Fuad Çıraqov İran hadisələrini sosial etirazlar kimi səciyyələndirir, lakin onun müxtəlif siyasi qruplar arasında münasibətləri gərginləşdirəcəyini bildirir: “Əksər ekspertlərin rəyinə görə, İrandakı son hadisələr sosial-iqtisadi problemlərdən əziyyət çəkən insanların sosial etirazları idi. Düşünürəm ki, bu rəylə tamamilə razılaşmaq olar.
Ruhaninin nüvə sazişini imzalamasından sonra iqtisadi vəziyyətin düzələcəyi ilə bağlı böyük ümidlər özünü tam doğrultmayıb. Ruhani və komandası nüvə məsələsi ilə bağlı sanksiyalar götürüləndən sonra iqtisadi vəziyyətin düzələcəyi ilə bağlı böyük vədlər vermişdi. Bugünkü sosial etirazlarda vaxtilə İrana qoyulmuş iqtisadi sanksiyalar böyük rol oynayıb. Suriyada, Yəməndə müharibələrin aparılması və “Hizbullah” kimi təşkilatların maliyyələşdirilməsi də onsuz da iqtisadi problemlərdən əziyyət çəkən İran iqtisadiyyatı üçün əlavə yük idi. Ölkənin iqtisadiyyatına nəzarət edən təhlükəsizlik sistemi Ruhaninin iqtisadi islahatlar istiqamətində fəaliyyəti üçün əsas maneə idi. Sözsüz ki, bu etirazlar onsuz da müxtəlif siyasi qruplar arasındakı gərgin daxili siyasi münasibətləri gərginləşdirəcək və katalizator rolunu oynayacaq. Artıq keçmiş prezident Əhmədinecatın həbs edilməsi xəbəri mətbuatda yayılmaqdadır. Həqiqətə uyğun olmayan və olan bu cür məlumatlara bənzər digər xəbərlər olacaq. Üzümüzə gələn aylarda bu etirazların ölkənin daxili siyasi mənzərəsini Xameneidən sonrakı dövrün ərəfəsi üçün necə şəkilləndirəcəyini görəcəyik”.
Zaur Məmmədov İran azərbaycanlılarının bu təxribatlara uymamasını hadisələrin daha da genişlənməsinin qarşısını aldığını vurğulayır: Neçə ki, İranda Azərbaycan şəhərləri ayağa qalxmayıb, heç bir inqilabdan söhbət gedə bilməz. Ona görə də həm xarici oyunçular, həm də bəzi daxili qüvvələr istəyirdilər ki, İranın digər ərazilərində başlayan iğtişaşlar Cənubi Azərbaycanda davam etsin. Amma azərbaycanlılar bu dəfə kütləvi olaraq ayağa qalxmadılar. Cənubi Azərbaycanda həyat şəraiti yüksək olmamasına, işsizlik də daxil olmaqla sosial problemlərin ildən-ilə daha da kəskinləşməsinə rəğmən, İran azərbaycanlıları bəzi qüvvələrin təxribatına uymadılar. Çünki anlayırdılar ki, qiyamçılar daha qəddar türkofobdular. İrandakı nümayişlərdən danışanda qeyd edək ki, burada həm xarici, həm də daxili oyunçuların əli var idi. İlk çıxışlar Məşhəddə – ölkənin ikinci ən böyük şəhərində başladı. İlk nümayişlər qiymətlərin qalxması ilə əlaqədar olsa da, sonradan ali dini rəhbər Xameneinin, bütövlükdə klerikal idarə üsulunun əleyhinə siyasi şüarlar peyda oldu. Bu etirazlar 2009-cu ildə islahatlara dəstək verən kütləvi yürüşlərdən sonra əks düşüncədə olanların ən böyük nümayişləri idi. İran və Bakı azərbaycanlıları bu hadisələrə çox soyuqqanlılıqla yanaşdılar. Əvvəla İranda inqilab az ağlabatandır, rejimin dəyişməsi gözlənilmir. İkincisi də teokratik rejimin yerinə kim gələ bilər? Əcnəbi KİV-lər şahlığı təbliğ edən və şahın varisini geri səsləyən siyasi şüarlara diqqət yetirir. İran azərbaycanlılarına şahzadə lazımdırmı? Birmənalı deyə bilərəm ki, lazım deyil. İran azərbaycanlıları həmişə bu dövlətin sahibləri olublar. Pəhləvilərin hakimiyyəti dövründə isə İran xaqlarının bütün mədəni-tarixi irsi hərtərəfli farslaşmaya məruz qalıb. İran isə ultramillətçi fars dövlətinə çevrilib.
Elçin Mirzəbəyli hadisələrin əsas səbəbini sosial-iqtisadi problemlərlə əlaqələndirir və hakimiyyətin ciddi sosial-iqtisadi və siyasi islahatlar aparmaqla gələcək fəlakətlərdən yayınacağını proqnozlaşdırır: “İranda baş verən son hadisələrin əsas səbəbi sosial-iqtisadi priblemlərlə bağlıdır. Hələ iki il öncə ekspertlər iqtisadi, sosial və siyasi problemlərin İranda kütləvi etirazlara səbəb olacağını deyirdilər. Amma xalqı ideologiya ilə “yemləməyə” çalışan İran liderləri bu xəbərdarlığı ciddiyə almırdılar. Məsələ burasındadır ki, hazırda İran əhalisinin 40 faizi kasıblıq həddində yaşayır. Kənd yerlərində bu göstərici 60-70 faizə çatır. Ən azı 11 milyon insan böyük şəhərlərin ətrafındakı gecəqondu və xarabalıqlarda yaşayır. 17-25 yaş arası gənclərin, o cümlədən ali təhsili olanların 25 faizi işsizdir. Mahmud Əhmədinejatın 8 illik prezidentliyi dövründə İran neft ixracından 700 milyard dollar vəsait əldə etmişdi. Lakin bu pullar yoxsulluğun və işsizliyin aradan qaldırılmasına deyil, dini-ideoloji strukturlara, mövcud sistemin qorunmasına sərf olundu. İranın nüvə və raket proqramlarına böyük vəsaitlər sərf olundu və ortada nəticə olmadığı üçün bu vəsaitlərin də havaya sovrulduğunu söyləmək olar. Milyardlarla dollar Bəşər Əsəd rejiminin qorunmasına, Liviyada “Hizbullah”ın, İraqda şiə dəstələrinin, Yəməndə husi qiyamçılarının dəstəklənməsi üçün xərcləndi. Və bu müddət ərzində İranda iqtisadiyyatın inkişafına xidmət edə biləcək onminlərlə layihə vəsait olmadığı üçün həyata keçirilmədi. Bütün bunlar isə son nəticədə əhalinin daha da yoxsullaşmasına və kütləvi etirazlara gətirib çıxardı. İndiki halda İranda baş verən etirazların, qənaətimə görə bir neçə əsas səbəbi var: 1. Yoxsulluq və işsizlik; 2. Dövlət və hökumət orqanlarına, siyasi sistemə etimadın itirilməsi; 3. Siyasi sistemin ideoloji əsaslarının çökməsi və müasir dünyanın çağırışlarına cavab verməməsi; 4. Rüşvət və korrusiyanın, məmur özbaşınalığının son həddə çatması; 5. İran vətəndaşlarının artıq azadlıqlarının məhdudlaşdlrılması, sosial və mədəni hüquqlarının çərçivəyə salınması ilə barışmaq istəməmələri; 6. Sosial şəbəkələr və internet media üzərindən dünyaya çıxış imkanlarının genişlənməsi, informasiya məkanının qloballaşması; 7. Vətəndaşların xarici düşmən faktoru üzərində qurulan daxili siyasətdən bezmələri; 8. İnsanlara İranın nüvə dövlətinə çevriləcəyi ilə bağlı verilən vədlərin yerinə yetirilməməsi və siyasi sistemin dayanıqlılığı, İranın qlobal gücə çevriləcəyi ilə bağlı aparılan təbliğatın fiaskoya uğraması və s.
Aksiyalar zamanı ara-sıra siyasi şüarlar səsləndirilsə də, baş verənləri birmənalı şəkildə rejim əleyhinə siyasi etirazlar kimi dəyərləndirmək doğru olmazdı. Ola bilsin ki, siyasi şüarlar aksiyaların xaricdən idarə olunduğunu sübuta yetirməyə çalışan rejimdaxili qüvvələrin təxribatçı qrupları tərəfindən ortaya atılıb. Aksiyalarla bağlı mövcud dini-siyasi sitemin daxilindəki qüvvələrin ziddiyyətli fikirləri də belə bir ehtimalla çıxış etməyə imkan yaradır. Məsələn, prezident Ruhani xalqın etiraz etməyə haqqı olduğunu bildirdi və iqtisadi problemləri həll edəcəyinə söz verdi. Dini lider Xamenei və tərəfdarları isə aksiyalara görə xarici qüvvələri ittiham etdi. Əslində bu yanaşma İranda hakimiyyətdaxili ziddiyyətlərin də kifayət qədər dərin olduğunu sübuta yetirir. Prosesdə ABŞ-ın, yaxud hər hansı başqa bir qüvvənin iştirakına gəldikdə isə, şübhəsiz ki, yaranmış vəziyyətdən İranın regionda yürütdüyü siyasətlə razılaşmayan dairələr də istifadə etməyə çalışa bilər. Verilən bəyanatlar da bunu sübuta yetirdi. Amma konkret aksiyaların səbəblərinin xarici qüvvələrlə bağlı olduğunu iddia etmək gülünc olardı. Bir məqama da diqqət çəkmək istəyirəm: Proses ərzində İranın ictimai rəyinə ciddi təsir göstərə biləcək qüvvələrin aktivliyi müşayiət olunmadı. Sonuncu İran şahının varisinin bəyanatlarından, İran Xalq Mücahidlərinin xarici ölkələrdə keçirdiyi 5-10 nəfərlik aksiyalarından başqa prosesə ciddi dəstək verildiyinin şahidi olmadıq. Onu da qeyd edim ki, nə Rza Pəhləvinin, nə də İran Xalq Mücahidlərinin İranda ciddi sosial dayaqları yoxdur. Bu baxımdan, hesab edirəm ki, İranda baş verən son hadisələr daha çox sosial-iqtisadi problemlərdən qaynaqlanır. Təbii ki, əgər rejim baş verənlərdən nəticə çıxarıb ciddi sosial-iqtisadi və siyasi islahatlar aparacaqsa, o zaman ölkəni daha böyük fəlakətlərdən qorumaq mümkün ola bilər. Əks təqdirdə növbəti etiraz aksiyalarının daha uzunmüddətli və kəskin qarşıdurmalarla müşayiət oluna biləcəyi ehtimalı var”.
Vüqar Zifəroğlu isə öz fikrində daha konkretdir: “İranda bas verənlər iqtisadi narazılığın fonunda həm daxili, həm də xarici faktorlarla pərçimlənmiş ciddi siyasi hesablaşmaların konturlarını ortaya qoyan proseslərdir.”
Hazırladı: Gündüz Nəsibov, 1905.az