Tarixdə artıq bir dəfə Azərbaycanın əzəli torpaqlarında erməni dövləti yaradılmışdır, o da bugünkü Ermənistandır. O torpaqlar bizim doğma, ata-baba torpaqlarımızdır. İrəvan xanlığı, Zəngəzur mahalı – bütün o adlar Azərbaycan toponimləridir. Hətta indi ermənilər özləri də etiraf edirlər ki, 20-ci əsrin əvvəllərində İrəvan şəhərinin əhalisinin əksəriyyəti azərbaycanlılar idi. Bunu təsdiq edən sənədlər var, şəkillər var, rəsm əsərləri var. Artıq bir dəfə Azərbaycan torpağında erməni dövləti yaradıldı, özü də Azərbaycanın ovaxtkı rəhbərliyinin icazəsi ilə.
İlham ƏLİYEV
İrəvan şəhərinin təkcə zəngin tarixi-memarlıq abidələrinin mövcudluğu ilə deyil, həmçinin elm və mədəniyyət mərkəzi kimi də Azərbaycan şəhərləri arasında özünəməxsus yeri vardır. Lakin 1918-1920-ci illərdə İrəvan şəhərində ermənilər tərəfindən azərbaycanlı əhaliyə qarşı soyqırımı, onlara məxsus maddi-mədəniyyət abidələrinə qarşı isə vandalizm aktları həyata keçirilmiş, bundan sonra şəhərin simasının sürətlə erməniləşdirilməsi prosesi başlamışdır.
XIX əsrin əvvəllərinə qədər yalnız azərbaycanlıların yaşadığı bu şəhərdə XX əsrin əvvəllərində təqribən 29 min əhalinin yarısını azərbaycanlılar təşkil edirdi. XXI əsrin əvvəlində isə İrəvan şəhəri monoetnik erməni şəhərinə çevrilmişdir. Ermənilər bu gün İrəvanı dünyaya qədim erməni şəhəri kimi təqdim etsələr də, bu şəhərdə yaşı 200 ildən artıq olan yeganə tarixi-memarlıq abidəsi Göy məsciddir. Hansı ki, onu da fars məscidi kimi təqdim edirlər.
İrəvan quberniyasında, o cümlədən də İrəvan şəhərində azərbaycanlılara qarşı kütləvi qırğınlar ilk dəfə 1905-1906-cı illərdə baş vermişdir. Həmin dövrdə ermənilər təkcə İrəvan şəhərində 4 dəfə qırğınlar törətmişdilər.
Erməni silahlı dəstələrinin törətdikləri növbəti qırğınlar 1917-ci ilin sonu, 1918-ci ilin əvvəllərini əhatə etmişdir. 1917-ci ilin noyabrında Erməni Milli Şurası Qafqaz cəbhəsi komandanlığından erməni korpusunun yaradılmasına xüsusi icazə almışdı. Qafqaz diviziyasının sabiq komandanı Tovmas Nazarbekyanın komandanlığında erməni korpusu formalaşdırılmışdı. Korpusun komissarı Dro (Drastamat Kanayan) təyin edilmişdi. Erməni korpusu üç diviziyadan ibarət idi. Birinci diviziyaya general Mixail Areşov, ikinci diviziyaya əslən udin olan polkovnik Movses Silikov, Türkiyə ermənilərindən təşkil edilmiş üçüncü diviziyaya isə general Andranik Ozanyan komandanlıq edirdi.
1917-ci ilin dekabrında Tiflisdə erməni korpusunun tamamlanması və hərbi səfərbərlik həyata keçirilməsi haqqında qərar qəbul edilmişdi. Bu vəzifələrin icrası üçün İrəvan Erməni Milli Şurasının sədri Aram paşaya (Aram Manukyan) xüsusi səlahiyyət verilmişdi. Dekabrın 18-də Aram və Dro İrəvan şəhərinə gəlmiş və ayın 24-dən etibarən hərbi çağırış həyata keçirilmişdi.
Yeni formalaşdırılan erməni silahlı dəstələri Türkiyədən qaçıb gələn erməni qaçqınlarını məskunlaşdırmaq üçün ilk növbədə İrəvan ətrafında əlverişli ərazilərdə yerləşən azərbaycanlı kəndlərinə hücumlar edirdilər. Azərbaycanlı əhali isə ciddi şəkildə erməni silahlı dəstələrinə müqavimət göstərirdi.
İrəvan quberniyasında erməni vəhşiliklərinin qarşısını almaq məqsədilə İrəvan Müsəlman Milli Şurası ciddi fəaliyyət göstərirdi. Milli Şuranın sədri Əli xan Makinski, katibi isə Cabbar Məmmədzadə idi. Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin İrəvan şəhərində şöbəsi yaradılmışdı.
***
5-8 fevral 1918-ci il tarixdə İrəvan şəhər dumasının binasında erməni-müsəlman qurultayı keçirilmişdi. Qurultaya rusların və kürdlərin təmsilçiləri də dəvət edilmişdilər. Ümumiyyətlə, qurultayın 7 iclası olmuşdu. Qurultayın sonunda Millətlərarası Şura yaradılmış, həmin şuraya anarxiyaya son qoyması üçün erməni-tatar (türk) hərbi hissəsinin formalaşdırılması vəzifəsi həvalə edilmişdi. Fevralın 9-da Millətlərarası Şuranın ilk iclası keçirilmiş, erməni-tatar (türk) hərbi birliyinin formalaşdırılması üçün hərbçilərdən ibarət komissiya yaradılmışdı.
Fevralın 12-də Cənubi Qafqaz Komissarlığından Məmmədyusif Cəfərov, Xaçatur Karçikyan və Şalva Alekseyev-Mesxievin iştirakı ilə nümayəndə heyəti İrəvana gəlmiş, Millətlərarası Şuranın bir neçə iclaslarında iştirak etmişdi. Müsəlman təmsilçilər ərzaqla təminat məsələsində ciddi problemlər yaradıldığını bildirmişlər. Həmin iclasda İrəvan quberniyasının ərzaq komitəsinin sədri Zülfüqar xan Makinskiyə müəyyən səlahiyyətlər verilmişdi.
İrəvanda ermənilər arasında səfərbərlik həyata keçirildikdən sonra onlara silahlar paylanmışdı. İrəvan müsəlmanlarının nümayəndəsi Xəlil bəy Qasımbəyov quberniya komissarına müraciət edərək bildirmişdi ki, ətraf kəndlərdən çoxlu müsəlmanlar gələrək onlara da silah verilməsini tələb edirlər. Lakin onların bu tələbi yerinə yetirilməmişdi.
İrəvan quberniyasının komissarı S.Torosyan Cənubi Qafqaz Komissarlığına göndərdiyi teleqramda yazırdı ki, fevralın 20-də günorta İrəvan şəhərində başlayan atışma çoxsaylı ölüm və yaralanma ilə nəticələnərək axşam saat 7-dək davam etmişdir. S.Torosyan qırğınların İrəvan şəhərində azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirilməsinin əsl səbəbini ört-basıdır edərək yazırdı ki, guya qırğınlara səbəb kimi üç versiya irəli sürülür: Birinci versiyaya görə, guya şəhərin türklər yaşayan hissəsində iki türk arasında dalaşma olmuş, bir türk digərini öldürmüş və bu da iğtişaşların başlaması üçün qığılcım olmuşdur. Digər versiyaya görə, atışma silahlı türklərlə dəmiryol vağzalında keşik çəkən erməni dəstəsi arasında baş verən toqquşmadan sonra başlanmışdır. Üçüncü versiyaya görə isə guya iğtişaşlar bazarda türk satıcı ilə erməni alıcı arasında baş verən toqquşmadan sonra bütün şəhərə yayılmışdır. Göründüyü kimi, S.Torosyan hər üç halda İrəvan şəhərində qırğınların başlanmasında təqsiri qəsdən türklərin üzərinə atmağa çalışmışdır.
Qırğınların ertəsi günü hələ də ara-sıra atışmaların davam etdiyi vaxtda İrəvan quberniyası qoşunlarının komandiri polkovnik Pirumyan şəhər rəhbərliyinin, din xadimlərinin, erməni, müsəlman və rus milli şuralarının təmsilçilərinin iştirakı ilə müşavirə keçirmişdi. Müşavirədə şəhərdə hərbi vəziyyətin elan edilməsi, hərbçilər və mülki şəxslər üçün ayrı-ayrılıqda hərbi-inqilabi məhkəmələr yaradılması qərara alınmışdı. Mülki hərbi-inqilabi məhkəmənin tərkibi 7 nəfərdən – üç erməni, üç müsəlman və bir nəfər rus millətinin nümayəndələrindən ibarət təşkil edilmişdi.
İrəvan quberniyasında baş verən hadisələri aydınlaşdırmaq üçün Tiflisdən gələn nümayəndə heyəti geri qayıtdıqdan sonra Cənubi Qafqaz Seyminin martın 2-də keçirilən iclasında məruzə etmişdi. Nümayəndə heyətinin başçısı Georqadze öz məruzəsində konkret faktlar gətirərək İrəvan quberniyasında yalnız türk kəndlərinin dağıdıldığını qeyd etmişdi. Həmin iclasda müsəlman nümayəndələr İrəvan quberniyasında milli ədavətin və millətçiliyin qızışmasında “Daşnaksütyun” partiyasını ittiham etmişdilər.
***
1918-ci il martın sonlarında Sarıqamışın türk qoşunları tərəfindən azad edilməsi xəbərinin yayılmasından sonra İrəvan şəhərində ermənilər mitinqlər keçirmişdilər. Aram paşa şəhərin və quberniyanın vahid diktatoru elan edilmişdi.
Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan sənəddə qeyd edilir ki, erməni silahlı dəstələri 1918-ci ilin mart ayınadək təkcə İrəvan quberniyasının İrəvan qəzasında 32, Eçmiədzin qəzasında 84, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 kəndi – üst-üstə 198 kəndi darmadağın etmiş, həmin qəzalarda təqribən 135 min nəfər soydaşımızı soyqırımına və deportasiyaya məruz qoymuşdur.
Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirən ermənilərin məqsədi İrəvan quberniyası ərazisində “türksüz Ermənistan” dövləti yaratmaqdan ibarət idi.
1918-ci il mayın 26-da Cənubi Qafqaz Seymi özünü buraxmış və Gürcüstan müstəqilliyini elan etmişdi. Müsəlman Milli Şurasının mayın 27-də keçirilən iclasında Nəsib bəy Yusifbəyov bildirmişdi ki, Batum konfransında təmsil olunan Türkiyə nümayəndə heyətinin qənaətinə görə, Cənubi Qafqaz müstəqilliyini qorumalıdır, onun birliyinin və həmrəyliyinin mühafizəsi üçün ermənilərə bir qədər torpaq güzəşt olunmalıdır.
1918-ci il mayın 28-də Azərbaycanın və Ermənistanın müstəqilliyi elan edilir. Mayın 29-da Müsəlman Milli Şurasının iclasında İrəvanın siyasi mərkəz kimi Ermənistana güzəşt edilməsi haqqında qərar qəbul olunur. Milli Şuranın İrəvandan olan üzvləri bu güzəştə dərhal öz etirazını bildirirlər. Lakin qərar Milli Şuranın 28 üzvündən 16-sının razılığı, üç nəfərin bitərəf qalması və bir nəfərin etiraz səsi ilə qəbul edilir. Milli Şuranın iyunun 1-də keçirilən iclasında Şuranın İrəvandan olan üzvləri Mir Hidayət Seyidov, Bağır Rzayev və Nəriman bəy Nərimanbəyov İrəvanın Ermənistana güzəşt edilməsi haqqında qərara yazılı şəkildə etirazlarını bildirsələr də nəticəsi olmur. Yalnız İrəvan quberniyasından alınan həyəcanlı xəbərləri yerində öyrənmək üçün nümayəndə heyəti göndərmək qərara alınır.
1918-ci il iyunun 4-də Osmanlı dövləti ilə Ermənistan arasında Batumda sülh və dostluq haqqında imzalanan müqaviləyə əsasən, Ermənistan Respublikasının ərazisi təqribən 9 min kvadrat kilometr, əhalisi isə 321 min nəfər (o cümlədən 230 min erməni, 80 min müsəlman, 5 min yezidi kürdləri, 6 min digər millətlər) təşkil edirdi. Bu respublikanın ərazisinə Şərur-Dərələyəz, Naxçıvan, Sürməli qəzaları və Basarkeçər bölgəsi istisna olmaqla Novo-Bəyazid qəzası, İrəvan qəzasının beşdəüçü, Eçmiədzin qəzasının dörddəbiri, Aleksandropol qəzasının dörddəbiri daxil idi.
Batum müqaviləsinin imzalanmasından sonra İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri qırğınlar nəticəsində ev-eşiyindən didərgin düşən müsəlman qaçqınlar tədricən öz yer-yurdlarına qayıtmağa başlamışdılar.
Azərbaycan Milli Şurasının iyunun 13-də keçirilən iclasında ermənilərin müsəlmanlara qarşı törətdikləri qırğınlar barədə İrəvandan gələn xəbərlər müzakirə edilmişdi. İrəvan quberniyası ərazisində ev-eşiyindən didərgin salınan və ac-yalavac dolanan qaçqınların sayının 150 min nəfərə çatdığı, ermənilərin 206 kəndi dağıtdığı bildirilirdi. Milli Şura İrəvan quberniyasındakı qaçqınlara maddi yardım göstərilməsi üçün nümayəndə göndərməyi qərara almışdı. Həmçinin İrəvan quberniyası ərazisində mövcud olan türk qoşunlarının komandanlığından xahiş edilmişdi ki, qaçqınlara ərzaq yardımı etsin və onların öz yurdlarına qayıtmaları üçün Ermənistan hökumətinə təsir göstərsin.
Andranikin komandanlığı altında erməni silahlı dəstələrinin Zəngəzuru ələ keçirməsi, Ermənistan hökumətinin Dağlıq Qarabağı mübahisəli ərazi hesab etməsi Azərbaycan diplomatiyasını adekvat addım atmağa vadar etmişdi. Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsi Ermənistanın Gürcüstandakı nümayəndəsinə məktubunda Qarabağın mübahisəli zona hesab edilməsi haqqında Ermənistanın iddiasının tərəflər arasında əldə olunmuş razılığın pozulması demək olduğunu, Azərbaycan tərəfinin də İrəvan şəhərinə, İrəvan quberniyasının Eçmiədzin, Novo-Bəyazid və İrəvan qəzalarının bir hissəsinə ərazi iddiası hüququnu özündə saxladığını bildirmişdi.
Birinci Dünya müharibəsinin sonunda, 1918-ci il oktyabrın 30-da imzalanan Mudros sazişinə əsasən türk qoşunlarının Cənubi Qafqazdan geri çəkilməsindən sonra ermənilərin İrəvan quberniyası ərazisində azərbaycanlılara qarşı kütləvi qarət-qırğınlarının ikinci mərhələsi başlanmışdır.
Azərbaycanın İrəvanda diplomatik nümayəndəliyi fəaliyyətə başlayanadək İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri vəhşiliklər barədə beynəlxalq təşkilatları, Azərbaycan mətbuatını və rəsmi dairələrini İrəvan Müsəlman Milli Şurası, İrəvan Müsəlman Xeyriyyə Cəmiyyəti və İrəvan Quberniyası Həmyerliləri Təşkilatı məlumatlandırırdı.
***
İrəvan Quberniyası Həmyerliləri Təşkilatının sədri Teymur xan Makinskinin 4 yanvar 1919-cu ildə göndərdiyi məlumatda deyilirdi ki, 1917-ci ilin dekabrından 1918-ci ilin iyun ayına – yəni türk qoşunlarının gəlişinədək İrəvan quberniyasında erməni hərbi dəstələri tərəfindən 200-dən çox müsəlman yaşayış məntəqəsi dağıdılmış, qarət edilmiş, yandırılmış, əhalisinin bir qismi öldürülmüş, bir qismi də dağlara qaçaraq aclıqdan və soyuqdan məhv olmuşlar. Onun məlumatına görə, erməni silahlı dəstələri Sürməli qəzasını bütünlüklə, İrəvan, Eçmiədzin, Şərur-Dərələyəz qəzalarının bir hissəsini ələ keçirərək Naxçıvan istiqamətində hərəkət edirlər. Təqsirsiz müsəlman əhalisi ya məhv edilir, ya da öz kəndlərindən qovularaq dağ yolları ilə İrana qaçırlar ki, bu da elə labüd ölüm deməkdir. Teymur xan Makinski zorla boşaldılmış müsəlman kəndlərində Türkiyədən gələn erməni qaçqınlarının məskunlaşdığını yazırdı.
4 yanvar 1919-cu ildə parlamentin üzvləri Teymur xan Makinskinin, Məhərrəm Məhərrəmovun, Əkbərağa Şeyxülislamovun və İrəvan quberniyası ziyalılarının bir qrupunun imzası ilə Azərbaycan parlamentinin sədrinə ünvanlanan müraciətdə qeyd edilirdi ki, İrəvan quberniyasında sırf müsəlmanlar ilə məskun 500 min əhali özlərini Azərbaycanın ayrılmaz bir parçası hesab edir və arzu edirlər ki, taleləri Paris sülh konfransında həll oluncaya qədər asayiş içində yaşamalarına ermənilər mane olmasınlar. Erməni qoşunlarının törətdikləri qırğınların miqyası sadalandıqdan sonra parlamentdən xahiş edilirdi ki, İrəvan müsəlmanlarının mövcudiyyətinin mühafizəsi üçün lazım gələn tədbirlər görülsün.
İrəvan quberniyası müsəlmanlarının nümayəndələri adından 1919-cu ilin yanvar ayında Mir Hidayət Seyidovun Azərbaycan hökumətinin başçısına ünvanlanmış müraciətində isə qeyd edilirdi ki, Ermənistan hökuməti erməni qaçqınlarını silah gücünə qovulmuş müsəlmanların məskun olduqları ərazilərdə məskunlaşdırır. Məqsəd ondan ibarətdir ki, mümkün olan qədər müsəlmanları məhv edərək bütün qəzalardan onları təmizləsinlər ki, Paris konfransında həmin ərazilərin ermənilərə məxsusluğunu sübut edə bilsinlər.
Azərbaycan hökuməti 1919-cu il yanvarın sonlarında Məhəmməd xan Təkinskini Ermənistanda diplomatik nümayəndə təyin etmişdir.
***
Müttəfiq dövlətlərin Cənubi Qafqazdakı qoşunlarının komandanı general A. Tomsonun ermənipərəst mövqeyi onları yeni-yeni əraziləri ələ keçirməyə iştahlandırırdı. M. Təkinski İrəvandakı ingilis hərbi nümayəndəliyinin açıq-aşkar ermənipərəst mövqe tutduğunu yazırdı.
Məhəmməd xan Təkinski Ermənistan hökumətinin daxili işlərinə müdaxilə bəhanəsilə “persona nonqrata” – yəni “arzuolunmaz şəxs” kimi İrəvandan qovulmuşdu.
M.Təkinskidən sonra görkəmli Azərbaycan yazıçısı və siyasi xadimi Əbdürrəhim bəy Haqverdiyev 1919-cu il avqustun 24-də Azərbaycan Respublikasının Ermənistanda diplomatik nümayəndəsi təyin edilmişdi. Lakin ona qarşı da zorakılıq edilmiş və nəticədə Ə.Haqverdiyev İrəvanı tərk etmək məcburiyyətində qalmışdı.
Ə.Haqverdiyevdən sonra 1920-ci il martın 16-da Himayədarlıq Nazirliyinin Ermənistandakı müvəkkili Teymur bəy Makinski Azərbaycanın Ermənistanda diplomatik nümayəndəsi təyin edilmişdi. O da sələflərinin aqibəti ilə üzləşərək İrəvanı gizlicə tərk etməli olmuşdu.
1919-cu il mayın 28-də Ermənistan Parlamenti Türkiyənin 6 vilayətinin Ermənistana ilhaq edilməklə “Birləşmiş və müstəqil Ermənistan” dövlətinin qurulması haqqında akt qəbul etmişdir. “Birləşmiş Ermənistan”a Ermənistan hökumətinin Azərbaycana və Gürcüstana qarşı iddia etdiyi ərazilər də daxil edilmişdi.
4 iyun 1919-cu ildə Azərbaycan xarici işlər nazirinin müavini A.Ziyadxanov Ermənistandakı diplomatik nümayəndə M.Təkinskiyə göndərdiyi məktubda Fövqəladə Parlament Komissiyasının yaradılacağını və həmin komissiyaya İrəvan quberniyasında ermənilərin törətdikləri qırğınlar barədə məlumat toplamağın tapşırılacağını bildirmişdir. Bu məqsədlə parlamentin 10 milyon vəsait ayırmaq istədiyi də teleqramda qeyd olunmuşdu.
Azərbaycan hökuməti İrəvan şəhərində və quberniya ərazisində azərbaycanlılara qarşı qırğınların dayandırılması üçün intensiv surətdə Ermənistanın müvafiq qurumları ilə əlaqə saxlayırdı. Lakin Ermənistan hökuməti diplomatik yazışmalarla baş qataraq soyqırımı siyasətini davam etdirirdi. Arxiv sənədləri sübut edir ki, ermənilər bircə gün də olsun İrəvan quberniyasında azərbaycanlılara qarşı qətl və qarət hərəkətlərini dayandırmamışlar.
“Azərbaycan” (rusca) qəzeti 29 iyun-1 iyul 1919-cu ildə dərc edilmiş “Ermənistanda müsəlmanların vəziyyəti” məqaləsində İrəvan şəhərinin azərbaycanlı əhalisinin vəziyyəti haqqında yazırdı: “Ermənistan Respublikasında müsəlmanların vəziyyəti faciəvidir. İrəvanda gözəl evlərin və bağların böyük əksəriyyəti müsəlmanlara məxsus idi… Türk qoşunları İrəvana yaxınlaşdığı zaman şəhərin müsəlman əhalisi nədənsə qorxaraq şəhəri tərk etmişdi. Onların malına, mülkünə Türkiyədən olan erməni qaçqınlar sahib çıxmışdılar. Ermənistan hakimiyyətini qəbul edən müsəlmanlar şəhərə geri qayıdarkən yollarda erməni silahlıları tərəfindən tamamilə qarət edilmişdilər… Varlı bağlara, gözəl evlərə malik müsəlmanları erməni qaçqınları öz evlərinə buraxmadıqlarından qışdan bu yana məscidlərdə sığınacaq tapmışlar… Ermənistan hökuməti minlərlə qarət edilmiş, ac-yalavac, xəstə müsəlmanları açıq havada yaşamağa məcbur edir…
Müsəlmanların çəkdiyi işgəncələri təsvir etmək çətindir. Çoxları buna dözmür və dəli olurlar… Müsəlmanların mülklərini zəbt edən ermənilər, onlardan külli miqdarda vəsait aldıqdan sonra evlərini qaytarır və müsəlmanlar bundan sonra sığındıqları məscidlərdən evlərinə qayıda bilirlər.
Ermənistan hökuməti qəsdən və düşünülmüş surətdə erməni qaçqınlarını müsəlman məhəllələrində və evlərində məskunlaşdırır…”
***
Azərbaycan Parlamenti 17 iyul 1919-cu il tarixli iclasında Zəngəzur qəzasından və İrəvan quberniyasından olan qaçqınların vəziyyəti ilə bağlı məsələ müzakirə etmişdir. Bağır bəy Rzayev bir il əvvəl İrəvanda 22 min müsəlman yaşadığını və onların çoxunun şəhəri tərk etdiklərini, son vaxtlar isə tək-tək qayıdanların evlərini və əşyalarını dağıdılmış gördüklərini söyləyir. O, erməni hökumətinin müsəlman qaçqınlarına kömək etmədiyini bildirir. Qarabəy Qarabəyov deyir: “Erməni aclarına, erməni hökuməti tərəfindən və Amerika heyətindən güclü taxıl gətirilib verilib. Amma oradakı müsəlmanların hamısı başdan-başa ac, paltarsız qapıdan-qapıya dolanırlar. Halları xeyli pisdir… Ermənistanda müsəlmanlar üçün bu cür yaşamaq mümkün deyildir… Müsəlman kəndlərində olan müsəlmanları çıxarıblar. İrəvan aclar ilə doludur. Xahiş edirlər ki, (xeyriyyə təşkilatları nəzərdə tutulur) onlar kəndlərinə gedib ot ilə, ələfiyyat ilə yaşasınlar. Amma onları kəndə buraxmayıb deyirlər ki, kənddə 45 ev varsa, hamısı ermənilər ilə dolub, artıq müsəlman gələ bilməz. Xülasə, rəsmi xəbərlərə görə, ermənilər müsəlmanlara olmazın zülmlər edirlər. Əvvəllər də ediblər. Qəbiristanlığın daşlarını belə çıxarıb, dağıtmışlar. Məscidlərin qapısını, pəncərəsini çıxarıb aparıblar. Damını uçurub orada rəzalətlər yapırlar”. Sultan Məcid Qənizadə isə Ermənistan hökumətinin əsl simasını açaraq deyir: “Orada qardaşlarımızı kəsirlər, öldürürlər. Məqsədləri odur ki, müsəlmanlardan bir dənə qalmasın. Ata-baba yerlərindən tərk olsunlar…”
Xalq Cümhuriyyətinin Himayəçilik Nazirliyinin Ermənistandakı müvəkkili Teymur xan Makinskinin 11 noyabr 1919-cu ildə nazirliyə göndərdiyi məruzəsində Ermənistan hökumətinin əsl siması açılırdı: “1918-ci ilin fevralından davam edən qırğınlar nəticəsində 0,5 milyon əhali dilənçi vəziyyətinə düşüb. (Naxçıvan qəzasından, Şərur məntəqəsindən, Sürməli məntəqəsinin 2-3-cü polis sahələrindən və Zəngibasar rayonundan başqa). Həmin ərazilərdə müsəlman əhali hər şeyini itirib. Dağıntıya məruz qoyulan rayonlarda əhali 200 min nəfərdən artıqdır. Onlar xəstəlikdən və aclıqdan məhv olurlar, dəfələrlə talanlara və qırğınlara məruz qalıblar. Bu kateqoriyaya İrəvan şəhərinin müsəlmanları, Zəngibasarın Göykümbət, Arbat, Ağcaqışlaq və Çarbax kəndləri aiddir. Qəti demək olar ki, ölənlərin sayı 100-120 min nəfərdir. 50 min nəfər Azərbaycana qaçqın kimi gəlib. Təqribən bir o qədər İrəvanda, Zəngibasar rayonunda, Sürməli qəzasının 2 məntəqəsində və Eçmiədzində yaşayırlar. Qalan qaçqınlar Naxçıvan qəzasına, Şərur məntəqəsinə, Sürməli qəzasının 3-cü sahəsinə və Qars vilayətinin Qağızman dairəsinə sığınıblar. Bəziləri Maku xanlığına və Türkiyə ərazisinə köçüblər. İndiki məqamda 50 min nəfərə ərzaq yardımı (un, taxıl və çörək şəklində) göstərilməlidir. İrəvan şəhərində aclıq keçirən əhalinin sayı 8 min nəfərdir”.
1919-cu il dekabrın 20-də Tiflisdə İrəvan quberniyası və Qars vilayətindən gələn qaçqınların söylədiklərinə əsasən tərtib edilən protokolda qeyd olunurdu ki, Araz və Tarasum çaylarının digər sahilində, Uluxanlı stansiyasından 17 verst məsafədə, daha təhlükəsiz yerdə mal-mülkü talan edilmiş və tamamilə yandırılmış 50 min qaçqın toplaşmışdır. Bundan əlavə, Azərbaycanın İrəvandakı nümayəndəliyinin sərəncamında 14 nəfər əməkdaşın çalışdığı, onların da vəzifəsinin İrəvandakı qaçqınları himayə edərək, onları Azərbaycana göndərməkdən ibarət olduğu, lakin İrəvandan 20 verstdən artıq uzaq məsafədə olan qaçqınların isə taleyin hökmünə buraxıldıqları da protokolda qeyd edilmişdi.
Azərbaycan Parlamentinin 5 yanvar 1920-ci ildə keçirilən iclasında qaçqınların məsələsi müzakirə edilmiş, Ermənistandan 300 min qaçqının gəldiyi qeyd olunmuşdur.
Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəliyindən Mir Mahmud Mirbabayevin 25 yanvar 1920-ci ildə Azərbaycan XİN-ə göndərdiyi məxfi məktubunda göstərirdi ki, İrəvan şəhərində müsəlmanların vəziyyəti daha ağırdır: müsəlman mağazaları yoxdur, evlər dağıdılıb, təhlükəsiz yaşayış üçün heç bir zəmanət yoxdur”.
***
1920-ci ilin aprelində Azərbaycanda bolşeviklərin hakimiyyəti ələ almasından sonra yaranmış fürsətdən istifadə edən daşnak hökumətinin azərbaycanlılara qarşı törətdikləri qırğınlar yeni mərhələyə qədəm qoyaraq daha kütləvi və kəskin xarakter almışdı.
1919-cu ildə 29 min əhalisi olan İrəvan şəhərində 14 min nəfər, Eçmiədzin qəzasında isə 6 ay ərzində 4 min nəfər aclıqdan həlak olmuşdu. Təbii ki, aclıqdan həlak olanların mütləq əksəriyyəti azərbaycanlılar olmuşdular. Çünki həmin dövrdə azərbaycanlılar evlərindən bayıra çıxa bilmədiklərindən ölümə məhkum edilmişdilər. Halbuki həmin dövrdə Ermənistanda doktor Yarrounun sədrliyi ilə Amerikanın Yardım Komitəsi fəaliyyət göstərirdi.
İrəvan şəhərində azərbaycanlıların bir qisminin erməni qırğınlarından canlarını salamat qurtarmalarının başlıca səbəbləri onların kompakt şəkildə (şəhərin Dəmirbulaq, Təpəbaşı, Qala şəhər və Köhnə şəhər hissələrində) məskun olmaları, Azərbaycanın diplomatik nümayəndəliyinin, Azərbaycan Himayəçilik nazirliyinin, Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin İrəvan şəhərində fəaliyyət göstərən nümayəndələrinin mümkün qədər nəzarətləri olmuşdu. Yerlərdə isə belə nəzarət olmadığından erməni silahlı dəstələri azərbaycanlılara qarşı qətl və qarətləri istədikləri şəkildə həyata keçirirdilər.
Ümumiyyətlə, 1905-1920-ci illərdə təkcə indiki Ermənistan ərazisində 500-dən artıq azərbaycanlı kəndləri dağıdılmış, onların böyük əksəriyyəti erməni yaşayış məntəqəsinə çevrilmişdir.
1916-cı ildə İrəvan quberniyasında 373582 nəfər azərbaycanlının yaşadığı təsbit edildiyi halda, 1920-ci ilin noyabrında Ermənistan SSR-də təqribən 10 min nəfər azərbaycanlı qeydə alınmışdı.
Ermənilərin 1918-1920-ci illərdə İrəvanda həyata keçirdikləri soyqırımı nəticəsində azərbaycanlı məktəblərinin hamısı bağlanmışdı. İrəvan ziyalılarının böyük bir qismi erməni vəhşiliklərinin qurbanı olmuş, bir qismi də Azərbaycanda, Türkiyədə, İranda, Gürcüstanda və Orta Asiyada özlərinə sığınacaq tapmışdılar.
Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlıların az bir qismi İrəvandakı evlərinə qayıda bilmişdilər. 1922-ci ildə İrəvanda cəmi 5124 azərbaycanlı yaşadığı halda, ermənilərin sayı artıq 40396 nəfərə çatmışdı.
***
Sonrakı dövrlərdə – 1948-1953-cü illər və 1988-1989-cu illər deportasiyası nəticəsində İrəvan şəhərində azərbaycanlıların varlığına son qoyuldu. İrəvan şəhəri qanlı qırğınlar və deportasiyalar nəticəsində tarixdə ilk dəfə yaradılan erməni dövlətinin paytaxtına çevrildi.
Ermənilərin XIX-XX əsrlərdə azərbaycanlılara qarşı törətdikləri soyqırımına və deportasiyaya hüquqi-siyasi qiymət vermək məqsədilə Azərbaycan Respublikasının Prezidenti 26 mart 1998-ci ildə “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalamış və bütün soyqırımı faciələrini yad etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı günü elan edilmişdir.
1918-1920-ci illərdə erməni cəlladları tərəfindən İrəvan şəhərində törədilən soyqırımı Bakıda, Şamaxıda, Qubada, Şuşada, Lənkəranda xalqımızın başına gətirilən faciələr zəncirinin bir həlqəsidir.
Nazim MUSTAFA,
tarix elmləri üzrə fəlsəfə doktoru, Prezident Kitabxanasının şöbə müdiri