Noyabrın 24-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kitabxanasında Azərbaycan MEA Tarix İnstitutu, Prezident Kitabxanası və “Azərbaycan Tarixçiləri” İctimai Birliyinin təşkilatçılığı ilə İrəvan xanlığının tarixinə həsr olunmuş dörd broşürün təqdimatı olub.
“İrəvan xanlığı” və digər fundamental tədqiqatlar kimi bu əsərlər də Azərbaycan Respublikası nın Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yazılıb. Layihənin rəhbəri və nəşrlərin elmi redaktoru AMEA-nın müxbir üzvü, Tarix İnstitutunun direktoru Yaqub Mahmudovdur. “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı” və “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri “ adlı kitabçaların müəllifi Tarix İnstitutunun böyük elmi işçisi Nazim Mustafa, “İrəvan xanlığı: İrəvan qalası-qəhrəmanlıq nümunəsi” və “Çuxursəd hakimləri və İrəvan xanları” kitabçaların müəllifi isə Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Güntəkin Nəcəflidir.
Təqdimat mərasimində çıxış edən Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov, Yaqub Mahmudov, Güntəkin Nəcəfli, Nazim Mustafa, professor Cəbi Bəhramov, millət vəkilləri, tarix elmləri doktoru, professor Fəzail İbrahimli və siyasi elmlər doktoru Elman Nəsirli, siyasi elmlər doktoru Elçin Əhmədov İrəvan xanlığının tarixi keçmişinə və mədəni irsinə həsr edilmiş bu nəşrlərin əhəmiyyətindən, belə tədqiqat əsərlərinin bütün dünyada erməni vandallarını ifşa etməsindəki rolundan bəhs ediblər. Natiqlər üç dildə (Azərbaycan, ingilis və rus) nəşr edilmiş bu tədqiqatların xarici ölkələrdə yayılmasının vacibliyini vurğulayıblar.
1905.az