Noyabrın 13-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasyası (AVCİYA) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “İşğalçının ifşası: görünən kəndə bələdçilik cəhdi” layihəsi çərçivəsində sonuncu dəyirmi masa keçirib. İkinci Qarabağ müharibəsinin yekunlarına həsr edilmiş bu dəyirmi masada Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun qazandığı qələbədən danışılıb.
Siyasi elmlər doktoru, professor Ramiz Sevdimalıyev, Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru Əhməd Əlili, politoloq Ramiyə Məmmədova, Topçubaşov siyasi tədqiqatlar mərkəzinin eksperti Cavidan Əhmədxanlı, “1905.az” portalının direktoru siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Fuad Babayev, layihənin rəhbəri İrina Muxtarovanın iştirak etdiyi tədbirə onlayn olaraq Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin tədqiqatçısı Karim İfrak, İraq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Qafqaz üzrə ekspert Mutəz Muhy Əbdülhəmid və ukraynalı türkoloq, yazıçı, Yeditepe Universitetinin müəllimi İvan Pavli qoşulublar.
Fuad Babayev: Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasyası (AVCİYA) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “İşğalçının ifşası: görünən kəndə bələdçilik cəhdi” layihəsini icra edir. Bugünkü görüş həmin layihə çərçivəsində üçüncü – sonuncu görüşdür. Bu üç dəyirmi masanın materialları əsasında kitab nəşr olunacaq. Biz layihəni aylar əvvəl Şuraya təqdim edərkən belə bir böyük Qələbə əldə edəcəyimizi düşünmürdük. Ona görə də üçüncü dəyirmi masanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair proqnostik məqamlara həsr etməyi nəzərdə tutmuşduq. Lakin Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun qazandığı Qələbədən sonra bugünkü söhbətimizi “İkinci Qarabağ müharibəsinin yekunları”na həsr etməyi qərara aldıq.
Ramiz Sevdimalıyev: Əvvəla, bu tarixi qələbə münasibətilə hər kəsi təbrik edirəm. Artıq 8 noyabr Şuşanın işğaldan azad edilməsi günü, 10 noyabrda imzalanmış Bəyanat (Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin 10 noyabr 2020-ci il tarixli Bəyanatı nəzərdə tutulur – red.) isə rəmzi Qələbə günü kimi təqvimimizdə öz yerini tutacaq. İstənilən halda həmin gün torpaqlarımızın hüquqi baxımdan işğaldan azad olunması günü kimi tarixə düşdü. Müharibənin aktiv fazası olan son 44 gün barədə danışmazdan öncə tarixə ekskurs etmək istərdim. Ümumiyyətlə, demək olar ki, müharibə başlandığı dövrdən etibarən 1992-ci ildə ATƏT-in Minsk Qrupu adlı təsisat formalaşmışdır. Məqsəd isə müharibə qısa bir müddətdə başa çatdıqdan və Ermənistanla Azərbaycan arasında münaqişə danışıqlar yolu ilə aradan qaldırıldıqdan sonra Minskdə konfrans keçirməkdən ibarət idi. Həmin konfransın iştirakçı dövlətləri şərti olaraq Minsk Qrupunun üzv ölkələri adlanırdı. Sözsüz ki, bu dövlətlərdən ikisi münaqişənin tərəfləri olan Ermənistan və Azərbaycan oldu. Rusiya, Fransa, ABŞ, Almaniya, Türkiyə və bir neçə başqa dövlət də Minsk Qrupuna daxil idi. Sonradan ATƏT-in Minsk Qrupunun sədrliyi, daha sonra həmsədrliyi təsis olundu. Ona görə həmsədrliyə 3 dövlətin namizədliyi irəli sürüldü. O zaman Ermənistan tərəfi həmsədr kimi Fransanı təklif edəndə Azərbaycan da Türkiyənin namizədliyini irəli sürmüşdü. Vasitəçilik institutu üçün hər iki tərəfin razılığı lazım idi, lakin Ermənistan buna da etiraz etdi. Bu səbəbdən Azərbaycan ABŞ-ın namizədliyini irəli sürdü. Beləliklə, 1997-ci ildən həmsədr ölkələr Minsk Qrupu çərçivəsində fəaliyyətə başladı. Faktiki olaraq bu dövr ərzində xeyli tədbirlər keçirildi, layihələr, təkliflər irəli sürüldü. Minsk Qrupunun həmsədr ölkələri prosesi öz monopoliyasına aldı. Onlar üstü örtülü şəkildə elə hesab edirdilər ki, Azərbaycanın öz torpağını azad etməyə gücü olmadığı üçün qarşı tərəfin istənilən təklifinə razı olacaq. ATƏT-in Minsk Qrupunun fəaliyyətinin mahiyyəti bundan ibarət idi.
ATƏT-in MQ həmsədrləri öz fəaliyyəti dövründə bir dəfə də olsun Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal altında olmasını dilə gətirmədilər, imitasiya ilə məşğul olaraq işğalçı Ermənistanla işğala məruz qalmış Azərbaycan arasında fərq qoymadılar, Ermənistandan silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxartmağı tələb etmədilər, əksinə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Dağlıq Qarabağı iki ölkə arasında mübahisəli ərazi kimi təqdim etməyə çalışdılar, bunula da de-fakto işğalçı ölkəyə dəstək vermiş oldular.
Bu da qarşı tərəfi daha da şirnikləndirərək onların quduzlaşmasına gətirib çıxardı. Nəticədə biz II Qarabağ müharibəsi zamanı şahid olduq ki, ermənilər özlərini 30 il öncə işğal etdikləri torpaqların hüquqi sahibi olduqlarına inandırıblar. Burada heç bir beynəlxalq hüquqdan, beynəlxalq münasibətlər sistemindən, Azərbaycanın ərazi bütövlüyündən və suverenliyindən söhbət gedə bilməz! Bunların hamısı Minsk Qrupu həmsədrlərinin açıq şəkildə təcavüzkarı de-fakto dəstəkləməsinin nəticəsi oldu. Təcavüzkar kimi heç bir təzyiq və təsirə məruz qalmayan Ermənistan tərəfi hər dəfə ona edilən təkliflərə etiraz etdi, danışıqlar prosesini məqsədyönlü şəkildə pozdu. 1997-ci ildə Levon Ter-Petrosyan istefaya göndəriləndən sonra hakimiyyətə gələn Robert Köçəryanın dövründə müxtəlif təxribatlara yol verildi. Sarkisyan və Paşinyanın dövründə də Ermənistan tərəfi danışıqlar prosesini dəfələrlə birmənalı şəkildə pozdu, hətta Azərbaycana qarşı ərazi iddiaları ortaya qoydu. Müdafiə nazirinin yeni müharibə, yeni torpaqlar çıxışı, Baş nazirin Şuşada Cıdır düzündə rəqs etməsi,“Qarabağ Ermənistandır, nöqtə” şüarını səsləndirməsi və s. bu kimi hadisələr Minsk qrupunun həmsədrlərinin fəaliyyətsizliyi nəticəsində baş verdi. Nəhayət, Azərbaycan tərəfi öz gücünü isbat edərək beynəlxalq təşkilatların funksiyasını yerinə yetirməyə başladı. BMT Təhlükəsizlik Şurasının qətnamələrində yazılır: “Azərbaycanın Dağlıq Qarabağ regionu”, yəni Dağlıq Qarabağ Azərbaycanındır! Bu mövzu müzakirə obyekti deyil.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, beynəlxalq qurumlar, o cümlədən BMT TŞ və BMT Baş Assambleyası, Avropa Parlamenti, AŞPA, NATO PA, ATƏT PA, İƏT və digərləri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanımış, Azərbaycan ərazilərinin işğal edilməsi faktını təsdiqləyən və həmin ərazilərdən bütün işğalçı qüvvələrin qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələr qəbul etmişlər.
Xüsusilə vurğulanmalıdır ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsinin beynəlxalq səviyyədə tanınmasında AVCİYA və onun prezidenti Elxan Süleymanovun xüsusi rolu olmuşdur. Belə ki, AVCİYA prezidenti Elxan Süleymanov Azərbayanın AŞPA-da nümayəndə heyətinin üzvü kimi “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması”, “Azərbaycanın cəbhəyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” və “Dilqəm Əsgərov və Şahbaz Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsi” adlı qətnamə layihələri irəli sürmüşdü. Çox gərgin mübarizədən sonra AŞPA-da 2085 (2016) saylı “Azərbaycanın cəbhəyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” qətnaməsinin qəbul edilməsinə nail olunmuşdu. Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyətin geosiyasi biganəliyi və məqsədyönlü şəkildə işğalçı Ermənistanla işğala məruz qalmış Azərbaycan arasında fərq qoymaması, bununla da de-fakto işğalçıya dəstək verməsi nəticəsində digər beynəlxalq qurumların qəbul etdiyi sənədlər kimi AŞPA-nın qəbul etdiyi qətnamələr də kağız üzərində qaldı.
Nəhayət, Ermənistanın işğalına son qoymaq, mütəmadi olaraq Ermənistan tərəfindən intensiv artilleriya atəşinə məruz qalan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan cari ilin 27 sentyabrında özünümüdafiə hüququ çərçivəsində hərbi əməliyyatlara başlamaq məcburiyyətində qaldı. Bu müharibə 44 gündən sonra Azərbaycanın qələbəsi və Ermənistanın məğlubiyyəti ilə başa çatdı.
Karim İfrak: İlk öncə hər kəsi salamlayıram. Fransız tədqiqatçı olaraq belə bir həssas və önəmli mövzu ilə əlaqədar məni bu dəyirmi masaya dəvət etdiyiniz üçün Sizə öz təşəkkürümü bildirəm.
Fransa ATƏT-in Minsk Qurupunun həmsədr ölkəsi olmasına baxmayaraq Qarabağ münaqişəsi haqqında fransız cəmiyyətinin geniş məlumatı yoxdur. Bu böyük münaqişənin tanıdılması sahəsində iş aparılmır. Hazırda Dağlıq Qarabağ ətrafında baş verən hadisələrlə bağlı çox az insanın məlumatı var. Əfsuslar olsun ki, hətta Fransada siyasi qərarları qəbul edənlərin belə Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və diplomatik aspektləri baradə tam informasiyası yoxdur. Digər tərəfdən, Fransada güclü təsirə malik olan erməni diasporası istər media, istər universitet və ali təhsil məkanlarında, yaxud siyasi dairələrdə fransızlara münaqişənin Azərbaycan tərəfindən başlanıldığına inandırmağa çalışırlar. Bütün bunlar əlbəttə ki, cəfəngiyyatdan ibarətdir. Bunlara baxmayaraq biz Fransada Azərbaycan maraqlarını müdafiə edərək, bu ölkənin sülhsevər, inklüziv və müsəlman dünyasında dünyəviliyi ilə tanınan bir ölkə olduğunu təbliğ edirik.
Biz bildiririk ki, Dağlıq Qarabağ torpaqlarının işğalının legitimliyi yoxdur, Qarabağ de-yure olaraq Azərbaycana məxsusdur. BMT, Avropa Parlamenti, Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən qəbul olunan çoxsaylı qətnamələrə baxmayaraq Ermənistan Dağlıq Qarabağı qanunsuz olaraq işğal etməyə davam edir, beynəlxalq hüquqa Cenevrə Konvensiyasının müddəalarına əməl etmir. Bu vəhşi, barbar və qanunsuz düşüncəylə Ermənistan Dağlıq Qarabağı uzun illərdir işğal etməyə davam edərək, sivil əhaliyə qarşı xüsusi amansızlıq göstərmişdir. Məhz bu düşüncəylə erməni silahlı qüvvələri məqsədli şəkildə yaşayış yerləri və önəmli infrastrukturu hədəf alaraq eyni zamanda minilliklər boyu mövcud olan Azərbaycanın tarixi-mədəni irsini məhv etmişdir.
Biz Dağlıq Qarabağda Ermənistanın çoxlu sayda tarixi məscidləri məhv etdiyini Fransada öyrənirik, böyük təəssüf hissi keçirir və bu aktları qınayırıq. Eyni zamanda, Azərbaycanın ikinci ən böyük şəhəri Gəncənin tarixi mərkəzinin dağıdılmasından da xəbərdarıq. Ermənilər hazırda işğal etdikləri Azərbaycan ərazilərini tərk edərkən daşınmaz əmlakı məhv edir, meşələrdə yanğınlar törədirlər.
Fransada böyük Erməni diasporasının olmasına baxmayaraq, ölkədə Azərbaycan Dostları da Azərbaycanın müdafiəsinə çalışır. Bu istiqamətdə Azərbaycanın Fransadakı diplomatik nümayəndəliyinin rəhbəri Rəhman Mustafayev Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ ətrafında başlayan sonuncu erməni təxribatının ilk günündən böyük işlər görməkdədir.
Biz bu gün çox sevinirik ki, Azərbaycan Dağlıq Qarabağda Ermənistan üzərində qələbə qazandı və haqqı olan torpaqları geri aldı. Çünki biz inanırıq ki, bu qələbə bütün regiona istər siyasi, istər iqtisadi, istərsə də sosial müstəvidə stabillik gətirəcək. Dağlıq Qarabağda əldə edilən qələbənin ikinci ən böyük nəticəsi, bütün dünyada, eləcə də Fransada yaşayan erməni lobbisinə qarşı, Azərbaycan diplomatiyasının qələbəsidir. Bu qələbənin nəticələri, geo- politik müstəvidə Mərkəzi Asiyada yeni gerçəklik yaradacaqdır.
Mutəz Muhy Əbdülhəmid: Bismillahir rəhmanir rəhim. Öncə tədbir iştirakçılarını səmimi-qəlbdən salamlayır, dəyirimi masanın işinə uğurlar arzu edirəm. İkinci Qarabağ müharibəsinin nəticələrindən bəhs etdikdə əlbəttə ki, hərbi sahədə olan nəticələrlə bağlı bir sıra mühüm məqamları qeyd etmək lazımdır. Azərbaycan Silahlı Qüvvələrinin düşmənə qarşı həyata keçirdiyi əks-hücum əməliyyatlarında müasir hərbi taktikaya söykənərək və bu əməliyyatlarda PUA-lardan, həmçinin erməni silahlılarının yerləşdiyi mövqeləri dəqiq zərbələr endirməklə toplardan istifadə etdiyinin şahidi olduq. İraq Dövlətinin ötən illərdə rəqiblərinə qarşı həyata keçirdiyi müharibələrə yaxından bələd olan bir şəxs kimi əminliklə deyə bilərəm ki, Azərbaycanın Dağlıq Qarabağ regionunda təcavüzkara cavab olaraq həyata keçirmiş olduğu müasir döyüş taktikası köhnə döyüş taktikalarından tamamilə fərqli bir taktika növü idi. Bu taktika növü şəhərlərin, vətəndaşların müdafiəsinə yönəlməklə yanaşı, Azərbaycan Ordusunun Qarabağ regionunda bir sıra rayonların, kəndlərin və strateji yüksəkliklərin rekord bir vaxtda geri qaytarmasına imkan yaratdı. Bu, Azərbaycan Silahlı Qüvvələrinin üzun müddət ərzində hazırlığından, müasir silahlarla silahlanmasından və bu silahlardan peşəkarcasına davranmasından xəbər verirdi. Əlavə olaraq vurğulamaq istərdim ki, Azərbaycan Ordusunun hərbi əməliyyatlarının start götürməsinin ilk anlarından erməni tərəfinin döyüş əhval-ruhiyyəsi darmadağın oldu. Erməni tərəfinin məğlub olması və döyüş meydanından qaçması buna böyük sübutdur. Ermənistan tərəfindən Dağlıq Qarabağda döyüşlərə qatılmış muzdlular təsəvvür etmirdilər ki, Azərbaycan Ordusu əks-hücüm əməliyyatlarının sona qədər davam etdirilməsində israrlı olacaq. Onlar hesab edirdilər ki, atəşkəs bu döyüşlərin taleyini həll edəcək və vəziyyət əvvəlki nöqtəyə qayıdacaq. Eyni zamanda, erməni tərəfinin hərbi əhval-ruhiyyəsində düşkünlüyün bu ölkənin siyasi rəhbərliyinə də sirayət etdiyinin şahidi olduq. Belə ki, onlar əvvəlki qaydada hiylələrinə əl ataraq tərəflər arasında atəşkəsə nail olmaq, yəni status-kvonun saxlanılması uğrunda beynəlxalq dəstək əldə etmək səylərindən əl çəkmədilər.
Lakin Azərbaycan Ordusunun hərbi əməliyyatlarını davam etdirməsi erməni siyasi və hərbi rəhbərliyi üçün əsl sürpriz oldu. Növbəti günlərdə bu mühüm hərbi nailiyyəti, Qələbə ilə bağlı İraq ictimaiyyətinə tanış olmayan məqamları geniş şəkildə mətbuat vasitəsilə çatdıracağıq.
Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın Baş Naziri Nikol Paşinyan arasında 10 noyabr tarixində imzalanmış bəyanat digər işğalda qalmış ərazilərin qaytarılması üçün Azərbaycanın növbəti qələbəsi sayılır.
Bu bəyanat bütün qarşıdakı problemlərin həllinin açarıdır. Bu Qələbə münasibətilə fəxr və qürur hissi keçirirəm. İnanıram ki, imzalanmış bu sazişin növbəti mərhələdə siyasi müstəvidə Azərbaycana müsbət təsirləri olacaq və İslam, Ərəb, Avropa ölkələri bu hərbi nailiyyətə, Azərbaycanın rəhbərliyinin siyasi qüdrətinə hörmətlə yanaşacaq. Azərbaycan Prezidenti bəyanatlarında hər zaman BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrində qeyd olunduğu kimi Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu vurğulayır.
Fuad Babayev: İstər Fransadan, istərsə də İraqdan tədbirimizə qoşulan alimlərin fikri bizim üçün çox maraqlı oldu. Göründüyü kimi Azərbaycanın tarixi qələbəsi dünyanın diqqət mərkəzindədir. Bu insanlar, əslində geniş təbəqələrin fikirlərini ifadə edirlər. Əhməd müəllim, Sizin fikirlərinizi dinləyək.
Əhməd Əlili: Baş verən proseslərin miqyası elə bir həddədir ki, onun sosial, siyasi, iqtisadi nəticələrinin geniş və uzunmüddətli təhlilə ehtiyacı var. Amma icazənizlə mən məsələlərə beynəlxalq idarəetmə perspektivindən yanaşacam. Mənim fikrimcə ən böyük dəyişiklik ondan ibarətdir ki, Rusiya artıq regionda dominant qüvvə deyil. Hazırda Rusiya Cənubi Qafqazda müəyyən mənada Türkiyə ilə öz gücünü bölüşməli olacaq. Burada artıq balans elementi meydana çıxır. Bu, önəmli dəyişiklikdir. Bunun nəticələri və fəsadları uzunmüddətli olacaq. Regionun geosiyasi konfiqurasiyası dəyişir. Regionun geosiyasi konfiqurasiyasında hansı dövlətin necə davranacağı hələ məlum deyil.
Hazırda Ukrayna mətbuatında ən çox müzakirə olunan mövzulardan biri də Azərbaycanın hansı silahlardan istifadə etməsidir. Yəni Azərbaycan hansı silahlardan alıbsa Ukrayna da eynilə həmin silahları alır.
Sovetlər İttifaqının dağılması və regionda olan etnik münaqişələrin əsası əsasən Dağlıq Qarabağdan başlandı. Bu regionda olan münaqişələrin həlli də məhz Qarabağda başlayıb.
Digər məqam siyasi olsa da, onun geosiyasi fəsadları olacaq. Bu da milli oyanışdır. Azərbaycan xalqı 30 illik stresini üstündən atdı. Bu oyanış siyasi məsələdir, əgər bunu İran azərbaycanlılarından görməsəydim, beynəlxalq idarəetmyə aid etməzdim. İran azərbaycanlılarının ayağa qalxması, Şuşanın azad olunması zamanı qələbə sevincləri böyük çəkisi olan hadisədir. Nə qədər paradoksal olsa da, Rusiyanın ilkin dövrdə reaksiyasının yubanmasının əsas səbəblərindən biri də İran azərbaycanlıları olubdur. Azərbaycanlıların ayağa qalxması Kremldə və digər yerlərdə mövcud olan bu konfiqurasiyanı dağıdıb. Regionda birdən-birə oyanış prosesi baş verir.
Azərbaycanın alyans şəklində fəaliyyət göstərməsi iri dövlətlərə xas xüsusiyyətlərdəndir. Türkiyə kimi Pakistan da, İsrail də Qarabağ problemində Azərbaycanın apardığı mübarizəyə dəstək verdilər və bu, unikal məqamdır. Xüsusən Ukrayna və Gürcüstanın dəstəyi Ermənistanın ən böyük ideloji tezislərindən biri olan “dini müharibə” anlayışını darmadağın etdi. “Böyük Ermənistan” uydurması ilə yaşayan ermənilərin Azərbaycan və azərbaycanlılar haqqında yaratdığı saysız-hesabsız miflər dağıdıldı. Müharibənin ilkin dövründə ünsiyyətdə olduğum diplomatlar məni “ura vətənpərvərlikdə” ittiham edirdi. Amma tədricən cəbhədə qazanılan qələbələr Azərbaycan və onun ordusu haqqında olan fikirləri tamam dəyişdi. Şuşa əməliyyatına hazırda qibtə etməyən diplomat və ekspert yoxdur. Bu yaxınlarda “ANNA-News” informasiya agentliyinin Şuşada Azərbaycan əsgərinin əliyalın şəkildə vuruşmasını əks etdirən 30 dəqiqəlik video görüntülərini mən də paylaşdım.
Beynəlxalq idarəetmə baxımından digər vacib məqam Naxçıvanla dəhliz məsələsidir. Bu böyük bir regional konfiqurasiya dəyişikliyidir. Azərbaycan dövlətçiliyinin 1918-ci ildən məramı Bakıdan çıxaraq heç bir gömrük yoxlamaları keçmədən İstanbula çatmaq idi. Buna nail olundu.
Ramiyə Məmədova: Hətta Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı “Tvitter” hesabında paylaşımında Naxçıvan Muxtar Respublikasının Azərbaycana birləşdirilməsini tarixi tələb, şərt olaraq qeyd etmişdi. Baxçalı ikinci tvitində isə Ermənistanı kompensasiya olaraq Zəngəzuru Azərbaycana qaytarmağa çağırırdı.
Fuad Babayev: Bəs Türkiyə sülhməramlılarının iştirakı ilə bağlı nə deyə bilərsiniz?
Əhməd Əlili: İndi bizə bəlli olan konfiqurasiyada, indiki şəraitdə Türkiyənin burada hətta 30 faiz iştirak etməsinin belə çox böyük əhəmiyyəti var.
Ramiz Sevdimalıyev: Burada söhbət Türkiyənin iki formada iştirakından gedir: birinci, Türkiyə ilə Azərbaycanın ikitərəfli hərbi, siyasi və digər sahələrdə əməkdaşlığı, ikinci isə, Dağlıq Qarabağ məsələsinin tənzimlənməsində Türkiyənin iştirakı.
Burada ikili məsələ var. Rusiya sülhməramlı funksiyasını yerinə yetirir, amma atəşkəsə nəzarət sülhməramlı mərkəzə verilir. Mərkəzdə isə paritet əsaslarla türk və rus hərbçiləri iştirak edir. Birinci halda sülhməramlılar silahlıdır, məhdud sayda da olsa texnikaları var və ermənilərlə azərbaycanlıları bir-birindən ayıran qüvvədir. Amma nəzarət mərkəzi silahsızdır, onlar nəzarəti texniki imkanlardan istifadə etməklə həyata keçirəcəklər.
Əhməd Əlili: Uğurlar çoxdur. İndiki geosiyasi reallıq şəraitində məsələnin bu şəkildə həll olunması müsbət haldır. Amma bizim burada dərs götürməli olduğumuz məqamlar da var. Əvvəla, Avropa cəmiyyətləri ilə iş arzuolunan səviyyədə deyil. Biz hələ də öz narrativimizi fransız insanının məişət narrativinə çevirə bilməmişik. Erməni buna nail olub. Azərbaycanın daxilində vətəndaş cəmiyyətinin imkanları artırılmalıdır ki, Avropanın dilində danışa bilsin.
Cavidan Əhmədxanlı: Həqiqətən biz tarixi anlar, qururverici günlər yaşadıq. Milli birlik bir anda fərqli müstəviyə keçdi. Dağlıq Qarabağ münaqişəsinin bir sənədlə həll olunması, təbii ki, mümkün deyil. Sözügeden bəyanat İkinci Qarabağ müharibəsinin hərbi fazasını yekunlaşdıran akt oldu. Bundan sonra siyasi, diplomatik mübarizə başlayır.
Bizim hərbi üstünlüyümüz var, buna görə də qazanclarımız olacaq. Səhv etmirəmsə, Naxçıvan dəhlizi də münaqişə bitdikdən sonra bütün kommunikasiya xətlərini bərpa etməyi nəzərdə tutan baza prinsiplərindən biridir.
Mən istərdim ki, Türkiyə Ermənistana “daxil olub”, Ermənistandakı antitürk ekstremist münasibəti dəyişdirə bilsin. Biz bu regionda ermənilərlə yaşamaq məcburiyyətindəyik. 3 milyon ermənini buradan çıxarmaq mümkün deyil. Ona görə də ortaq mövqe, ortaq zəmin tapmalıyıq.
Ramiz Sevdimalıyev: Cənubi Qafqaz regionunda tarix boyu böyük qüvvələrin mübarizəsi gedib. Tarix heç vaxt boşluğu sevmir. Rusiya gedəndən sonra onun yerinə kim gələcək? Bu, böyük sualdır. Bugün ən optimal variant odur ki, Rusiya ilə Türkiyənin ikitərəfli əməkdaşlığı sayəsində regionda sülh şəraitində birgəyaşayış formalaşsın. Əgər bu mümkün olsa, bizim də maraqlarımıza cavab verəcək.
Cavidan Əhmədxanlı: Biz əvvəllər Rusiyanın təsiri altında ermənilərlə sülh şəraitində yaşaya bilirdik. Birinci rus inqilabına (1905-1907-ci illər-red.) və 1917-ci il inqilabına qədər ermənilərlə Rusiyanın protektorluğu altında yaşamışıq, amma ruslar geri çəkilən zaman kütləvi qırğınlar başlandı. Rusiya bu ərazilərdən gedərsə, yenə eyni proses olacaq. Çünki biz ermənilərlə məsələni həll edə bilmirik.
Əhməd Əlili: Bizim məqsəd Rusiyanın buradan çıxması deyil. Azərbaycan həmişə balanslı xarici siyasəti yürüdüb. İndi isə Azərbaycanın siyasəti regionda balanslı geosiyasətin meydana çıxmasına səbəb olub. Bizə lazımdır ki, hamı burada bərabər formada olsun.
Cavidan Əhmədxanlı: Rusiyanın burada olmasından istifadə edib ermənilərlə dil tapılmalıdır.
Ramiz Sevdimalıyev: Ermənilər özlərinə süni bir tarix yaradıblar. Son 500-600 ilə nəzər saldığımız zaman görürük ki, erməniləri toplum kimi xilas edən Osmanlı Türkiyəsi olub. Osmanlı dövləti onların dinini, dilini, mədəniyyətini saxlayıb, heç bir sıxıntıya yol verməyib. Sadəcə xarici qüvvələr bu toplumdan alət kimi istifadə edib. Ermənilərin xəstə təxəyyüllərində yaratdıqları süni tarixə görə guya onları Osmanlı dövəti məhv edib. Ermənilər tarixə yenidən baxa bilsələr, onlarla yaşayış asanlıqla mümkündür.
İrina Muxtarova: Cənab Pavli, bizim bugünkü söhbətimiz İkinci Qarabağ müharibəsinin yekunlarına həsr olunub. Siz bu barədə nə deyə bilərsiniz?
İvan Pavli: Böyük qələbə münasibətilə hamınızı təbrik edirəm. Çox şadam ki, bu qələbəni yaşadıq və gördük. Azərbaycanda yaşadığım 15 illik müddətdə məcburi köçkünlərlə xeyli görüşlərim oldu. Onların arzularına, istəklərinə şahid oldum və acılarını paylaşdım. Sevinirəm ki, onlar nəhayət doğma yurdlarına qovuşacaqlar.
Fuad Babayev: Türkiyə mətbuatında bizim Qələbəmizlə bağlı yazıları, televiziyalarda yayımlanan materialları seyr etdiniz. Bizim mediaya da diqqət yetirə bildiniz?
İvan Pavli: Əlbəttə, hamısını izləyirəm. Ümumiyyətlə, hər iki mətbuatda eyni cür informasiyalar verilir. Türkiyədə də Azərbaycanın qələbəsi çox böyük sevinc və dəstəklə qarşılandı.
Fuad Babayev: Bu fürsətdən istifadə edib bizim auditoriyaya nəyi çatdırmaq istərdiniz?
İvan Pavli: Gəncəyə iki dəfə ballistik raketlə zərbə endirilən zaman böyük kabus yaşadım, bunun mümkün ola biləcəyinə inana bilmirdik. Düşünürəm ki, ermənilərdə çox ciddi zehniyyət və mentalitet problemi var. Bunu da dəyişdirmək üçün xeyli zaman və böyük səy lazımdır. Azərbaycanın göstərdiyi bütün səyləri, ermənilərə adekvat cavab vermədən, dinc əhaliyə qarşı humanist yanaşmasını çox yüksək qiymətləndirirəm. Bütün dünya Azərbaycanın bu yanaşmasının şahidi oldu. Bu, uzun və məşəqqətli proses olsa da, gələcəyə ümidlə baxıram. Düzdür, yaxın gələcəkdə ermənilərin zehinlərində olan fikir dəyişməyəcək, çünki bütün kütlə, təəssüf ki, bu əfsanələrə inanır. Müstəqillik illərində Azərbaycan xalqı mənəvi cəhətdən də inkişaf etdi. Azərbaycan xalqı ona qarşı edilən haqsızlıqlara nifrətlə cavab vermir. Bu böyük bir nailiyyətdir. Biz elə bir dünyada yaşayırıq ki, münaqişələr günü-gündən artır. Qonşu dövlətlər bir-birilə sülh şəraitində yaşamağı bacarmalıdır. Təəssüf ki, Ermənistan bunu öyrənmək istəmir.
Əhməd Əlili: Münaqişənin getdiyi zaman Azərbaycanda Rusiya və Türkiyə bayraqlarının maşınlarda bir yerdə dalğalanmasının, dünya üzrə barışmaz dövlətlərin bizdə barışdırılmasının böyük diplomatik rezonansı oldu. İkinci böyük diplomatik uğur isə Rəcəb Tayyib Ərdoğanın erməni icmasına qarşı tənqidi çıxışları idi.
Cavidan Əhmədxanlı: Bu prosesi ciddi şəkildə izləməli, təhlillər aparmalı, diqqət mərkəzində saxlamalıyıq. Ordumuz cəbhədə artıq öz sözünü dedi. Biz isə öz sözümüzü siyasi, diplomatik və mədəni sahələrdə deməliyik. Bu istiqamətdəki fəaliyyətləri davam etdirmək lazımdır. Hələ görüləsi işlərimiz çoxdur.
Ramiyə Məmmədova: Bizim nailiyyətlərimiz çox gözəldir. Müharibə hərbi müstəvidə bitmiş ola bilər, amma diplomatik və informasiya müstəvisində müharibə hələ uzun müddət davam edəcək. Buna görə də Azərbaycan hər bir halda hazırlıqlı olmalı, gələcəkdə bu istiqamətdə həm maddi, həm də mənəvi baxımdan xeyli işlər görülülməlidir. Bizim səfirliklər və konsulluqların diaspora sahəsində böyük problemləri var. Xarici mətbuatda heç bir fəaliyyətimiz yoxdur. Türkiyə mətbuatında isə biz hələ yeni fəaliyyətə başlamışıq. Hikmət Hacıyevin son dönəmdə Türkiyə ilə bağladığı müqavilədən sonra qardaş ölkənin mətbuatında buna nail ola bilmişik. Mən hətta Türkiyədə yaşadığım zaman da onların mediasına çox çətinliklə yol tapırdım. Həqiqətləri ictimaiyyətə çatdırmaq üçün media üzərindən aktivliyimizi daha da artırmaq lazımdır.
Ramiz Sevdimalıyev: 30 illik müstəqillik dövründə bizim bir çox sahələrdə inkişaf etməyimizə baxmayaraq, mətbuat sahəsində də bir o qədər geridəyik. Azərbaycan mətbuatının beynəlxalq mətbuata inteqrasiyasından danışmağa dəyməz. Müharibə müddətində bütün mətbuatın işini Ali Baş Komandan elə özü gördü. Müəyyən hissəsini də Hikmət Hacıyev həyata keçirdi. Sosial şəbəkədə Azərbaycanın nümayəndələri heç bir informasiya paylaşmadı. Yalnız Prezidentin söylədiyi fikirlər var idi və hər kəs onu paylaşırdı. Yenilik yox idi. Bizim qarşımızdakı düşmən sülh tərəfdarı deyildi, müharibəyə hazırlıq işləri görürdü. Bu mövzu köklü təhlil olunmalıdır. Qarşımızda quzu dərisinə bürünmüş vəhşi düşmən dayanıb. Dünya ictimaiyyətini aldada biliblər ki, guya Azərbaycan təcavüzkar xalqdır. Bu düşmənin varlığını biz heç bir zaman unutmamalıyıq, daim bizə qarşı düşmənçilik hissi bəslədiyini bilməliyik. Bizim mübarizəmiz daimidir!
Hazırladı: Təmkin Məmmədli, Mədinə Əbilova
Söhbət 13 noyabr 2020-ci il tarixdə baş tutub
Bu material “İşğalçının ifşası: görünən kəndə bələdçilik cəhdi” adlı kitabda dərc edilib. Kitabı buradan yükləmək olar.