ABŞ-ın İranın neft sektoruna qarşı sanksiyaları artıq qüvvəyə minib.
Bundan sonra İrandan neft alan ölkələrin atacaqları addımlar, eləcə də regiondakı vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı politoloqların fikrini öyrəndik.
Tofiq Abbasovun fikrincə, böyük ölkələr İranın enerji daşıyıcılarından imtina etməyəcək: “Məsələn, Türkiyə kimi dövlətlər üçün uzaq məsafələrdən yanacaq almaq əlverişli deyil. Çünki, onun nəql olunması, məntəqələrə çatdırılması, özlüyündə çox böyük xərc tələb edir. Yəni, qaz, neft ixracı sahəsində İran Türkiyə üçün ən əlverişli tərəfdaşdır. Ümumi sərhədləri var və onlar arasında bir çox sahələrdə mübadilə mövcuddur. ABŞ görür ki, İranın ehtiyat variantları var və vəziyyətdən çıxış yollarını tapa bilir. Ona görə də bu ilin mayından rəsmi Vaşinqton fərdləşdirmə prinsiplərini qüvvəyə mindirdi. Yenə də buna baxmayaraq Türkiyə, Hindistan, Çin, Rusiya İran enerji daşıyıcılarından imtina etmək niyyətində deyillər. Üstəlik İranın özünün də ehtiyat variantları var. Ona görə də İran bu cür sərt tədbirlərə soyuqqanlılıqla reaksiya göstərir və münasibət bildirir. Amma bu o demək deyil ki, İran istənilən vaxt ona əlverişli olan variantları tətbiq edəcək. Yox, İrandan neft alan ölkələr arasında ABŞ sanksiyalarından çəkinən dövlətlər də var. Onların İranla iqtisadi münasibətləri varsa, həm də ABŞ faktorundan asılıdırlar və Vaşinqtondan uzaqlaşacaq qədər böyük riskə gedə bilmirlər. Ona görə də istər istəməz məcburdular ki, qoyulan tələblərə riayət etsinlər. Amma İranın istənilən halda çıxış yolları var. Əvvəla, sanksiyalar tətbiq olunubsa, bunlar ilk növbədə iri dövlət korporasiyalarına şamil olunur, çünki onların iqtisadi həcmi böyükdür. Digər tərəfdən də maliyyə institutlarına alış-veriş əməliyyatlarını həyata keçirməsi qadağan edilir. Burada alternativ variantlar adətən dövlət siyasəti ilə əlaqəli olmayan kiçik şirkətlərin oyuna girməsidir. Eləcə də özəl banklar həmin əməliyyatları həyata keçirə bilirlər. Ümumilikdə götürsək, artıq 40 ilə yaxındır ki, İran sanksiyalarla üzləşir, hətta İran-İraq müharibəsinin davam etdiyi 8 il ərzində də sanksiyalar altında idi, amma buna baxmayaraq həmin məhdudlaşdırıcı kəməri aşa bildilər. Hətta Rusiyaya sanksiyalar tətbiq olunanda da ölkənin ekspertlər birliyində bir çoxları məhz İran təcrübəsindən istifadə etmək məsələsini gündəmə gətirmişdilər. İran özünün siyasətini bölgədə yeritməkdə davam edir, eyni zamanda ABŞ-ın sanksiyalarına özü də müxtəlif vasitələrlə cavab verir. Sanksiyalarla bağlı antisanksiyalar tətbiq edir, bu gedişə Rusiya da riayət edir. İranın düşdüyü durumdan çıxış yolları var, düzdür məhdudiyyətlər istər-istəməz iqtisadi templərə təsirini göstərir, milli valyuta getdikcə zəifləyir, amma həmin iqtisadi komponentlər içində lüft deyilən anlayış da var. Yəni, ölkə daxilində istənilən çevik iqtisadi mexanizmlər həm vergi manevrlərini etməyə sövq edir, digər tərəfdən valyutanın kursunun dəyişilməsinin də bəzi hallarda müsbət cərəyanları olur. Əgər valyutanın kursu inflyasiyaya uğrayırsa, onda bu ölkənin istehsal etdiyi məhsulların qiyməti aşağı düşür. Ətraf ölkələr həmin vəziyyətdən istifadə edərək məhsulların alınması prosesinə təkan verirlər. Bütün proseslər göstərir ki, ABŞ iqtisadi zəmində qaydasız döyüşə keçməklə ona zidd olan məmləkətləri diz çökdürməyə çalışsa da, bu alınmır. Nəzərə almaq lazımdır ki, İranın ətrafındkı bəzi dövlətlərə də onunla münasibətləri qırmaq, hətta enerji sahəsində alış-verişi dayandırmaq sərfəli deyil.
İlqar Vəlizadənin fikrincə, sanksiyaların tətbiqi dünya neft bazarında qiymətlərin artımına təsir edəcək və dünya neft bazarında struktur baxımından müəyyən dəyişikliklərin edilməsi gözlənilə bilər: “İranın yerini çox güman ki, başqa ölkələr dolduracaq. Çünki, İran əsas neft ixracatçılarından biridir. Birdən-birə bu böyük həcmin dünya bazarından çıxarılması əlbəttə ki, müəyyən problemlər yarada bilər. Məsələn, İranın ənənəvi alıcıları alternativ mənbəni elə də rahat tapa bilməzlər, çünki digər ölkələrin də öz öhdəlikləri var. Eyni zamanda nəzərə almaq lazımdır ki, digər böyük neft ixracatçısı olan Venesuelaya da sanksiyalar qoyulub. Burada təkcə İranla bağlı yox, Venesuela neftinin də kənarda qalması müəyyən dərəcədə bazarda qıtlıq yarada bilər. Üstəlik, siyasi fəsadları da birmənalı qiymətləndirmək olmaz, çünki siyasi fəsadlar ilk növbədə İranın qonşularla münasibətlərində gərginliyə gətirib çıxaracaq. Niyə? Çünki, son vaxtlar İran rəsmiləri Hörmüz körfəzinin bağlanması ilə bağlı çıxışlar edirlər. Bu körfəzin bağlanması bu və ya digər şəkildə gərginlik yaradaraq ABŞ və NATO silahlı qüvvələrinin bu regiona diqqətini artıracaq. Hesab edirəm ki, İran silahlı qüvvələri ilə qısa insidentlərin olması istisna deyil. Ümumiyyətlə, sözügedən sanksiyalarla bağlı Yaxın Şərqdə gərginlik artır. Düşünürəm ki, bütün bunlar əlbəttə ki, regionda və dünyada hərbi siyasi fonun gərginləşməsinə gətirib çıxaracaq.
Elxan Şahinoğlunun fikrincə, İrandan neft alan böyük dövlətlər mövcud sanksiyalara əhəmiyyət verməyəcəklər: “Türkiyə çox çətin vəziyyətdədir, amma Türkiyə inanmıram ki, ABŞ ın təzyiqi nəticəsində İrandan neft alınmasını dayandırsın. Güman ki, İrandan neft alan Çin və Hindistanın mövqeyini də gözləyəcək. Onlar hansı siyasəti yeridəcəklərsə, Türkiyə də o xətti davam edəcək. Fikrimcə, Hindistan və Çin ABŞ sanksiyalarına rəğmən yenə də əvvəlki qayda ilə neft alışını davam etdirəcəklər. Türkiyə isə buna məcburdur, çünki ehtiyaclarını ödəməlidir. Ola bilsin ki, İraqdan, Azərbaycan və Rusiyadan neft alsınlar. Amma bütün hallarda bu böyük dövlətlər İrandan neft alışını dayandırsalar, bu o deməkdir ki, ABŞ-ın təzyiqləri qarşısında faktiki baş əyirlər. Buna da bu dövlətlər getməzlər”.
Məqalədə https://www.vestifinance.ru saytındakı fotoşəkildən istifadə edilib.
Ülviyyə Tahirqızı, 1905.az