1918-ci il may ayının axırlarında Zaqafqaziya seyminin buraxılmasından sonra Daşnaksütyun partiyası Ermənistanın müstəqilliyini elan edərək öz millətçi ideyasını həyata keçirməyə başladı.
1918-1920-ci illərdə daşnak hökuməti Türkiyə, Azərbaycan və Gürcüstana qarşı ədalətsiz müharibələr aparmaq mövqeyindən çıxış etdilər. Gürcü Qaribi 1919-cu ildə yazmışdı: “Daşnaklar gəldilər milli ədavət gətirdilər, erməni-müsəlman ziddiyyətini daha da kəskinləşdirdilər…”
Daşnaklar əzəli Azərbaycan torpaqları olan Qarabağ və Naxçıvan ərazilərini ələ keçirmək üçün müxtəlif cəfəng iddialar irəli sürdülər. Onlar qəzalarda Azərbaycanlılara qarşı mübarizəni gücləndirdilər. Həmin mübarizə ilk növbədə Ermənistanda öz doğma ata-baba torpaqlarında yaşayan Azərbaycanlılara qarşı çevrildi. Onlar kütləvi şəkildə evlərindən çıxarılaraq didərgin salındılar. Dinc əhaliyə qarşı silah işlədilməsi nəticəsində Azərbaycanlılar dağlara və başqa istiqamətlərə qaçdılar. Bununla da Azərbaycanlıların kompakt yaşadığı Eçmiədzin, İrəvan, Sürməli, Şərur qəzalarının ərazisi ermənilər tərəfindən zəbt olundu. 1919-cu il yanvarın 8-də Azərbaycan parlamentinin iclasında parlamentin sədri bildirmişdi ki, “parlamentə İrəvan quberniyasının əhalisinin adından məktub daxil olmuşdur. Həmin məktubda bildirilir ki, 1917-ci ilin dekabrından 1918-ci ilin iyununa kimi erməni qoşunları tərəfindən İrəvan quberniyasında 200 dən çox Azərbaycanlı kəndi da- ğıdılmış və yandırılmışdır. Minlərlə insan dağlara qaçaraq aclıqdan və soyuqdan ölmüş- dü. Tərk edilmiş Azərbaycanlı kəndlərinə Türkiyədən olan ermənilər yerləşdirilir”
Azərbaycan Demokratik Respublikasının baş naziri F.X.Xoyski Ermənistan hökumətinə göndərdiyi notada bildirirdi ki, Azərbaycanlılara qarşı təcavüz siyasəti qəti olaraq dayandırılmalıdır. Lakin münasibətləri bərpa etmək mümkün olmadı.
Azərbaycan hökuməti Cənubi Qafqaz respublikaları arasında bütün mübahisəli məsələləri və ixtilafları dinc yolla həll etmək üçün Gürcüstan və Ermənistan hökumətlərinə, üç respublika nümayəndələrinin iştirakı ilə müşavirə keçirməyi təklif etmişdi.
Bu məqsədlə 1918-ci ilin noyabrında Tiflisdə konfrans çağırmaq nəzərdə tutuldu. Lakin Ermə- nistan hökumətinin nümayəndəsi bu konfransa gəlmədi və konfrans baş tutmadı. 1918- ci ilin dekabrında Gürcüstan ilə Ermənistan arasında müharibə başlandı. Hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycan dövləti işə qarışmalı oldu. Dekabrın 26-da Azərbaycan parlamentinin fövqəladə iclasında M.Ə.Rəsulzadənin üç maddədən ibarət təklifi qəbul olundu. Təklif Ermənistan və Gürcüstan parlamentlərini öz respublikalarının hökumətlərini müharibəni dayandırmaq və sülhü bərpa etmək üçün qəti tədbirlər görməyə çağırırdı. Bu məqsədlə Gürcüstan və Ermənistan parlamentlərinə teleqramlar da göndərilmişdi. Teleqramlarda mübahisəli məsələləri qan tökmək yolu ilə deyil, sülh danışıqları aparmaq yolu ilə həll edilməsi zərurəti göstərilirdi. Qeyd edilməlidir ki, Azərbaycan və Ermənistan respublikaları yaranana qədər Dağlıq Qarabağın Gəncə quberniyasından çıxması, yaxud müstəqil olması, və ya İrəvan quberniyasına daxil edilməsi məsələsi qaldırılmamışdı. İlk vaxtlar Ermənistan hökuməti Dağlıq Qarabağa münasibətdə hələ müəyyən qə- dər diplomatik takt gözləyir, xain niyyətlərini tam açıqlamırdı. Belə bir fakt məlumdur ki, 1918-ci ilin avqustunda Tiflisdəki Ermənistan diplomatik nümayəndəsi Azərbaycanın oradakı diplomatik nümayəndəsindən Şuşaya Ermənistanın “xüsusi nü mayəndə heyəti” göndərməsinə razılıq verməyi xahiş etmişdi. Bu rəsmi müraciətə Azərbaycan hökuməti aşağıdakı cavabı vermişdi: “Əgər Azərbaycan hökuməti əmin olsa ki, nümayəndə heyəti Azərbaycanın qanunlarına əməl edəcək və Azərbaycan hökumətinin müşahidəsi altında fəaliyyət göstərəcək, onda Ermənistan xüsusi nümayəndə heyətinin Şuşaya getməsinə icazə veriləcəkdir”.
Ehtimal etmək olardı ki, Ermənistan hökuməti bununla Yuxarı Qarabağın Azərbaycan ərazisi olduğunu bilavasitə təsdiqləyirdi. Ermənistan hökuməti əslində bu kimi addımlarla əvvəlcə Dağlıq Qarabağa “mübahisəli ərazi statusu” verilməsini, sonra isə bu amildən istifadə edərək Azərbaycana qarşı ərazi iddiası planlarını həyata keçirmək istəyirdi. Azərbaycan parlamentinin sədri Ə.M.Topçubaşov İstambulda ingilis polkovniki Tampla söhbətində bildirmişdi: “Ermənistan hökumətinin nümayəndələri dəfələrlə bizə bildiriblər ki, əgər onlara Qara dənizin sahilində liman verilsə, özlərinin Qarabağa olan iddialarından könüllü imtina edərlər. Onlar əhali mübadiləsi ilə kifayətlənərdilər. Lakin nəzərə almaq lazımdır ki, İrəvan quberniyasında 200 mindən yuxarı Azərbaycanlı yaşayır”
Respublikalar yaranan kimi İrəvanın təbliği, təhriki və təzyiqi ilə Dağlıq Qarabağdakı erməni əhalisinin müəyyən təbəqələri Azərbaycan respublikasının hakimiyyətini tanımaqdan imtina etdilər. “Dağlıq Qarabağ ermənilərinin 1918-ci ilin iyulunda Şuşada (şəhər əhalisinin 46 faizini Azərbaycanlılar təşkil edirdi) keçirilən birinci qurultayı Dağlıq Qarabağı müstəqil elan etdi. Ermənistanın tərkibinə daxil olmaq məsələsi hələ açıq hallanmırdı. Ermənistan hökuməti Dağlıq Qarabağın işğalı planlarını həyata keçirmək üçün oraya silahlı qüvvələr yeritdi”
Elə təkcə bu fakt göstərir ki, Ermənistan Yuxarı Qarabağ problemini hərbi yolla həll etmək istəyirdi. Ona görə də 1918-ci ildə general Andranikin silahlı quldur dəstələri Qarabağa yeridildi. Azərbaycan hökumətinin 1918-ci il 15 iyulda iclası oldu. İclasda xarici işlər naziri M.N.Hacınskinin erməni separatçılarının Azərbaycanın müxtəlif bölgələrində törətdiyi cinayətkar hərəkətləri barədə məruzəsi dinlənildi. Məruzədə deyilirdi: “Artıq dörd aydır ki, Azərbaycanın müxtəlif hissələrində dinc Azərbaycan kəndlərində ermənilər görün məmiş vəhşiliklər göstərir, adamların həyatlarını və əmlaklarını məhv edirlər. Buna görə də ümumdövlət mənafelərini və əhalinin zərər çəkmiş qruplarının mənafeyini nəzərə alaraq təklif edirik ki, ayrıca bir təşkilat yaradılsın və onun qarşısında aşağıdakı vəzifələr qoyulsun:
1. Bütün zorakı hadisələri dəqiq qeydə almaq; 2. Bu hadisələrin baş verdiyi şəraiti müəyyənləşdirmək; 3. Müqəssirləri və dəymiş zərərin həcmini müəyyənləşdirmək; Bu təşkilat Fövqəladə İstintaq Komissiyası xarakteri daşımalı və onun məlumatları əsas Avropa dillərində – rus, fransız, alman və təbii ki, türk dilində yazılmalı və geniş yayılmalı.Əgər hökumət bu təkliflə razıdırsa, mən xahiş edirəm ki, bu komissiyanın təş- kil edilməsi nazirlərdən birinə tapşırılsın və bu komissiyanın xərcləri üçün müvəqqəti olaraq 50 min manat pul ayrılsın”
Azərbaycan hökuməti M.N.Hacınskinin məruzəsini dinləyib müvafiq komissiyanın yaradılması haqqında qərar çıxartdı Azərbaycan ərazisinin tarixən tərkib hissəsi olan Qarabağ torpaqlarını ələ keçirməyə can atan erməni hökuməti nə kütləvi qırğınlardan, nə də onlarca yaşayış məntəqəsini yer üzündən silməkdən çəkinmirdi. 1919-cu ilin yanvarında daşnak hökuməti Qarabağ ərazisi ilə əlaqədar iddialar irəli sürmüşdü. Ermənilər aşağıdakı əraziləri Qarabağdan qoparmaq istəyirdilər:
2. Tərtəri çıxmaq şərtilə Cavanşir qəzasının Cənub, qərb hissəsini; 2. Ağdamı və Qacar kəndini çıxmaq şərtilə Şuşa qəzasının qərb hissəsini; 3. Vəng, Hadrut, Yeqorlu və Arakel kəndləri ilə birlikdə Cəbrayıl qəzasının bir hissəsini; 4. Kirs dağından Cənub qərbdə yerləşən Şahverdilər kəndini və Araz çayı üzərindəki Ağbil stansiyasını çıxmaq şərtilə bütün Zəngəzur qəzasını.
Respublikanın ərazi bütövlüyünü qoruyub saxlamağı və vətəndaşlarının həyatını müdafiə etməyi özünün başlıca vəzifəsi sayan Azərbaycan hökuməti bu iddiaları qəti şəkildə rədd etdi. Azərbaycan parlamenti Dağlıq Qarabağ məsələsini müzakirə edərək vəziyyəti normal hala salmaq üçün tədbirlər görməyə başladı.
H.Məmmədova “Azərbaycan Cümhuriyyəti dövründə Yuxarı Qarabağda siyasi vəziyyət; erməni terrorizminin güclənməsi (Bakı, 2006, Nağıl evi” kitabından