“Dünyanın müxtəlif yerlərində ədavət görürük. Bu, xüsusən terrorçuluğu və dini sekta yanaşmasını artırır, geniş məkanları əhatə edir, xaos bir çox yerlərdə özünü büruzə verir”.
APA-nın məlumatına görə, bunu Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri deyib. O bildirib ki, dünyanın bir çox regionlarında sabitlik pozulub: “Beynəlxalq ictimaiyyət BMT Təhlükəsizlik Şurası vasitəsilə üzərinə düşən məramı həyata keçirə bilmir. İnsanlar bəşəriyyəti irəli aparacaq idealları təbliğ etməlidir. Bu baxımdan siyasətçilərin üzərinə mühüm missiya düşür”.
İSESCO-nun baş direktoru Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistan, Fələstinin İsrail, Mərakeşin adalarının İspaniya tərəfindən işğal edildiyini söyləyib: “Mədəniyyətlərarası dialoq sadə bir tədbir kimi qəbul edilməməlidir. Bu, dünyadakı qarşıdurmaların aradan qaldırılmasına xidmət etməlidir. Biz bir ailə kimi işləyirik, heç kimin arasında fərq qoymuruq”.