İşğal altında olan ərazilərin tanıtım materiallarının azlığı. Problem və həlli yolları mövzusu ilə bağlı redaksiyamızda rəssam-heykəltəraş Tarverdi Quliyev, “Səma Qrafika”-nın icraçı direktoru Samir İsayev, Laçın.info portalının ədəbi redaktoru Xatirə Laçın və sənətşünas, xalçaçı-rəssam Səltənət Rzayeva ilə söhbət etdik.
– Fuad Babayev: Dəyərli dostlar!
Xoş gəlmisiniz. Çox şadıq sizləri redaksiyamızda görməyə. Və əminik ki, bu günkü dəyirmi masamız, yeri gəlmişkən, söhbətimiz haqqında hazırlanacaq material bizim eyni adlı rubrikamızın ilk yazısı olacaq, mövzunu əhatə edib araşdırmağa imkan verəcək.
Mövzumuz isə işğal altında olan bölgələrimizin simvolikası ilə suvenirlərin defisiti ilə bağlı problem, bu problemin səbəbləri, aradan qaldırılma yolları ilə bağlıdır.
Bilirik ki, ölkədən kənara çıxan hər bir şəxs öz ölkəsinə geri dönəndə getdiyi ölkədən bir xatirə qalması üçün kiçik və ya böyük ölçülü suvenir alır. Suvenir, tanıtım əşyaları ölkənin reklamı deməkdir həm də.
Gəlin, etiraf edək ki, bu gün şəhərimizin mağazalarında Azərbaycanın işğal edilmiş ərazilərinin flora və faunası, memarlıq abidələri, hər hansı tikililərinin tanıtımı ilə bağlı heç bir suvenirə rast gəlmək mümkün deyil. Ancaq buna ehtiyac var. Elə deyilmi?
Xatirə Laçın : Çox gözəl mövzuya toxunmusunuz. İlk öncə mövzuya görə sizə təşəkkür edirəm. Tam razıyam. Bu problem var. Həqiqətən də bəzən Bakıdan hansısa simvolik hədiyyə, suvenir almaq istəyən qonağımız özü ilə aparmağa bir şey tapa bilmir. Yadımdadır, əcnəbi qonaqlar gələndə sırf qonaqlarımıza Laçınla bağlı tanıtım xarakterli bir əşya axtarsam da satışda heç nə tapa bilmədim.
Bilirsiniz, mən Laçında böyümüşəm, orada uşaqlığım keçib. Şuşada isə orta məktəbi oxumuşam. Evimiz Şuşada Vaqifin məqbərəsinin yanında idi. Hər gün onun yanından keçirdim. Danışmaq bir başqa, əyani vasitə kimi təqdim etmək bir başqadır. Yəni mən nə qədər danışsam da əgər onu kiməsə göstərə bilmirəmsə dinləyənin də yaddaşında heç nə qalmayacaq. Düşünürəm ki, bu kimi suvenirlərə çox ehtiyac var. Biz işğal edilmiş ərazilərimizin unudulmaması üçün, oranı xarici qonaqlara tanıtmaq və bizimkidir demək üçün əlimizdə kiçik də olsa bu cür vəsaitilərimiz olmalıdır.
Tarverdi Quliyev: Mən də Sizinlə və Xatirə xanımın fikirləri ilə tam razıyam. Ancaq bizdə sərgilər var. Bu sərgilərdə rəssamlar, heykəltəraşlar öz əl işlərini təqdim edirlər. Bunlar da bir tanıtım vasitəsidir. Sadəcə o sərgiləri təşkil etmək və turistlərə sərgi məkanlarını tanıtmaq lazımdır.
Xatirə Laçın: Əsərlər və rəssamlarımız var doğrudur, amma gəlin etiraf edək ki, o əsərlər, əl işləri baha olur və ölkəyə gələn turist üçün onları almaq o qədər ucuz başa gəlmir. Bahalı suvenirə pul xərcələyəcək turist çox az olur.
– Fuad Babayev: Əgər bu problemin olduğunu hamımız etiraf ediriksə, o zaman gəlin, suala cavab axtaraq ki, niyə bizim belə problemimiz var? Sahibkarlar və bu işlə məşğul olan müvafiq şirkətlər nə düşünür görən?
Samir müəllim, sizcə biz niyə, məsələn, Şuşanın, Cəbrayılı tanıdan kiçik suvenirlərə, tanıtım əşyalarına bazaralarda rast gəlmirik? Ancaq tələbat böyükdür…
Samir İsayev: Mən də öz növbəmdə belə bir aktual mövzuya toxunduğunuz üçün sizə minnətdarlığımı bildirirəm. Qısa olaraq, “Səma Qrafika” və onun fəaliyyəti haqqında məlumat vermək istəyirəm.
Biz 2003-cü ildən, yəni 11 ildir ki fəaliyyət göstəririk. İstiqamət olaraq əsas işimiz reklam və tanıtımdır. Əsasən dövlət idarələri, xarici qurumlarla işləyirik. Bununla yanaşı, Dağlıq Qarabağ probleimin çözülməsi istiqamətində hər hansı fəaliyyəti olan yerli və xarici təşkilatlarla əməkdaşlıq edirik. Təxminən bir il qabaq biz “Virtual Qarabağ” deyilən bir otaq yaratmışdıq. O otaqda hər şey Qarabağla bağlıdır. Otağa daxil olan insan özünü Qarabağda hiss edir. Otağın tavanı işğal edilmiş rayonlarımız xəritəsidir. Divarlarda isə rəsmlər və bəzi xatırlatmalar var.
Təəssüflə qeyd etmək lazımdır ki, bu gün bizə və bu işlə məşğul olan digər şirkətlərə bu istiqamətdə sifarişlər verilmir. Əsasən, sifarişlərimiz hansısa şirkətin, müəssənin tanıtımı ilə bağlı olur. Məsələn, bir bank bizə 1000 ədəd qələm, bloknot və s. sifariş edir. Ancaq gəlin baxaq ki, Qarabağla bağlı suvenirlərin istehsalı, buna maraqlı olan hansısa şirkət varmı?
– Fuad Babayev: Bəs sizcə niyə, bizim suvenir, tanıtım işi ilə bağlı olan şirkətlərimiz özləri belə bir təşəbbüslə çıxış eləmir? Bu üsulla onlar həm bazardakı boşluğu doldura bilərlər, həm də gəlir əldə edərlər. Belə bir təşəbbüslə çıxış etməyə sizə nə mane olur?
Samir İsayev: Razıyam ki, bu problem var. Və boşluq da var. Düzünü deyim ki, mən 5 ildir bu sahədə çalışıram və belə bir təşəbbüslə çıxış etmək ideyası barədə düşünməmişəm. Ancaq digər bizim kimi fəaliyyət göstərən şirkətlərə nə mane olur? Onu deyə bilmərəm. Məlumatsızam.
– Fuad Babayev: Bəlkə, maliyyə problemlərimiz var?
Xatirə Laçın: Yox, deməzdim. Tanıtım suvenirlərinin istehsalı üçün o qədər də böyük maliyyəyə ehtiyac yoxdur. Sadəcə, bu ideya heç bir sahibkarın ağlına gəlməyib. Bəlkə də vətənpərvərlik hisslərinin zəif olması ilə bağlıdır. Bunu da bilmirəm.
Gündüz Nəsibov: Biz bayaqdan suvenirlərdən danışırıq. Ümumiyyətlə, suvenirlərin sərgisi təşkil edilirmi? Belə bir anlayış var?
Səltənət Rzayeva: Bəli, var. Ancaq bunun adı dekorativ-tətbiqi incəsənətdir. Bura isə tək suvenirlər yox, buna bənzər çox şeylər daxildir. Çox maraqlı və insanlarda maraq doğuran bir sənət növüdür.
-Aynur Hüseynova: Bəs onların sərgisinin təşkili və istehsalı ilə kim məşğul olmalıdır?
Tarverdi Quliyev: Sifariş edən şirkət, sahibkar olmalıdır. Sifariş olsa rəssam da işləyər. İdeya verər. Təmənnasız bu işləri görəcək adamlar da var, bəlkə. Amma onlar bilmirlər ki, hazırladığı işlər hara gedəcək.
– Fuad Babayev: Səltənət xanım, siz həm də xalçaçısınız. Bu gün Azərbaycanda xalçaya tələbat var. Turistdə Azərbaycan xalçası anlayışı artıq formalaşıb. Xalça müstəvisində Azərbaycanı layiqli təmsil etmək üçün bizə nə lazımdır? Çünki xalçada ornametləri, bizim milli naxışlarımızı göstərmək daha rahatdır…
Səltənət Razayeva: Bilirsiniz, mən 7 il suvenir tərtibatı və onun satışı ilə birbaşa məşğul olmuşam. Hətta bizim on-line mağazamız da var idi. Hazırladığımız suvenirləri, keramika əşyalarını orada satışa çıxarırdıq. Ancaq reklam olmadığından bu sayt sonradan bağlandı. Bundan əlavə, hazırladığım suvenirləri mağazalarda da satışa çıxarırdım. Ancaq indi deyərdim ki, bizdə əsas problem bu cür suvenirləri satışa çıxarmağımız üçün mağazaların olmamasıdır.
– Fuad Babayev: Yəni satışa çıxarmaq üçün dükanlarımız yoxdur?
Səltənət Rzayeva: Xeyir, yoxdur. İstər xalçalarımız, istər heykəltəraşlıq nümunələri olsun. Yoxdur belə yerlər. Nə isə hazırlamaq istəsə də bilmirik ki, sonra əl işlərimizi hara təqdim edək.
-Fuad Babayev: Bəs, İçəri Şəhərdə suvenir satılan səyyar köşklər?
Səltənət Rzayeva: Düşünürəm ki, ölkəni təkcə Çin istehsalı olan ucuz suvenir və əşyalarla tanıtmaq düzgün deyil. Hər turistin bir büdcəsi var. Hər büdcəyə uyğun suvenirlər istehsal etmək lazımdır. Məncə, bu problemi aradan qaldırmağın ən effektli üsulu rəssamlarla, sənət adamları ilə işləməkdir. Bizim Rəssamlıq Akademiyasında bu işlə məşğul ola biləcək çoxlu tələbələrimiz var. Onlara sifarişlər vermək, mükafatlar təsisi etməklə həm bu sahəni inkişaf etdirmək, həm də tələbələri həvəsləndirmək olar. Bazardakı boşluğu da doldurmuş olarıq.
Fuad Babayev: Turistin ən çox aldığı əşya belə desək, breloklar, qələmlər, üzərində hər hansı tarixi abidəni canlandıran maqnetlər, kalendarlardır. Bunların istehsalı baha deyil. Boşluğu doldurmaq üçün hansı variantlarınız var?
Xatirə Laçın: Ruhdan düşməmək və təkliflər irəli sürmək lazımdır öncə. İdeyalar verməliyik bu işlə məşğul olmaq istəyən sahibkar və şirkətlərə. Bu, adi bir istehsaldır. Onun üçün böyük bir sənət nümünəsi lazım deyil. Sənət nümunələri alan turistlərin sayı çox azdır. Biz ümümi turistlərin maraqlarına xidmət etməliyik. Bizim əsas problemimiz markentiqin düzgün qurulmaması və ideyanın olmamasıdır. Şirkətlər işlərini düzgün qura bilmirlər.
Fuad Babayev: Samir müəllim, məsələn, üzərində Xudafərin körpüsünün təsviri olan maqneti hazırlamaq təxmini olaraq neçəyə başa gəlir?
Samir İsayev: Maqnetlərin hazırlanması fərqlidir. Qiymət isə 1-2 manat arasında dəyişir. Təbii ki, sadə maqnetlərin hazırlanmasından gedir söhbət. Ancaq bizdə belə maqnetlər hazırlanmır. Sifariş olanda da Türkiyədə hazırlanır. Çünki Türkiyədə bu biznes artıq qurulub.
Fuad Babayev: Aydındır. Əlbəttə, mövzu genişdir. Və müzakirələrimiz də sübut etdi ki. problem də çox asanlıqla həll edilməsi mümkün olan problem deyil.
Bütün hallarda işğal olunmuş ərazilərimizlə bağlı çeşidli, hər büdcəyə uyğun suvenirlərin istehsalı qaydaya salınmalıdır. Burada işğal altında olan rayonlarımızın müvafiq icra strukturlarından tutmuş sahibkarlarımıza qədər hamının üzərinə müəyyən yük düşür.
Minnətdarıq sizlərə. Çox sağ olun.
Hazırladı: Aynur Hüseynova
1905.az
Material ilk dəfə 22 avqust 2014-cü ildə dərc edilib