazılığının bərpası mənəvi varlığımızın dirçəldilməsi, tarixi yaddaşımızın bərpası deməkdir.
Şeyxülislam çıxışında qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsi İrəvan Qazılığının yenidən bərpa olunmasını zamanın çağırışı və tarixi ədalətin təntənəsi kimi qiymətləndirir. O əlavə edib ki, bu qərar Qərbi Azərbaycan İcması ilə məsləhətləşmələr əsasında qəbul olunub.
11:26
Bakıda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının İrəvan qazısının fəaliyyətinin bərpası ilə bağlı iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, iclasda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Qazılar Şurasının üzvləri və ölkənin müxtəlif bölgələrindən dini icma rəhbərləri iştirak edirlər.