İrlandiya yazıçısı, jurnalisti və ədəbi tənqidçisi Kolm Toybin yazıçılara 10 məsləhət verib.
Birinci məsləhətdə yazıçının yazmağa başladığı əsəri hökmən yekunlaşdırmalı olduğu vurğulanır.
İkinci məsləhətdə də deyilir ki, yazıçı buna özünü alışdırmalıdır.
Üçüncü məsləhətə əməl etmək istəyən qələm sahibi dəlixanadan aldığı pijamanı gün ərzində əynindən çıxarmamalıdır.(?!)
Düşünürəm ki, Toybinin dördüncü məsləhəti yazıçı olmayanların da işinə yaraya bilər. Özünüzə yazığınız gəlməsin!
Beşinci məsləhət. İş prosesində alkoqol, seks və narkotiklərdən uzaq olmaq tələb olunur.
Altıncı məsləhət iş qrafiki ilə bağlıdır. Yazıçı bütün səhər saatlarında işləməlidir, sonra nahar üçün kiçik fasiləyə çıxmaq lazım gələcək. Nahardan sonra da işləmək lazımdır. Axşam saat 6-ya qədər. Saat 6-da axşam xəbərlərinə baxmaq, sonra isə… yuxuya gedənə qədər yenə də işləmək tələb olunur.. Hə, yuxuya getməzdən əvvəl Şubertə qulaq asmaq məqsədəuyğundur.
Yeddinci məsləhət. Yazıçı əhval-ruhiyyəsini yüksəltmək istəyirsə, ağlını itirmiş həmkarlarının həyatından bəhs edən kitablardan birini oxumalıdır.
Şənbə günləri Berqmanın köhnə filmlərindən birinə baxmaq olar. İrlandiyalı yazıçının səkkizinci məsləhəti məhz belə səslənir.
Doqquzuncu məsləhətdə Olster Universitetinin fəxri professoru yazıçının heç vaxt Londona getməməli olduğunu qeyd edir.
Onuncu, sonuncu məsləhət. Ümumiyyətlə, heç vaxt və heç yerə getməyin.
Sadalananlar 1955-ci ildə anadan olmuş, əsərləri ivrit və yapon dilləri də daxil olmaqla bir çox dillərə tərcümə edilmiş məşhur irland yazıçısının məsləhətləridir.Bu yazıçı çoxsaylı nüfuzlu ədəbi mükafatların laureatıdır və Kolumbiya Universitetinin müəllimidir.
Elə sonuncu məqam cənab Toybinin İrlandiyanı dəfələrlə tərk etməsindən xəbər vermirmi? Belə çıxır ki, yazıçı həmkarlarına verdiyi məsləhətə heç özü əməl etməyib?
Əlbəttə, “Adların evi”, “Bruklin”, “Nora Vebster”, “Sehrbaz” kimi romanların müəllifinin qəribə məsləhətlərinə əməl etmək çox çətindir. Ola bilsin ki, mümkünsüzdür. Bəlkə də romançının dedikləri əksər məsləhətlər kimi əməl olunmaq üçün nəzərdə tutulmayıb?
Bilmirəm.
Doğrudur, elə ölkələr var ki, orada Toybinin altıncı məsləhətinə əməl etmək şərtilə işləyən yazıçılar yaşayır. Təsəvvür edin, peşəkar yazıçı yalnız yazmaqla məşğuldur və … dolanışıq dərdi çəkmir.
Çox maraqlıdır, deyilmi?
Fuad Babayev