…Çar hakimiyyət orqanlarının bilavasitə havadarlığı ilə köçmə ermənilər yerli azərbaycanlıları sıxışdırmağa başladılar.
Qriboyedovun özü etiraf edirdi ki, «müsəlman mülkədarlarının torpaqlarında yerləşdirilmiş» erməni köçkünləri müsəlmanları sıxıntılı vəziyyətə salır və müsəlmanlar ehtiyat edirlər ki, ermənilər bir dəfə buraxıldıqları torpaqlara həmişəlik yiyələnəcəklər. Onun dedikləri həqiqət oldu. Gəlmə ermənilərin məskunlaşdırıldığı ərazilərdən azərbaycanlı əhalinin sistematik şəkildə sıxışdırılıb çıxarılmasına başlanıldı. İndiki Ermənistan ərazisindən Azərbaycan türklərinin ilkin deportasiyası XIX əsrin ilk əvvəllərində Rusiyanın Cənubi Qafqazı ilhaqına başlaması ilə üst-üstə düşür. Ruslara tabe olmaqdan imtina edən Pəmbək türkləri Rəhimbəy və Səid bəyin başçılığı ilə bölgəni tərk edərək Qars paşalığına sığınmağa məcbur olmuşdular.
Rus qoşunları Şörəyeli tutduqdan sonra həmin ərazidə yaşayan yerli qarapapaq tayfasının bir hissəsi (təqribən 26 ailə) də Qarsa mühacirət etməli olur . I Rusiya-İran müharibəsi nəticəsində Şörəyelin kəndləri dağıdılmış, əhalisi. isə qaçqın düşmüşdü. Sonralar həmin kəndlərdə Türkiyədən gələn ermənilər məskunlaşmışdı. Müharibə dövründə 500 ailəlik İrəvan Qarsa köçməsi haqqında məlumat mövcuddur..
Rus ordusu İrəvan xanlığını zəbt etdikdən sonra həmin ərazidə yaşayan köklü türk əhalisinin bir hissəsi məcburi olaraq öz doğma torpaqlarını tərk edərək Türkiyə və İrana köçməli oldular. Paskeviçin Qraf Nesselorda göndərdiyi 27 iyul 1828-ci il tarixli məktubunda qeyd edilirdi ki, Qarapapaq tayfasından 100 ailə, ayrımlardan 300 ailə Qarsa, Uluxanlı tayfasından 600 ailə Bəyazidə, müsəlman cəlalı kürdləri Muşa qaçmışdır. Qarapapaqlardan digər 800 ailə isə Arazı keçərək Həsən xanın (İrəvan xanı Hüseyn xanın qardaşı) dəstəsinə qoşulmuşlar. Onlarla birgə 700 ailədən ibarət Cəmədinli kürdləri, 400 ailə birukilər, 400 ailə dovmanlılar, 200 ailə çobankərəlilər, 1000 ailə zilanlı kürdü Türkiyəyə keçmişdilər.
Ümumiyyətlə, 1826-1828-ci illər Rus-İran və 1828-29-cu illər Rus-Türk müharibələri nəticəsində İrəvan və Naxçıvan xanlıqlarının ərazisindən yerli müsəlman əhalisinin xeyli hissəsi qaçqın düşmüş, orada yalnız 81.749 nəfər (17078 ailə) müsəlman qalmışdı…
A.Mustafayev. “Ermənistanın soyqırım və deportasiya siyasətində Naxçıvan”, (Bakı, 2013) kitabından